İntiqam Qasımzadə: “Anar padşah deyil” – Müsahibə

İntiqam Qasımzadə: “Anar padşah deyil” – Müsahibə
22 oktyabr 2019
# 17:30

Kulis.az “Azərbaycan” jurnalının Baş redaktoru İntiqam Qasımzadə ilə tənqidçi Nərgiz Cabbarlının söhbətini təqdim edir.

- İntiqam Qasımzadə - tənqidçi, İntiqam Qasımzadə - ssenarist, kino adamı, İntiqam Qasımzadə - nə zamansa şeirlər yazmış bir gənc və İntiqam Qasımzadə - “Azərbaycan” jurnalının baş redaktoru, bu jurnalla talecə bağlı olan qələm sahibi... Əvvəlcə belə bir sual vermək istəyirəm sizə... Hər birimizin həyatda öz yolumuz, öz missiyamız var. Ola bilər, gənclikdə bu haqda bir o qədər də fikirləşmirik. Amma yaş artdıqca düşünməyə başlayırıq. Qənaətlərimiz yaranır: “Həyat məni bura təsadüfən atdı”, “Mən bunu istəmirdim”, “Özüm üçün planlaşdırdığım bu deyildi” və s. və. i. a. Bu gündən baxanda “missiyanız” haqqında nə düşünürsünüz? Baş redaktorluğunuz, “Azərbaycan” jurnalı sizin tənqidçilik, alimlik, elmi dərəcə, populyar filmlərin ssenari müəllifi kimi əldə edəcəklərinizə çoxmu mane oldu? Çox şeylərimi aldı əlinizdən?

- Nərgiz xanım, istər-istəməz məni qaytarırsınız lap əvvəlki illərə. Sizinlə söhbət etdiyimiz bu bina ilə üzbəüz, “Sahil” bağının o biri üzündə 7 nömrəli məktəb var. Mən oranı bitirmişəm. O zaman fizikanı yaxşı bilən şagirdlərdən biri idim. Bizim gözəl bir fizika müəllimimiz var idi - İbrahim müəllim Rəşidov məni texniki peşələr sahəsində görmək istəyirdi. Elə mən də bu fikirdə idim. Özüm üçün müəyyən etmişdim ki, mütləq Leninqrada gedib Gəmiqayırma İnstitutuna daxil olacağam. Amma atam təzə rəhmətə getmişdi, anam da bu istəyimə qəti etiraz etdi. Dedi ki, məni gözündən uzağa qoya bilməz. Özü də Leninqrad kimi bir şəhərə. Biz azərbaycanlıların əksəriyyəti o şəhərin iqliminə davam gətirə bilmir. Rəhmətlik Niyazi də bir zaman Leninqradda oxumuşdu, xəstələnib yarımçıq qayıdıb gəlmişdi.

Bax, onda - qərar vermək lazım gələndə ki, Leninqradın Gəmiqayırma İnstitutuna deyil, başqa bir yerə sənəd verməliyəm, onda mən çox qətiyyətlə jurnalistikanı seçdim. Universitetin jurnalistika şöbəsi var idi - filologiya fakültəsinin nəzdində. Sənədlərimi aparıb verəndə məlum oldu ki, o şöbəyə həmin il qəbul yoxdur. Beləliklə, mən də sənədlərimi filologiya fakültəsinə verməli oldum.

- Onda belə demək olar ki, sizin yolunuzu həyat özü müəyyənləşdirib.

- Bəli, belə çıxır... Biz yeniyetməlik illərində bir şey arzu edirik, amma həyat bəzən başqa yerə aparıb çıxarır bizi. Görünür, tale məsələsidir. O, bizi yönəldir, idarə edir və yolumuzu daha dəqiq müəyyənləşdirir.

- Amma keçmişə baxıb, məsələn, tənqidçi kimi yarada biləcəyiniz əsərləri yaratmadığınızı görə bilərsiniz... Hansı ki, sizin tənqidçi imicinizi, tənqidçi şəxsiyyətinizi və s. formalaşdırardı... Yaradıcılığınızın o istiqaməti indi kölgədədir. Yaxud tanınmış bir ssenarist ola bilərdiniz...

- Tanınıb-tanınmadığımı mən özüm deyə bilmərəm, amma ssenarist kimi bu gün də fəaliyyət göstərirəm və bu mənim çox sevdiyim və zənnimcə, bacardığım bir işdir.

- Amma baş redaktorluğunuzla müqayisədə, yaradıcılığınızın o istiqaməti də kölgədədir.

- Onu bir qədər sərt deyirsiniz, bir o qədər də kölgədə deyil; filmlərim tez-tez televiziya ekranlarında göstərilir. Yaxşı sözlər də eşidirəm həmin filmlər haqqında. Yəqin, sizə rast gəlməyib, Nərgiz xanım, bir də, sadəcə, mən çox hay-küy qaldıran adamlardan deyiləm. Son on il ərzində, azı, 17-18 filmin ssenarisini yazmışam. Özü də bunların böyük əksəriyyəti çox vacib mövzulardadır. “Rast. Niyazi” filminin ssenari müəllifiyəm. Özü də çox orijinal ssenaridir. Ənənəvi çərçivələrdə yazılmış ssenarilərdən fərqlənir. Film də yaxşı alınıb, razı qalmışam. Yaxud “Qara Qarayev” filminin adını çəkə bilərəm. Dünya şöhrətli pianoçu - bəstəkar Vaqif Mustafazadə, görkəmli bəstəkar Xəyyam Mirzəzadə yaradıcılığından bəhs edən ssenarilərim əsasında çəkilmiş və deyərdim, çox maraqlı alınmış filmlərim də var. Və ya Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadə haqqında çəkilmiş filmim - “Təxəllüsü Mixaylo”... Mehdiyə həsr olunmuş bədii film var idi - Tofiq Tağızadənin 1958-ci ildə çəkdiyi film - sənədli film isə - yox... Üstəlik, “Uzaq sahillərdə” filminin çəkildiyi tarixdən xeyli vaxt keçmişdi. Sovet dövründə lentə alınmış film idi. Biz isə yeni faktlar axtarıb üzə çıxardıq. Rejissorla birlikdə işlədik. O faktlara əsaslanıb artıq Mehdi Hüseynzadənin həyatının bir çox məqamları açıq deyilə bilirdi. Filmdə, həmçinin onun başına gətirilən müsibətlərdən də danışdıq. Və bunu ona görə edə bildik ki, Mehdinin qəhrəmanlığının üzə çıxmasına mane olanlar artıq sağ deyildilər. Məsələn, Mikoyan yox idi... Filmdə artıq bu hiss olunur. Halbuki, Mehdi Hüseynzadəni bir zamanlar erməni kimi qələmə vermək istəyirdilər... Bax, bu səpkili öyünə biləcəyim filmlərim var mənim. Sadəcə, dediyim kimi, heç vaxt özünütəbliğlə məşğul olmamışam.

- O zaman “sizin ssenarist tərəfiniz yetərincə işqlandırılmayıb, yetərincə qabardılmayıb”, - desək daha doğru olar.

- Bəli. Bunun bir səbəbi də odur ki, ümumiyyətlə, bizdə kino tənqidi, kinoşünaslıq çox zəifdir. Məsələn, hazırda maraqlı filmlər çıxır meydana, amma onlar haqqında çox az yazılır, az danışılır...

- Kino ilə məşğul olan bir-iki nəfər var...

- Elədir. Orada-burada bir-iki məqalə çıxır, vəssalam.

- Yəqin ki, bu sahənin bilicisi yoxdur, səbəb budur...

- Bilicisi var, amma azdır. Xülasə, qiymət verən yoxdur. Yenə ədəbiyyat sahəsində az-çox nəsə deyilir. Təəssüflər olsun ki, burada da bir dəstəbazlıq var. Kimlərisə qaldırmaq, kimlərisə görməməzliyə vurmaq tendensiyası müşahidə edilir.

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə

- Siz ədəbi ictimaiyyətdə kifayət qədər nüfuzlu olan bir jurnalın baş redaktorusunuz və sözünüz də sayılan sözlərdəndir. Görməməzlik deyirsiniz... “Görməməzliyə vururlar, yada salmırlar, kimisə layiq olmadığı halda şişirdirlər”, - deyirsiniz. Bəli, haqlısınız. AYB-dən kənarda bu var, kampaniya şəklində fəaliyyət gedir, biz də bunu görürük. Amma orada buna haradasa haqq qazandırmaq olur. Ədəbi mühitdə, Yazıçılar Birliyində, ədəbiyyatın ürəyinin döyündüyü bir yerdə isə bunun şahidi olmaq daha ağrılıdır. O yerdə ki professionallar olmalıdır, amma professionallıqdan uzaq insanların sayı getdikcə artır. İstedad cəhətdən çox zəif qələm sahibləri burada da dərinə kök salmaqda, özünə yer etməkdədirlər. O insanlar ki, onları hətta ədəbiyyatçı, yazıçı belə adlandırmaq çətindir. Amma yol tapıb bura sızırlar, burada özlərinə yer edirlər və ədəbi ictimaiyyətə AYB adından nələrisə diktə etmək hüququ qazanırlar.

- AYB deyirsiniz... Bura, Nərgiz xanım, ədəbiyyatın yarandığı yer deyil. Və burada işləməyin yaradıcılığa heç bir dəxli yoxdur.

- Amma bura ədəbi proses haqqında əsas informasiyanın cəmiyyətə təqdim edildiyi yerdir. Prosesin idarə olunduğu, təəssürat yaradan, təqdimat verən yerdir.

- Bəli, təəssüf ki, burada işləməklərindən istifadə edənlər var. Yazıçılar Birliyi bir yaradıcılıq təşkilatıdır. Əslində, burada çox az adam da işləyə bilər. Və başqa idarələrdə, institutlarda, elmi müəssisələrdə işləyən yazıçılar bura öz evləri kimi gəlib-gedə bilərlər. Amma bilmək lazımdır ki, Yazıçılar Birliyi heç kimə istedad vermir, heç kimin istedadını da əlindən almır.

- O da var ki, Yazıçılar Birliyinin etirafı, təqdimatı cəmiyyətə çox şey deyir. Biz bu stereotipi qıra bilmirik.

- Belə getsə, heç uzun zaman da qıra bilməyəcəyik, çünki bu təşkilatdan çox şey gözləyirik, hər şeyi onun üstünə atırıq. Yazıçılar Birliyi müxtəlif rəngli, müxtəlif səviyyəli adamlardan ibarətdir. Əlbəttə ki, Anar kimi bir şəxsiyyətin kimisə etiraf etməsi, qəbul etməsi, yüksək səviyyədə təqdim və təqdir etməsi böyük şeydir. Amma bu da Anarın şəxsiyyəti ilə bağlı məsələdir. O, bu nüfuzu təkcə AYB-nin sədri kimi yox, bir yazıçı kimi qazanıb. Mən uzun illərdir burada çalışıram və onun nüfuzunun və mövqeyinin təsir gücünü də nə çox şişirtmək, nə də azaltmaq istəyirəm. Amma Anar padşah deyil, elə bir iddiası da yoxdur.

- Yaxşı, bəs, siz özünüz o prosesə və mühitə təsir etmək istəyirsinizmi? Və ya bunu bacarırsınızmı?

- Bu, tək bir adamın yox, sizin, mənim, hamımızın işidir. Tək-tək insanlar heç bir şey edə bilməzlər. Mən sizin Vilayət Quliyevlə söhbətinizi oxudum; bizim jurnalda dərc edilmiş söhbətinizi. Orada çox gözəl məsələlərə toxunmuşdunuz. Mən ədəbi mühiti ideal şəraitdə o söhbətin əxlaqında görmək istəyirəm. “Azərbaycan” jurnalının səhifələrində siz artıq neçə-neçə şəxsiyyətlərlə söhbətlər aparmısınız. Amma bu müsahibəni xüsusi qeyd edirəm. Çünki ədəbiyyat haqqında hər ikinizin düşüncələri ədəbi mühitin formalaşmasına təsir edə bilər. Şou, şəxsi qərəzlik ədəbi mühiti formalaşdıracaq amillər olmamalıdır. Buna imkan verməməliyik.

- Tamamilə razıyam. Amma ən pisi odur ki, hələ ki onunla çox şeyə nail olunur.

- Çünki şər qüvvələr hər zaman birləşməyi, onlara sərf etməyən qüvvələrə birlikdə hücum etməyi gözəl bacarırlar. Xeyrin daşıyıcılarının hər biri isə ayrıca bir fərddir. Şəxsiyyətdir. Və birləşməyə bir o qədər də meylli deyillər, buna ehtiyac duymurlar. Xırda hisslərdən yüksəkdə durmağa üstünlük verirlər. Hər biri gözəl bir orkestrin səsləri kimidir. Hərəsinin öz yeri var və haradasa birləşsələr belə, tamamilə fərqlidirlər.

- İndi bizim haqqında danışdığımız məsələ ədəbiyyatın aşağı müstəvisində baş verənlərdir. Problematika baxımından da belədir. Əslində, biz ondan danışmaya da bilərik, amma...

- Biz bundan danışmalıyıq, çünki bu gün ədəbiyyatı çox cidd-cəhdlə şouya çevirmək cəhdləri var.

- İntiqam müəllim, ədəbiyyatı bəzi televiziya kanallarında da şoulaşdırmağa, ucuzlaşdırmağa çalışırlar, bəsit və ucuz bir şəkildə cəmiyyətdə də, ədəbi mühitdə də bu proses gedir. Ən pisi budur.

- Siz “Azərbaycan” jurnalında belə bir şeyə rast gəlmisinizmi?

- Yox, hər kəs öz müstəvisində hansısa sərhədləri qoruya bilirsə, bu, artıq nailiyyətdir. Amma görürsən ki, tək evin içini qorumaqla olmur. Siz necə, kimlərəsə təsir edə bilirsinizmi? Kimlərsə layiq olmadığı halda bu təşkilatda yazıçı kimi təqdim edilib şişirdiləndə, kimlərinsə yazıları hansısa orqanlarda dərc edilməyib monopoliya yaradılanda, 10-cu, 11-ci yerdə belə olmağa layiq olmayan yazıçı xanımlar gözəl qələm ustası kimi təqdim ediləndə... Hər hansı bir şəkildə buna müdaxilə etməyi öz vicdan borcunuz bilirsinizmi?

- Maksimum çalışıram, amma öz imkanım daxilində. Mənim əsas çalışdığım məsələ jurnalımızda zəif əsərlərin çapının qarşısını almaqdır. Soraqlaşıb yaxşı əsərlər axtarıb tapmaq, onları çap etməkdir. Bizdə ədəbiyyatşünaslıqla bağlı yazılar, ədəbi-tənqidi məqalələr gedir. Qorxmaz Quliyev, Cavanşir Yusifli, Vilayət Quliyev kimi, Nizaməddin Şəmsizadə, İradə Musayeva kimi professionalların əsərlərinə yer verilir. “Azərbaycan” jurnalının qapıları ədəbiyyatşünasların üzünə açıqdır və bunu özləri də bilirlər. Amma təəssüf ki, onlar qapılarımızı az-az açırlar.

- Səbəb?

- Səbəb passivlikdir. Onu da deyim ki, ümumiyyətlə, bizdə ədəbiyyatşünaslıq və tənqid mən deyən səviyyədə deyil. Məsələn, Rusiya ədəbiyyatşünaslığı və tənqidi ilə müqayisədə elmi düşüncə və analitik düşüncə səviyyəsi aşağıdır. Ayrı-ayrı hallarda var, amma küll halında - yox.

- Üstəlik, başqa istiqamətə axın edirlər: tədqiqata, jurnalistikaya, ədəbiyyata.

- Bəli, yaza bilmədikləri halda nəsr yazmağa başlayırlar. Halbuki, nəsr yazmaq özü bir vergidir, istedadın məhsuludur və bunun belə olduğunu tənqidçi, ədəbiyyatşünas yoldaş hər kəsdən daha yaxşı bilməlidir.

- Səbəb ey, İntiqam müəllim, səbəb nədir? Tənqid davamlı olaraq insanı dinamik olmağa, ədəbi prosesi izləməyə vadar edir, vaxtını çox alır. Budurmu, səbəb, yoxsa başqa incəliklər də var?

Davamı burda

Mənbə: “Azərbaycan” jurnalı

# 4672 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #