Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri

Çətirlərinizi açmayın, altında heç kim yoxdursa... - Həmid Herisçinin yeni şeirləri
6 fevral 2026
# 15:00

Kulis.az Həmid Herisçinin yeni şeirlərini təqdim edir.

FƏXRİ XİYABANDA FƏXRİ ÇƏTİR

Həyat təkcə Şəhidlərdə yox, hər yerdə ona
Çətir açıbsa,
Bizim üçün isə bu çətir çətin açılırsa,
Votsapdakı videozənglərə bizi heç kim qoşmursa,

Buludlar lap alçaqdan uçursa,

Bu yazılıbsa bir Misir papirusunda
Bizə həsrət qalıbsa Şuşa...

Çayımı süzüb ən adi termosa,
İstəyirəm dönəm ən kiçicik zərrəciyə, toza,
Bəlkə, bu cür, birtəhər, qayıtdım mikrokosmosa...
Hələ qoy özümü çatdırım bu sonuncu avtobusa,
Pəncərəsindən boylanım həyat kinosuna,
Sonra böyrümdəki yorğun sərnişınin dərin yuxusuna...
Az sonra vəziyyəti anladıb ən yaxın dostuma,
Qoşulub sənin telefonunun blutuzuna,
Ən düzgün cavablar verərəm
Polislərin sorğusuna.
Ancaq susa-susa.

Buludlar lap alçaqdan uçursa,

Bu yazılıbsa bir Misir papirusunda

Çətirlərinizi açmayın,
Altında heç nə, heç kim yoxdursa...

GERİSAYIM

Ölmüşəm.

Sanki yoxam...

Yenidən gərək doğsun məni
rəhmətlik anam.

Əhalinin son dəfə siyahıya alınmasında da
Qeydiyyata alınmamışam...

Yenidən doğulmağım üçün,
Zaman gərək atsın bütün işin-gücün,
Helikopter kimi əlini, qanadlarını yerdən üzsün,
Yenidən dünya müharibəsi başlasın, milyonlar yollarda ölsün...
Millətlər ora-bura köçsün.
Bir iranlı siyasi mühacir isə qoy Lermontov küçəsində anamla görüşsün...
Kölgələri qara divarlarda öpüşsün.
Hə... başlayınca dünya müharibəsi,
Qanundu, dünyanın ən bakirəsi, zavallı rahibəsi
Ən yad, ən azad
birisiylə görüşməlidi...
Anasından gizlənməlidi.
Həyatın yükünü götürməlidi.
Hiss etməlidi
Tərbiyəlidi...
Sirrini gizlətməlidi.
Sonra
Əhalini siyahıya alan məmurlar,
Məni qeydiyyatdan keçirtməlidi...
Əvvəl mamaça dəqiq ölçməlidi çəkimi...
Nəsə hiss edib tez cağırmalıdı həkimi....
Atam hiss edib uzaqdan ətrimi
Deməlidir: Mənimkidi...

Bu süjet mütləq yenə geri dönməlidi...
Həyatın bir gün mütləq
gerisayım etməlidi...
Mən... mən çıxmalıyam yoxdan...
Yenidən gərək doğsun məni zavallı anam.
Bir də bu süjetdə geri qayıtmağı bacarsam,
Arvadım lap uzaqdan duyacaq paltarlarımın yanıq hiss, tonqal ətrini,
Oxuyacaq ordan bütün dərdimi,
Həyat hekayəmi.

VAMP QADIN

FM radiodalğalarında ilişib qaldız,
Mahnısız.
Saçınızı sevgilinizə tərəf darayırdız,
Daraqsız.
Yanğınızı söndürmürdü içdiyiniz "Sarıkız".
Susmuşdu ogünkü teleefirdə çox məşhur başıbatmış
Bir manıs...

Qəfil
Mafiya babası Eskobardan yox,
Kafe-barlardan yox...
Dənizkənarı bulvardan yox...
Elə bil, lay divarlardan,
Ayrıldı, qopdu, peyda oldu bu gözəl qız.
Restoran menyusuna gözucu baxıb
öz musiqisini pıçıldadı:
"Tomatsız…"

Xatırladız?
Bu o həmin qızdı, həmin qız.
Kimə "Uzaq sahillərdə"ki qara geyimli faşist,
Əli qara toxmaqlı Cənab Şults
Demişdi:
"Ah gülsatan qız"....

Bu dəli afət
Daim yadımdadı.
Adsız.
Ay vəfasız!

ƏLEYHQAZ TƏLƏBİ

"Halal+" şirkətinin tikdiyi çoxmərtəbəli lyuks binada bütün pəncərələrin gözü kordur.
Göydələn dörd ildir ətraf sakinləri öz qatı zülmətiylə qorxudur.
Mənzillər satılmır.
Yalnız qapıdakı gözətçi daxmasından ətrafa nur damır az-az.

Demək, həyatın dıbində,
Kasıbların cibində,
Arvadların asılqan ipində,
Kənd pirində,
İnsanlardan yalnız birində
ümüdə oxşar nəsə qalıb
Az-maz.

Striptizdəki kimi,
Təbrizdəki kimi eynən -
- Son cındanı, əskini soyunmaq olmaz!

Vaxtilə oxşar mənzərələrlə
Süqut etmişdi qədim Bizans.

Vaxtilə Makedonyalı İskəndərin qılıncından
bu cür canını qurtarmışdı
sonuncu fars...

Bizim bu tərs taleyə qarşı
İxtira edilsəydi,
Kaş
Tam yeni əleyhqaz!

# 196 dəfə oxunub

Oxşar xəbərlər

"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

"Kimsə toxunanda naməhrəm əli dəymiş kimi diksinir..." - Sevinc Elsevərin yeni şeirləri

15:24 5 fevral 2026
Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

Oğlun tək qalacaq, bərk gələn bir siqnalın səsində - Əlibala Əhmədovun yeni şeirləri

15:00 4 fevral 2026
Mənə bir məktub göndər, bilim ki, ölməmişəm... – Sabir Yusifoğlunun şeirləri

Mənə bir məktub göndər, bilim ki, ölməmişəm... – Sabir Yusifoğlunun şeirləri

15:00 3 fevral 2026
Burda cananların duyğusu yoxdur... - Günün şeiri

Burda cananların duyğusu yoxdur... - Günün şeiri

11:15 29 yanvar 2026
Dünyanın nə gözəl vaxtı görüşdük - Günün şeiri

Dünyanın nə gözəl vaxtı görüşdük - Günün şeiri

11:40 21 yanvar 2026
Bahar gəldi, getdi, sən gəlməz oldun... - Mədinə Gülgünün şeirləri

Bahar gəldi, getdi, sən gəlməz oldun... - Mədinə Gülgünün şeirləri

14:20 17 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər