Orxan Aras
"Bir kitab içinizdəki donmuş dənizi parçalayan bir balta olmalıdır".
Frans Kafka
Kafka, Oskar Pollak ilə Praqadakı “Əski Alman Litsey”ində dostlaşmışdılar. İkisi də yəhudi idi və eyni yaşdaydılar. Bərabər alman tələbələrinin oxuma və söhbət salonuna gedir, oradakı mübahisələri səssizcə dinləyirdilər. İkisinin də ortaq bir yönü vardı: Oxumaq...
Praqanın ağır intellektual havasının içində yeni bir şey kəşf etmək üçün davamlı oxuyardılar. Oskar Pollak daha məktəbi qurtaran kimi Kafkanın əksinə sadəcə aşiq olmaqla kifayətlənmədi, daha 24 yaşındaykən sevgilisi Hedvig Eisner ilə evləndi və önəmli bir sənət tarixçisi olaraq bir-birindən gözəl əsərlər yazdı. Kafka ilə 1905-ci ilə qədər tez-tez məktublaşdılar. Kafka bir məktubunda Oskar Pollaka belə yazmışdı:
“Məncə, sadəcə bizi bıçaqlayan, yaralayan kitabları oxumalıyıq. Uca Tanrım, sanki heç kitabımız olmasa tamamən xoşbəxt olacaqdıq və bizi xoşbəxt edən kitabsa, lazım olsa, bizim yaza biləcəyimiz kitablar olmalı. Amma bizim bizi yıxacaq, bizə dərin iztirablar verəcək, özümüzdən belə çox sevdiyimiz birinin ölümü kimi, qalın meşələrin dərinliyində azıb həbs olunmuş kimi, intihar kimi kitablara ehtiyacımız var. Bir kitab içimizdəki donmuş dənizin baltası olmalı. Mənim inancım bu yöndə”.
O dönəmdə Praqa, Vyana, Berlin, Paris, Moskva gənçləriylə bərabər intellektualları da davamlı oxuyur və bir-birlərindən xəbərdar olaraq Kafkanın deyimiylə içlərindəki donmuş dənizləri kitab baltaları ilə qırırdılar. O ənənə hələ də davam edir. Ən çox oxuyan insanlar yenə Moskva, Vyana, Berlin və Praqadadır.
Yaxşı, bəs bizdə necədir? Ziyalılarımız, yazıçı və şairlərimiz oxuyurlarmı? Yoxsa bizim ağsaqqal yazıçılarımız bir az şöhrət qazandıqdan sonra fil dişi qüllələrinə çəkilib yuxarıdan aşağıyamı baxırlar?
Bir neçə il öncə Azərbaycanda tanınan bir şairimiz mənə bir kitabını verdi və bir gün sonrakı kitab təqdimat mərasiminə dəvət etdi. Bakıda qonaq idim, zamanım az, işim çoxdu. Yenə də gecə yatmadan əvvəl kitabı əlimə aldım və şeirlərdən bir qismini oxudum. Ertəsi gün kitabın təqdimatı olan məkana getdim. Azərbaycanın önəmli şair və yazıçıları da oradaydılar. Bir televiziya müxbiri orada hər kəsdən kitab haqqında qısa müsahibə aldı. Hər kəs Azərbaycanda alışdığımız şablon kəlmələrlə kitabı yayımlanan şairi öydü. Mən də bir neçə kəlmə söylədim və şairin şeirlərindən bəyəndiyim misraları da dilə gətirdim. Bir gün sonra çəkilən görüntüləri izləyən şair zəng vurdu və belə dedi: “Bəy, gördüm ki, sizdən başqa heç kim kitabımı oxumayıb”
Bu sözlər o zaman məni çox üzmüşdü. Doğrusu, Azərbaycandakı oxuma durumunu bilmirdim. Tanıdığım yazıçı və şairlər Sovet dönəmindən sonra xalqın artıq kitab oxumadığını yana-yana söyləyirdilər.
Bir neçə dəfə Almaniyadan çox yaxşı tanıdığım yazıçı dostlarıma yeni çıxan kitablarımdan göndərdim. Onlara kitabı oxuyub oxumadıqlarını hər soruşduğumda dodaqlarına utancaq gülümsəmə qonduraraq deyirdilər: “Orxan bəy, vallah stolumun üstündə neçə vaxtdır durur, oxuyacam”.
Sonra da başlayırdılar mənim yazıçılığımı tərifləməyə. Bu təriflərdən narahat olurdum, amma onlara utandığımdan belə deyəmmirdim ki, yahu, qardaşım, əziz dostum, məni niyə tərifləyirsən, zəhmət çəkib yazdığım, sənə göndərdiyim kitabımı oxusana!
Təəssüf ki, indiyə qədər heç birinin üzünə bu sözü söyləyə bilməmişəm.
Dilimizdəki ən bərbad ata sözlərindən birisi budur: “Şam kölgəsinə işıq salmaz”. Bir başqası da belədir: “Ev danasından öküz olmaz”.
İllə də yaxşı yazan yabançı biri olmalıdır. Biz onu oxumalı, “aşağılık” kompleksinə qapılmalı və ya o yazıçının yabançı ismini tələffüz edərkən, “Mecə də məlumatlıyam” havalarına girib lovğalanmalıyıq. Halbuki hər toplumun özünə xas ab-havası və təbii olaraq, ədəbiyyatı vardır. Bu ədəbiyyat hər zaman universal bir keyfiyyət qazanmaz. Öncə incə bir arx kimi axar və sən ona dəyər verərək yeni çeşmələr bağladıqca o böyüyər və çay olar.
Bu gün Türkiyədə, Azərbaycanda ən böyük dərd sadəcə xalqın oxumaması deyildir. Böyük dərd - oxumuşların, yazıçıların oxumamasıdır. İstəsəniz çıxıb tanıdığınız yazıçılardan soruşun. Həmin an sizə Əlif Şəfəqdən və ya Kazuo İşiqurodan ağız dolusu bəhs edəcəklər. Ama o yazıçı, o tənqidçi, o jurnalist hər gün bərabər oturub-qalxdığı bir yazıçının əsərindən bir kəlmə oxumamışdır və öz ədəbiyyatının axarından xəbərsizdir.
Bu, böyük bir bədbəxtlikdir!
Azərbaycanda gerçəkdən də çox istedadlı gənc yazıçılar vardır. Onlara özümüz dəyər vermədikcə, onları oxuyub “adam kimi” tənqid etmədikcə onlar əsla bir Markes olamayacaqdır. Çünki bu çayın mənbəyini qurudan başqaları deyil, biz özümüzük!