Hvanq Sok Yonqun "Şəhzadə Bari" romanı haqqında - Orxan Adıgözəl yazır...

Hvanq Sok Yonqun "Şəhzadə Bari" romanı haqqında - Orxan Adıgözəl yazır...
5 may 2023
# 10:36

Kulis.az Orxan Adıgözəlin Cənubi Koreya yazıçısı Hvanq Sok Yonqun “Şahzadə Bari” romanından bəhs edən yazısını təqdim edir.

“Şahzadə Bari” romanı bir qızın uşaqlıqdan bəri çəkdiyi iztirablar barədədir. Cənubi Koreyalı yazıçı Hvanq Sok Yonqun yazdığı bu kitab əziyyət-işgəncələr və tənhalıq ağuşuna atılmış Bari adlı qızın həyatından bəhs edir.

“Bari” elə “tulla, atmaq, atılmış” mənasına gəlir. Ona bu adın qoyulması da təsadüfi deyil. Ailədə yeddinci qız uşağı kimi dünyaya gələn sonbeşik Bari o dəqiqə neqativ hal ilə qarşılaşır.

Atası böyük ümidlərlə oğlan uşağı gözlədikcə, tale ona rişxənd edir və ancaq qız uşağı verir. Yeddinci uşaq doğulan kimi onun cinsinin qız olduğunu görən ana ağlayır və yeni doğulmuş körpəsini götürüb qəsəbədən uzaqdakı şam ağacları ilə örtülü meşəyə gətirib qurumuş kolların arasına atıb evə geri dönür. Nənə, gəlinin amansız hərəkətindən xəbərdar olandan sonra qəsəbənin hər yerini ələk-vələk edir, ancaq uşağı heç yerdə tapmır. Yeni doğulmuş nəvəsinin xiffətini çəkən nənə evə ümidsiz şəkildə qayıdarkən, uşağı itin yuvasında görüb sevinir. “Sübh küləyinin soyuğundan donub ölər” niyyəti ilə meşəyə atılmış uşağı xoşbəxtlikdən evin iti Hyindungi tapıb gətirib öz yuvasına salır. Buna görə də nənə öz nənəsindən eşitdiyi “Şahzadə Bari” nağılının qəhrəmanın şərəfinə evin sonbeşiyinə “Bari” adını qoyur, hansı ki, bu söz “atmaq, tullamaq” mənasına gəlir.

Çin-Şimali Koreya sərhədindəki Tumen çayının Koreya olan hissəsində yaşayan ailə 90-cı illərin gətirdiyi səfalətin şahidi olduğu dövrdə Bari hələ çox balaca idi. Kütləvi aclığın və bu böhranın yaratdığı çoxsaylı bədbəxtlikləri uşaqlıqdan görməyə başlayan Bari o vaxtdan yetişməyə başlayır. Bu yetişmə-bişmə əziyyətlərin və itkilərin xəmiri ilə yoğrulur və Barini daha da qüvvətləndirir. Həyatın qaranlıq tərəflərini, tünd zəhərə malik kələfini öz zərif çiyinlərinə almış Bari məşəqqətli həyata uşaqlıqdan alışır. İnsan nələrə alışmır ki?!

Bari doğmalarını itirsə də, aclıq, soyuq, intəhasız daxili iztirablar, fiziki əziyyətlər görsə də, o, sınmır. Fikirlərini işğal etmiş, ürəyinə sarmaşıq kimi yapışmış bütün xoşagəlməz hadisələrin ovqatının daim od kimi yanan alovundan xilas olmaq, onun sirli məsaməsindən həqiqi, rəngli dünyaya bircə dəfə də nəzər salmaq həvəsi qızın qəlbinə od salır. Həmin od onun ürəyində həmişə şölələnir və oranı isti saxlayır. Bu istilik sayəsində Bari ümidlə mübarizə aparır və dünyanın dəhşətləri qarşısında mətanətli duruş sərgiləyə bilir.

Yaşadığı bölgədə çayda aclıqdan, xəstəlikdən ölmüş adamların meyitlərini görmək onun və onun kimi balaca bacılarının uşaq üçün görməli olduğu mənzərələrdən olmamalı idi. Ancaq qapını qəfil döyən böhran ailə üzvləri ilə bərabər, Barinin uşaqlığını da əlindən alır. Uşaq inamı, uşaqlıq nəşəsi – bu fərəhli, qayğısız “cahillik” onu birdəfəlik tərk edir. Bari dəhşətə gəlir. Onu dəhşətə gətirən şeylər yaxınlarının ölümü, şahidi olduğu aramsız səfalətlər deyildi, yox. Barini silkələyən əsas məqam sirli-soraqlı dünyanın bundan sonra onun başına gətirəcəyi müsibətlər idi. Bu zavallı Barinin olduqca tez qədəm basdığı həyat idi – o həyat ki, bundan sonra balaca qızcığazın qarşısında qaranlıq meşə kimi uzanıb gedəcək və öz təhlükəli sıxlığını, qaranlıq tərəflərini ona göstərəcəkdi.

Bundan sonra enişli-yoxuşlu həyatın bütün ağırlığını öz bərkiməmiş çiyinlərində daşımalı olacaq qız, uşaqlığın fərəhli firavanlığından, birdən-birə təkbaşına dərin uçuruma yuvarlanır. Ancaq bu dəhşətli hadisələrin gətirdiyi emosiyalar onun beyninə pərçim olaraq Barini boğmaqla hədələsə də, o, təslim olmaq istəmir.

Həm də Bari, bu hadisələr burulğanında nə isə yeni bir boşluq olacağını qabaqcadan görür. Ümumiyyətlə bu qədər çətinliyin qarşısında Barinin özünəməxsus, qeyri-adi bacarığı da üzə çıxır. Uşaqlıqdan bəri bunu duysa da, yeniyetmə dövründə Çinə gedib orada akupunktura və ayaq masajı edərkən müştərilərin ayaqlarının altlarındakı bəzi nöqtələrə toxunmaqla, onların keçmiş həyatı ilə bağlı hadisələri görə bilən Bari bu tərəfini də kəşf etmiş olur.

“Şahzadə Bari” romanı özündə magik realizmi əks etdirən elementlərlə də zəngindir. Bari ölən kəslərin ruhu ilə bərabər bəzi şamanları, kabusları da görür, müəyyən paralel dünyalar arasında telepatik səyahətə çıxma imkanına malik olur. O, bu şəkildə ölən nənəsi və iti ilə əlaqə saxlayır, bəzi hadisələrin mənasını bu şəkildə sezir.

Doğrudan da, Koreya şamanizmində tarixi Şahzadə Bari nağılı var. Həmin nağılın qəhrəmanı kralın yeddinci qızı barədədir. Kralın oğlu olmur və doğulan yeddinci uşaq da qız olduğu üçün evdən uzaqlaşdırıb, harasa atırlar. Şahzadə Bari isə yeraltı dünyaya gedir, başına müxtəlif hadisələr gəlir. Onun əsas hədəfi isə “həyat suyu”nu tapmaq olur.

Beləliklə, yazıçı Hvanq Sok Yonq öz kitabında bu nağıl ilə müəyyən paralellər qurub, onu bu günkü dünyamızla əfsanənin mistik ruhu ilə qarışdırmışdır. Etiraf etmək lazımdır ki, o, bunun öhdəsindən çox uğurla başa gəlib. Mistika ilə reallıq əl-ələ tutub elə gedirlər ki, oxucu bu cütlüyün qarışıq məziyyətlərindən, tandem yaratmış ağlı-qaralı enerjisindən təngə gəlmir. Hər şey peşəkar aşbazın hazırladığı şəkildə dadlı-duzlu alınıb. Bədii-ədəbi inqrediyentlər öz haqqını ən dadlı şəkildə verə bildiyi üçün oxucu sıxılmır. Romanın təhkiyəsi ipək yolda avtomobil sürmək kimi ləzzətli təsir bağışlayır.

Yazıçı, Barinin timsalında işgəncələr altında yaşayan digər qadınları da yada salır. Bugünkü dünya nə qədər sivilizasiya mərhələsinə çatsa da, elmdə-texnologiyada yüksəlsə də hər saat qadın istismarı yeni məcra alır. O, bir anlıq belə səngimək bilmir. Həm öz ailələrinin tərkibində, həm iş yerlərində, həm də ictimai həyatın müxtəlif dayanacaqlarında qadınlar qısnanır, psixoloji və fiziki zorakılıqlara məruz qalırlar. Hələ dünyaya gəlməmişdən onlar barədə mənfi fikirdə olan adamların enerjiləri ilə qarşılaşan qız uşaqları ya atılırlar ya da istənilməyən uşağa çevirilirlər. Bu da dünyamızın aqressiv dairəsini daha da genişləndirir. Məmnuniyyətsiz qarşılanan, cinsi ayrıseçkiliyi uşaqlıqdan görməyə alışmış qadınlar aldıqları psixoloji travmalarının yükünü təbii ki, sevgi ilə yox, mənfi hallar gətirən, zərərli davranış mexanizmi ilə sərgiləmək yolunu tuturlar. Çox az hal ola bilər ki, oxşar situasiya ilə üzləşən qızlar Bari kimi şücaətli və hər şeyə rəğmən ümidli olmağı bacarsınlar. Bu hər kəsə müvəffəq olan hal deyil. Bu səbəbdən yazıçının əməyi ilə bərabər onun ötürdüyü müqəddəs sayıla biləcək mesajları təqdir etmək lazımdır. Çünki, o, qadınların səsini, azadlıq hayqırışını, məzlumluqdan xilas olmaq çığırtılarını öz gözəl romanı vasitəsi ilə dünyaya çatdırıb. Bu etirazçı səs demək olar ki, kitabın hər səhifəsindən eşidilir və səssiz cümlələrin tonu ilə oxucunun zəhnində yüksəklik tapır.

Barinin hekayəsi qadınlara təslim olmamağı öyrədir. Hətta nə qədər sərt, avtoritar rejimli ailədə, cəmiyyətdə yaşasan da, özünə inanmalı, alternativ yollarla irəliləməli və dirəniş göstərməlisən. Xoşagələn cəhət həm də odur ki, Bari etirazını, mübarizəsini qışqırmaqla, dağıdıcı yollarla deyil, əksinə mülayim formada vəziyyətə uyğunlaşaraq, səbirlə davam etdirir. O, “həyat suyu”nu ümidlə axtarır və yavaş-yavaş anlayır ki, öz istəyinə qəlbini bürümüş nifrətdən xilas olaraq, bağışlamaqla nail ola bilər. Əlbəttə, Bari adekvat və elastik xasiyyəti ilə qarşılaşdığı ağıllı insanlardan çox şey öyrənir və beləcə ona atılan daşlardan özünə yuva tikməyi bacarır. Məhrumiyyətlər, məhdudiyyətlər Barini öyrətməklə, qüvvətləndirməklə bərabər, həm də amallarına doğru getmək yolunda körpü qurmağına vasitəçi olur. Bari ağılla hərəkət edir və öyrənmə qapılarını taybatay açır ki, görüb götürsün. Onu emosianal formada saxlayan, rasional qərarlar verməyə təşviq edən əsas amillərdən biri də bu nüans olur.

Bari həm mistik dünyanın ənginliklərinə gedib-gəlir, həm də real həyatda bir neçə məkana səyahət etmiş olur. Romanda mental, dini və milli ənənəlirin təsviri ilə birgə dünyamızın qlobal hadisələrinə çevirilmiş siyasi hadisələrin təzahürləri olan qaçqınlıq, miqrasiya və onların gətirdiyi çətinliklər də əks olunub.

(Kitab Azərbaycan dilinə tərcümə edilib, “TEAS Press” nəşriyyatı tərəfindən nəşr edilib)


Xoş mütalilər!

# 2151 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #