Özünü alim kimi tanıdan fəhlə - “Naməlum kino"

Özünü alim kimi tanıdan fəhlə - <span style="color:red;">“Naməlum kino"
22 oktyabr 2016
# 10:00

Kulis.Az “Naməlum kino” layihəsində Rasim İsmayılovun 1980-ci ildə çəkdiyi “Anın quruluşu” filmini təqdim edir.

Süjet: Ədhəm (Məmməd Məmmədov) Mingəçevirdən Moskvaya köçüb, uzun illərdir orda yaşayır.

Günlərin birində o, təsadüfən uşaqlıq dostu, sinif yoldaşı Ələkbərlə (Hacı Hacıyev) rastlaşır. Ələkbər Moskvaya meyvə-tərəvəz daşıyan yük maşınının sürücüsüdür.

Ədhəm Mingəçevirdə yaşayan dostlarına, qohumlarına yalan danışır, Moskvada universitet bitirdiyini, elmlər namizədi adını aldığını, ailə qurduğunu, iki övladı olduğunu deyir. Və hamı elə bilir ki, sahib olduğu ev, maşın onundur. Halbuki o, alim, dövlət mükafatı almış dayısının (Vladimir Etuş) geniş mənzilində yaşayır, onun maşınını sürür.

Dayısının nüfuzundan istifadə eləyir, amma özü üçün yox, başqalarının problemini həll eləmək üçün.

Əslində isə Ədhəm fabrikdə adi fəhlə işləyir, nə universitet bitirib, nə də ailəsi var.

Ələkbər təkidlə Ədhəmi Mingəçevirə toyuna dəvət eləyir. Sinif yoldaşları Ədhəmi təmtəraqla qarşılayır, onu yaxşı mehmanxanada yerləşdirir, qonaqlığa aparır, nüfuzu ilə qürur duyur, mətbuat konfransı təşkil eləyirlər.

Amma Ədhəmin vətənə gəlməkdə əsas məqsədi başqadır. O, uzun illərdir hamını inandırdığı yalanlarına son qoymaq üçün gəlib...

Komediya, faciə elementlərinin olduğu “Anın quruluşu” bir insanlıq dramıdır.

Rüstəm İbrahimbəyovun ssenarisini yazdığı bu ekran əsəri əslində insanı riyakarlığa məcbur eləyən, özü kimi olmağa fürsət verməyən sovet rejiminin gerçək üzünün təsviridir.

Filmin mərkəzi fiquru Ədhəm anasının könlü xoş olsun, oğlu ilə qohum-əqrəba yanında fəxr eləsin deyə, onu guya universitetdə oxuması ilə aldadıb. Dostları biləndə ki, guya o, nüfuzlu alimdir, elmi, yüksək dairələrdə böyük hörməti var, ona məhz bu səbəbdən diqqət göstərir, yarınırlar. Onun qarasınca deyinir, imkanlarından istifadə edərək dost-tanışa yardım göstərmədiyindən gileylənir, amma Ədhəmin sosial statusuna görə susurlar, mümkün olduqca ondan məqsədləri üçün yararlanmağa çalışırlar.

Ədhəm isə film boyu saxta cəmiyyətin onun öhdəsinə qoyduğu bu rolu oynayır, çətin də olsa məsuliyyəti vicdanla daşımağa çalışır, sadəlövhcə onların səmimiyyətinə inanır, can-başla xahişini yerinə yetirir. Atasından qalan evi ucuz qiymətə satır ki, dostlarına yardım eləsin.

Əhatəsindəki adamların arasında yalanla yaşayan Ədhəm daha səmimidir, vicdanlıdır. Onun zərərsiz yalanları özündən başqa kiməsə ziyan gətirmir. Qəhrəmanın həqiqi kimliyi - xeyirxahlığı, əxlaqı onun yalanlarından keçərək açılır. Rejissor onun çarəsiz durumunu suda çabalayan arıda, tənha, köməksiz kirpi balasında simvollaşdırır.

Müəlliflər bu gün üçün də aktuallığını itirməyən mental ailə problemlərinə də toxunur. Ələkbər dərnəkdə rejissor kimi çalışan Aliyə (Anna Kamenkova) ilə ailə qurmağı planlaşdırır. Ələkbərə nə olursa olsun ərə getməyə çalışan qonşu qız Sona (Xalidə Quliyeva) Aliyənin həyatında başqa kişinin olduğunu xəbər verir. Sübut kimi ona nə vaxtsa nişanlısının başqa kişi ilə çəkdirdiyi fotonu da göstərir. Ələkbərin isə qeyrəti buna yol vermir, o, Aliyə ilə nikahdan imtina eləməyə qərar verir və Ədhəmdən yardım istəyir. Aliyə Ədhəmə etiraf eləyir ki, o, tənha, qarımış sayıldığına görə ailə qurmaq arzusundadır. Ədhəm Ələkbərdən fərqli olaraq, Aliyənin keçmişinə anlayışla yanaşır, normal qəbul eləyir, Ələkbəri də düşüncəsindən çəkindirməyə çalışır. Amma sonda Ələkbər “təmiz ev qızı” Sona ilə ailə qurmağı seçir.

Müəlliflər Ədhəmi film boyu çətin vəziyyətlərə salır. Məsələn, onun nüfuzlu alim olduğunu bilən gənc ana (Larisa Xələfova) riyaziyyatı əla bilən, vuderkind oğlu ilə gecə gündüz onun qapısını pusur, ondan oğluna kömək eləməsini istəyir. Yaxud dostları Ədhəmin öz elmi nailiyyətlərindən danışması üçün mətbuat konfransı keçirir. Hər dəfə də qəhrəman vəziyyətdən birtəhər çıxır.

Yalnız filmin sonunda Ədhəm dostlarına həqiqəti deməyə fürsət tapır. O, əynini soyunur, soyunduqca uşaq kimi saflaşır, sosial kimliyinə qayıdır.

Film Ədhəmin yuxusu ilə başlayır: o, yuxuda qatardan düşəndə özünü yarıçılpaq görür və eyni yuxu bir neçə dəfə əhvalat boyu təkrarlanır. Yuxu qəhrəmanın qorxularını, daxilində gedən mübarizənin ifadəsidir.

İki seriyadan ibarət olan “Anın quruluşu” tamaşaçını maraqda saxlaya bilir.

Hərçənd, əksər filmlərimizdə olduğu kimi burda da musiqi həlli problemin dərinliyini əks elətdirmir.

# 2028 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #