Kulis.Az tanınmış yazıçı, tərcüməçi, Azərbaycanın əməkdar mədəniyyət işçisi Ələviyyə Babayevanın son və indiyədək dərc olunmamış müsahibəsini təqdim edir.
2014-cü il avqustun 2-si. Ələviyyə Babayevanın görüşünə gedirəm. Əvvəlcədən zəng edib xəbər vermişdim. Yazıçının qulluğunda dayanan Həmayil xanım onunla görüşmək istədiyimi biləndə “Gəlin, Ələviyyə xanım şad olar. Çoxdandır onun ziyarətinə Siyavuşdan başqa heç kim gəlmir” dedi. Gənc yazar Siyavuş Əlizadəni nəzərdə tuturdu. Elə Ələviyyə xanımla görüşümün də səbəbkarı Siyavuş Əlizadə idi.
Çoxdandır bu xanımı görmək istəyirdim. Ələviyyə xanımı xeyli soraqlaşdım. Amma onun haqqında məlumatı olanlar az idi. Hətta soruşduğum adamların bəziləri xanım yazıçının dünyasını dəyişdiyini dedi. Beləcə çox axtarışdan sonra S.Əlizadənin vasitəsi ilə Azərbaycan ədəbiyyatının görkəmli qadın yazıçısı Ələviyyə Babayevanın ünvanını tapa bildim. O, uşaqlıqdan əsərlərini mütaliə etdiyim, çox bəyəndiyim xanım yazıçı idi. Televiziyada nadir hallarda çıxışlar etsə də, Ələviyyə Babayevanın səlis danışığı, gözəl nitq qabiliyyəti məni hər dəfə özünə məftun edirdi.
Elə bunları düşünə-düşünə gəlib Xurşidbanu Natəvanın heykəli önündə dayandım. Yaşadığı bina tam heykəlin yaxınlığında idi.
Çox həyəcanlandım. Daha çox onu narahat edəcəyimdən çəkinirdim.
Pilləkənləri qalxdım. Qapını Həmayıl xanım açdı. Hörmətlə qarşılayıb, içəri dəvət etdi.
Təmirsiz evdəki bütün əşyalar, mebellər də çox köhnə idi.
Onu görəndə kövrəldim. Qarşımda beli bükülmüş, saçları ağappaq, 93 yaşlı nurani bir xanım vardı. Evinin bir küncünə çəkilib, köhnə kreslosunda əyləşmişdi.
Şəhərin səs-küyündən qaçıb, bu otağa daxil olanda sanki başqa aləmə düşürsən. Köhnə divarları olan ev, stol-stullar, evin bir tərəfindəki qədim çarpayı, divarda Lev Tolstoyun portreti və divarboyu düzülmüş kitab rəfində cild-cild kitablar. Diqqətimi rus ədəbiyyatının klassiklərinin əsərləri cəlb edir. Xüsusilə də, Lev Tolstoyun. Hiss olunur ki, ev sahibi Tolstoyu çox sevir.
Ələviyyə xanımla salamlaşıb, üzündən, saçından öpdüm. Özümü təqdim etdim. Təbii ki, yaşının irəliləməsi səhhətinə güclü təsir etmişdi. Qulağı ağır eşitsə də, baxışları sərrast idi. Bəzi məqamları nəzərə almasaq, yaddaşı da yerindəydi. Məni əsl yazıçı uzaqgörənliyi ilə başdan-ayağa süzdü. İlk sözü də bu oldu:
- İndi bütün qızlar şalvar geyinir. İsti deyil sizə?
Qəfil verdiyi sual məni çaşdırdı. Güldüm.
- Ələviyyə xanım, belə rahat olur. Ona görə hamı geyinir.
Başını aramla yelləyib:
- Hə, qızım, haqlısan, şalvarla rahatdır. İş adamısınız. Başa düşürəm.
Söhbətimə onu təbrik etməklə başladım. Hərçənd, mən onun görüşünə gələndə avqustun 2-si idi. 10 gündən sonra Ələviyyə xanımın doğum günü olacaqdı. Təbrikim onu sevindirdi desəm yalan olar.
- Eh, bir zamanlar məni Heydər Əliyev təbrik edərdi. İndi də oğlu sağ olsun məni incitməyə qoymur. Hər ay prezident təqaüdü alıram. Yaxşı dolanıram. Şikayətim yoxdur.
Ələviyyə xanıma ilk dəfə onu Mikayıl Müşfiq haqqında danışanda dinlədiyimi dedim. Müşfiqin adını çəkən kimi çöhrəsinə təbəssüm yarandı.
- Müşfiq haqqında məndən çox danışan olmayıb.
İstərəm ki, hər könül mənim eşqimlə vursun.
Kimsə mənə yar deyil, ancaq əsirim olsun.
Müşfiq dayımın yanına gələrdi. Bizdə çox olardılar. Mən də onlara çay gətirərdim. Balaca qız idim. 12 yaşım olardı. Müşfiq mənə baxıb, dayıma deyirdi: “Elə bilirsiz bu qız bizə çay gətirir? O, bizim ədəbiyyat haqqında olan söhbətimizi dinləyir”.
Sonralar Müşfiq deyərdi ki, Azərbaycanda Abdulla Şaiqdən sonra ən böyük yazıçı sənsən (gülür). Hətta bir gün o mənə dedi: “Ələviyyə heç nə əsirgəmə. Sən Azərbaycan ədəbiyyatının böyük yazıçısı olacaqsan”. Çünki, mənim marağımı görürdü. Hamı çay gətirirdi və gedirdi. Amma mən çayı gətirirdim və oturub qulaq asırdım. Müşfiq mənə deyirdi: “Sən gələcəyimizsən. Gələcəyin iqamətgahısan. Bizim haqqımızda sən danışacaqsan”.
Bu dəm qapının zəngi çalındı. Ələviyyə xanım qapını açmağımı xahiş etdi.
Mən evdə Həmayil xanımın olduğunu bilirdim, amma Ələviyyə xanımın sözünü yerə salmayıb, tanımadığım evdə qapıya tərəf getdim. Açıb baxdım. Heç kim yox idi. Ələviyyə xanımın gözü qapıda idi. Nigaran baxışlarla “kim gəlib?” dedi. Mən heç kəsin olmadığını bildirdim. Evin iki giriş qapısı olduğu üçün qonşular, həyət adamları o biri qapıdan gəlib-gedirlər. Ələviyyə xanımın nigaran baxışları üzümdə cəmləndi.
- Bir türk şairi var idi. O, bura gələndə itini də gətirmişdi.
- Kim? Nazim Hikməti deyirsiz?
-Hə, hə Nazim. O, bu evə iti ilə gəlmişdi. İtinə dedi ki, bu Azərbaycanın böyük yazıçısıdır. Onu salamla. Elə bil it dil bilirdi. Mənim ayaqlarıma tərəf gəlib, qarşımda diz üstə dayandı və ayaqlarımı yalamağa başladı. Nazim böyük şair idi.
Bu sözləri deyəndən sonra Ələviyyə xanım susdu. Mən onun nə deyəcəyini gözləyirdim. Ona görə də danışmadım. Dərin sükutu yenidən özü pozdu:
- Deyəsən, dünyanın axırıdır, ya mənə belə gəlir?
- (Gülümsədim) Ələviyyə xanım, yəqin elədir.
- İstidir.
- Sizə istilər pis təsir edir, Ələviyyə xanım?
- Pis azdır, ölürəm ey. Nəfəsim çatmır. Dözə bilmirəm.
- Az qalıb. Bir az dözün. Payız gəlir. Havalar sərinləşəcək.
- “Bizim ən böyük düşmənimiz bizi sevməyən adamların şerimizə münasibətidir”. Hüseyn Cavid belə deyərdi. Məni çox sevərdi, hamısı çox istəyib. Hələ universitetə daxil olmamışdım, məni dərs deməyə çağırırdılar. Dayım “Azərnəşr”in müdir müavini Əliisgəndər idi. Ruhulla Axundovla dostluq edərdilər. Səməd Vurğun mənim haqqımda deyirdi: “Ələviyyə birdənədir. Yoxdur, görməmişəm və görməyəcəyəm də”.
Müharibə təzə qurtarmışdı. Mənim şerimlərim də təzəcə “Ədəbiyyat” qəzetində çap olunmuşdu. Səməd Vurğun iclasda məni təriflədi. Dedi ki, bu balaca qız bizim yarı yaşımızdadır. Amma cəsarətli yazır. Rəsul Rza isə yerindən durub etirazla mənim haqqında dedi: “Sən həmişə özünə yer qazanmaq istəyirsən”. Yanımda Qılman Musayev oturmuşdu. Jurnalın redaktoru idi. O da R.Rzaya etiraz edib dedi: “Rəsul, elə sən həmişə beləsən”.
- Ələviyyə xanım, Rəsul Rzanın sizdən niyə xoşu gəlmirdi?
- Rəsul xoşlayırdı ki, hamı onu bəyənsin. Hamı ona tərif desin. Mən isə bunu xoşlamırdım. Amma başqaları məni çox istəyirdilər. Müşfiq, Səməd, Qılman-hamısı məni çox istəyirdi.
- Hüseyn Cavidi necə xatırlayırsınız?
- Cavid böyük şair, böyük insan idi. Amma onu bolşeviklər, o dövrün bolşevik şairlərinin heç biri sevmirdi. Bilirsən, ondan qorxurdular. Cavid çox cəsarətli idi. Bir başqa adamıydı. Hər adamın yazdıqlarını da bəyənmirdi. Onu həbs edəndə evini alt-üst etdilər. Bir balışı da qalmadı. Hamısını apardılar.
- Hüseyn Cavidin ailəsi ilə sonra görüşmədiz, Ələviyyə xanım?
- Yox, çətin idi. Görüşmək mümkün deyildi. Çətin əyyam idi. Həmin ailəyə yaxın düşəni qamarlayıb aparardılar.
Ələviyyə xanım fikrə getdi. Sonra “Mirzə Ələkbər Sabirin bir kitabı itib. Onu mən çox axtardım. Amma tapa bilmədim” dedi.
- Hansı kitab? Adı nə idi?
- Adını mən də bilmədim. Hamı “Hophopnamə” ni tanıyır. Bu başqası idi. Çox axtardım, amma tapa bilmədim. Onu oğurladılar.
- Yazıçılar Birliyindən sizi axtaran, soruşan var?
- Paxıllar çoxdur. Heç Yazıçılar Birliyi var ki? İndi yazıçıları sevən yoxdur. Mənə Süleyman Rəhimov qayğı göstərərdi. Elə bu evi mənə Süleyman Rəhimovun sayəsində veriblər. 3 böyük otaqdır. Allah ona rəhmət eləsin!
Söhbətin bu yerində Həmayıl xanım müdaxilə edir: “İndi iki otaq qalıb. Ələviyyə xanım elə ürəyi geniş insandır ki, otağın birini təmənnasız olaraq qonşuya bağışlayıb”.
Söhbətə yenə davam edirəm:
- Sizin adınız mənə həmişə maraqlı gəlib. Bu adı sizdən başqa heç kimdə eşitməmişəm. Ələviyyə adını sizə kim verib?
- Bu adı mənə atam verib. Atam milliyətcə ərəb idi. Bakıda işləyirdi. Adı Böyükağa idi. Anamla təzə evlənəndən bir müddət sonra atam babamın yanına Ərəbistana gedir. Yolda döyüb öldürür, bütün əmlakını götürürlər. Harada basdırıldığını heç kim bilmir. Ələviyyə adını mənə atam verib. Ərəb adıdır. Bibimin adı olub. Anam deyərdi ki, mən atama çox bənzəyirəm. Həm zahirən, həm də yazıçılıq baxımından. Atam hərbi yazıçı olub. Amma mənim haqqımda olan bütün sənədlərdə atamın adı Hənifə gedir. Bu mənim atalığımın adıdır. Anam cavan yaşında dul qalır və sonradan ikinci dəfə ailə qurur. Atalığım mənə yaxşı baxıb. Çox razıyam. Bacım və qardaşım var. Mehribanıq. Anam ikinci dəfə ərə gedəndən sonra Ərəbistandan babam gəlmişdi. Doğma atamın atası. Anam da mənə təzə paltar, təzə şlyapa almışdı. Babam qapıdan içəri girib, başımdakı həsirdən şlyapanı görən kimi əsəbiləşdi ki, bu nədir, götür başından! Xoşuna gəlmədi.
Babam da, çox yaşamadı. Atamın ölüsü də tapılmadı. Qəbri yoxdur. Sonralar mən çox axtardım, amma tapmadım.
- Ananızı necə xatırlayırsınız? Necə xanım idi?
- Anam savadsız xanım olub. Amma incə zövqü var idi. Şeirə vurğunluğu yadımdadır. Şeiri, poeziyanı çox sevirdi.
Bir dəfə nənəmlə gəlirdik. Yolda Əliağa Vahidi gördük. Onun çoxlu itləri var idi. Nənəm dedi ki, ay Əliağa, yenə itlərlə gəzirsən? Əliağa Vahid qayıtdı: “Bəs kiminlə gəzim? Bunlar adamlardan etibarlıdır”. O zaman Əliağa Vahidə çoxları küçə şairi kimi baxırdı.
- Əliağa Vahid yaxşı şair idi, Ələviyyə xanım. Siz necə düşünürsüz?
- Yaxşı şairdir. Amma Müşfiqə heç kim çatmazdı. Müşfiq əsl şair idi. Heyif... Abdulla Şaiq də yaxşı, qeyrətli adam idi. Mənə yaxşı qiymət verib. O, mənə bəsdir. Mircəlal da yaxşı insan idi. Tərbiyəli, qeyrətli kişi idi.
- Sizin ən yaxın dostunuz kim olub?
- Səməd Vurğun mənə yaxın idi. Bəxtiyar Vahabzadə ilə yaxın dost idim. Həyat yoldaşım Qrişa onların xətrini daha çox istəyirdi. Dostlarım daha çox idi. Əzizə Cəfərzadə ilə münasibətim yaxşı olub. Yaxşı qadın idi Əzizə. Həm də bədii ədəbiyyatı gözəl bilirdi. Ümumiyyətlə, mənə qarşı münasibət pis deyildi.
- Mircəfər Bağırovu necə xatırlayırsınız?
- Yadımdadır. Bir dəfə Yazıçılar İttifaqının 1-ci qurultayından qabaq hamımız akademiyaya yığışmışdıq. Səməd Vurğun Rəyasət Heyətində əyləşmişdi. Mircəfər Bağırov çıxış etdi. Sonra dedi ki, kim danışmaq istəyir? Mən əlimi qaldırdım. Əzizə Cəfərzadə yanımda oturmuşdu. Qolumdan tutub, aşağı dartdı ki, danışma, indi vəziyyət çətindir: “Ağzını Allah yoluna qoyub, danışacaqsan. Sonra sənin əleyhinə danışacaqlar. Deyəcəklər, atası da bolşevikdir”.
Bu sözdən sonra əlimi aşağı saldım. Amma Səməd Vurğun gördü. Dedi ki, söz verilir Ələviyyə Babayevaya. Mən çıxış elədim. Sonra Səməd mənə dedi ki, əla danışdın, hamını biabır elədin.
Mən çox davakar, haqqı tələb edən idim. Çox cəsarətliydim. Heç nədən qorxmurdum. Həm də atamın bolşevik olmağı mənə çox kömək edirdi.
- Ələviyyə xanım son illərdə nə yazmısınız?
- Heç nə yaza bilmirəm. Çox yazmışam. Çoxlu tərcümələr etmişəm. Artıq yaza bilmirəm. Qocalmışam.
- Siz rus dilini mükəmməl bilirsiz. Rus ədəbiyyatından tərcümələriniz çox olub.
- Hə, mən dilləri gözəl bilirəm. Hələ alman dilini demirsiz. Almanca gözəl danışırdım.
- Alman dilini nə vaxt öyrənmişdiz?
- Uşaqlıqdan bilirəm. Anam da bilirdi.
- O zaman ananız savadsız qadın olmayıb.
- Çox savadlı deyildi. Amma alman dilini babam ona öyrətmişdi. Babam intellegent ailənin üzvü idi. Ona görə də anama və dayıma alman dilini öyrətmişdi. Bizim ailəmiz ziyalı olub. Mənim də danışıq qabiliyyətim çox yaxşıdır.
- Səməd Vurğunun adını böyük hörmətlə çəkirsiniz. Cavanları çox istəyirdi deyəsən.
- Səməd pis adam olmayıb. Hamını istəyirdi. Mənim də onunla, oğlanları ilə münasibim yaxşı olub.
- Bəs sizə xalq yazıçısı adı niyə verilmədi?
- Paxıllar qoydular ki? İmkan vermədilər. Heç ad haqqında fikirləşmədim. Elə yazırdım. Məni hamı bəyənirdi, amma ad vermədilər. Çoxları səbəb kimi həyat yoldaşımın başqa millətdən olmasını göstərirdilər.
- Şıxəli Qurbanovla yaxın olmusunuz deyəsən?
- Hə, münasibətim yaxşı olub. İndi də qızı Gülnarə yanıma gəlib gedir. Unutmur məni.
Ələviyyə xanım söhbətin şirin yerində Həmayıl xanımdan üzüm istədi. Bunu eşitcək soruşdum:
- Üzümü çox xoşlayırsınız, Ələviyyə xanım?
- Bakılı olub, üzümü sevməmək olar? Üzümü, ənciri, qaysını çox sevirəm.
Meyvə yeyə-yeyə ailəsindən danışmağa davam edir:
- Qardaşım Rasim Babayev rəssamdır. Moskvada yaşayır (Rasim Babayev dünyasını dəyişib. Amma Ələviyyə xanıma bu xəbəri heç kim deməyib. Qardaşının sağ olduğunu zənn edir). Anamın atasının bacısı oğlu rejissor idi. Əlisəttar Atakişiyev. Yəqin tanıyarsız. Ələsgər Ələkbərov qohumumuz idi. Çox istedadlı idi. Anamın ailəsi çox tanınan, seçilən ailə idi. Mövsüm Sənani mənim ən çox istədiyim aktyor idi. Onu çox istəyirdim. Mənim üçün ondan böyük aktyor olmayıb. Aktyorlarla aram yaxşı idi. Qadın aktrisalardan Mərziyə Davudovanı çox bəyənirdim. Gözəl aktrisaydı.
- Bəs Üzeyir bəyi necə xatırlayırsınız?
- Üzeyir bəy yaxşı insan idi. Onu lap yaxşı xatırlayıram. Dəyərli insan, böyük bəstəkar olub. Üzeyir bəy rəhmətə gedəndə, “Monolit”in həyəti, bütün küçələr adamlar dolu idi, iynə atsan yerə düşməzdi.
- Bildiyimə görə, sizi İranda yaxşı tanıyırlar. Çox oxuyurlar. Hətta bəzi yerlərdə İran yazıçısı kimi qələmə verirlər.
- Babamı İranda yaxşı tanıyıblar. Mənim də əsərlərim İranda çox çap olunub, orada əl-əl gəzib. Berlində mənim kitabım çap edilib. Orada yazıblar ki, iranlı yazıçı Ələviyyə Babayeva. Məni ona görə iranlı xanım yazıçı kimi tanıyırdılar.
Məhşur rəssam Mircavad Cavadov da mənim qohumum idi. Bir dəfə mənə dedi: “Heyif səndən ki, belə böyük yazıçısan. Amma burada qədrini bilmirlər”. Mənim yoldaşın Qrişa yəhudi idi. Çox anlayışlı, mehriban kişiydi. Onunla redaksiyada çalışanda tanış olub, ailə qurmuşduq. Qrişa “Vışka” qəzetinin redaktor müavini idi. Mən də “Azərbaycan qadını” jurnalında çalışırdım. Qrişa məni anlayan, sənətimə dəyər verən adam idi. Başqa kişi olsaydı, heç bu qədər yaza bilərdim? Amma Qrişa məni ev qayğılarından azad etmişdi. Deyirdi: “Sən böyük yazıçısan. Ona görə də çox yaz. Vaxtını ev işlərinə sərf etmə”. Mən də yazırdım. Yəhudiyə ərə getməyim çoxlarının xoşuna gəlmədi. Buna görə, çoxları məndən üz döndərdi.
- Neçə il ailəli olduz?
- 20 ildən çox. Qrişa 72 yaşında rəhmətə getdi. Yaxşı adamdı. Bir-birimizi anlayırdıq. Aramızda böyük sevgi oldu. Ona görə evləndik. Qrişa mənə dözdü, məni anladı. Başqası olsaydı, bu qədər nazımla oynamazdı. Həmişə deyirdi ki, mənim sənə mane olmağa ixtiyarım yoxdur.
Ələviyyə Babayeva ilə söhbətimiz iki saatdan çox çəkdi. Belə xanımla üzbəüz oturub, söhbət etmək çox xoş idi. Amma yaşını nəzərə alıb, onu çox yormaq istəmədim. Söhbət əsnasında qonşuda yaşayan qızlar Ələviyyə xanıma baş çəkməyə gəldilər.
Ələviyyə xanımla yenidən görüşmək ümidi ilə şəkillərini çəkib sağollaşdım. Fotoaparata baxıb dedi: “Elə bunlar mənim sonuncu şəkillərim olacaq”. Bu söz mənə çox pis təsir etdi. “Ələviyyə xanım, belə deməyin. İnşallah yenə gələcəyəm, şəkillərinizi yenə çəkəcəyəm” deyib oradan ayrıldım.
Təəssüf ki, bu mənim Ələviyyə Babayeva ilə İLK və SON görüşüm oldu.
Daha onu görməyə gedə bilmədim. Vaxt imkan vermədi. Bu gün özümü buna görə, çox qınayıram. Amma Ələviyyə xanımın sözü düz çıxdı. Bu şəkillər onun sonuncu fotoları oldu. Sonuncu foto və mətbuatda gedəcək son müsahibə.
Allah sizə rəhmət eləsin, Ələviyyə xanım. Ruhunuz şad olsun! Sizi yenidən ziyarət edə bilmədim. Əfv edəcəksinizmi məni?
Ülviyyə HƏSƏNQIZI
Panoram.az