Janna Darkı İsa peyğəmbərlə eyniləşdirən film

Janna Darkı İsa peyğəmbərlə eyniləşdirən film
21 dekabr 2013
# 09:00

Kulis.Az “Baxılası 50 film” layihəsində Karl Dreyerin “Janna Darkın iztirabları” filmini təqdim edir.

Tənqidçilərin “tənha skandinaviyalı”, “inadkar individualist”, “sərt, qaraqabaq danimarkalı” adlandırdığı Karl Dreyer (1889-1968) dünya kinosunun klassiklərindən biri, novator rejissor kimi tarixə düşüb.

Fransız rejissoru Jan Renuar onun haqqında “Dreyer bütün nəzəriyyələrin fövqündədir” deyirdi.

Danimarkalı fermerin nikahdan kənar oğlu olan Karl lüteran Dreyerlər ailəsi tərəfindən oğulluğa götürülür.

Gimnaziyanı əla qiymətlərlə bitirəndən sonra jurnalist işləyir. Sonra ssenarist və rejissor kimi çalışır.

Onun “Prezident” melodramı mizan səhnələrinin müxtəlifliyi, işıqlandırmanın və montajın ustalığı ilə seçilir.

1955-ci ildə Venesiyada “Qızıl Şir” alan, rezonans doğuran, dini motivli “Söz” filminin final-dirilmə səhnəsi dünya kinosunun ən effektli səhnələrindən sayılır.

“Qəzəb günü” dramını tənqidçilər ləng tempinə görə qüsurlu saysalar da, sonradan bu, rejissorun ən yaxşı filmlərindən biri kimi qəbul olunub.

Dreyer maliyyə tapdığı ölkələrdə İsveçdə, Almaniyada, Norveçdə film layihələrini həyata keçirir.

1960-cı illərdə Danimarka hökuməti Dreyerin ixtiyarına “Dagmar” kinoteatrını verir və rejissor burdan gələn gəlirlə son, “Gertruda” əsərini ekranlaşdırır. Onun ən böyük iki-İsa Məsih haqda filmi lentə almaq və “Doktor Jivaqo”nu ekranlaşdırmaq arzusu isə reallaşmamış qaldı.

Sizə rejissorun 1928-ci ildə ekranlaşdırdığı, səssiz kinonun ən əhəmiyyətli filmlərindən sayılan ”Janna Darkın izitirabları”nı təqdim edəcəyik. Dreyer Jannanın həyatının son iki gününü - məhkəmə prosesini, edam cəzasına məhkum edilməsini nəql edir. Sorğu-sual, işgəncə ilə Janna əqidəsindən dönməyə məcbur edilir.

Bu kompromissiz əsərdə müəllif kiçik nüanslarla personajın psixoloji vəziyyətini dinamikləşdirməyə imkan verən iri planlardan istifadə edir. İri planlar tədricən avanqard fəndə çevrilir, eksperimental xarakter daşıyır.

Janna Dark əksər kadrlarda təkdir və bu, qəhrəmanın ifadəliliyini, gücünü artırır. Dreyer Jannanın simasında döyüşçü, qalib yox, hər cürə təhqirlərə dözən, iztirab çəkən qurbanı, müqəddəsi göstərib. Bununla da onu İsa Məsihlə eyniləşdirib.

Əhvalata unikal yanaşan rejissor üzlərin çoxunu bilərəkdən birtonlu boz fonda göstərir. Orta əsr ənənəsində üzlər adətən müqəddəs, ideal ifadə olunur.

Rejissor isə qeyri-mütənasib, idealdan uzaq qrimsiz dəri fakturası göstərir. Personajların xarakteri mimikalarla və rakurslarla açılır.

Filmi baş rolun ifaçısı Rene Falkonettisiz təsəvvür etmək mümkün deyil. Falkonettinin siması o qədər ifadəlidir ki, tamaşaçı yorulmadan saat yarımlıq filmi izləyə bilər. Dreyer onu teatr tamaşalarından birində görmüşdü.

Rejissor deyir: “Onun üzündə nəsə əzəmətli bir şey vardı. Renedə Janna Darkın üzündə axtardığım hər şeyi tapdım”.

Aktrisa qəhrəmana oxşamaq üçün saçlarını kəsdirir. Onun heyrətamiz sadəliyi və temperamentinin gücü tamaşaçıları sarsıtmışdı. Çəkiliş zamanı qəhrəmanın həyatını gerçəkdən yaşayan aktrisa nəticədə əsəb sarsıntısı yaşayır və huşunu itirir.

Dreyer aktrisadan maksimal təbiiliyə, həyəcanın, əndişənin çalarlarını almağa nail olur.

Büdcənin yarısı xüsusi dekorasiyalara xərclənir. Hərçənd, əsas vurğu iri planlara edildiyindən dekorasiyalar fraqmental görünür.

Maraqlı faktlar

1920-ci illərdə Parisin baş yepiskopunun tələbi ilə film ekranlara qısaldılmış versiyada çıxıb.

Böyük Britaniyada isə film ingilis əsgərlərinin Janna Darkı ələ salan, təhqir edən sadist kimi göstərilməsi səbəbindən qadağan olunub.

Aktyorların heç biri qrimlənməyib.

Falkonettinin ifasını dünya kinosunda ən yaxşı aktyor oyunu kimi qiymətləndirirlər.

Filmin orijinal versiyasının neqativi yanğın zamanı məhv olur.

Yalnız bir neçə surəti qalır və rejissor onu yenidən montaj edir.

Amma bu nüsxə də laboratoriyada yanır.

1951-ci ildə isə kino tənqidçisi Jozef Mari Lo Dyuka “Gaumont” studiyasının arxivində filmin ikinci versiyasını taparaq montaj edir. Amma Dreyer bu versiyanı tənqid edərək onu zövqsüz adlandırır.

Nəhayət, 1981-ci ildə Osloda psixi xəstəxananın anbarında lentlə dolu qutu tapılır. “Janna Darkın iztirabları”nın orijinal versiyası bu qutunun içində olur.

Filmə burdan baxa bilərsiz.

Baxılası digər filmlər:

Bernardo Bertoluççinin “Konformist” filmi.

Dziqa Vertovun “Kinokameralı adam” filmi.

Mikalancelo Antonioninin “Macəra” filmi.

Pol Tomas Andersonun “Maqnoliya” filmi

Yasudziro Odzunun “Tokio əhvalatı” filmi.

Vim Vendersin “Berlin üzərində səma ” filmi.

Con Fordun "Dilican" filmi.

İnqmar Berqmanın "Persona" filmi.

Jan Renuarın “Oyun qaydaları” filmi.

# 4140 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
# # #