İbrahim Nəbioğlu: “Heydər Əliyev mənə dedi ki...”

İbrahim Nəbioğlu: “Heydər Əliyev mənə dedi ki...”
14 oktyabr 2013
# 08:00

Kulis.Az “Köhnə tüfəng” layihəsini davam etdirir. Layihənin budəfəki qonağı təcrübəli jurnalist, “Palmali” Şirkətlər Qrupunun vitse-prezidenti İbrahim Nəbioğludur.

- İxtisasca "mühəndis-riyaziyyatçı"sınız. Akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində bir-sıra elmi araşdırmalar aparmısınız. Bu baxımdan maraqlıdır, jurnalistikaya gəlişiniz necə baş verib?

- Mənim atam da, mən də Azad müəllimin tələbəsi olmuşuq. Atam Neft və Kimya İnstitutunun “Nəzəri mexanika” kafedrasının müdiri, professor Nəbi Yaqubov idi. Gözümü açandan evimizdə həmişə kitab görmüşəm, çox zəngin kitabxanamız var idi. Uşaq vaxtı aldığım ən böyük hədiyyə kitab idi. Ad günlərində, bayramlarda kitab hədiyyə edərdilər. Kitab hədiyyə etmək bizim ailəmizdə ənənə və düşünürəm ki, çox gözəl bir ənənə idi. Atam dəqiq elmlərə meylli olduğu üçün məni də elə böyütdü. Sovet cəmiyyətində ədəbiyyatı ən yaxşı bilən fiziklər və riyaziyyatçılar idi. Səməd Vurğun, İsmayıl Şıxlı atamın pərəstiş etdiyi, qohumluq əlaqəmiz olan insanlardı. Mən bu mühitdə böyümüşdüm. Məktəbi bitirdikdən sonra tətbiqi-riyaziyyat fakültəsinə daxil oldum. O vaxt ən nüfuzlu fakültə sayılırdı. Məktəbdə yaxşı oxumuşdum. Siyasi səbəblərə görə ədəbiyyatdan “3” verdilər ki, bu attestatla təhsil üçün Moskvaya gedə bilməyim.

- Hansı siyasi səbəblərə görə sizə “3” verdilər?

- Orta məktəblə yanaşı 7 illik musiqi məktəbi oxumuşam, pianino çalırdım. “Amerikanın səsi” radiosunda caz proqramının Uillis Konover adlı məşhur caz aparıcısı var idi. 30 il dən çox o apardı verilişi. Ona məktub yazmışdım ki, Vaqif Mustafazadədən filan parçanı çal. İstəyirdim ki, “Amerikanın səsi”ndən Vaqif Mustafazadənin adı çəkilsin (gülür). Məktub da ünvana çatmışdı. Onlar da xahişimi yerinə yetirmişdilər. Mən də uşaqlara bu haqda danışmışdım, onlardan biri də məni satmışdı. Bundan sonra məni məktəbdə təqib etməyə başladılar. Anamı, atamı çağırdılar məktəbə. Əsas odur ki, instituta qəbul oldum, qırmızı diplomla bitirdim. Sonra Azad müəllimin yanında aspiranturaya girdim. İlk elmi rəhbərim Rafiq Əliyev idi. Müdafiə edəndən sonra 90-cı il hadisələri oldu. İnstitut tələbələri meydana çıxdı. Hələ o vaxt atamın kitabxanasında çoxlu türkcə kitablar var idi. Sovet vaxtı ruslar Bolqarıstanda “Narodnaya prosveta”, yəni “Xalq maarifi” adlı nəşriyyat yaratmışdılar. Həmin nəşriyyatda sol təmayüllü türkiyəli yazıçıları və şairləri dərc edirdilər. Nazim Hikmətin, Orxan Vəlinin, Ömər Seyfəddinin, Rəşad Nuri Güntəkinin kitabları o nəşriyyatda çap olunurdu. O vaxt bizim evdə sağ təmayüllü yazıçılar, məsələn, Nəcib Fazil Qısakürək yox idi. Atamın dostları, müəyyən yollarla gedənlər-gələnlər yavaş-yavaş sağ təmayüllü yazıçıların kitablarını gətirirdilər. Məsələn, Əziz Nesinin kitabları dolu idi. Çünki Əziz Nesin öz millətinə eşşək deyirdi, qoyun deyirdi. Amma Nəcib Fazil Qısakürək yox idi, Tofiq Fikrət yox idi.

90-cı ildə meydan hadisələri haqda ilk reportajları “Zaman”, “Milliyyət” qəzetlərinə mən yazıb göndərirdim. Sonra “Səhər” qəzetinin 20 yanvarla bağlı foto-şəkillərini Almaniyaya, Türkiyəyə göndərdik. Sonralar xarici qəzetlər və informasiya agentlikləri ilə əməkdaşlığım davam etdi. Çünki əməyimin qarşılığını verirdilər. O vaxt yeni ailə qurmuşdum, 2 kiçik övladım var idi, onlara baxmalı idim. Mən maddi olaraq valideynlərimdən asılı olmaq istəmirdim, bir müddət sonra atamdan daha çox maaş almağa başladım. Müstəqil olmaq istəyirdim, özüm qazanmaq istəyirdim və buna görə də gecə-gündüz çalışırdım.

- İstərdik, Azərbaycan-Türk müştərək televiziya kanalını qurmağınız barədə danışasınız.

- Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanla Türkiyə arasında münasibətlər də yeni mərhələyə qədəm qoydu. “Zaman” qəzeti burda televiziya açmaq istəyirdi. Yeni yaradılan televiziyanın ilk baş direktoru, qurucusu mən idim. MDB məkanında ilk dəfə Betecam SP texnologiyasını Almaniyadan Azərbaycana biz gətirdik. Ən son texnologiya idi. Sonra nəsə alınmadı, ortaq məxrəcə gələ bilmədik o vaxtkı rəhbərliklə və aparaturanı yığıb Moskvaya daşıdıq. Ruslar onlardan bəhrələnməyə başladılar. 1992-ci ildə rəhbərlik böyük səhv edərək, şirkəti bağladı. Nə isə, bu haqda ətraflı danışmaq istəmirəm.

- AzTV-yə gəlişiniz necə oldu, dəvət kimdən gəlmişdi?

- AzTV-yə gəlişim bir qədər maraqlı olub. Ancaq bu haqda geniş danışmayacam (gülür). Müstəqillikdən sonra bir işlə məşğul olmaq lazım idi. Elmi buraxdım, Azad müəllimin yanından ayrıldım ki, jurnalistika ilə məşğul olacam. Televiziya bağlanandan sonra “Səhər” qəzetinə, “Zerkalo”ya yazırdım. O vaxt “Zerkalo”nun ən bərk gedən vaxtları idi.

Heydər Əliyev hələ Naxçıvanda Ali Məclisin sədri olanda mən və Azər Mürsəliyev yanına getmişdik. Sonra Heydər Əliyev məni bir həftə qonaq evində saxladı. O zaman heç kim Bakıdan Heydər Əliyevin yanına getmirdi. Moskvadan Azər gəldi, burdan da mən getdim. Bizi də burdan boş təyyarəylə, Allah ona qəni-qəni rəhmət eləsin, AZAL-ın o vaxtkı rəhbəri Vaqif Sadıxlı apardı. Naxçıvanda Heydər Əliyevdən iki gün müsahibə götürdüm, o müsahibə 3 gündən sonra “Frankfurter Allgemeine” qəzetində çıxdı. Həmin müsahibə sonra Türkiyədə çap olundu. O müsahibədə Heydər Əliyev ilk dəfə dedi ki, Mərkəzi Komitədən və Politbürodan özü istefa verib. Çünki onu təkləməkdən ötrü bəzi qəzetlər onun qovulduğunu yazırdılar. O vaxt Naxçıvanda blokada da idi, işıq yox idi, çox ciddi qida problemi vardı. Bunu ilk dəfə sizə danışıram. Hal-hazırda AK Partinin (Ədalət və İnkişaf Partiyası-red.) İzmir millət vəkili İlhan İşbilən o vaxt “Zaman” qəzetinin genel yayın yönetmeni, yəni baş redaktoru idi. Ondan xahiş elədik, gəlib vəziyyəti gördü, Heydər Əliyevlə görüşdü. Düz 20 gündən sonra biz Türkiyədən Naxçıvana 300 tır qida gətirdik. Və bütün qışı Naxçıvan ordan gələn qida ilə - kartof, lobya, düyü, əsas da kartof və soğanla keçirdi. Heydər Əliyev bunu həyatının sonuna qədər unutmadı. İlhan bəylə dostluqları axıra qədər davam elədi. İlhan bəy Azərbaycanı sevən ən böyük insanlardan biridir. Mənim onunla münasibətlərim hələ də davam edir. Heydər Əliyev məni İstanbula baş konsul təyin edəndə demişdi ki, İlhan İşbilənlə əlaqələri kəsmə, o bizim ən böyük dostumuzdur və mən də İstanbula gedəndə ilk ziyarət etdiyim adam İlhan İşbilən idi.

- AzTV-də işləyəndə türk sözlərindən çox istifadə edirdiniz və bu, müəyyən qıcıq yaradırdı. Bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.

- Bu o qədər haqsız iddiadır ki... Bu dəqiqə Türkiyədə yaşayıb Azərbaycan dilində mənim kimi yaxşı danışan az insan var. 90-larda “dəstəkləmək” sözünə görə məni az qala asırdılar. Bəli, mən Azərbaycan dilində olmayan sözləri türkcədən istifadə edirəm. Bir “dəstəkləmək” sözünə görə məni işdən çıxarırdılar. İndi hamı “dəstəkləmək” deyir. Sizin nəslə desək, “dəstəkləmək” sözü bizim sözümüz deyil, etiraz edərsiniz ki, bəs kimin sözüdür?! Çünki “dəstəkləmək” sözü artıq dilimizdə özünə yer edib. Və mən belə hesab edirəm ki, bizim dilimiz inkişaf baxımından türk dilindən çox geri qalır. Biz boş-boş danışırıq ki, bizim dilimiz çox zəngindir. Heç bir zənginliyimiz yoxdur. Bizim dilimiz 18-ci əsr, 19-cu əsr üçün türk dilləri arasında çox zəngin idi. 21-ci əsrdə demək ki, dilimiz zəngindir, bu naşılıqdır. İndi o qədər yeni sözlər meydana gəlir, texnoloji, virtual aləm o qədər sürətlə inkişaf edir ki, zamanla uyğunlaşa bilmirsən. Biz iki daşın arasında qalmışıq. Çünki birimiz deyirik türkük, birimiz deyir azərbaycanlıyıq. Əgər biz Avropaya inteqrasiya ediriksə, onda Türkiyənin təcrübəsindən istifadə etməliyik. Dilimizdə olmayan hər hansı bir sözü türkcədən götürmək heç də qəbahət deyil. Biz öz qardaşımızın sözünü götürürük. Mənim bir problemim olanda ilk üz tutduğum adam doğma qardaşım olur. Mən demirəm ki, hansısa bir sözümüzü dəyişib, türklərin istifadə etdiyi sözü qoyaq. Mən deyirəm ki, bizdə olmayan, çatışmayan sözləri onlardan öyrənmək lazımdı. Avtomatik götürmək lazımdı. Özümüzdən söz uydurmamalıyıq. Soyuducu sözü buzdolabı sözündən daha yaxşıdır. Amma buzdolabı da pis deyil, yaxşıdır. Amma mən demirəm gəlin soyuducuya buzdolabı deyək. Mən deyirəm ki, olmayan sözləri dilimizə gətirək.

- Həm televiziyada, həm də qəzetlərdə çalışmısınız. Hansı sizə daha doğmadır və hansında işləmək daha çətindir?

- Məndən ötrü ən doğma təbii ki, televiziyadır. Televiziyanı ona görə sevirəm ki, televiziya həm də texnika deməkdir. Mən həm də uzun müddət BBC-nin Türkiyə təmsilçisi olmuşam. Təvazökarlıqdan uzaq olsa da, bu faktdır - səhər “Panorama” qəzetində köşə yazım çıxırdı, axşam televiziyada reportajım gedirdi, gecə isə radioda radio-reportajım yayımlanırdı. 10 il gecə-gündüz çalışmışam. İşimi o qədər sevirdim ki, Ankarada TRT-nin nəzdində montaj kurslarını da bitirmişdim. Mətni özüm yazırdım, montajı özüm edirdim, sürücülüyü özüm edirdim, yalnız bir operatorum var idi, Humay Vəliyev, o da ancaq çəkirdi, qalan heç nəyə qarışmırdı, digər hər şey mənim üstümdə idi. Halbuki mənim qonşuluğumda Almaniyanın ZDF kanalının təmsilçiliyi var idi. Mən AzTV idim, onlar da ZDF. Onlar həftədə bir reportaj göndərirdilər, 9 nəfər işçiləri var idi. Amma biz 2 nəfər idik, həftədə 6 reportaj hazırlayırdıq. BBC olmasaydı ailəmə baxmaq, uşaqlarımı böyütmək çətin olardı.

- Hansı mükafatlarınız var?

-2003-cü ildə baş konsul təyin olunmazdan əvvəl 2002-ci ildə Türkiyədə ilin jurnalisti seçilmişdim. Əməkdar jurnalist də deyiləm, elə bir iddiam və bir gözləntim də yoxdur. Həsən bəy Zərdabi və Osman Mirzəyev adına mükafatlar almışam. Onlar məndən ötrü nəhəng adamlardır.

- Jurnalistikadan getməyinizin səbəbləri haqqında danışardınız...

- Əslində jurnalistikadan getməmişəm. Hər gün yazıram, bəzən türk qəzetlərinə, bəzən başqa yerlərə. Sürəkli yazı modundayam. 2003-cü ildən 2006-cı ilə qədər baş konsul oldum. Konsulluqdan sonra da “Palmali” Şirkətlər Qrupundayam. Mən ora işə düzələndə şirkətin cəmi 8 yaşı vardı, mətbuat xidmətini düzəltmək lazım idi. Mübariz bəy (“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov-red.) çox böyük dəstək oldu. İki radio, bir xəbər portalı açdıq və bunu böyütməyi düşünürdük. Ancaq idarə heyəti olaraq belə qərar verdik ki, daha perspektivli sahələrə yönələk.

- O vaxtkı dövrün jurnalistikası ilə indiki jurnalistika arasında hansı fərqlər var?

- Adi bir misal deyim. Atam həmişə mənə deyirdi ki, bizim vaxtımızda belə idi, sizin vaxtınızda belədir. İndi baxıram ki, mən bu sözləri öz oğluma deyirəm. O vaxtkı jurnalistika ilə indiki jurnalistika arasında fərq ondan ibarətdir ki, indiki jurnalistika texnoloji baxımından daha moderndir, amma təfəkkür baxımından deməzdim ki, əvvəlki dövrdən çox da qabağa gedib. Texnoloji hər şeyi o qədər inkişaf etdirib ki... Məsələn, mən AzTV-yə reportaj hazırlayanda mətni yazırdım, montajı edirdim, səsi üstünə yazırdım, hazır olurdu və kaseti hava limanına gətirib təyyarə ilə Bakıya göndərirdim. Belə çətin tərəfləri var idi. Əgər bu gün indiki Azərbaycan jurnalistikasının müsbət tərəfləri haqqında danışsaq burda təbii ki, sizin və bütün jurnalistlərin fədakarlığını qeyd etmək lazımdı. Həqiqətən fədakarlıqdı. Həm maaş baxımından, həm şərait baxımından, həm də texnologiya baxımından müəyyən çatışmazlıqlar var. Mən şəxsən bir qəzetin, bir saytın sahibi, baş direktoru olsaydım bir işçimi də xaricə getməyə qoymazdım. Çünki gedib xaricdə jurnalistlər necə yaşayırlar, necə işləyirlər o şəraiti görəndən sonra onlardan bir şey tələb etməyə üzüm gəlməzdi. Amma mənfi tərəfini deyəndə o mənfilər o vaxt da var idi, indi də var. Siz belə, mən belə deməyin tərəfdarı deyiləm. Zatən bu mənim təbiətimə yaddır.

- Azərbaycan mətbuatını izləyirsinizmi, Azərbaycanda hansı qəzetləri və saytları oxuyursunuz?

- Sizin saytı oxuyuram. Qəzetləri oxuyurammı, yox, qəzetləri oxumuram. Çünki mənə elə gəlir ki, Azərbaycanda oxunası qəzet qalmayıb. 3-4 qəzet və bir də özümün yazdığım qəzet xaricində demək olar ki, başqa qəzetləri oxumuram. Adını çəkmək istəmədiyim bir qəzetin saytına əvvəl baxırdım, indi baxmıram. Çünki orda qeyri-adi heç nə yoxdur, orda qeyri-adi olan hansısa bir adama süpürgə bağlamaq ola bilər.

- Jurnalistlərin hansı səhvləri sizi daha çox əsəbiləşdirir.

- Vallah, əsəbiləşdirmir. Əgər bir jurnalist nəsə bir şey yazırsa, mən heç ona baxmıram. Tez-tez futboldan nümunələr gətirirəm. Futbol əla oyundur. Cərimə meydançasında top ələ dəydisə 11 metrlik cərimə zərbəsi verilir. Çox konkretdir. Bilmirsə, səhv edirsə, maraqlanmıram. Saf-çürük etməyi bacarıram.

- Türkiyə və Azərbaycan mətbuatında bəyəndiyiniz 5 imzanın adını çəkin lütfən. Beş imza Azərbaycandan, beş imza Türkiyədən.

- Ad çəkmək istəməzdim. Çünki Türkiyənin ənənəsi çox dərinə getməsə də, mətbuatı böyükdür. Sürəkli inkişafdadır. Son 10 il ərzində Türkiyə mətbuatı ciddi problemlərlə qarşılaşdı. Üzümüzə gələn 10 il ərzində iddia edirəm ki, əgər yazmağa davam etsə Murat Menteş Türkiyənin ən böyük qələm sahiblərindən biri olacaq. Murat Menteş “Yeni Şafak”da köşə yazarı idi. Bildiyimiz kimi “Yeni Şafak” aşırı sağçı qəzetdir. Murat Menteş Gezi hadisələrində onları dəstəkləyən yazı yazdı, 3 gündən sonra işdən qovuldu. Çox təəssüf, Türkiyə mətbuatı bu vəziyyətə düşdü, 5 il əvvəl bunu Türkiyə mətbuatı haqda demək olmazdı.

# 6271 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #