Mən Günəşlər ölkəsinin qaranlıq məhbusu - Ümid Nəccarinin yeni şeirləri

Mən Günəşlər ölkəsinin qaranlıq məhbusu - Ümid Nəccarinin yeni şeirləri
7 oktyabr 2023
# 17:00

Kulis.az Ümid Nəccarinin yeni şeirlərini təqdim edir.

Bardaqda bircə udum su
hansısa dənizin dalğasıdır,
sükuta bürünüb otağımızda...
Söyüd ağaclarının budaqları
Məcnun saçlarıdır
Leylini gördükcə tellərini küləyə sovurur.
Axşamüstü küçədən keçən sərxoş oğlan
əlində bircə gül,
fitində səsləndirir sevdiyi nəğməni...
Uçub getmiş quşdan qalan bircə lələk
masmavi göy üzünü yaşadır...

Mən səndən qalan bir parça buludam
səni yaşadıram...
səni yağıram...


***

Gözlərin öncəbhədir
Əsir düşür
gedib qayıtmır gənc baxışlarım...

Səsinin minalarında ürəklər qazi,
necə ağır yaralı,
Neçə qəlblər qəlpəli...
Əllərin atəşkəsdir,
kəsir bütün səsləri,
qaytarır bütün əsirləri...

***

Günəşin gözündən uzaq,
kimsəsiz evlərin yataqlarında,
soyunur gözyaşını tənha qadınlar,
Dəniz bircə damla ilə başlanır
qadın birinci sözlə,
və sonuncu sözlə bitir qadın.
Günəşin gözündən uzaq,
Şərqdə hüznə batır şərqilər
sərxoş olmayan badələr...
Mən məcnun söyüdlər diyarında
qapıların bu tayında dayanmış bir şərqin şairi,
mən Günəşlər ölkəsinin qaranlıq məhbusu
hələ də danışan Tanrıların axtarışındayam.
Şərqdə soyunur Günəş işığını
Soyunur Məcnun Leylisini
Soyunur Nəsimi dərisini.
Bax, bu ucqarlarda duran mən,
mən bu çıxılmaz küçəsinin intihasında,
soyunuram kəlmələrimi,
soyunuram köksümdəki barmaq izlərini...

***

Gözlərin Tanrıların ölüm qorxusudur,
bir sabah yuxudan ayılmamaq kabusudur əllərin
Bu yaz darıxacağıq
Bu yay yaşlanacağıq
Bu payız solacağıq
Bu qış öləcəyik kimi düşün bir də....
Bir də düşün belə sev,
bir də belə bax...
Gözlərin Tanrıların ölüm qorxusudur
səsin iydə ağaclarının qış yuxusu.

# 4155 dəfə oxunub

Oxşar xəbərlər

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

"İrəvanda xal qalmadı" mahnısı necə yarandı? - TARİXÇƏ

15:00 28 oktyabr 2026
Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

Bağırovun evlilik təklifini rədd edən, vərəmdən qurtulan, repressiyadan xilas ola bilməyən Xədicə Qayıbova

10:00 27 oktyabr 2026
Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

Abşeron damları, unudulmuş bayatı vizuallığı, qürub ekspressionizmi... - Fərhad Xəlilovun məşhur tabloları

15:00 26 oktyabr 2026
"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

"Sevimli mahnılarımı gözləyərdim..." - "Yesterday once more" necə yarandı?

13:00 25 oktyabr 2026
Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

Qolunun kəsilməsinə razılaşmadı, Fəxri Xiyabandakı yerindən imtina etdi - Azərbaycanın ilk peşəkar qadın rəssamı

15:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər