Himnimizin sıfır nöqtəsi - POLEMİK

<span style="color:red;">Himnimizin sıfır nöqtəsi  - POLEMİK
7 iyun 2016
# 12:22

Kulis.Az bəstəkar Azər Hacıəsgərlinin “Azərbaycan himni qəmlidirmi?” məqaləsini təqdim edir.

Bir qədər öncə mətbuatda Azərbaycan himni barədə bir neçə müxtəlif rəyə və tənqidi məqaləyə rast gəldim. Əslində, müxtəlif insanların düşüncələri fərqli olur. Bəzən isə kiminsə fikrinə mətbuatda rəy bildirirsənsə bu, həmin problemin və ya məsələnin öyrənilməsi, araşdırılması yolunda irəliyə atılmış növbəti addımdan daha çox həmin fikir müəllifinə qarşı yönəlik qərəzli tənqidi mövqe kimi qiymətləndirilir.

Bu üzdən də mən bu mövzuda deyilmiş fikirlərə münasibət bildirməkdən vaz keçərək yalnız və yalnız himnimiz haqqında özümün hiss etdiklərimi və düşündüklərimi, onu dinlədikdə yaşadıqlarımı bölüşmək istəyirəm.

Tonallıq, lad, melodiya və s. bu kimi texniki məsələlərə bir daha baş vurmaq fikrim yoxdur. Çünki bu yaxınlarda Himnimizin növbəti müzakirə dalğası zamanı bəstəkar Cavanşir Quliyev geniş və ətraflı yazı ilə peşəkar rəy bildirməyə haqqı olmayan, bununla belə öz fikirlərini səlahiyyətli bilən dinləyiciləri və oxucuları bir çox professional məqamlarla tanış etmişdi. Bəzən adi dinləyicilər bu məsələlərə o qədər də önəm vermirlər. Ancaq biz himnimizi ifa edəndə ilk baxışdan çox kiçik görünən, əslində isə gərəkli sayılacaq məqamları diqqətə almırıq. Amma bu, olduqca vacibdir.

Hər bir dövlətin simvolu sayılan himnlər, müxtəlifliyinə, yazılış və ya texniki üslubuna görə fərqlənir. Əslində bir ölkənin himnini başqaları ilə müqayisə etmək düzgün deyil. Bəzilərində qəhrəmanlıq hissləri qabardılır, döyüşkən ovqat aşılanır, bəzilərində mənəvi böyüklüyə yer verilir və s. Onun hər hansı bir forması yoxdur, lakin, bəzi vacib şərtləri var. Bu şərtlər milli dünyagörüşə, tarixi ənənələrə, bir sözlə milli mənsubiyyətə əsaslanır. Məsələn, toplumun xorla oxumağa başlaması üçün bu ifanın önündə “giriş” olur. Bəzilərində klassik musiqi xətti, bəzilərində qədim tarixi ənənələr itirilməsin deyə milli marşlar və ya vətənpərvər sözlər və s. əlavə olunur .

Məqsəd nədir; təbii ki dövləti, ölkəni, xalqı olduğu kimi tərənnüm etmək, onun milli mənsubiyyətini fərqləndirmək. Ancaq elə tərənnüm etmək ki, hər dəfə himn başlayanda həmin ölkə, dövlət və xalq bütün varlığıyla göz qarşısında canlansın, onun əzəməti, böyüklüyü, milli dünyagörüşü mənəvi dəyərləri haqqında təsəvvür yaransın. Əslində, milli müxtəlifliyin özü himnləri müqayisə etməyi yaxın buraxmır. Bu, hər bir insanda, barmaq izlərinin təkrarsızlığını xatırladan özəlliklər kimi ortaya çıxır.

Azərbaycanın dövlət himninin bərpaçısı və ilk orkestr işləməsini hazırlamış bəstəkar Aydın Əzimovun fikirlərindən bəzi məqamları xatırlamaq istəyirəm. Musiqidə sıfır deyilən bir hissiyyat var. Yəni, elə musiqi var ki, biz onu dinlədikdə kədərlənirik və yaxud bu musiqi bizə hədsiz sevinc yaşadır. Dünya musiqisində elə əsərlər də vardır ki, onu dinlədikdə insanın içindən gələn hiss daha da güclənir. Məsələn, eyni bir əsər kədərli insana daha güclü qəm-qüssə və ya sevincli insana daha çox xoşbəxtlik yaşada bilir. Bu da sanki sıfır nöqtəsidir, nə kədərlidir nə də sevindirici...

Misal olaraq İ.S.Baxın, Do major prelüdünü və ya muğamatımızı xatırlamaq olar. Bir çox insanlar muğamı dinlədikdə bunun yas musiqisi və ya kədərli musiqi olduğunu əsas gətirirlər. Lakin bu halda kədərli yaşantıların onların özündə olduğunu və yaxud onu sevincli halda dinləyib necə həzz ala bildiklərinin fərqinə varmırlar. Bəzən isə musiqi mübariz əhval-ruhiyə ilə yüklənir. Bu o deməkdir ki, ifaçı və ya dinləyici daxilən özünü bu hisslərə hazırlayıb. Hazırda ifa etdiyi və ya dinlədiyi musiqi isə həmin hissləri daha da gücləndirir.

Bütün bu dediklərimiz Üzeyir Hacıbəyov yaradıcılığına da xasdır. Azərbaycan himninin musiqisi də məhz belə əsərlərdəndir.

Ümumiyyətlə, böyük musiqi əsərlərinin girişi çox yadda qalan və qəti olur. Məsələn, Bethoven beşinci simfoniyası və ya Üzeyir bəyin möhtəşəm Koroğlu uvertürası buna misaldır. “Koroğlu” operasına baxmağa gələn dinləyici bilir ki, onu hansı yaşantılar gözləyir və yaxud “Leyli və Məcnun” operasını diləyəcək insan hansı yaşantıları keçirəcəyini yaxşı anlayır.

Himnimizin əvvəlində ilk səslənən, “Azərbaycan, Azərbaycan” sözlərində bu möhtəşəmlik bütün əzəməti ilə hiss olunur və həm ifaçını, həm də dinləyicini bütün varlığı ilə bu böyüklüyə hazırlayır. Hər kəs bilməlidir ki, yalnız girişdəki möhtəşəmliyə – “Azərbaycan, Azərbaycan” çağırışına görə Üzeyir bəy Hacıbəylinin əli öpülməyə layiqdir.

Sadəcə vokal əsərlərdə bu daha çox sərtliyi ilə deyil, ahənglik və yadda qalması ilə fərqlənir, beləliklə, bütün mənalarda fikir qətiləşir. Və sanki AZƏRBAYCANı göz qarşısına gətirir.

Təbii təsdiq: belə olmasaydı Azərbaycan himnini dinləyən hərbçi daha güclü olduğunu göstərmək üçün qamətini qeyri-ixtiyari olaraq daha da dikəltməz, beynəlxalq yarışlarda qələbə qazanaraq bayrağımızı ucaldan idmançı fəxri kürsünün ən yüksək pilləsində bu himni gözləri yaşara-yaşara ifa etməzdi.

Daha bir nüans - Azərbaycan himnində monotonluq yoxdur. Musiqi tarixi məqamları əks etdirir. Sanki böyük və qədim bir xalq hərəkətə gəlir, öz tarixini yaşayır, mübarizələr aparır, döyüşür, uzun və keşməkeşli yol keçir, inkişaf edərək çox çətinliklərdən sonra öz istiqlalına çatır. Artıq bu, özlüyündə bir dramaturgiyadır.

“Azərbaycan, Azərbaycan” sanki bir başlanğıcdır, hansı xalqdan, nədən söhbət gedəcəyini vurğulayır və ortaya qoyur. “Səndən ötrü can verməyə cümlə hazırız!” - hissəsində musiqi artıq döyüşə hazırlıq və vətənə sadiqlik çağırışını ifadə edir. “Minlərlə can qurban oldu” - burada ritm dəyişir, göz önünə savaşlar, bu istiqlal uğrunda savaşlarda özünü qurban verən şəhidlər gəlir. Başqa sözlə, biz də “hazırız” və s.

Bu dramaturji xətt boyunca müxtəlif hadisələrlə üzləşirik, sonda isə yenə də “Azərbaycan-Azərbaycan” ifadləri ilə sanki müstəqilliyimizə qovuşuruq. Mövzu qapanır.

Belə bir musiqini necə tənqid etmək, necə bəyənməmək olar?

Axı bu genefondu, antropologiyası ilə əsl türk musiqisidir - böyük, möhtəşəm və tarixi ...

Sözlərə gəldikdə isə, böyük Əhməd Cavadın sözləri musiqisiz belə, bizim vətənini, torpağını sevərək onu tarixin əzab-əziyyətindən keçirərək qorumağı bacaran böyük xalq olduğumuzu əks etdirir.

Biz himnimizi qorumalıyıq. Azərbaycan himnində bir hiss deyil, Vətən – Torpaq – Xalq – Azadlıq – Qələbə - Müstəqillik hissləri birləşərək bir əsərdə cəmlənir.

O, çox gözəldir...

Hər dəfə onu ifa edəndə və ya dinləyəndə böyüklüyümüzü bir daha yaşayırıq - daha möhtəşəm oluruq!

Əgər bunu yaşamaq istəyirsinizsə ayaq üstə himnimizi bir daha dinləyin.

# 1142 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #