"Mən günə iki belə mətn yazaram..." - Hekayə müzakirəsi

"Mən günə iki belə mətn yazaram..." - Hekayə müzakirəsi
24 yanvar 2024
# 15:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Zaman Piriyevin "Milyonçu olmaq istəyən kuryer" hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.

İlham Əziz:

Elvira - İlham Əzizin hekayəsi

"Zaman bu hekayədə yaradıcılığında yeni mərhələyə qədəm qoyub. Yazıçılıq qənaət məsələsidir. Əsərdə yazıçı bir nəsnə haqqında yeni qənaət gətirirsə, bu artıq böyük yolun başlanğıcıdır.
Bu qənaətin doğru, real olub-olmaması şərt deyil. Şərt bədii vasitələrlə onu oxucuya qəbul etdirməkdir. Bu hekayənin lap başlanğıcında müəllif o qənaəti gətirir:

“Elə ki, yağış başlayır, küçələrdə islanan ancaq rayondan gələn adamlar olur. Şəhər camaatı bütün daldanacaq yerləri sanki əvvəldən tutublar.”

Yalançı fələsəfə, lazımsız öyüd nəsihətdənsə, belə qənaətlər prozanı gözəlləşdirir.
Hekayənin dili funksionaldı, narahatlıq yaratmır. Zamanda hekayə düyünü problemi var, davam edir. Düyünü möhkəm vurmalısan ki, açanda zövq alasan. Zamanda ilgəkdi, çəkən kimi hər şey aydınlaşır, durulur.
Amma sakit atmosfer, ağır hadisənin olmaması hekayəni qurtarıb. Zamanda yazıçı azartı var, həssasdı, hadisəni içindən keçirə bilir. İnanıram ki, daha gözəl mətnlər yazacaq".

Xəyyam Rəfili:

Üç dövrə - Xəyyam Rəfilinin yeni hekayəsi

"Hekayənin adından başlamaq istəyirəm. Mənə görə həm əsərin, həm də əsərdəki personajların adına diqqət etmək çox vacibdi. Bəzi adlar mətnin gələcəyini inşa edir. Elə əsər olur ki, düşünürsən, görəsən, onun adı başqa cür olsaydı, bu qədər məşhur olardımı? Məsələn, Tolstoyun “Anna Karenina” əsərinin adı “Konstantin Levin” də ola bilərdi. Ki, əsərdə Annadan çox Levindən bəhs olunur. Amma adı “Konstantin Levin” olan əsərdə Annanın tragediyası nə dərəcədə təsirli və tam olardı?

Mənə elə gəldi ki, Zaman Piriyevin “Milyonçu olmaq istəyən kuryer” hekayəsinin adı əsərə əlavə izahat verir. Artıq adı oxuyanda nə cür hekayə ilə tanış olacağını, mövzusunu, hətta təhkiyəsini belə təsəvvür edə bilirsən. Bu hal hərdən işə yarasa da, sözügedən hekayədə əks effekt yaradıb. Hekayənin mövzusunu və (aşağıda qeyd edəcəyim texniki qüsurları nəzərə almasaq) təhkiyəsini bəyəndim. Cümlələr rəvan və səliqəlidir. Sadiqin kuryer kimi yaşadığı uğursuzluqlar təsirlidir. Yağış və ünvanlarla bağlı imtahanını oxuyanda ayaq barmaqlarım üşüdü. Sonu da Don Kixotvari fikirlərlə bitir.

Biraz da texniki problemlərdən danışım. Hekayənin tamamı keçmiş zamanda nəql olunub, lakin ilk abzaslardan biri “Bu gün də həmin günlərdən biri idi.” cümləsi ilə başlayır. Düşünürdüm ki, sona doğru indiki zamana dönüş olacaq, amma olmadı. Ola bilsin, müəllif də belə bir dönüşü nəzərdə tutubmuş, sonda unudub. Yuxarıda cümlələrin rəvan və səliqəli olduğunu demişdim, amma orda da istisnalar var. Zaman məndən inciməsin, elə cümlələr olur ki, heç kimə güzəşt edə bilmirəm. Məsələn: “Yağış var gücü ilə yağırdı.” , “Öz-özünə dediyi sözü Alxas eşidib narahat oldu:”.

“Yadına təzəlikcə eşitdiyi bir misal düşdü: " əri döyən gəlini it də tutdu".” – məncə bu misalı heç kim təzəlikcə eşitməyib.
Zamana uğurlar diləyirəm".

Ömər Xəyyam:

Qızıma görə anamı da, həyat yoldaşımı da zəlzələyə qurban verdim - Ömər  Xəyyam

"Əzizim, dostum Zaman Piriyevin yeni məqaləsini oxudum və açığı, çox üzüldüm.

Əslində, mən bu sözləri birbaşa əzizim, dostum Zamanın özünə də deyə bilərdim, fəqət düşündüm ki, bu dəfə də məni dinləməyəcək, həm də fürsətdir, bəlkə, o biri qələmdaşlar da bir misqal səbir götürdülər, kim bilir...

Çox tələsirsən, əzizim, dostum Zaman.
Adın Zaman olsa da, özün yaman səbirsizsən.

Azı, otuz dəfə demişəm ki, yazdığınızı dərc etməyə tələsməyin.
Bir situasiya tapırsınız, yanına-yörəsinə ağzınıza/ağlınıza gələni soxuşdurub qaçırsınız redaksiyalara ki, bəs hekayə yazmışam, tez bunu dərc edin.

Mən günə iki belə “hekayə” yazaram.
Ancaq yazmıram. Niyə? Çünki ədəbi ədalət hissim imkan vermir ki, mənə matah görünən, bəh-bəhlə tapdığım situasiyanın yanına-yörəsinə ağzıma/ağlıma gələni soxuşdurub dərc etdirim...

Adicə status yazanda əl-ayağım əsir.
Bu nə cəsarət?
Bu nə cürət?

Yalançı təriflərə inanmayınız, əzizlərim.
Belənçi hekayə olmur, olmamalıdır!

Belənçi yazının adını hekayə yox, məndən olsa, deyingənlik qoyaram.
Müəllif eləcə deyinir.

Problem haradadır? Bu hekayədəki qəhrəmanın, yaxud hekayədəki obrazların problemi nədir?
Hə, əlbəttə, deyəcəksiniz ki, hekayə təkcə problemi göstərmək üçün deyil ki... Mən də güləcəm, güləcəm və deyəcəm ki, bəs yaxşı, haradadır ədəbi estetika, üslub, tema... və siz yenə eşitməyəcəksiniz, yenə yazacaqsınız, yazacaqsınız və redaksiyalara tələsəcəksiniz.

Nə demək olar belənçi mətnlər haqqında?
Özü də mən təkcə səni nəzərdə tutmuram a, əzizim, dostum Zaman. Olsun ki, inciyərsən, hirslənərsən, ancaq narahat olma, əksəriyyəti sənin kimi tələskəndir.

Bəs hekayə necə yazılmalıdır?
Həə, bu ayrı məsələdir və ikinəfərlik söhbətdir.

Ancaq dəqiq deyə bilərəm ki, hekayə belə yazılmamalıdır..."

Orxan Həsəni:

İnziva - Orxan Həsəninin yeni hekayəsi

"Hekayə diqqətimi heç nəylə cəlb eləmədi. Maddi problemlər, həyatla döyüş, kənd-şəhər, yazıçılıq həvəsi - demək olar hamısı havada qalıb, bir-birinə bağlanmayıb. Necə deyərlər, sadəcə, inanmadım..."

# 1609 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #