Fahişənin öldürdüyü dahi

Fahişənin öldürdüyü dahi
17 oktyabr 2014
# 13:37

Frans Peter Şubert. Kasıb ailənin övladı... Yaşadığı müddətdə heç vaxt məşhurlaşmayan və pul qazana bilməyən sənətkar...

O, təxminən 600-dən çox mahnı, 9 simfoniya (məşhur “Yarımçıq simfoniya”nın da daxil olduğu), çox sayda opera, kamera musiqisi və piano parçaları bəstələyib.

1797-ci il, yanvarın 31-də. Vyanada dünyaya göz açıb. Şubert musiqisi, humanist xüsusiyyəti ilə insanları valeh edir və bəstələrində inanılmaz melodiya zənginliyi var. Qısa müddətdə skripka və piano çalmağı öyrənən Şubert ilk musiqisin 13 yaşında bəstələyib.

Bəstəkarın uşaqlığı

Onu maddi və mənəvi cəhətdən dəstəkləyən yaxın dostları (Müəllimi Antonio Salyeri və o dövrün məşhur baritonlarından İohann Mixael Voql) olmasına baxmayaraq, yaşadığı müddətdə heç zaman musiqisi məşhurlaşmayıb. Maddi cəhətdən hər zaman ailəsindən və dostlarından asılı olub. Şubertin əsərləri ancaq ölümündən sonra şöhrət qazanıb.

Çex əsilli atası Frans Teodor Florian Vyana ətrafında yerləşən Lişentalda kilsə məktəbində sayılıb-seçilən müəllim, eyni zamanda həvəskar musiqiçi idi. Moraviyanlı anası Elizabet Vitz isə dəmirçi qızı idi. Anası uşaq doğmaq və böyütmək vəzifəsini üzərinə götürmüşdü. Onun doğurduğu on dörd uşaqdan doqquzu hələ bir yaşına çatmadan ölüb, geridə isə Fransla birlikdə beş qardaşı qalıb.

Peter beş yaşına çatanda ilk musiqi dərslərini ailəsindən alır. Atası ona ilkin musiqi dərslini və skripka çalmağı öyrədir. On üç yaş özündən böyük olan qardaşı İqnas da ona piano dərsləri verirdi. Amma bir-iki ay keçəndən sonra böyük qardaşının ona pianoda öyrədəcək heç nəyi yox idi, çünki balaca Frans onu keçmişdi.

Peterin qeyri-adi istedadı atasının diqqətini çəkmişdi. Onun çox gözəl səsi var idi. Piter Lişental xorunun şefi Mixael Holzerden piano və orqan dərsləri alırdı. Lişental xorunun ilk soprano səsli xor üzvü olaraq qısa müddətdə orada məşhur oldu.

1808-ci il oktyabrın 9-da Vyanada keçirilən imtahanda qalib olaraq Kral Kilsəsi Xoruna daxil oldu. İmtahanı aparan münsif heyətində Kral Orkestrinin şefi Antonio Salyeri də var idi. Təhsilini davam etdirəcəyi, xalq arasında “həbsxana” adıyla tanınan məktəb musiqi dünyasında sərt qayda-qanunu ilə tanınırdı. Amma balaca dahi üçün bu vacib deyildi. O, qısa zamanda özünü hamıya sevdirməyi bacardı. Burada qaldığı 5 il müddətində çox çalışdı. Xüsusilə də Salyeri bu balaca dahi üçün çox çalışdı və ona hər cəhətdən dəstək oldu. Bundan əlavə Allahın ona mükafat kimi verdiyi bəstəkarlıq bacarığı da partlamağa hazır vulkan kimi özünü göstərməyə başlayırdı. Dostlarının və müəllimlərinin onun haqqında yekdil bir fikri var idi: “Tanrı ona hər şeyi öyrətmişdi”. O, məktəbi bitirən zaman bir çox bəstələrindən əlavə, ilk simfoniyasını da yazmışdı.

Dönüş

Məktəbdə oxuduğu müddətdə Şubert ilk dəfə olaraq Motsart musiqisi ilə – onun uvertüra və simfoniyaları ilə tanış olur. Motsart musiqisi onun musiqi dünyagörüşünü daha da formalaşdırır. Şubertin istedadı bəstələdiyi musiqilərdə özünü göstərməyə başlayırdı. 600-dən çox leyder musiqisində vacib yer tutur. O, 9 simfoniyası, 6 operası, 15 piano sonatası, 600-dən çox leyderi ilə (Çoxunu Göte və Şillerin şeirlərindən təsirlənərək bəstələyib) ən çox sevilən bəstəkarlardan biridir.

1815-ci il Şubertin həyatında dönüş nöqtəsi oldu. İsveç əsilli olan, amma Almaniyada doğulub böyüyən hüquq tələbəsi Frans von Şober maddi ehtiyacı olmayan və mədəni ailədən idi. Şubertin mahnılarından çox təsirlənən Şober onunla tanış olmaq üçün Vyanaya gəldi. Bir neçə dəfə onu evində ziyarət etdi. Həmin günlərdə Lişentaldakı müəllimlik vəzifəsindən çox sıxılan Şubert yeni dostuna mahnı bəstələməyə vaxt tapa bilmədiyi üçün çox üzülürdü. Şober ona məktəbdən çıxmağı, ailəsindən uzaqlaşıb tək yaşayacağı evə köçməyi və bütün zamanını yeni bəstələrə ayırmağı məsləhət gördü. Fikri gözəl olsa da, bunu reallaşdırmaq üçün Şubertin maddi imkanı yox idi. Şober pul cəhətdən narahat olmamasını, onun bütün maddi ehtiyacını ödəyəcəyini bildirir. Şubertə artıq təkcə mahnı bəstələmək qalırdı. Bu fikri hər iki gəncin ailəsi də təsdiqlədikdən sonra kirayələdikləri yeni evə köçdülər. Bu yenilik Şubertə çox yaxşı təsir etdi, dost əhatəsi genişləndi. Özündən 30 yaş böyük olan məşhur bariton İohann Mixael Voglla da bu dövrdə tanış oldu və onların dostluğu Şubertin ölümünə qədər davam etdi.

Ölməz əsərlər

Şubertin çox dostu var idi. Vyananın arxa küçələrindəki pivəxanalar, evlərin damı onların görüş yeri idi. Onların yığıncağı çox əyləncəli keçirdi – oyunlar oynanır, rəqs edilir, müzakirələr aparılırdı. Amma ən vacibi və maraqlısı Şubertin ən sonuncu bəstələrini dostları üçün ifa edərək onları məst etməsi idi. Şairlər, filosoflar, rəssamlar, siyasətçilər, saray işçiləri, aktyorlar, müğənnilərin qatıldığı bu tədbirlər “Schubertiade” adlanırdı. Bu toplantılar ürəyi sevgi dolu olan Şuberti xoşbəxt edən əyləncəli zamanlar idi. Şubert bohem həyat tərzi keçirirdi.

1818-ci ilin yayında Şubert Vyanadan ayılaraq Kont Esterhazinin dəvətilə Macarıstana gedir. Onun bu dəvəti qəbul etməyinin əsas səbəbi maddi sıxıntı idi. Esterhazilər musiqi aşiqi olan ailə idi. Konturun gözəl bas səsi var idi. Həyat yoldaşı və 13 yaşlı qızının kontralto, 11 yaşlı kiçik qızının isə soprano səsinə malik olmasından əlavə hamısı piano çalmağı da bacarırdı. Şubert onların evində musiqi dolu çox gözəl günlər keçirirdi. Bu arada yeni bəstələr üzərində çalışmaq üçün zamanı var idi. Amma bütün bunlara baxmayaraq, Şubert Vyana və dostları üçün çox darıxırdı. Bu səbəbdən o, 1819-cu ilin əvvəllərində Vyanaya geri döndü. Daha əvvəl qaldıqları Şoberin evində yer olmadığına görə, yaxın dostu Mayrhoferlə birlikdə başqa mənzil kirayələdilər.

Şubert deyilən zaman ağla ilk “Bitməmiş simfoniya” gəlir. 1822-ci ildə bəstələdiyi “8-ci simfoniya” Şubertin tamamlamadığı əsər kimi tanındığı üçün bu gün də “Bitməmiş” adı ilə bilinir. Şubertin “Bitməmiş” simfoniyasından başqa bəstəkarın beş dənə “Bitməmiş sonata”sı var. Bu beş sonatanın hansı səbəbdən bitirilmədiyi məlum deyil. Şubertin “Forel”, “Qış yolu”, “Meşə hökmdarı”, “Serenada”, “Ave Mariya” kimi gözəl mahnıları onu XIX əsrin ən böyük lirik bəstəkarı adlandırmağa imkan verir. Şubert musiqisi geniş kütlələrin qəlbini ölümündən bir neçə onilliklər sonra ala bilib.

Bəstəkarın son illəri

Şubert hər səhər erkəndən oyanır ən azı günortaya qədər çalışırdı. Sonra isə dostları ilə görüşürdü. Onun bu cür həyat tərzini heyranı olduğu Bethovendən öyrəndiyi güman edilir. 1822-ci ildə Şubert üçün fəlakətin başladığı il oldu. Onu ölümə götürəcək xəstəliyinin ilkin başlanğıcı bu ilin sonlarında özünü göstərməyə başladı. Şubert fahişə ilə münasibəti səbəbindən sifilis olur. Həkimi ona ciddi və sağlam həyat sürməsini məsləhət görür. Bundan sonra Vyananın lüks məhəlləsində yaşayan qardaşının yanına köçür.

Bir neçə dəfə müalicə olunmasına, bəzən yaxşılaşmasına baxmayaraq, vəziyyəti getdikcə pisləşir. Amma xəstəliyi onun işləməsinə mane ola bilmir və var gücü ilə gözəl bəstələr yaratmağa davam edir. Özü dediyi kimi “yeni əsərlər, bəstələr həyatının tək mənası” idi. Xəstəlik günlərində mütaliə ilə məşğul olan bəstəkar Ceyms Fenimor Kuperin çılğın pərəstişkarına çevrilir. 1827-ci ilin martında Bethoven son günlərini yaşayırdı. Şubert çox sevdiyi, heyranlıq duyduğu böyük bəstəkarın ziyarətinə gedir. Martın 26-da keçirilən cənazə mərasimində çox xəstə olmasına baxmayaraq, məşəl daşıyan 38 nəfərdən biri olur. Cənazə mərasimi bitdikdən sonra adət-ənənəyə uyğun olaraq pivəxanaya gedirlər və iki qədəh şərab içirlər. Birinci qədəh ölən adamın xatirəsinə, ikinci qədəh isə ondan sonra öləcək ilk adama hörmət olaraq içilirdi. Şubert o gün ikinci qədəhi özü üçün qaldırdığını bilmirdi. Çünki Bethovendən sonra sonsuzluq səfərinə çıxmaq sırasının ona çatdığını ağlına belə gətirməmişdi.

Həmin ilin avqustunda Şubertin narahatlığı daha da çox artmışdı. Amma o, buna təslim olmurdu. Bir-birindən gözəl əsərlərini ard-arda hazırlayırdı. “İnadla yaşamaq”, “İnadla bir-birindən gözəl əsərlər yaratmaq” məqsədilə çalışmasının 1828-ci ilin 19 noyabr günündən sonra davamı gəlmədi. Çünki o gün Şubertin 31 illik həyatının son günü idi...

Günorta saat 3-də bəstəkar gözlərini əbədi yumur. Vəsiyyətinə uyğun olaraq o, bütün ömrü boyu pərəstiş etdiyi Bethovenin yanında basdırılır. 1888-ci ildə hər iki bəstəkarın məzarı Zentralfriedhofa köçürülür. Qəbirləri II İohann Ştrausİohan Bramsın yanındadır.

Ən sevilən və məşhur əsərlərindən biri “Ave Mariya”dır:

# 8237 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #