Əlixan Rəcəbovun səthi, savadsız, tipik hind filmi

Əlixan Rəcəbov

Əlixan Rəcəbov

10 noyabr 2021
# 12:10

Kulis.az kinotənqidçi Sevda Sultanovanın Əlixan Rəcəbovun “Qənimət” qısamterajlı bədii filmi haqqında yazdığı yazını təqdim edir.

Kulis.az kinotənqidçi Sevda Sultanovanın Əlixan Rəcəbovun “Qənimət” qısamterajlı bədii filmi haqqında yazdığı yazını təqdim edir.

Əlixan Rəcəbovun bir neçə həftə əvvəl Yutub platformasında yayımlanmış “Qənimət” qısamterajlı bədii filmi haqda fikir bildirməyi vacib hesab etməyəcəkdim. Əgər müəllifin ötürdüyü zərərli mesajı, pozisiyası olmasaydı...


“Qənimət”in süjeti ondan ibarətdir ki, Ağsaqqal ləqəbli (Elşən Rüstəmov) orta yaşlı adam iki gənclə birlikdə şəhərkənarında yerləşən mülkünə gəlir. Elə ilk səhnələrdən onların narkotik maddə alveri ilə məşğul olduğu aydınlaşır. Hadisənin axarı gözlənilmədən dəyişir. Ağsaqqal gənclərdən birini (Əlixan Rəcəbov) bıçaqlayır, digərini (Elşən Əsgərov) isə evin döşəməsinin altında quraşdırdığı minayla öldürür. Final səhnələrində məlum olur ki, gənclərin etibarını qazanmış Ağsaqqal sonda onlardan, 22 yaşlı qızını narkotikə aludə etdikləri üçün qisas alır...

Əlixan Rəcəbov filmində son vaxtlar aktuallaşan – gənclərin “patı”ya yoluxması problemindən danışmağa çalışır. Ancaq əsas məsələ, müəllifin cəmiyyəti narahat edən problemlərdən birinə operativ reaksiya verərək ekrana köçürməsindən çox, onu necə, hansı rakursdan həlli, traktovkasıdır.
Rejissorun mövqeyindən müsbət qəhrəman sayılan Ağsaqqal narkotik alverçilərindən amansız qisas alır. Ümumən, kinoda fərdin düşmənlərinə qarşı öz ədalət məhkəməsini qurması, qətl yoluyla haqq-hesab çürütməsi ilə bağlı cürbəcür hekayələr işlənib. Əlixan da bu yolla gedir. Lakin onun problemi-belə bir hərtərəfli mövzuya həddən ziyadə səthi, savadsız, tipik hind filmlərində olduğu kimi ağ-qara, yaxşı-pis tərəflərdən yanaşmasındadır.

Misalçün, Əlixan gəncləri ittiham edir, nifrətə köklənir, lakin onların bioqrafiyalarını göstərmir, daxili aləmini açmır. Yəni nə baş verir ki, həmin gəncər narkotik satır və istifadə edirlər? Necə bir mühitdə, ailədə yetişiblər ki, bu vəziyyətə gəlib çıxıblar? Axı, səbəbsiz nəsə baş vermir, deyilmi? Yoxsa müəllif demək istəyir ki, sorğu-sualsız, məhkəməsiz-filansız, hərənin öz bildiyi kimi kimlərisə linç eləmək haqqı var? Məhkəmələr, hüquq- mühafizə orqanları, digər əlaqəli institutlar həm də ona görə mövcuddur ki, bu suallara cavab axtarsın.

Yaxud müəllif birmənalı şəkildə 22 yaşlı qızın narkotikə qurşanmasının bütün məsuliyyətini, günahını gənclərin üzərinə qoyur, atanı (ailəni) isə niyəsə məsuliyyətdən azad eləyir. Hətta obrazını təsirli etmək, tamaşaçı duyğularını manipulyasiya etməkdən ötrü o, əsas qəhrəmanını Qarabağ müharibəsi iştirakçısı qismində seçir. Əgər ata 44 günlük müharibədə (hekayədən belə anlaşılır) iştirak elədiyi müddətdə qızı narkotikə qurşanıbsa, demək ki, ailədə nələrsə düz getməyib. Və ya qız hansı şərtlərdə, necə tərbiyə olunub, yaxud nə baş verib ki, 44 gündə özünü narkotikə təslim edib? Bəlkə müharibənin emosional-psixoloji ağırlığına tab gətirməyərək, atanın xiffətini çəkməkdən bu yolu seçib? Qısası, çox şey qaranlıq qalır və bu məsələlərdə ailənin məsuliyyəti niyəsə gözardı edilir, günah daha çox kənarda axtarılır.

Filmlərin peşəkarlığı baxımından müqayisə çox qüsurlu olsa da, hər halda mövzu baxımdan Stiven Soderberqin “Traffik” bədii ekran əsərindən bəzi məqamları xatırlatmaq yerinə düşər. Burda narkotik məsələsinin eyni zamanda sosial problemlərlə bağlılığından danışılır və qəhrəmanlardan birinin, narkotikin yayılmasına nəzarət edən idarənin rəisinin yeniyetmə qızı narkotikə qurşanır. Rejissor burda ailənin də məsuliyyətini önə çəkir, sorğulayır. Ata öz işinə həddindən artıq qapılıb, ana isə qızının narkoman olduğunu bilə-bilə susub ki, bu, ötəri həvəsdir.

“Qənimət”də isə ata sorğulanmır, günahkar bilinmir, əvəzində gitarasını əlinə alıb, dəxilsiz şəkildə Ramiz Rövşənin “Yağış yuyur, gün qurudur” şeirinə mahnı ifa edir.

Sosial mediada nəsə bir kontent paylaşan müəlliflər məsuliyyət daşıdığını bilməlidirlər. Ən əsası danışacağın hekayənin mövzusunu, obrazlarını araşdırmalısan. Filmdən anladığım o oldu ki, Əlixan mövzunu yaxşı bilmir, narkotik qurbanlarını, onların mühitini araşdırmayıb, ünsiyyətdə olmayıb. Olubsa da, problemin dərinliyini anlamayıb.

# 7813 dəfə oxunub

Oxşar xəbərlər

# # #