Kulis.az Zaman Piriyevin "Milyonçu olmaq istəyən kuryer" adlı yeni hekayəsini təqdim edir.
Dekabr ayında Bakının üzünü görmə! Bilmirsən gülür, bilmirsən ağlayır. Hərdən elə dolur ki, deyirsən, bu dəqiqə beş cərgə yaş tökəcək. Amma elə bil bu, şəhərin yerli sakinlərinin heç vecinə də deyil. Bəlkə də şəhərin belə hərdəmxəyal havasına öyrəşiblər. Elə ki yağış başlayır, küçələrdə islanan ancaq rayondan gələn adamlar olur. Şəhər camaatı bütün daldanacaq yerləri sanki əvvəldən tutublar. Yollarda tıxac acı bağırsaq kimi uzanır. Şəhəri tanımayan xam sürücülərin "nə poxa düşdüm" dediyi saatlarda kuryerlərin işi lap çətinləşir. Bəziləri elə bilir ki, bu tıxacların səbəbkarı onlardır. Dalınca söyən kim, yol verməyib küncə sıxan kim. Elə bil, onlar başqa planetdən gəliblər.
Bu gün də həmin günlərdən biri idi. Sadiq təzə başladığı kuryer işinin ağırlığını ilk günlərdən hiss etmişdi. Amma neyləsin, rayonda dolanmaq çətin olduğundan ailəsini də götürüb şəhərə gəlmişdi ki, arvad-uşaq yanında üzüqara qalmasın. Evdə ac qaranquş balaları kimi ağzını açıb yemək gözləyən üç uşaq, bir də kirayə haqqı, hamısı onun belində ağır şələ idi. Ona görə də çətinliyə səbr edib işləməkdən başqa yolu yox idi. Ali təhsil almışdı. Amma heç vaxt ixtisası üzrə işləməmişdi. Qaz idarəsində, işıq idarəsində gəncliyini çürütmüşdü. Həm tərs, həm də qırmızı adam idi. Hər dəfə yeni işə başlayanda özünə söz verirdi ki, balalarının xatirinə susacaq. Lap dünya dağılsa belə, heç vecinə də almayacaq. Amma bu sözünə az bir müddət əməl edə bilirdi. Mütləq bir qəmbərqulu çıxmalıydı.
Bakıya köçməyi lap əvvəllər də düşünmüşdü. Ancaq hər dəfə bir iş tapırdı və beləcə ilişib qalırdı rayonda. Axırıncı işi su idarəsində olmuşdu. Bir qohumu xahiş-minnətlə düzəltmişdi. Amma dönə-dönə tapşırmışdı ki, burda da bir hoqqa çıxarmasın. Heç kəsi inandıra bilmirdi ki, məndə bir təqsir yoxdur, problem özü gəlib məni tapır. İşi qapı-qapı gəzmək idi. Bir neçə evdə qeyri-qanuni xətlər aşkar edib idarəyə məlumat versə də, o filankəsin evidir, bu bəhmənkəs müəllimin qudasının evidir deyərək ona xəbərdarlıq edirdilər. Amma kasıb, yiyəsiz adamlar borclarını ödəyə bilmədiklərinə görə dərhal sularını kəsirdilər. Artıq buna dözə bilmirdi. Gəlib müdirin düz üzünə dedi ki, adam yezidlik eləməz. Nolsun ki, kasıbdırlar, axı onların da su istifadə etmək haqları var. Nətər olur ki, filankəs, bəhmənkəs qeyri-qanuni sudan istifadə edir, ona bir söz deyə bilmirsiz, amma kasıb-kusuba yayın bu cırhacırında zülm eləyirsiz. Qapını çırpıb getmişdi. Bir neçə ay işsiz qaldığından bütün günü evdə kitab oxuyur, nəsə cızma-qara edirdi. Tələbə vaxtı hərdən şeir zad da yazırdı. Özünü təsdiq etmək, əslində heç də gərəksiz adam olmadığını sübut etmək istəyirdi. Hərdən ona elə gəlirdi ki, bəşəriyyəti xilas edə biləcək bir potensial var içində, sadəcə onun kimi adamlara hamı qısqanclıqla yanaşır. Sonra küçədə-bacada insanların saymazyana onun yanından keçdiyini görəndə ruhdan düşür, özünə inamı sarsılırdı. Lakin bütün dahilərin öz dövrlərində adam yerinə qoyulmadığını düşünəndə kefi düzəlir, hər şeyin yaxşı olacağına ümidlənirdi. Öz gələcəyini yaza-yaza yaşamaq istəyirdi. Qalın bir dəftər alıb birinci vərəqdə tarix qeyd etdi. Düşünmədən 2030-cu il yazdı.
Bakıya köçməyə qərar verməsi bir günün içində oldu. Anası səhər obaşdan vacib məlumatları mətbəxdən anons edirdi. Köks ötürə-ötürə deyinirdi ki, bəs deməzsən, pinti Gülarənin balaca gədəsi Bakıdan ev alıb. Bizimkilərə gələndə bir tikə çörək qəhətə çəkilir. Camaatın balasının bəxti var.
- Ay arvad, səhər obaşdan, iki daşın arasında hardan öyrəndin bu xəbəri?
Rəhim kişi səbrli adam idi. Əslində bu səbr də deyildi, sükunət idi. İllərin ağrı-acısını bir neçə atalar sözündə toplayıb, məqamı çatanda deyir, sonra öz içinə çəkilib susurdu.
- Gülarə dünən qonşuların yanında genəlirmiş ki, Aqşinim Bakının ən yaxşı yerindən ev alıb.
- Qar qarın üstünə yağar da!
Sadiq başa düşdü ki, atası iki, üç nəsil o yana kasıblığa işarə vurmaqla ona seçim yeri qoymur. Dədən, baban kasıbdırsa, sən də kasıb olmalısan, vəssalam!
Pinti Gülarənin balaca gədəsi Aqşin ondan iki sinif aşağı oxumuşdu. Adını yaza bilməsə də, diribaş uşaq idi.
Bütün günü götür-qoy elədi, telefonda qurdalandı, iş adamlarının həyatı haqqında xəbərləri oxudu, nəhayət, Bakıya köçməyə qərar verdi.
Bu işi dayısı oğlu Vüsalın dostu Taleh düzüb qoşmuşdu. Qaynatası təzəliklə kafe götürmüşdü. O, səhər saat 8- də evdən çıxıb, axşam 12-də evə çatırdı.
İşlədiyi kafe şəhərin mərkəzində olduğu üçün əvvəlcə elə bilmişdi ki, burda insanlar daha mədəni, daha səxavətli olar. Odur ki, bütün planlarını bu ehtimala bağlayıb özünə isti əyin-baş almağı düşünmüşdü. Çünki havalar soyuyandan bəri paltarlarının Bakının sərt küləklərində canını qızdırmayacağına tam əmin olmuşdu. Neçə dəfə özünü aldatmağa çalışsa da, lakin bu həna o hənadan deyildi. Həmişə o soyuqdəyməni ilk olaraq körpücük sümüklərindən hiss edirdi.
İşlədiyi kafenin sahibi tanış adam olduğundan ona bəzi güzəştlər etmişdi. Adətən, kuryerlər çatdırılma işini motosiklet və ya moped ilə görürlər, lap az sayda velosipedə rast gəlmək olur. Ancaq Sadiqin bu cür imkanları olmadığı üçün yemək sifarişlərini yaxın yerlərə ayaqla, bir az uzaq yerlərə avtobusla çatdırırdı.
İşə başlamasından on gün keçmişdi. Ərazini yaxşı tanımasa da, yaşından-başından utanıb gedəcəyi ünvanı heç kəsdən soruşmurdu. Tələbəlik illərindən bir az da olsa şəhərə bələdçiliyi var idi. Amma ötən illər ərzində şəhər çox dəyişmişdi. Həm də özünü yaxşı tanıyırdı. Hər şeyi səhv edə-edə öyrənirdi. Əziyyət çəkməyə alın yazısı kimi baxırdı. İşi çətinə düşəndə deyirdi ki, anam məni əziyyət üçün doğub. Bəlkə də bunu təsəlli üçün deyirdi. Amma bu, işə yarayırdı.
Səhərdən yağış dayanmadan yağırdı. Adətən, sifarişlər günorta saatlarında olurdu. İlk sifarişi götürüb ünvanı və telefon nömrəsini dəftərçəyə yazdı.
Hüseyn Cavid prospektində yerləşən bir geyim mağazası idi. Düşündü ki, yəqin yaxın ərazidə olar. Ona görə də sürətli addımlarla kafedən çıxıb park istiqamətində getdi. Amma bu adda bir ünvana rast gəlmədi. Artıq parka çatmışdı. Verilən nömrəyə zəng etdi.
- Alo, bağışlayın, sizin ünvan dəqiq necədir?
- Aaaa, hələ siz çatmırsız?!
- Xanım, üzr istəyirəm, ünvan dəqiq yazılmayıb, sadəcə H.Cavid prospekti, Kristina mağazası deyilib mənə.
- Hə də, prospektin arxa tərəfi Ələsgər Ələkbərov küçəsi, 19 b.
- Belə deyin də, oldu, az müddətdə çatdırıram.
- Bir az tez olun.
- Baş üstə.
Küçələrdən sel gedirdi. Piyada səkilərinə döşənmiş daş plitələrin çoxu çökdüyündən gölməçələr əmələ gəlmişdi.
Mağazaya girəndə bütün paltarları su içində idi. Bir az utandığından, bir az da sifarişi gec gətirdiyindən başını aşağı salıb pörtmüşdü.
- Aaa, bağışlayın, sizə əziyyət oldu. Piyada gəlmisiz?
- Hə, məsafə yaxın olduğu üçün piyada gəldim. Amma görürsüz də, ünvanı səhv saldığımdan gec gəldim. Üzürlü sayın.
- Yox, nə danışırsız, siz bağışlayın.
- Buyurun.
Ordan çıxıb qaça-qaça kafeyə gəldi. İçəri girən kimi yeni sifarişin olduğunu dedilər.
- Ünvan haradır?
- Fövqəladə Hallar Nazirliyi. Nömrəni yaz, götür, çatanda zəng elə, düşüb götürsünlər.
- Oldu.
Yağış var gücü ilə yağırdı. Əvvəlcə düşündü ki, avtobusla getsin. Dayanacaqda bir neçə dəqiqə gözlədi, amma avtobusun gəlmədiyini görüb üzü H.Cavid parkına tərəf sürətlə getdi. Vergilər nazirliyinin qarşısına çatanda anladı ki, səhv gəlib. Telefonuna dayanmadan zəng gəlirdi. Gah müştəri, gah da kafedən zəng edib harda qaldığını soruşurdular. Bir neçə dəqiqəyə çatıram deyib sürətini daha da artırdı. Kəsə yolla gedib tez çatmaq istəyirdi. Ara məhləyə girib ordan əsas yola çıxmaq üçün qaçmağa başladı. Gəlib məhəllənin sonunda divara dirəndi.
- Nə işə düşdüm, ay Allah, özün kömək ol!
Gəldiyi yolla geri qayıtdı. Artıq qıçları tutulmuşdu. Qaçmağa taqəti qalmamışdı. Məhəllənin başında bir topa küçə iti yağışdan qorunmaq üçün köhnə " Qaz-24" ün altına yığılmışdı. Onu görən kimi hürüşməyə başladılar. Uşaq vaxtından itdən çox qorxurdu. Bir təhər canını qurtarıb yola çıxa bildi. Zeytun ağacının altına girib dərindən nəfəs aldı. Yadına təzəlikcə eşitdiyi bir misal düşdü: "əri döyən gəlini it də tutdu". Acı-acı gülməyə başladı. Telefon zəngi onu lap gic eləmişdi. Yağış damcıları ekranın qulaqlığını xarab etdiyindən heç nə eşitmirdi. Xəttin o başından qəzəbli qadın səsinin gəldiyini hiss etdi.
- İki dəqiqəyə ordayam.
- Cəhənnəmə gəl......
Ardını eşidə bilmədi. Amma yəqin ki, söydü.
Nazirliyin girişində dayanan uniformalı qadını görəndə dili topuq vurmağa başladı.
-Bağışlayın, sifarişi siz vermişdiniz?
- Adə, araya qoymusan məni?! Qırx dəqiqədir səni gözləyirəm.
- Siz Allah, bağışlayın! Ünvanı səhv salmışdım. Bir də olmaz.
- Bir də sizə sifariş verəcəm, elə bilirsən? Axırıncı dəfə olsun. Al pulunu, get, kəntoş.
Artıq yağış təsir eləmirdi. Gələcəkdə yazacağı memuar üçün əla mövzu idi. Milyonçu olan kuryerin həyatı haqqında çəkiləcək filmin hər anı tamaşaçıda xoş hisslər yaratmaqla yanaşı, həm də bir ümid işığı olmalı idi. Öz-özünə gülümsədi. Nə vaxtsa buna oxşar sənədli filmə baxmışdı. Türkiyədən olan bir iş adamının lap gənc yaşında əvvəlcə kuryer, sonra lokanta, sonra isə restoranlar şəbəkəsinin sahibi olması haqqında maraqlı bir film idi. Adam o qədər sakit və inamlı danışırdı ki, elə bilirdin, bütün uğur hekayələrinin əvvəli kuryerlikdən başlayıb. Onun bu yolda çəkdiyi əziyyətlər üç-beş cümlənin deyilməsinin ağırlığı qədər hiss olunmurdu. Demək, onun da hekayəsi belə tərsliklə başlamalı idi. Yağış, külək, islanmış paltarlar, müştərilərin kobudluğu, bütün bunları ən incə detallarına qədər danışmaq lazım idi. İçinə sərinlik çökdü. Bir anlıq milyonçu olmağın gətirdiyi qəribə hisslərlə ayaqlarında əminlik hiss etdi. Yoxsulluq və zənginlik arasındakı uçurumu gördü. O tərəfdə göylər daha uzaqda idi. Elə bil, heç olmamışdı. Bu tərəfdə isə yorğun əllərin döyəclədiyi göylərin qapıları... Bir-birindən uzaq iki dünya, iki səma... Bu seçim deyil, taledir. Uzun səfərdən sonra yorğunluqdan zövq alan dərviş kimi bədəni uçunurdu.
Əynindəki yaş paltarlar da daha vecinə deyildi. Uniformalı xanımın dönə-dönə üzr istəməsi bu filmin ən təsirli yeri olmalı idi.
Yolu uça-uça keçib kafeyə tərəf getdi.
Alxasın qanı qara idi. Bu kafeni götürəndən bəri işləri düz getmirdi. Sadiqi görən kimi qəzəbini nə qədər gizləməyə çalışsa da, səsindəki xırıltı bir ton da yuxarı qalxmışdı.
- Eloğlu, məni niyə biyabır eləyirsən? İşlərin düz getmədiyi bir vaxtda müştərilərimi niyə qaçırırsan? Sənə görə mənə itin sözünü dedi.
- Vallah, o qədər başımı itirdim ki, səhv getmişəm. Bir də olmaz.
- Sən sabahdan işə çıxma. Yaxşısı budur, qayıt kəndə, bir işdən-gücdən tap. Şəhərdə sənin üçün çətin olar. Özün görürsən mənim vəziyyətimi. Güc bəla ilə çatdırıram.
- Siz narahat olmayın, hər şey yaxşı olacaq.
Bu sözü o qədər əminliklə dedi ki, Alxas duruxdu, bilmədi ki, işdən qovulmağına sevinir, yoxsa kədərlənir.
- İnciyib eləməyəsən, ha! Nə vaxt istəsən, gəl, qapımız üzünə açıqdır.
- Yox, nə incimək, hər şey qaydasındadır.
....bunu da mütləq yazacam....
Öz-özünə dediyi sözü Alxas eşidib narahat oldu:
- Nəyi? Nə yazacaqsan?
- Heç nə, elə belə dedim.
- Birdən gedib nəsə orda-burda yazarsan, ha ! Ayıb olar.
- Yox, narahat olmayın. Kitab yazıram, cümlə qururdum.
- Əşşi, işin-gücün yoxdur, indi kitab oxuyan var? Get özünə əməlli bir sənət tap.
- Görəcəksiniz, mənim kitabımı hamı oxuyacaq, hələ film də çəkiləcək haqqımda.
- Ay uşaq, Sadiqə isti bir çay ver, qoy canı qızsın.
... Vallah, bunun başı xarab olub, kitab yazacaqmış...