Tanrı naminə tökülən qan - Vüsal Bağırlı

Tanrı naminə tökülən qan - Vüsal Bağırlı
27 avqust 2024
# 12:00

Kulis.az Vüsal Bağırlının "Tanrı naminə tökülən qan" adlı yeni yazısını təqdim edir.


Məşhur aktyorlar çoxdur. Al Paçino, Robert de Niro, Leonardo di Kaprio, Bred Pitt, Con Travolta, Corc Kluni, Conni Depp, Kianu Rivz.
Hamısı dünya şöhrətli, tanınmış, ulduz sima.
Fəqət mənim sevdiyim aktyor, ola bilsin, bu siyahıya uyğun gəlmir.

Niyə?
Çünki fərqli xarakterlidir. Fərqli düşüncəyə mənsub insandır. Çünki sadaladığım aktyorlarla müqayisədə o qədər də tanınmış deyil. Çünki trendə, gündəmə, məşhurluğa can atmır. Belə şeylərə biganədir.

Təbiəti belədir. Kölgədə durmağı, səssiz qalmağı xoşlayır. Onu bu həyat tərzinə görə bir növ yazıçı Cerom Selincerə bənzədirəm. Onun kimi inzivaya çəkilib, müsahibə vermir, özünü kimsəyə göstərmir.
O, filmlərə də nadir hallarda çəkilir. Səkkiz-on ildən bir. Hətta, bəzən belə fasilələr daha çox olur.
Lakin çəkiləndə də rolunu elə oynayır, personajı elə məharətlə ifa edir, oynadığı obrazın iç dünyasını o qədər gözəl açır ki, ifasına heyran qalmaya bilmirsən.
Onun filmləri həmişə dillər əzbəri olur. Sənət, yaradıcılıq nümunəsi, şedevdir…
Götürək elə “Nyu-York bandaları” filmində canlandırdığı qəssab rolunu. Düzdür, mənfi, qəddar obrazdır. Amma aktyor xarizması, öz rolunun öhdəsindən məharətlə gəlmə bacarığı ilə hər şeyi tərsinə döndərir və tamaşaçıda qatil qəssab Bill Kaatinqə qarşı qeyri-ixtiyarı rəğbət hissi oyadır.
Yaxud, “Linkoln” filmindəki unudulmaz ifasını xatırlayaq. Onun xarizmasına, görünüşünə, asta səslə danışıq tərzinə, jestlərinə baxanda, rolun öhdəsindən necə gəldiyini seyr edəndə adamda elə təəssürat yaranır ki, elə bil Avraam Linkoln dirilib, qəbirdən xortlayıb və rolunu şəxsən özü oynayır.
Mətnin bu yerində, bayaqdan epitetləri düzən, tərifləri sıralayan müəllifə istər-istəməz sual verilə bilər.
Görəsən söhbət kimdən, hansı aktyordan gedir?

Bura qədər tapmadınızsa, onda özüm deyim.
Mövzumuzun qəhrəmanı aktyor Daniel Dey-Luisdir.
Aktyorun çəkildiyi ən yaxşı film isə şübhəsiz, “Neft” (ingilis versiyada “There Will Be Blood”) filmidir.

İki “Oskar”lı, “Qızıl Qlobus”lu, “Gümüş Şir”li, zərli-BAFTAlı sənət əsəri.
Film həm özü gözəldir, düşündürücüdür, həm də aktyor rolun öhdəsindən məharətlə gəlir, obrazı təbii və əsrarəngiz çalarlarla ifa edir.

Filmi birmənalı şəkildə dünya kino incəsənətinin əsrarəngiz və unudulmaz incilərindən hesab etmək olar.

Bəs rejissor Pol Tomas Anderson bu epik kino lentində tamaşaçıya nəyi çatdırır, nəyi başa salmağa çalışır?

Filmin orijinal adı: “There Will Be Blood”dur.

Nəyə görə belə adlanır? Çünki filmin əsas konstruksiyasını, süjet xəttini görünüşcə, xassəcə bir-birinə oxşayan, həm də bir-birindən kəskin şəkildə fərqlənən iki tünd maye, insan taleyini müəyyən edən iki ünsür – Neft və Qan təşkil edir.

Film izah etməyə çalışır: hansı daha qiymətlidir?

“Tanrı naminə tökülən qan, qara qızıl, yoxsa insan taleyi?”

Özü də nə qədər qəribə görünsə də, insan həyatını müəyyən edən iki vacib substansiya lent boyu bir-biriylə ziddiyyət və münaqişə deyil, əməkdaşlıq və müttəfiqlik edirlər.

Film struktur baxımdan iki hissəyə bölünür. Birinci hissədə tamaşaçıya Texasın boz, küləkli, ucsuz-bucaqsız, kimsəsiz yarımsəhra çöllükləri, həşirlə axtarılan qara qızıl, kəşfiyyat işləri, buruqların qazılması göstərilir. İkinci hissədə isə əldə olunan zahiri xoşbəxtliyin, qazanılan sərvətin, pulların və gələcəklə bağlı illüziyaların darmadağın olması, ard-arda törədilən qətlər təsvir olunur.

Burada neft tamaşaçı üçün tək yanacaq mənbəyi, yaşamaq, sağ qalmaq vasitəsi deyil, həm də dörd təbiət ünsürünü birləşdirən maddədir. O, Su kimi axıcı, yüngül olsa da, Torpağın altında gizlənib. Onu fontanla Havaya püskürtmək tələb olunur. O, qəzəblənəndə heç nəyə aman vermir, hər tərəfi Oda bürüyür.

Əsərin baş qəhrəmanı Pleynvu (Daniel Dey Luis) tamahkar və acgözdür. Onu yalnız bir şey maraqlandırır. O, həm ağıllı işbaz, həm də qazanc üçün min cür hiyləyə əl atan, ilk fürsətdəcə öz qurbanının boğazını üzməyə hazır ovçudur.

Pleynvu Allaha inanmır, amma həm də dərk edir ki, camaatın inamını qazanmasa, istəyinə nail ola bilməyəcək. Allah Pleynvu üçün məqsədə çatmağın aralıq vasitəsidir. Məqsəd isə dəyişməz və sabitdir.

NEFT.

Pleynvu varlılara nifrət edir. Sonra isə o da öz təri, qanı, inadı hesabına tükənməz varidat əldə edir. Varlanır. Lakin ətrafında heç kəsə inanmır, ən yaxınlarına belə nifrət edir. Başına tökülən sel kimi pullar, hədsiz sərvət sakitlik və xoşbəxtlik gətirmir, qəhrəmanın daxili qəddarlığını daha da artırır.

Filmin qəhrəmanı Pleynvu deyir: “Məndə rəqabət ruhu yenilməz və güclüdür. Paxılam. Başqalarının uğurlarına sevinə bilmirəm. Hamıya nifrət edirəm.

…Olur, bəzən insanlara baxıram və onlarda xoşagələn bir cəhət görə bilmirəm. Mən pulu-paranı ona görə qazanıram ki, insanları, ümumiyyətlə, görməyim.

...Mən insanlarda yalnız pis cəhətləri görürəm. Mənim damarlarımda kin, nifrət toplanıb. Damla-damla toplanıb”.

Nəhayət, filmin sonunda görürük ki, hakimiyyətə və qüdrətə baxmayaraq, Daniel Pleynvu içki düşkünüdür, tənhalıq girdabında boğulan bədbəxt insandır.

Pleynvunun içi damla-damla yığılmış kinlə, nifrətlə dolub, onun gözündə kimliyindən asılı olmayaraq, hamı naqisdir. O, varidatı, sərvəti, pulu hamıdan uzaqlaşmaq, heç kəsi görməmək naminə toplayır və sonda buna nail olur.

# 1260 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #