Mənim bipolyar sevgilim – Hekayə

Mənim bipolyar sevgilim – Hekayə
22 iyun 2019
# 17:03

Kulis.az Tural İsmayılovun “Mənim bipolar sevgilim” hekayəsini təqdim edir.

Axşam yenə kədərlərimlə baş-başa idim.

Hamımızı aşağı-yuxarı eyni şey birləşdirirdi onsuz. Hamımız elə bilirik ki, dahiyik, bizi heç kim başa düşmür, guya çox dərin intellektual çalarlara malik düşüncə sistemimiz var. Fərdi uğursuzluqlarımızın və psixoloji sarsıntılarımızın kökündə həmişə cəmiyyət günahkar idi bizə görə. Elə bu səbəbdən də özümüzü qroteskdən anlayan, impressionizmi təhlil edən, eyni formada da Sartr fəlsəfəsindən Markes magik realizminə qədər bir çox məsələdən danışdığımız üçün digərlərindən üstün görürdük.

Di gəl ki, bizim nərd atdığımız altı qoşa digərlərinin gözündə bir-bir idi. Yəni, bir qohumumuzun toyunda heç vaxt ədəbi bilgisi olan adamlar hörmət görmürdü, çünki o, 300 manat maaş alırdı. Amma heç bir bilgisi olmayan zəngin biznesmen qohumumuz bir çoxlarının yaltaqlanma meyarı idi.

Bizim qohumların məclisində intellekt ölçüsü aldığın maaşın kəmiyyəti ilə ekvivalent idi. Yəni, sən 500 manat maaş alanda lətifənə gülmürlərsə, 2000 manat maaş alanda lətifən də gülməli olur, hətta ən mənasız sayıqlamaların da dərin bir elmi polemika qədər maraqlı olur. Elə bax bu dərdlər bizim hamımızı bir məskənə salmışdı.

“Öz varlığını sübut etməyə çalışan heçlər klubu”nu biz beləcə ərsəyə gətirmişdik. Burada hələ 6 il əvvəldən fəlsəfə fakültəsində bir yerdə oxuduğum Sənandan, cəmiyyətin mental basqılarına etiraz edən bir çox zövqə malik gənclər toplaşırdı. Kimiləri iliyinə qədər milli mühafizəkar idi, onun üçün konservatizm bütün dəyərlərin üstündə gəlirdi. Kimiləri isə özünü liberal adlandırırdı, hətta heteroseksual ola-ola cinsi azlıqların hüquqlarına dair bəh-bəhlə söhbətlər aparırdı.

Yığışma yerimiz yox idi. Şəhərin bütün ucuz çayxanalarının tənha yerləri bizim toplanma məntəqəmiz idi. Bəzən 2 manata çay içər, bəzən də adama 30 qəpik qoyub qutab yeyərdik. Çoxumuz işsizik, saytlar və qəzetlərdən gələn 5-10 manat qonorarla dolanırıq, bəzilərimiz də ya mağazada satıcı işləyirdik, ya da gecə klubunda mühafizəçi.

Son günlər özümü daha çox pis hiss edirəm. Depresiyyalarımın psixoloji qatı işsizlikdən və beynimin dayanmadan düşünmə mühərriki kimi çalışmasından irəli gəlirdisə, fiziki tərəfi də gecələr yuxusuzluq və əsəb qarışıq hücuma keçən sayrışan hallar sindromu idi.

Əslində panik ataka tutulmadan əvvəl və elə indi də hər an öləcəyimi düşünürəm.

Anam elə başa düşür ki, mən dəliyəm ya da ağlımı qaçırmışam. Məsələn, o, nə qədər ali təhsilli olsa da, düşünür ki, xəstəlik özünü fizioloji olaraq büruzə verməlidir. Daha anlamırdı ki, elə ən böyük xəstəlik insanın beyninin içinin onun ruhunu didib parçalamağıdır.

İndi məni yalnız klubdakılar və bir də sevgilim anlayırdı.

26 yaşıma qədər bir çox qadınla münasibətlərimiz gah uyuşurdu, gah yox. Onsuz da bizdə nəinki filosof, hətta pinəçinin də, adicə fəhlə babanın da rahat dil tapıb danışa biləcəyi 3-4 mövzudan biri elə sevgidir. Mən də hədən artıq səbrsiz və hövsələsiz adam olduğum üçün bezirdim tanış olduğum qızlardan. Bəzən həyatımda hər şey qaydasında kimi görünürdü, elə olan anlarda özümü bu dünyanın ən ucqar zirvəsində sayırdım. Bəzən də kitablardan, filmlərdən rahatlıqla söhbət edib ortaq maraqlarımız olan və həqiqətən dəyər verdiyim hansısa sevgilimin sonradan məişətə qaçan söhbətlərindən iliyimə qədər bezib daha bir təssüf hissi keçirmişəm.

Amma məni klubumuzda olan dostlardan bir nüans ayırırdı. Supereqoma heç vaxt məğlub olmamağa çalışırdım, bəzən özümü nəinki tənqid, hətta təhqir edirdim və bundan zövq alırdım. Özümü hədsiz aşağıladığım anların şahidi ya hamamın güzgüsü, ya lift güzgüsü olurdu. Hətta yadıma gəlir, bir dəfə qonşumuz mənim mağazanın önündə güzgüyə baxaraq kimisə söydüyümü anama söylədi, həmin gün anamın gözlərində növbəti dəfə dəfn olundum. Ciddi formada öz daxili dünyamla bacara bilmirdim, klub nə qədər fərqli və mənim kimi adamlarla çevrələnsə də, özümüzü adətən bədbəxt hiss edirdik.

Amma indiki sevgilim məni o qədər gözəl anlayırdı ki. Onunla necə tanış olduğumu yaxud sevgimizin necə alovlandığını dəqiq xatırlamıram, heç bəlkə də bilmirəm. Bildiyim ən önəmli nüans o idi ki, biz bir-birimizin idik və bir-birimizi sevirdik.

Xəyalımdakı qadın idi. 1.70 boyu, qəhvəyi dərisi, qapqara saçları və gözləri var idi. Sapioseksual idi mənim kimi, intellektə vurulurdu. Mən yatanda da yanımda idi, kluba gedəndə də. Bircə anam onu tanımırdı. Heç sevgilim də anamı tanımaq istəmirdi düzü. Aramızda heç bir məsafə yox idi. O da mənim kimi yekəxana görünürdü...hətta nə yekəxana? Yox, yox... O, dəqiq yekəxana idi!

İnsanlara yuxarıdan baxırdı, Tomas Mann və Selincer oxumağı sevirdi, Haksli və Derrida fəlsəfəsi ilə yaşayırdı, Kurasavanın və Zeki Demirkubuzun fanat izləyicisi idi. İnanılmaz idi, elə bil ki, əkizik! O, tamamilə mənim dişi variantımdır. Bəzən əlimizə bir portağal şirəsi götürüb bulvarda gəzər, bəzən axşamlar saatlarla söhbət edər, həftə sonları çadır götürüb, dağlarda, meşələrdə kamp qurar, ürəyimiz istəyəndə də günlərlə danışmaz və bir-birimizdən heç xəbərimiz də olmazdı.

Onun da qüsuru eyni idi. Biz heç cür insanlara uzlaşa bilmirdik, çoxluqdan, toplumdan sıxılırdıq.

Hətta başa düşüldüyümüz yerdə də bizi anlamadıqlarını düşünürdük. Saatlarla çiyin-çiyinə ağladığımızı bilirəm. Göz yaşlarımızın səbəbi də eyni idi, axan yaşdan sonrakı ağrılarımız və qəlb incikliklərimiz də.

Mənim dərk etdiyim yeganə reallıq hissi var idi, bizi hər kəs başa düşürdü, biz bir az da real həyat şərtlərinə adaptasiya olmalıydıq, çünki anlayırdım ki, ikimizin də sonu yaxınlaşır bu gedişlə. Konkret psixoloji narahatlıq keçirdiyimi deyirdilər, xalam hətta evə təkid edirdi ki, məni mütləq peşəkar bir psixiatr müayinəsinə götürsünlər. Sevgilimin xalası da onu dəli hesab edirdi.

***

3 gündür başım dəhşət fırlanırdı. Özümü çox pis hiss edirdim. Evdən hər səhər alaqaranlıqda çıxır, şəhərdə veyillənir , axşam saat 5 olmamış da evə gəlirdim. Evdəkilər çoxdan əlini üzmüşdü məndən. Ona görə hər gün klassika halnı alan iş tapmaqla bağlı sual artıq yox idi.

Klubdakıların da işləri yaxşı idi. Müxtəlif ədəbi və mədəni tədbirlər keçirirdilər, artıq onlayn media klubun bütün toplantılarından və müzakirələrindən reportajlar dərc edirdi, hətta televiziyalarda belə xəbər sujetləri hazırlanırdı.

Lakin son dövrlər mənə və sevgilimə qarşı qəribə baxırdılar. Sevgilim də, mən də hər gün müxtəlif emosional hisslər əhatəsində olurduq. Dərdimizi heç kim başa düşmürdü, klubdakılardan belə uzaq düşürdük yavaş-yavaş. Bizim ikimizin də mənəm-mənəmlik eqosu və mənasız nihilizmi dahilik əvəzinə cılızlığa aparırdı bizi. Və faciə bilirsizmi nədə idi? Hər ikimiz bunun fərqində idik, sanki öz ölüm hökmümüzü icra etmək üçün dəridən qabıqdan çıxırdıq.

Qərara almışdım ki, bu gecə sevgilimlə məsləhətləşim. Çünki heç nə belə davam edə bilməzdi. Mütləq bir ortaq ağıllı(məhz ağıllı) yol tapılmalı idi. Nəsə etmək lazım idi.

Başa düşürdüm ki, onun hər gün anidən dəyişən ruh halı bipolar psixoloji pozuqluq idi. Amma mən belə yaşaya bilmərəm ki, o, bütün digər qadınlardan fərqli idi mənə görə və elə məhz bu səbəbdən də onsuz da yaşaya bilməyəcəyimi düşünürdüm. Bilirdim ki, heç bir çıxış yolu yoxdur, elə belə də qalacaq, öz kiçik təfəkkür dünyamızda mənəvi burulğanlar içərisində itəcəyik, özümümüzdən də, insanlardan da, amma bir-birimizi heç vaxt itirməyəcəyik. Mən məhz buna əmin idim, başqa çıxış yolum da yox idi.

Axşam yenə onu çox məyus gördüm, halbuki, mənim bipolar yarım dünən durduq yerə çox şux insan təsiri bağışlayırdı.

- Sevgilim, bax oxuduqlarımız və düşündüklərimizin nəinki cəmiyyətimizə, heç özümüzə töhfəsi yoxdur. İnsanlara qarşı inam duyğumuzu formalaşdırmalıyıq.

- Onsuz da biz bunu bacara bilməyəcəyik.

***

Bu səhər anamın telefon zənginə oyandıq sevgilimlə.

Ağlımda qalan tək bu cümlə oldu:

- Onun sevgilisi yoxdur və həkim dedi ki, deyəsən artıq oğlun şizofrendir.

Sonda isə anamın hıçqırıq səsləri...

# 2498 dəfə oxunub

Oxşar xəbərlər

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
Əli bəy Hüseynzadə niyə ağlayırdı?  - İlk qadın rejissorumuz Qəmər Salamzadə

Əli bəy Hüseynzadə niyə ağlayırdı? - İlk qadın rejissorumuz Qəmər Salamzadə

15:22 2 dekabr 2024
#
#
# # #