“Sən nə cürətlə mənə şeir göstərirsən?” – Qabili əsəbiləşdirən gənc yazar

Qabil, Xalq şairi

Qabil, Xalq şairi

29 dekabr 2021
# 09:42

Kulis.az Xaliq Rəhimlinin “Sən nə cürətlə mənə şeir göstərirsən, yaxud ədəbiyyata gəlməmiş qovuldum...” yazısını təqdim edir.

Yeniyetməydim. Ədəbiyyata böyük marağım var idi. “Azərbaycan” jurnalına işə düzəlmişdim. Adlarını eşidib əsərlərindən xəbərdar olduğum, lakin üzlərini görmədiyim şairlərin, yazıçıların əhatəsindəydim. Əkrəm Əylisli, Qabil, Əmir Mustafayev, Nadir Cabbarov, Fikrət Qoca, İsi Məlikzadə, İsa İsmayılzadə, Nemət Veysəlli, İntiqam Qasımzadə və digər tanınmışlarla demək olar ki, hər gün üz-üzə, göz-gözə, söz-sözə gəlirdim. Belə ünsiyyət ədəbiyyata marağımı bir az da artırırdı. Mən də şeir yazıb tanınmış şair olmaq istəyirdim. Və eləmə tənbəllik yavaş-yavaş bu istəyimin arxasınca düşdüm.

Qabil müəllim o zaman jurnalda şeirə baxırdı. Hələm-hələm onun zövqündən jurnala şeir adlatmaq o qədər də asan məsələ deyildi. Çox tələbkar idi. Yanına gələnlərdən hansının şair olub olmadığını üzündən oxuyurdu. Şeirinə, sözünə ehtiyac qalmırdı. Gənc “şair” üzünü çevirib gedən kimi Qabil müəllim onun gətirdiyi şeirləri divar boyu düzülən rəfin gedər-gəlməz bölməsinə vasil edirdi. Şeirə, sözə həddindən ziyadə tələbkar olan zəhmli Qabil müəllimin poetik tələbini hər şair ödəyə bilmirdi.

Nə başınızı ağrıdım, günlərin bir günü Qabil müəllimin ovqatının yaxşı vaxtında oxuyub fikir deməyə bir neçə şeir uzatdım. Əllərim havada qaldı. Baxışları ciddiləşdi, qəzəbli görkəm aldı. Günah işlətmiş adam kimi şeirlər əlimdə çəkilib yerimdə oturdum...

- Sən də şeir yazırsan, - deyib üstümə acıqlandı. - a bala, bir dərnəklərə getginən, bir mətbuatda çap olunginan, sonra gəlib mənə şeir göstərərsən. Bu nə cürətdi eləyirsən? Axı belə olmaz, yekə oğlansan.

Matım-qutum qurudu. Ortaya ağır sükut çökdü. Özümü cinayət başında yaxalanan adam kimi hiss elədim. Gözləmədiyim mənzərədən qanım qaraldı, əməllicə dilxor oldum. Hirsimnən gözlərim doldu. Özümü ədəbiyyata gəlməmiş ədəbiyyatdan qovulmuş hiss elədim.

Təxminən bir həftə danışmadıq, küsülü qaldıq. Amma ilk barışıq addımını Qabil müəllim özü atdı, böyüklük elədi.

- Xalıq bala, gətir o şeirlərə baxım, bir az əsəbləşdim, heç nə olmaz.

Mən də bu sözlərdən sonra ürəkləndim, başımı qaldırıb üzünə baxdım. Əvvəlki qəzəbli Qabil müəllimdən əsər-əlamət qalmamışdı. Üzünə o vaxta qədər görmədiyim qəribə gülüş qonmuşdu, bir az da özü qəsdən artırmışdı. Əlini saçına çəkdi.

- Hə, gətir görək, utanma gətir o şeirləri oxuyum. Bir iş idi oldu getdi. Gəl bu konfetləri də götür çay içərsən...

- Şeirləri cırdım atdım, Qabil müəllim, – dedim.

- Nə danışırsan, adam da elə iş eləyər? Sən indidən belə şeylərə dözmürsən, gələcəkdə necə şair olacaqsan... Yaxşı onda nə vaxt yazsan, gətirərsən baxaram...

Beləcə ilk “ədəbi travma”nı o vaxt aldım. İndi zaman dəyişib, həmin mənzərəylə hər hansı bir gənc qarşılaşsa yeddi qat cavabını verər. Yeddiqat cavab isə ədəbiyyatda keçmir. Əsl ədəbiyyat tənqidə, qəzəbə, “şapalağa” duruş gətirən, qucaq açan ədəbiyyatdır. Əlbəttə, qərəz olmadan. Ruhu şad olsun Qabil müəllimin.

# 10160 dəfə oxunub

Oxşar xəbərlər

Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri  - Mikayıl Abdullayevin "Füzuli" əsəri

Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri - Mikayıl Abdullayevin "Füzuli" əsəri

16:05 21 avqust 2026
"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

12:30 21 avqust 2026
Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

14:30 20 avqust 2026
İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər