Bu şeirlər 10-luğa düşüb - Mətnlər

Bu şeirlər 10-luğa düşüb - Mətnlər
17 oktyabr 2019
# 12:20

Kulis.az “Bir şeir” müsabiqəsində 10-luğa düşmüş şeirləri təqdim edir. Xatırladaq ki, şeirlər 5 nəfərdən ibarət münsiflər heyətinin 10 ballıq şkala üzrə qiymətləndirməsi əsasında müəyyən olunub.

Qalib Bəhrəmov

Yoxluğun iyirmi beş illiyi

Cəbhə xəttindən o tərəfdə
mənim doğulduğum kənd var.
Yanından çay keçir,

uzaqda dağlar görünür.
O dağlarda güllələyib
sovet höküməti
neçə-neçə qaçağı...

Hər yer çəmənlikdir.
Anam o çayda paltar yuyub,
atam o çəmənlərdə qoyun otarıb.
Bir dəfə də qoyununu qurd aparıb -
özü danışıb...

Çay kənd boyunca uzanıb gedir
Sahilində bir ev var.
O evi atam tikib,
anam bəzəyib.

Mən o evdə doğulmuşam, iməkləmişəm,
Məndən əvvəl üç qardaşım ölüb o evdə,
ancaq mən ölməmişəm.
Məndən sonra bacım da ölməyib...

Anam o evdə atamdan ötrü darıxıb,
Məni bağrına sıxıb
Hər gün həyətə çıxıb
bərabər -
toyuqların arxasınca qaçmışıq,
ağacları suvarmışıq.

Süd vermişik buzovlara.
Bir azın da mən içmişəm.
Hər şeydən bezəndə anam
nəğmə oxuyub:
"Mən həyata gecikmişəm".

Sonra o evə "qrad"lar atılıb,
mərmilər düşüb.
Atam müharibəyə yollanıb o evdən,
Biz başqa evlərə köçmüşük.

İyirmi beş ildir ki,
axşamlar atam yorğun qayıtmır,
anam nədənsə gileylənmir o evdə.
İyirmi beş ildir ki,

mən yellənmirəm tut ağacından asılmış yelləncəkdə,
bacım ağlamır
yaz gecələri quruldayan qurbağalardan qorxub.
İyirmi beş ildir ki, o evdə işıq yanmır.
İyirmi beş ildir ki, o ev yoxdu.

***

Ruslan Dost Əli

Bu payız vaxtın eşqinə
qaş-qabağınla yer süpür,
alnını qırışdır, getsin…

O buz otaqda az üşü,
göndərdiyim məktubları
yığ, topla, alışdır, getsin.

Divardakı mən deyiləm,
şəkildi də, kin saxlama,
bir söz de, danışdır, getsin.

Yenə səksəndim, ay dəli,
belə qəfildən yadıma
düşməyi yığışdır, getsin…

***

Fərid Hüseyn

Təşbehə ağı

I

Sənin hicrətindir mənim ömrüm, –
uzun bir səfər etmisən –
xəyallarımdan xatirələrimə köçmüsən.

Həyat bəzən bizlə
yalnız sevişdiyi günlər mehriban olan
meşşan kimi davranır,
və eşqin rahatlığı
bizim yalnızlığımızda quyulanır...

Olanları xatırlatmaq vaxtın işidi,
ürəyim yaralar muzeyidi,
ancaq xatirəsi olanlar içəri buraxılır.
Şüşənin altında qorunur
dilimin zəhəri,
divardan asılıb
günahın şeytan təbəssümü...

Cümə yorğunluğuyla baxıram şəklinə, –
heç nə dəyişməyib,
hər şey eynidi –
sənli günlər üzünə parça atılmış,
ayaqları açıq qalan ölüdü.

Sıyrılmış dəri kimi göynədir tale,
qədər...
Dirilərin gözlərinə,
ölülərin ayaqlarına çökür kədər...

Hardasan indi,
hansı qaralanmış sözün altındasan?
Yenə nöqtəli hərflər kimi
səhvlərin astanasındamı yaşayırsan?

Beynimdə bir-birinə qarışır
qadın xəyalları:
vaxtı və yeri unudub
xatırlayıram onları.

Heç zaman yaranmadı
iztirabla mehrin ülfəti,
ehtiras vaxtı soyunulmuş
paltarlar kimidi günahlar, –
hərəsi tələskən bir ananın əbədiyyəti...

II

Getdiyim yolların qəlbi daş,
içdiyim şərablardan
tövbə əmir ürəyim.
Ayaqlarım gəzdiyimiz yerlərdən
izlərini gəmirir.

Kim ki özündən qaçır,
qamçılasın özünü.
Hamı yaxşı tanıyır
günahın güzgü üzünü.

III

Səndən xatirələri soruşsalar
kəsilməsin səsin,
solmasın bənizin,
de ki mən də sevmişdim

aşiqlərlə bərabər,
de ki nəğməm qocaldı, –
öz səsimlə sərasər.
De ki söndürülmüş işıqları

ovutmaq üçün
lay-lay deyirəm nur dilində,
de ki günah təzə-tərdi,
yada düşən hər gündə.

Gəl xatirən tərəfə –
özünlə bir qarşılaş,
mən keçmişdən dərs keçim –
nəyi bilməsən soruş.

IV

Çox şey tarix olurmuş,
tarixçilər
Heredotun şəkli uydurulmuş otaqlarda
danışmazlar belə günlərdən.
Yaddaşın işğal tarixi başlar,
gözlərinin önündən.

Çox şey tarix olurmuş:
məsələn, gözəl bir qadının qocalması...
Haçandan başlayır o faciəli gün?
Dırnaqlarını boyamağa
ərindiyi səhərdənmi,
ona yaraşan papağı
hardasa unutmasındanmı,
olmaya çəkələkləri ayaqlarına oxşamayandan?

Məndən olsaydı,
sənin əllərinlə ömrümü ovub,
yaşadığın günlərə qarışardım.
Əgər Allah kimi hər şeyi bilsəydim,
yenə də səndən adını soruşardım.

V

Keçmişi arzulamaq
bir başqa üzümüzdür indi,
təmiz,
pak,
ləkəsiz üzümüz,
əyintisiz sözümüz...
Keçmişi xatırlamaq bəzən
yüngüləxlaqlı qadının
evdarlıq arzulamasına taydır, –
ilişdirirsən yaxanı ümid ilgəyinə,
sən paklığına qovuşacağını düşünürsən,
ancaq insanlar inanmır sənin dəyişəcəyinə.

VI

Sənin əllərinin cadarlarına
hansı günləri izləri düşüb?
Mənim dilimə oyuncaq
sevgilərin qırıq yerləri hopub.

Mən sözlərimi köksümdə
sən əllərini ciblərində gizləməklə
geriyə qayıda bilərik,
ancaq sən mənə əl uzatmalısan,
mən də nəsə deməliyəm sənə.
Səndən danışırlar mənə,

sanki heç nə eynimə deyil,
amma ürəyimdən buzlar sınır,
Səni heç vaxt görmədiyim,
adamlarla düşünürəm,
heç vaxt getmədiyim
yerlərə gedirsən xəyalımda,
eşitmədiyimiz mahnılar dinləyirsən,
saçlarının rəngi fərqlidi,
gülüşün də dəyişib,
yad ifadələr daşlaşıb üzündə,
səni hər şeyə yadlaşdırmaqla
qoruyuram içimdə.

VIII

Xoşbəxt günlər
bir işıq xəyalıdır yaddaşımda,
sənin adına yandırdığım şamlar ölüb,
ürəyində arzu tutma...

Yığmışam qəlbimə,
yanmış kibrit çöplərini
sənəd səliqəsiylə...

IX

Bax, indi düyməmi tikirəm,
subaylıq əlimə batır,
anamın ağrısı
iynənin gözündən keçir...

Çay dəmləyirəm,
sən yadıma düşürsən,
gedib yapma gülləri sulayıram...

Şəklinə baxıram, – bu sənsən.
Gözümün görməyə
alışmadığı qədər gözəlsən.

Gündüzün yorğunluq qandalın
gecənin sükutuna taxıram.
Günəşi söndürüb yatıram.

Sabahsa həminki – eynidi.
Nolar, tanıma sən məni –
dəyişən içimin əynidi.

***

Allahşükür Ağa

Ləpir

Axşam qoyub gəldiyim ayaq izlərimi
Səhər qarşılayıram,
Demək yaşayıram.

Bir ayaq ləpirim
Axşam yağan yaz yağışından
Bir ovuc su saxlamış içində...

Bir alagöz sərçə su içir
Ayaq ləpirimdən.

Başını yuxarı qaldırdıqca
Sərçənin duasını eşidirəm:
“Allah, sabahımız üçün də
Bir ayaq saxla.”

Elə sevinirəm ki,
əyilib baxıram
ayaqlarıma...

***

Malik Atilay

Diqqət! Diqqət!
Darıxır Bakı...

Şəhərin biləklərinə vurulan zülmət qandalı
Həm mənim
Həm küçələrin ürəyini sıxır
Parkların yanından keçirəm
Kafelərə heç baxmıram,
Nəsə yoxdu
Nəsə çatmır
Günəş əllərini cibinə salıb getmiş uzaqlara
Susub hər yer
İçimdə həsrət yalquzağı oyaqdır, yatmır

Diqqət! Diqqət!
Bakı darıxır...

Ucuz kafelərin birindən
domino səsləri qaçır bayıra
Süpürgəsindən bərk-bərk yapışıb
Yuxuya gedib süpürgəçi
Üstü-başı təmiz
Ürəyi kirli adamların əlindən
Amanda ola biləcəyi tək yerdi yuxusu
Külək evi dağıdan dəcəl uşaqtək
ora-bura atır sükutunu şəhərin

Ümidi çörəyindən bol olan həbsxanada
Közərən siqaretin işığına
məktub yazır dustaq
Həyətlərindəki nar ağacına
Bakının boğazına dişlərini keçirən zülmət
Onun ürəyinə dırnaqlarını sancmış
Şəhərlə birgə darıxır dustaq
Dustaqdan xəbərsiz darıxır şəhər...

Günəş qırmızı ləkəyə dönür göy üzündə
Uzun illər tufanlar görüb
Qasırğalar atlamış yelkənə
yamaq vuran balıqçı ümidiylə
Günəşə sarı açır əllərini dustaq
Şütüyən maşınların siqnal səsləriylə
Üzlərdən,gözlərdən silinir yuxu
Zülmətin çürük və qara dişlərindən səhərə çıxır

Amma yenə də
Bakı darıxır...
Darıxır Bakı...

***

Elvin Bakiroğlu

Mən elə bilirdim…

Onda uşağıydım, elə bilirdim,
Hamı aldanacaq o saat buna.
Hər adi oyuna gələ bilirdim,
Asan uduzurdum söz oyununa.

Balaca şeirlə, sərçə şeirlə
Quşlar cəh-cəh vurar hər yanımızda.
Mən elə bilirdim bircə şeirlə
Qaynayar evdəki qazanımız da.

Mən elə bilirdim hecalarımın
Ömrünü ömrümə bağ eləyəcəm.
Sanırdım anamın, bacılarımın
Nə vaxtsa üzünü ağ eləyəcəm.

Mən elə bilirdim sonudu dərdin,
İki səs, iki söz yan-yana gəlsə.
Düzələr hər şeyim ikiylə dördün,
Birlə üçün qafiyəsi düzəlsə.

Bütün misralarım hamısı bir-bir
Məni bu həsrətdən qurtara bilər.
Mən elə bilirdim yazdığım şeir
Bir qızı geriyə qaytara bilər.

Ağlamalı yazsam, ölməli yazsam,
Qorxurdum başıma gələr, İlahi
Mən elə bilirdim gülməli yazsam,
Tale də üzümə gülər, İlahi

Mən nə istəyirdim, bircə yaşamaq,
Dönüb ürəklərdə düyün olmamaq.
Nə fərqi harada, necə yaşamaq,
Daha da betərdi bir gün olmamaq.

Havanın ətrində, suyun səsində
Havanı yaşamaq, suyu yaşamaq
Yaşamaq dostların əhatəsində,
Yaşamaq, bir ömür boyu yaşamaq.

Çiyində dostların əli yaşamaq,
Şeirli hamıdan, sözlü hamıdan
Sərsəri yaşamaq, dəli yaşamaq,
Ağıllı yaşamaq gizli hamıdan.

Onda uşağıydım, bilmirdim hələ
Səsim öz içimdə batacaq mənim.
Mən elə bilirdim tutduğum qələm
Həmişə əlimdən tutacaq mənim...

***

Şəhriyar Del Gerani

Eşqə dair

Qucaqlayıb yatınız içinizdəki uşağı,
əlindəki oyuncağı,
ömrün üfüqlərində görünən günəşli günləri,
sevgili gələcək yaxını,
hər nəyi, hamını...

Dimdikləri bərkiməmiş quşları da,
sizə atılan daşları da.
Hələ-hələ qış görməmiş ağacları,
yaz gəlməmiş çiçəkləri,

ağlanmamış gecələrdə yaş dəyməmiş balışları.
Siz ey bu şeiri oxuyan gözəlim hamı:
Həyata oxşayan hər nə ki var, qucaqlayın.
Səadət - həm də qucaqlaya bilməkdi ən uzağındakı adamı...

***

Alik

Bir yol uzanır uşaqlığıma,
Atamın evə gəlişi
Anamın gənclik gülüşü.
Ot basmış bir yol...

Bu yolla qayıdır
hər axşam naxır..
Bu yolun başında atam dayanıb
Əlini alnına qoyub,
dalımca baxır...

Bir yol uzanır uşaqlığıma

Uzaqlarda bir qoca,
Durubdur yol üstündə
Gəlib gedənə kübarca başını əyir,
Yanında da bir uşaq var
Maşınlara əl yelləyir...

Bir yol uzanır uşaqlığıma.

Dəmir yolundan
Hər gün bu vaxtda
Bir köhnə qatar keçir,
oturacaqları taxtadan
vaqonlar köhnə,
şüşələri sarı...
Hardan harasa daşıyır
Kədərli, yorğun adamları...

Bir yol uzanır uşaqlığıma

Ot basmış həyət,
Ot basmış baca…
Təəssüf…
Ora heç vaxt qayıtmayacam…

***

Rəvan Cavid

Üç fəsil

Əzizim,
mən qış adamıyam,
soyuğam,
üşüyürəm,
izin ver,
qucağına yüyürəm.
Sən demə, qısa saçlı qadınların səsi kobud olurmuş,
saçlarını kəsəndə qışqırıb-ağlayırlar,
ona görə.

Ona görə ağlama,
saçdı də...
Ona görə ağlama,
adam sevir,
sonra bezib qaçır...
qaçdı də...

Mən ondan çox sevərdim səni,
daha gözəl sevərdim,
məsələn,
dizlərinə uzanıb şeir oxuyuram...
qar yağanda...
Mən heç vaxt razı olmadım,
olmazdım,
mənə görə pis olasan,
dolasan,
ağlayasan,
mən gedəndə şəkilləri,

mesajları özüm silib gedərdim,
amma gedərdim...
Ki, ağlayasan,
dolasan,
pis olasan,
bilirsənmi,

adamlar pis olanda
gözləri ilə deyil,
əlləriylə baxır şəkillərə.
Əzizim,
mən yaz adamıyam,
ayaz adamıyam,
Günəşli günlərim də üşüdür,
küləkli günlərim də...
amma ümid var məndə.
Mən ondan çox sevərdim,
səni də, saçlarını da...
gedəndə saçlarından,
səndən bir şeir qədər
özümlə aparardım.
O aparmadı
-bu gün səni bütöv gördüm.
Nə qədər oxşayırsan
səndən sonrakı qadınlara,
məsələn,
Annaya,
Füsuna,
Lolitaya...

Əzizim,
mən yaya bənzəmirəm,
bağışla!
Əzizim,
mən payız adamıyam,
kağız adamıyam,
Allahın yazıq adamıyam,
üstü-başı şeir,
yazıq-yazıq adamıyam.
Sarı xəzəlim,
mavi Xəzərim,
alatoran Bakım,

bir də sən varsan məndə.
Bir də
gözləməyim var,
heç çəkiləsi deyil.
Çəkmə də heç,

boş ver,
keç.
Sevgilim,
sən hansı fəsildəsən?!

***

Pərviz Axund

Ürək çıxır yadımdan

Gözəl gözlüm, gözün aydın, çox yorğunam, durğunam,
Əzbər bildiyim nə varsa, tək-tək çıxır yadımdan.
Nəyinki ürəyimdəki doğma, yaxın adamlar,
Elə olur, inan mənə, ürək çıxır yadımdan.

Son gedişlə nə hallara düşürmüsən, bax, məni,
Ta keçibdi, indən sonra daşdan-daşa çax məni.
Bəlli deyil bu yalqızlıq nə cür vuracaq məni,
Sinə gərib dayanmışam, kürək çıxır yadımdan.

Ola bilsin... Uzaq başı... Mətləb üstə gəlmirəm,
Özümə əzab verirəm, yəni sənnən əlbirəm.
Mənimki Sizif dərdidi, su yığmaqdı xəlbirə;
Ovcumda qovut tutmuşam, külək çıxır yadımdan.

Su yığıram xəlbirə ki, deyim sənnən əlbirəm,
İndən sonra... Çox yorğunam... Mətləb üstə gəlmirəm.
Tənhalığın tutmaları haçan tutur, bilmirəm,
Ha deyirəm ayıq olam gərək - çıxır yadımdan.

Bu yandan da sevdiklərim tək-tək çıxır yadımdan,
Hərdən olur, gözəl gözlüm, ürək çıxır yadımdan.

# 5323 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #