“Heç şəxsiyyət vəsiqəmi də oxumamışam”

“Heç şəxsiyyət vəsiqəmi də oxumamışam”
1 oktyabr 2014
# 08:30

Kulis.az “Açıq Söhbət” layihəsindən növbəti müsahibəni təqdim edir. Şəhriyar del Geraninin budəfəki qonağı gənc yazar, jurnalist Kəramət Böyükçöldür.


Onunla görüşümüz qızmar yay günlərinə təsadüf etmədi. Təxminən gülün güldən, bülbülün bübüldən bezdiyi bir vaxtda görüşdük.

- Necəsən? Neynirsən? Nə yenilik?


- Şəhriyar, üç-beş il qabaq içimdə ədəbiyyatla bağlı iddialar vardı. Doğrudan, əməlli-başlı elə bilirdim ki, nə vaxtsa böyük bir yazıçı olacağam.

- Və...

- Və bu hisslərim o qədər sürətlə məhv oldu və bir çox məsələləri o qədər tez başa düşdüm ki... Daha arzum-zadım yoxdu və nəsə yazmağa həvəsim də qalmayıb. Nə vaxtsa güc gələr, nəsə yazaram-yazmaram, bunu deyə bilmərəm. Hələ ki, beləyəm.

- Bir ara deyirdin roman yazıram. Bəs nə oldu, səsi-sorağı gəlmədi?

- Hardasa iki ay olar “Səkkizinci gün” romanım “Qanun” nəşriyyatında çıxıb. İnan, hələ Şahbaz Xuduoğluna təşəkkür belə eləməmişəm kitabın nəşrinə görə.

- Niyə?

- Yenə deyirəm, belə şeylərə qarşı o qədər həvəsim ölüb ki... Romanım çıxdı, kitabım çıxdı, canım çıxdı, filan-fəsman... Azərbaycanda bunların hamısı boş və mənasız şeylərdir. Bunu bütün varlığımla dərk eləmişəm.

- Doğrudan deyirsən kitabın çıxıb, yoxsa zarafatlaşırsan?

- Hə vallah, satışda da var. Amma mən romanıma süni təbliğat-zad qurmaq istəmirəm, yəni kitabımı kiməsə verim ki, məndən yazı yazsın, onun-bunun gözünə soxum və s. Kitab yazmışam, saytlarda elan gedib, ürəyi istəyən oxusun, istəməyən oxumasın. Guya bu ölkədə kimin kitabı oxunur ki? Söhbət min tirajdan getmir. Mənim “Çöl” romanım da min tirajla satıldı. Nə olsun? Ona görə də ayrı işlərlə məşğulam.

- Nə işlə məşğulsan ki?

- Məsələn, çoxlu müsahibələr alıram. Düzdür, bəzən elə olur ki, iki-üç saat mənasız bir adamın səsinə qulaq asmağa məcburam. Fikirləri ürəyimi bulandırır və əsəblərimi pozur. Hərdən o qədər yoruluram ki, özümü evə güclə çatdırıram. Amma neyləyim, yaşamaq üçün əlimdən başqa iş gəlmir. Ölkədə kitab bazarı olsa, müsahibələrin əvəzinə roman yazaram. Məsələn, Əkrəm Əylislinin axırıncı - “Dağlar deyir ki, soyuqdur” kimi povesti bir həftəyə yazaram. Dili bilirəm, cümlə qura bilirəm, sujet qura bilirəm, üslub haqqında düşünə bilirəm, hissiyyatım var, vəssalam! Amma yazmıram, çünki həvəsim yoxdur.

- İnanıram, sən yazarsan. Amma, elə danışırsan ki, elə bil beş-altı dəfə yaşayıb qurtarmısan, təzədən beç-altı dəfə dünyaya gəlmisən. Bu nə ovqatdı ki? İki romanla da bu vəziyyətə düşərlər?

- Özün yaxşı bilirsən ki, birinci romanım maraq doğurdu. Və məndə inam yarandı, yəni adamlar bildi ki, nəsr yaza bilirəm. Düzdü, onda mühitdə tanınmağa özüm də həvəs göstərirdim. Məsələn, kitabımı Rafiq Tağıya və Əkrəm Əylisliyə bağışladım. Hər ikisi mətbuatda əsərimi yüksək qiymətləndirdi və mən də uşaq kimi sevindim ki, romanımı Əkrəm Əylisli və Rafiq Tağı kimi yazıçılar bəyəndi.

- Nolsun, heç mən romanımı Əkrəm Əylisliyə aparıb verməmişdim...

- Nə fərqi var ki? Özün verdin, yoxsa Azadlıq Radiosu verdi...

- Fərqi odur ki, Azadlıq radiosuna da mən verməmişdim. Sağ olsun, Rövşən Qəmbərovun təşəbbüsü ilə müzakirəyə çıxarılmışdı. İndi sənin dəmir məntiqindən belə çıxır ki, Əkrəm “İntihar hörüyü” haqqında yazı yazıb, “birnəfəsə oxudum” deyirsə demək mən böyük ədəbiyyat yaratmışam? Bu haçandan etalon olub ki?

- Şəhriyar, mən demirəm ki, bir-iki nəfər tərifləyibsə, vəssalam, mən yazıçıyam. Sadəcə, ovaxtkı həvəsimdən danışıram. O vaxtlar – 4-5 il qabaq yaradıcılığıma necə canla-başla yanaşırdım, bunu deyirəm. Amma məni çox tez həvəsdən saldılar.

- Mən sənin bütün yazılarını izləyirəm. Demək olar, ən sadiq oxucunam. Özümə də pis təsir etdi ki, bəs niyə ikinci romanından xəbərim yoxdur? Bəlkə adamlar inandılar ki, o romanı sən yazmamısan və bu ikinci roman dediyin də ol səbəb heç kəsdə maraq doğurmadı. Ümumiyyətlə, bu işlər niyə belə oldu axı?

- Vallah, məni qətiyyən maraqlandırmır ki, ikinci romanım maraq doğurdu, yoxsa yox! Doğurmadı, doğurmadı də! Sağlıq olsun, özümdə güc tapıb yeni əsər yazaram, maraqla qarşılanar. İkincisi, maraqla qarşılanmaq nəyə deyirsən? Kənan Hacı, Cəlil Cavanşir bir yazı yazacaq, Şərif Ağayar status paylaşacaq, bir-iki qız romanın üz qabığını ölmüş adam şəkli kimi profilinə qoyacaq, təqdimat eləyəcəksən, sevgililərin və iki-üç dostun gəlib kitab alacaq... Maraqla qarşılanmaq budur?

- Hə, budu...

- Bəsdi görüm, özün də bilirsən ki, bu deyil! Üçüncüsü, birinci romanımı atam yazıb və yaxşı da eləyib. O, mənasız əsər - “Çöl” romanı mənim üstümə şər kimi atılıb.

- Məncə də yaxşı eləyib. Amma, sən niyə bu qədər yaxşı işlər görsə belə atanın mövqeyi ilə razılaşmırsan?

- Müəyyən məsələlərdə hə, razılaşmamışam və atam həmişə buna sevinib. Yəni məni diri gördüyünə görə. Bilirəm ki, sən və çoxları atamla aramızdakı ziddiyyəti Yazıçılar Birliyi ilə bağlayırsınız. Əsla belə deyil! Qəşəm Nəcəfzadəni şair kimi də, ata kimi də çox istəyirəm. Atam Anar haqqında tək bir yazı yazıb: “Bir yandan da bu yağış”. Və gözəl də yazıb. Anarın 70 illik yubileyi münasibəti ilə yazılan bu yazı R.Rza və Anarın bir-birlərinə məktublarından bəhs edir. O, yazını get oxu. Hər bir adam kim haqqındasa yaza bilər. Burda nə qabahət var?

- Təxminən heç bir qəbahət yoxdur.

- Başqa tərəfdən yanaşsaq, tutalım Şərif Ağayar Anarı tənqid eləyir. Guya burda nə var? Fərdi maraqlar üzərində qurulmuş oyunlardı də. Şərif deyir Anar 25 ildi niyə orda sədrdi? Atam da deyir yaxşı eləyir 25 il sədr olur.

- Yox də eloğlu, “uje” burda xiyar əyri bitir. Məsələ burasındadır ki, Şərif deyəndə, Anar niyə 25 ildir sədrdir – səmimidir. Di gəl, Qəşəm deyəndə ki, yaxşı eləyir – səmimi deyil. Şərif bu sözü kafedə də deyir, mətbuatda da.

- Nə bilirsən e səmimidir, ya qeyri-səmimi? Səmimiyyət tərəzin var?

- Kərəm, mən “iki vuraq iki neçə eləyir”də yanıla bilərəm, amma, adamlar haqda səmimi, harda qeyri-səmimi olurlar, orda qətiyyən yanılmaram.

- Bilirsən ki, atam kafelərə getmir. Yəni onun “kafe” söhbəti yoxdur. Mətbuatda da bir üzü var. Onu da bayaq dedim. Anarın 25 il sədr olmağı nə atamdan, nə də Şərifdən asılıdır. Atam Anarı həmişə dəyərləndirib. Və hesab edirəm ki, bu həmişə qarşılıqlı olub. İkincisi, niyə başqalarının Anarı müdafiə etməsi səni narahat etmir, məhz Qəşəmin müdafiə etməsiylə belə möhkəm maraqlanırsan? Məsələn, Ramiz Rövşən qurultayda o qədər gənclərin gözünün qabağında necə çıxış elədi, yadındadı?

- O çıxışa da reaksiyalar oldu. Mən bir yazı da yazmışdım. Konu Ramiz Rövşən konusu deyil, bilirsən... Bir insan kimi də mənim Qəşəmə qarşı heç bir münasibətim yoxdur: nə mənfi, nə də müsbət. Büsbütün neytralam...

- Qəşəm Nəcəfzadə şair kimi həmişə diri qalmağı bacarıb. Təsəvvür elə, arxivlərə baxıram, görürəm ki, vaxt olub Qəşəm istedadlıdır, yoxsa istedadsızdır mövzusu olmayıb, adamlar müzakirə eləyiblər ki, ümumiyyətlə, Qəşəm niyə var? (gülür) Necə yəni niyə var? Adama belə söz deyərlər?

- Belə baxıram, sənin də öz faciən var. Həmişə atanı tənqid eləyirsən. Bu da ciddi kompleksdir. Bir oğul kimi ata kompleksi yaşamaq səni narahat eləyir.

- Düzdü, bəzən atamı tənqid eləmişəm. Bu da onu incidib. Atam çox həssas adamdı. Bir dəfə də onu hansısa yazımda möhkəm tənqid eləmişdim. Evə gəlib gördüm ki, anam mənə birtəhər baxır. Hətta atam bir neçə gün məni dindirmədi. “Facebook”da məni dostluqdan çıxartdı. Bunun özü mənim üçün çox ağırdır, başa düşürsən? İnsanıq də! Mən ayrı hisslərlə yaşayıram, o, ayrı hisslərlə. Niyə atama mane olmalıyam? Elə olub evdə atama demişəm ki, Yazıçılar Birliyindən 200-300 manat maaş alırsan, bu az maaşla orda niyə işləyirsən? Əlbəttə, bu uşaqlıq və bir az da dəliqanlılıqdır. O da mənə cavab verib ki, 200-300 manatı alıb səni saxlamışam də, pis iş tutmamışam ki? Acı həyat həqiqətləri qarşısında söz demək çətindir.

- Axı elə məsələlər var ki, zəhər-zəqqum həyat həqiqətləri belə o hərəkəti eləməyə haqq qazandırmır.

- Şəhriyar, Azərbaycanın dərdinin adı Qəşəm Nəcəfzadə deyil ki...

- Bilirəm...

- Yazıçılar Birliyində Qulu Ağsəs də, Əsəd Cahangir də, Elçin Hüseynbəyli də eyni vəziyyətdədir. Əksinə, onlar Anarı daha çox tərifləyib və müdafiə ediblər. Əsəd Cahangir Anardan kitab yazıb, Qəşəm yazmayıb ki... O biri tərəfdən, Yazıçılar Birliyi ilə mübarizə təkcə ədəbi məsələ deyil, həm də ictimai-siyasi məsələdir, bunu da başa düşmək lazımdır.

- Məncə, bu mövzuda şəxslər üzərində müqayisə aparmaq doğru deyil. Yaxşı, bə ovaxtkı “Gənc Ədiblər Məktəbi”ndə niyə cığallıq elədin? Axı Qəşəm Nəcəfzadə səni ordakı uşaqlara tapşırırmış ki, bunu da özünüzlə aparın otuzdurun, heç olmasa mühit görsün.

- Əvvəla, yalan söhbətdir, məni heç kəsə tapşırmayıb atam. İkincisi, lap tutaq ki, atamda belə şeylər var. Güclü atalıq hissindən irəli gələn şeylərdi. Çox istəyir məni. Oğluyam. İstəməyib dəstədən kənarda qalım. Deyib, gedim, onlarla birlikdə olum. Pis hiss deyil ki... Əclaflıq o adamlardadır ki, bunu orda-burda söz eləyirlər. Gör, əlacları nəyə qalıb ki, deyirlər, Kəramətin atası o vaxt oğlunu bizə tapşırırdı.

- AYB-yə hardan gedib çıxmışdın?

- O da sırf təsadüfi oldu. Bir gün atam dedi, sənin tayların şeir yazır, prezident təqaüdü alır, sən də oturmusan evdə. Mən də dedim şeir yazmaq nədir ki? Oturub 5-10 dənə basməmmədi şeir yazdım, tezbazar bir dənə kitab çıxartdırdıq, apardım verdim. Bir az tanışlıq, ora-bura, üzv oldum, təqaüdə düşdüm. Gənc Ədiblərdə də hərdən şeirlərimi oxuyurdum. Görürdüm mənə birtəhər baxırlar.

- Necə yəni birtəhər?

- Məsələn, Rəşad Məcid dodaq büzürdü şeirlərimə. Bir şeirimdə var ki, “Orxan Pamukun romanlarını oxumağın məni sevməyin deyilmi?” Aha, görürdüm bunlar narahat olurlar bu misradan. Hiss eləyirdim ki, burda nəsə var. Elə olurdu görürdüm məzələnmək istəyirlər mənimlə. İşin harasıdır ki, Rəbiqə Nazimqızı, Qılman İman, Qismət, Anar Amin, mənə deyirdi filan şeirdə bəhmən yeri belə yox elə yaz (gülür)

- Yaxşı, Qəşəm Nəcəfzadə mövzusuna bu sualla xitam verək, keçək öz yaradıcılığına... İndi deyəcəyim məqam isə başqadır. Bunu biz başa düşmürük. Bəlkə bir oğul kimi sən daha yaxşı hiss eləyə bilərəsən.

- De görüm...

- Qəşəm Nəcəfzadə niyə hər dəfə deyir ki, Sevinc El Sevəri, Zahir Əzəməti, Aqşin Yeniseyi və son nəsildən də Şəhriyar del Geranini ədəbiyyata mən gətirmişəm? Məgər ədəbiyyat ada-zaddı ora gəmiyə minib gedəsən? Hətta deyir ki, Aqşinin Aqşin Göyçə, Şəhriyarın Şəhriyar Hacızadə olan vaxtlarının məndə əlyazmada şeirləri var. Üzə çıxartsam biabır olarlar-filan. Bu gözəlim dünyada adamı biabır edəcək şeylər arasında “şeir” adlı bir anlayış yoxdur axı. Səncə, bu söhbətləri eləməyə Qəşəmin nə ehtiyacı var?


- İnanmıram ki, atam sözünü bu şəkildə desin. Sənin haqqında heç deməz. Atam deyə bilər ki, onlar “Pərvanə”də olublar, vəssalam. İkincisi, insanlıq hissini itirmək lazım deyil. Görünür, hamımızın umduğu nələrsə var. Qəşəmin rəhbər olduğu “Pərvanə” dərnəyi yaradıcılılq baxımdan bəlkə də, AYB-dən də, AYO-dan da çox iş görmüş ünvandır.

- Təxminən razı deyiləm...

- Öz işindi! Və Sevinc də, Aqşin də, sən də aç-çox üzdə olan imzalarsınız. Məsələn, səni götürək. Mən bir dəfə “Pərvanə” məclisində iştirak edirdim, sən şeir oxumamışdan qabaq dedin ki, Qəşəm Nəcəfzadənin hər dərsindən sonra - atam Universitetdə sənə dərs deyirdi - on şeir yazıram. Yadındadı?

- Hə, yadımdadı. Qəsdinə dursam indi on birini-on ikisini yazaram. Hiss eləyirəm ki, ciddi potensialım da var.

- Şəhriyar, ironiyanı saxla köşələrinə! Tutalım, bunu sabah Qəşəm bir yerdə desə, əsəbiləşəcəksən ki, niyə deyir? Görünür, hansısa bir yerdə “Pərvanə”nin rolunu danmağınız atamda təəssüf hissi yaradıb. Bu, təbiidir. Bəlkə də, atam umur ki, həmin cavanlar bu dərnəyi unutmasınlar. Necə ki, Rəşad Məcid “Gənc Ədiblər Məktəbi”nə əziyyət çəkdi, sonra uşaqlar uçub getdilər, o da əsəbiləşdi. Atam da eyni hissi yaşayıb və səmimi olub narazılığını dilə gətirib. Neyləsin? O da belə insandır. Atam mənim kimi hiyləgər deyil ki, bu cür şeylərə baş qoşmasın.

- Təxminən aydındı. Kərəm, görürəm ciddi şəkildə kitabsızlıq tərəfdarısan. Niyə oxumursan? Ümumiyyətlə, nə oxumusan bu vaxta qədər?

- Düzü, kitab oxuması ilə hər yerdə boy göstərib və bədii mətn yazmağa gələndə özlərini biabır eləyən adamlar məndə ikrah yaradır. Onları görəndən sonra məndə kitaba antipatiya yaranıb. Oxumaq istəmirəm. Hətta elə vaxtlar olur ki, kitaba nifrət eləyirəm.

- İnanmıram ki, Coysun “Ulis”ini də oxumayasan. Yoxsa onu da oxumamısan?

- Yox, oxumamışam, adını səndən eşidirəm.

- “Səfillər”i necə oxumusan? Bilirsən neçə cilddi?

- Hə, üç cilddi. Amma, cəmi bir cümləsini oxumuşam. (gülür)

- Şəxsiyyət vəsiqəni də oxumamısan?

- Əşşi, heç nə oxumamışam. Və yaxşı da eləyirəm!

- Bir ara hegemon müsahibələr də alırdın: Qəşəmdən, Salamdan, Şərifdən... Deyəsən, onlar səni gəncliyinə “bağışladılar”. Gəldin-gəldin Qan Turalıda, Seymurda alınmadı. Onlar bağışlamadılar səni. Hətta bir az gülməli vəziyyət alındı. Yəqin ki, sözümdən incimirsən.

- Yox e, nə incimək?! Sadəcə, Qəşəm, Salam və Şərifdən müsahibə almaq özüm üçün də maraqlı idi. Çünki onlar tipik adamlardır. Məsələn, Şərif qədər tipik Laçınlı yoxdur. Və onun gözəlliyi elə burdadır. Ona görə söhbətlərim o cür alınmışdı. Düzü, sonrakılara elə də marağım qalmadı. Daha çox qonorar xətrinə elədim. Salamla söhbətdə hegemonluq eləyən adam Seymurla sakit danışıbsa, deməli, həvəsi olmayıb. Başqa nə ola bilər ki?

- Dedim axı, Salamgil səni gəncliyinə bağışlayıblar. Nə isə, yaxşı Kərəm. Qarşılıqlı cığallıq şəraitində xeyli maraqlı söhbət alındı. Sağ ol ki, dəvətimi qəbul edib “Açıq Söhbət”ə razılıq verdin. Hər şey bir yana, mən səni çox istəyirəm. Nəsə deyəcəyin varsa buyur.

- Şəhriyar, elə adamlar var ki, bir-birini çox istəməyə məhkumdurlar. Bizdə də belədir, aramızda nə qədər xırda söz-söhbətlər olsa da... Mən də səni çox istəyirəm. Amma sənə bir söz deyim. Bayaq dedin ki, mən “iki vuraq iki neçə eləyir”də yanıla bilərəm, amma, adamlar harda səmimi harda qeyri-səmimi olurlar, orda qətiyyən yanılmaram. Mənə elə gəlir ki, ən çox yanılan sənsən!

Foto Elvin Bayramlınındır...

# 5367 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #