Kosa: “Heydər Əliyevi yumurta döyüşdürməyə dəvət etdim”

Kosa: “Heydər Əliyevi yumurta döyüşdürməyə dəvət etdim”
20 mart 2014
# 09:00

Qafar Novruzlunu çoxunuz tanıyırsınız. O, düz 22 ildir ki, Novruz şənliklərində bayramın əsas atributlarından olan Kosa obrazını canlandırır. Yəqin çoxlarınızın yadında onun ölkə prezidentləri ilə yumurta döyüşdürməyi qalıb...

İstiqanlı, hazırcavab və mehriban insandır. Bir neçə gün əvvəl tanış olsaq da, istiqanlılıqla kef-əhval soruşmağı, qayğıkeşliklə işlərimlə maraqlanmağı, bayram təbrikləri və şux zarafatları mənə çox xoş təsir bağışladı.

“Kosa”yla tanışlıq

Novruzlu Qafar Süleyman oğlu 1964-cü ildə Qərbi Azərbaycanın Zəngəzur mahalında anadan olub. Bakı şəhərində musiqi

texnikumunu bitirib və 1994-cü ilə qədər "Dastan" və "İrs" folklor ansambllarında çalışıb, daha sonra isə özünü aktyorluq sənətində sınayıb. Azərbaycan Dövlət Televiziyasında bir çox tamaşalarda satirik rollara dəvət alıb, Azərbaycanın görkəmli aktyorları ilə tərəf müqabili olub.

1997-ci ildə ilk dəfə Novruz şənliklərində əsas personajlardan biri olan Kosa obrazı ilə prezident Heydər Əliyevin qarşısında çıxış edib və ifası ilə prezidentin rəğbətini qazanıb. Məhz bu çıxışından sonra Qafar Novruzlu Kosa kimi məşhurlaşıb.

Heydər Əliyevlə ilk görüş...

Heydər Əliyevlə ilk görüşünü Qafar müəllim belə xatırlayır: ”1991-ci ildən Kosa obrazını canlandırıram. Bayram tədbirlərində sona qədər iştirak edər, uşaqların, böyüklərin bayramının rəngarəng keçməsinə çalışardım. Ulu Öndərimiz bayram tədbirlərində xalqın arasında olmağı, xalqın qayğıları ilə tanış olmağı sevirdi. 1997-ci ilin Novruz bayramı münasibəti ilə keçirilən el şənliklərində Ulu Öndərimiz də iştirak edirdi. Mən isə səhnədə Kosa obrazını canlandırıb, meydana yığılmış xalqı əyləndirirdim. Tədbirin ssenarisində prezidentin Kosa ilə görüşü nəzərdə tutulmamışdı. Mən isə ümumiyyətlə ssenari ilə oynamırdım. Kosa gərək improvizə etməyi, hazırcavablığı bacarsın. Mikrofonla ulu öndərimizi səhnəyə yaxınlaşmağa və yumurta döyüşdürməyə dəvət etdim. Bu vaxt prezidentin mühafizə xidmətindən bir nəfər məni uzaqlaşdırmağa çalışdı. Ulu öndərimiz bunu gördü və tapşırdı ki, mənə toxunmasınlar. Ulu öndərimiz ilk dəfə həmin tədbirdə bizə yaxınlaşdı və

yumurta döyüşdürdü. Sonradan öyrəndim ki, Heydər Əliyev mənim ifamı bəyənib.”

Yada düşər xatirələr...

1997-ci ildən etibarən keçirilən bütün Novruz şənliklərində Kosa obrazını Qafar Novruzlu canlandırıb.

Ən maraqlı xatirələrindən birini bizimlə bölüşür: “Ulu öndərlə son görüşlərimizin birində aramızda maraqlı bir dialoq oldu. Hər dəfə mənimlə xoş zarafat edən prezidentimiz məndən soruşdu ki, Kosa, hər il səni görürəm, nə əcəb qocalmırsan? Sualı gözləməsəm də özümü itirmədim. Dedim ki, cənab prezident, nə qədər ki, həyat var, Novruzun Kosası qocalmayacaq: ”Mən sizə də bu cür əbədiyyət, Novruz qədər uzun ömür arzulayıram”.

Ulu öndərimiz güldü və mənə təşəkkürünü bildirdi. Ümumiyyətlə hər görüşümüzdə mütləq yaddaqalan bir zarafat olurdu. Heydər Əliyev çox zarafatcıl idi və təəccübləndirməyi sevirdi.

Mənim həm ulu öndərimizlə, həm də cənab İlham Əliyevlə bağlı maraqlı xatirələrim var. Ulu öndərimizin gözəl yumor hissi var idi. Onun

qarşısında özümü rahat apara bilirdim və Keçəli prezidentimizə öz müxalifətim kimi təqdim edirdim. Bu zarafat da onun xoşuna gəlirdi”.

Qafar Novruzlu deyir ki, Heydər Əliyevlə görüşlərini unutmaq mümkün deyil: “Heydər Əliyevin qatıldığı sonuncu Novruz şənliyində yumurta döyüşdürdük və mənim məğlub oldum. Ulu öndərimiz qalib yumurtanı mənə hədiyyə edib dedi: “Kosa, bu yumurta bərəkətlidir. Bununla çoxlu ruzi yığa bilərsən, heybəni doldurarsan”. Ulu öndərlə görüşlərimizin video yazılarını əhatə edən albom da hazırlamışam. Bu günlərdə “Novruzun Kosası: Bu bir tarixdir” adlı albomu geniş ictimaiyyətə təqdim etdim”.

Kosa narazıdır

Son illər Novruz şənliklərində Kosa obrazında başqa aktyorlar görünür. Şənliklərimizin 22 illik Kosası bu münasibətdən narazıdır: “Mənə heç bir səbəb göstərmədən bildirdilər ki, artıq Kosa və Keçəl obrazını başqa aktyorlar, yəni Rəfail və Coşğun canlandıracaq. Mən o şəxslərin istedadlarına, bacarıqlarına bir söz demirəm, amma Kosa obrazı mənim şah əsərimdir. Mən folklorumuzu dərindən bilirəm. Kosa və Keçəl tamaşasının dörd müxtəlif variantını folklorşünaslarla birlikdə hazırlamışam. Rejissor Cənnət Səlimova da bunu bəyənib. Amma Mədəniyyət və Turizm Nazirliyi heç bir səbəb göstərmədən məni el şənliklərindən uzaqlaşdırıb.

Hər bir bayramın öz adətləri, ritualları, atributları olduğu kimi, "Novruz"un da özünəməxsus xüsusiyyətləri var. Qışın rəmzi olan Kosa ilə baharın rəmzi olan Keçəlin mübarizəsi sadə insanların qışı layiqincə yola salaraq bahara qucaq açmasının bədii təsviridir. Bu, əsrlər boyu belə olub. Qədirbilən xalqımız şaxtalı qışın azuqəsini artıqlaması ilə verməklə yanaşı, onunla növbəti görüşədək ayrılır və baharı salamlayır.

Həmin obrazları əzbərləyərək ifa edən aktyorlar və ya adıçəkilən personajları bayağılaşdıran klounlar, Kosa ilə Keçəl fəlsəfəsini bilməyənlər, "Novruz"un tarixinə yaxından bələd olmayanlar bu obrazları yarada bilməzlər. Mən Kosanın, Novruz bayramının bayağılaşmasının əleyhinəyəm.

Mənə qarşı edilən haqsızlıqla bağlı ölkə prezidenti cənab İlham Əliyevə müraciət ünvanlamışam. Buna bənzər hadisə 2009-cu ildə də baş vermişdi, ancaq göstəriş veriləndən sonra Kosanı yenidən canlandırdım. Həmin vaxt mənə fəxri ad veriləcəyi vəd olunmuşdu. Amma nəinki fəxri ad verdilər, əksinə məni rəsmi dövlət tədbirlərindən uzaqlaşdırdılar.”

Danışdıqca hiss olunur ki, Qafar Novruzlu yenidən el şənliklərində çıxış etmək üçün çox darıxıb. Özü də bunu təsdiq edir: “Mən bu obrazı canlandırmaq üçün qonorar da tələb etməmişəm. Televiziyalar dəvət edəndə qonorarsız efirə çıxıram. Mən öz sənətimi sevirəm. Son illər Novruz bayramında Dənizkənarı Milli Parkda sona qədər çıxış edən Kosa görmüsünüz? Mən isə heç vaxt saat 7-dən tez evə getməzdim. Uşaqlarla şəkil çəkdirər, xarici jurnalistlərə Novruz barədə məlumat verərdim. İndi belə Kosaya çətin rast gələsiniz”.

# 4523 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #