Ərini öldürən rəssamın səssizliyi – Məşhur roman haqqında

Ərini öldürən rəssamın səssizliyi – Məşhur roman haqqında
23 oktyabr 2022
# 10:00

Kulis.az Orxan Adıgözəlin “Səssiz pasiyent” yazısını təqdim edir.

Müəyyən bədii əsərlər var ki, onların hamı tərəfindən oxunulmasını istəyirsən. Həmin kitabları az qala hər kəsə tövsiyə etmək, cəmiyyətin o nümunələrdən faydalanmağını arzu edirsən.

Aleks Mixaelidesin(Alex Michaelides) “Səssiz pasiyent”(“The Silent patient”) romanı da o qəbildən olan kitablardandır.

Dostum “Səssiz pasiyent”i mənə çox tərifləmişdi. Dediyi kimi də oldu. Romanı çox bəyəndim. Ziqmund Froyda, onun psixoanaliz təliminə rəğbətimdən dolayı, kitab mənə daha doğma və isti gəldi. Həyatımın vacib elementlərindən olan psixoanalizi, bədii ədəbiyatda, filmlərdə görəndə, çox sevinir, o nümunələrə qarşı daha xoş münasibətlə bağlanıram.

Beləliklə, sizin psixoanaliz, psixologiyaya marağınız varsa, “Səssiz pasiyent” romanının ürəyinizcə olması ehtimalı böyükdür. Zövqlər müxtəlif də olsa, psixologiya maraq dairəsində ilk sıralarda yer almasa da, bu romanın süjetindəki dinamika, həyəcan aşılayan hekayə - Mixaelidesin kitabını bütün dünyada məşhur edib.

Alisiya Berenson adlı rəssam, əri Qabrieli öldürəndən sonra danışmır. Məhkəmədə də ağzını açıb, özünü müdafiə etmir. O, “Alkesta” adlanan avtoportret rəsm çəkməklə kifayətlənir. Məhkəmə onu həbsxanaya yox, psixatrik mərkəzə yönəldir. Teo Faber adlı psixoterapevt illərdir danışmayan, heç kimlə ünsiyyətə girməyən Alisiyanı danışdırmaq niyyəti ilə həmin psixatrik mərkəzə işə düzəlir.

Süjet haqda bundan artıq nəsə yazmaq, spoyler vermək niyyətində deyiləm. Marağınızı “öldürər” deyə, kitabı alanda da onun anotasiyasına göz gəzdirməyin. Çünki orada da bir qədər spoyler var.

Aleks Mixaelides öz romanında bir çox həyati məsələyə toxunur. Psixoloji trillerin, detektiv janrının fonunda “kimdir müqəssir?” kimi fəlsəfi sual da saf-çürük edilir. Bu “müqəssirlik” cinayətin cinayətkar tərəfindən hansı motivasiya ilə törədilməsi, dağıdıcılığın köklərinin necə yetişməsi, uşaqlıq dövrünün yetkin şəxslərin davranışını necə şəkilləndirdiyini detallı şəkildə, bədii üslubla izah edir.

Məhz bu səbəbə görə əsərin hamı tərəfindən oxunulmasını istəyirəm. Bizi biz edən, xarakterimizi, temperamentimizi formalaşdıran uşaqlıqda yaşadıqlarımızdır. “Səssiz pasiyent” oxucuya həmin formalaşmanın nümunələrini göstərir. Valideynlərlə münasibətin, tərbiyənin sağlam olmasının əhəmiyyətini xoşagəlməz, faciəvi, ağrılı hekayələrlə çatdırır.

Romanda əsasən iki xətt var. Bu xəttlər Alisiya Berensonun, digəri isə onun terapevti Teo Faberin həyat yolları, yaşadıqları, təkamülləridir. Təkamül xətti elə qurulub ki, oxucu, həmin şəxsiyyətlərin zehni, ruhi hallarını dərindən duya bilmə imkanın bolluğunu yaşayır. Belə halda diqqətli, həssas oxucu hər iki şəxsi çox yaxşı anlaya, hətta psixoloqlar kimi mühakiməsiz mövqe də tuta bilər.

Emosianal yellənçək bizi sona qədər yelləyir və kitabın axırındakı gözlənilməz sonluqla baş-ayaq çevirib, çaşqın hala salır. Ümid edirəm ki, romanın keyfiyyətli bədii filmini də çəkib, kinosevərlərə də xoş anlar yaşadarlar.

Yazıçının stilinə, dialoqları qurma şəkli və təhkiyəsinə - böyük bir əhsən! O, oxucunu sona qədər maraq və gərginlik dairəsində saxlamağı bacarıb. Kiprdə doğulub, orada boya-başa çatan Aleks Mixaelides yunan mifologiyasını öyrənib, yeniyetmələr üçün nəzərdə tutulan psixatrik xəstəxanada işləyib. Bu təcrübələr onun “Səssiz pasiyent” romanının özəyini təşkil edən əsas ünsürlərdir. Evripidin “Alkesta” mifi, psixoanalitik yanaşmalar romanı bəşəri və sevimli hala gətirib. Biz, kitabda bir çox yerdə özümüzlə “rastlaşa” bilərik. Həmin rastlantılar bəzən bizi heyrətə də sala bilər. Əsas məsələ odur ki, kitab adamı düşünməyə məcbur edir. Bu düşüncələr terapevtik təsir də edə bilər. Əlbəttə bu çox fərdi haldır. Yenə də belə potensial mövcuddur və mütaliə prosesi “təmizlənmə” üçün də vasitə kimi qalmaqdadır.

İnsan niyə başqasının qanını tökmək istəsin? Bu suala da cavab ala biləcəyimiz romanla üz-üzəyik. İddia etmirəm ki, hər kəs öz istədiyi cavabı alacaq və necəsə qane olub, sakitləşəcək. Şəxsi interpetasiyalar unikal təhlil nəticələri doğura bilər. Bu, çox təbiidir. Biz çox müxtəlifik. Hadisələrə, görüb, oxuduqlarımıza da fərqli reaksiyalar veririk. Eyniləşdirmək, ümumiləşdirmək tamamilə uyğunsuz olar. Bir məsələ dəqiqdir ki, hər bir insanda yaradıcı və dağıdıcı instinktlər mövcuddur. Onlar həyatımızın bir çox aspektində özünü göstərir və bizim “sağ qalmağımıza” xidmət edir. İnsan təbiəti təzadlı və əngindir.

Sirli olaylarla dolu olan “Səssiz pasiyent” romanı – sevgi, nifrət, qarşıdurma, həzzlə qarışıq hekayəni göz önümüzə sərir. Xoş mütaliələr!

Kitab Qanun nəşriyyatında çap olunub. Tərcüməçi Sevil Gültəndir.

# 1039 dəfə oxunub

Oxşar xəbərlər

# # #