Soyunan qadınlar və “AZDRAMA”

Soyunan qadınlar və “AZDRAMA”
16 sentyabr 2015
# 17:04

Bir neçə gün öncə Parisdə iki feminist müsəlmanların qadın mövzusu ilə bağlı konfransının gedişatını pozub. Femen qadın haqları təşkilatının üzvü olan gənc qadınlar çadrada qəfildən səhnəyə daxil olub. Onlardan biri çadrasını çıxararaq onu “Qadınları döymək olarmı?” mövzusunda çıxış etməyə hazırlaşan vaizlərin üzərinə atıb...

Üç dəqiqəyə yaxın səhnədə davam edən vəziyyət teatr tamaşasına bənzəyir...

Bu üç dəqiqəlik tamaşa uzun müddətdir, qalmaqallarla gündəmə gələn, Akademik Milli Dram Teatrının həyata toxuna bilməyən ruhsuz tamaşalarından fərqli olaraq diridir, hisslərə toxunur, düşüncəyə təsir edir. Və bu üç dəqiqəlik etiraz aksiyası mahiyyətcə Dram Teatrının narazı aktyorlarının monoton etirazından çox daha kreativdir.

Yalnız ona görə yox ki, qadınların sərgilədiyi tamaşa dokumentaldır, həyatla birbaşa əlaqəsi var, mahiyyətində dayanan problem aktualdır və s. Əsas odur ki, onlar etirazlarını müəyyən formaya salaraq təqdimat üsulunu tapıblar. Əvvəlcədən düşünülmüş hərəkət – çadra atılır və maraqlı, spontan səhnə mizanı ortaya çıxır. Vaizlər arxa fonda gözlənilməz durumdan çaş-baş qalıb nə etmək lazım olduğunu bilmirlər, onlardan biri sifətinə çırpılan çadranı əlinə götürərək səhnəni tərk edir. Qadınlardan biri çox çevik hərəkətlə natiqin əlindəki mikrofonu alır, şüarlar səsləndirir.

Çılpaq sinələrinə “Məni kimsə tabe etdirə bilməz”, digəri isə “Mən öz mülkiyyətiməm” kimi sloqanlar yazılmış qadınları kişilərin cumaraq səhnədən çıxarması, zaldan ucalan “iyrənc fahişlər,” “öldürün onları” kimi sərt çağırışlar Artonun “qəddar teatr”ını yada salır.

Üç dəqiqəlik tamaşa kifayət elədi ki, zal coşsun, əsəblər tarıma çəkilsin, emosional şok yaşansın və konfransın mahiyyəti açılsın...

Dram Teatrının “həyata toxunmayan tamaşaları” deyəndə tamaşaların neorealizm üzərində qurulmasını nəzərdə tutmuram. Məsələ qətiyyən bunda deyil.

Dram Teatrının ən böyük problemi bəlkə də, onun xüsusi statusunun vurğulanmasında – yəni adını “biz digərlərindən daha üstünük” vurğusu ilə çəkmələrində, teatrı yeri gəldi-gəlmədi korifey sənətkarları yetişdirən, müqəddəs məbəd ocağı kimi dəyərləndirməsində, bir qisminin ucadan etiraf etməsə də, özlərini də bura aid etməsində və teatrın adındakı “akademik” sözündədir.

Kollektiv pafoslu, elmi, “Bu şəhərdə”nin personajları demiş, “elitnı” səslənən “akademik” sözünün mücərrəd yükünün, xüsusi statusun ağırlığının altında əzilirlər...

Yerinə düşmüşkən, bir hadisəni danışım. Tanışım danışırdı ki, Azərbaycan Dövlət Televiziyası Yeni il şənliyinə necə olursa, Gənclər Teatrının da aktyorlarını dəvət edir. Milli Dram Teatrının bir neçə aktyoru efirdə onlarla birlikdə görünməyi özünə sığışdırmayıb. Çünki onlar ölkənin ən “elitnı” teatrının aktyorlarıdır.

Qayıdım “akademiklik” məsələsinə. “Akademiklik” məndə həmişə “azad sənət” anlayışı ilə əks assosiasiya doğurub. Bu sözün mənalarından biri sənətdə ənənələrə, klassik qaydalara ciddi riayətdir. Və bu mənadakı akademizm həm də bizim yeniliyə heç cürə alışıq olmayan mentallığımızla da uyuşur. Yəqin ona görə də İsrafil İsrafilovun teatrın çox illik ənənələrindən birini pozmasından - baş rejissor “titulunu” ləğvindən özlərini narahat hiss etməyə başladılar.

Bir qisim aktyorun Dram Teatrının ənənələrinə zidd estetikaya qarşı çıxması, ənənəyə sədaqətdən çox, yəqin ki, yeniliyi təcrübələrində sınamaq, özünü realizə edə bilməmək qorxusundan irəli gəlir.

Əslində bu, klassik əhvalatdır. Köhnəlikdən, alışdıqları sabit ritmdən çıxıb, fərqli yolda yürüməkdən ehtiyatlanmaq. Elə ona görə də onların müsahibələrində nostalgiya, sənətdə ağbirçək-ağsaqqal ehkamı hakimdir: “Onda başqa cür idi, ağzımız nəydi filan sənətkarın yanında belə danışaq...”

Nostalgiya, ağbirçək-ağsaqqal ehkamı olan yerdə sənətdə yeni tendensiyalardan, inkişafdan, aktuallıqdan danışmaq mənasızdır.

Teatrın adından “akademik” sözü çıxarılsa, xüsusi status ümumiyə ensə, yəqin, burda çalışan bir qisim aktyor, rejissor özünü hansısa bəşəri, kosmik, mühüm, həyati əhəmiyyətli sənət məbədini qorumaq kimi missiyadan azad olmuş hiss edər, hansısa ənənəvi qaydalara məhkumluqdan qurtular, sənətə bir yox, müxtəlif rakursdan baxar, alternativləri normal qəbul edər və s.

Qalmaqala qoşulan aktyorlar müsahibələrində dözülməz dərəcədə primitiv, məişət səviyyəsində etiraz edirlər. Hətta qızışan konflikt belə təəssürat yaradır ki, onlar teatrsız yaşaya bilər, fəqət, teatrın kulisində baş verən intriqasız yaşaya bilməz.

Əsl sənətkarın etirazı da gərək yaradıcı, sanballı olsun axı. Əgər İ.İsrafilovun idraəetməsindən çox narazısınsa, məsələn, bir tamaşanın premyerasında, elə səhnədəcə, elə publika qarşısında roldan çıxıb, etiraz nitqi söyləyin, fərdi qiyamınızı Tükəzban səviyyəsində yox, yaradıcı adama layiq şəklində edin.

Dram Teatrında problemlərin həlli yollarından biri, maliyyənin dayandırılması, ya da layihələrə qrantlar şəklində verilməsidir. Belə olan halda ortada sənəti doğrudan da sevən adamlar qalacaq və bu, onları tamaşaçı toplamaq üçün modern düşüncəyə, formaya, üsluba, parlaq ifadə vasitələri tapmağa sövq edəcək.

Necə ki, bunu onlardan qat-qat təcrübəsiz Oda teatrı edir.

P.S. Belə bir fransız aktrisası olub, Rene Janna Falkonetti. Daha çox teatrda oynayıb, vur-tut bir neçə filmə çəklib. Onun Karl Dreyerin “Janna Darkın iztirabları” filmindəki Janna rolunu çox kino mütəxəssisi aktyorluq sənətinin zirvəsi hesab edir. Amma əminəm ki, Fransada ona “korifey sənətkar” demirlər.

# 2222 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #