Çelikin "hörmətsizliyi", yoxsa cəmiyyətin "selfi terroru"?

Çelikin "hörmətsizliyi", yoxsa cəmiyyətin "selfi terroru"?
21 aprel 2026
# 16:35

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Çox uzadıb başınızı ağırtmayım, müğənni Çelikin məlum-məşhur videosu çıxdı qabağıma. Bakıda konsert zamanı insanlar onunla şəkil çəkdirmək istəyir, paltarından tutub dartır, o da məhəl qoymadan qaldığı yerdən davam edir.

Açığı, 4-5 nəfəri çıxmaq şərtilə türkiyəli müğənnilər nadir halda diqqətimi çəkib. Hə, Çelik son illərdə ortaya çıxan türk müğənnilərin çoxundan üstündür. Özünəməxsus səsi və üslubu var. Hərçənd videolardan gördüyüm qədərilə əvvəlki Çelikdən əsər-əlamət yoxdur, ancaq yenə də bizim bəzi manısların divardan-divara vuracağı adam da deyil.

Bu ölkədə Pərviz Bülbülə, Balaəli konsertə cangüdənlə gəlir. Səhnədən qırağa addım atmır.

Çelik isə insanların arasında gəzir, mahnı oxuyur. Hə, şəkil çəkdirmir. Noolsun? Adam Türkiyədə də belədir. Şəkil çəkdirmir. Bu, onun hansısa bir şıltaqlığı, Bakıya gələndə qəfil tutan "ulduz xəstəliyi" və ya kaprizi deyil; bu, illərdir formalaşmış, dəyişməz, prinsipial bir xarakterdir. O, səhnəyə mahnı oxumağa, insanlara öz sənətini, musiqisini, hisslərini ötürməyə çıxır, kiminsə rəqəmsal arxivi və ya instaqram hekayəsi üçün dekorasiya, cansız fon olmağa yox.

Sənətçinin bu xarakterinə hörmətlə yanaşmaq, onu olduğu kimi qəbul etmək əvəzinə, "niyə mənimlə şəkil çəkdirmədi, deməli, bizi saymır" deyə absurd bir ittiham irəli sürmək incəsənətin təbiətini anlamamaqdır.

Yayılan videolarda açıq-aydın görünür ki, bəzi tamaşaçılar səhnəyə yaxınlaşaraq sözün əsl mənasında müğənninin paltarından zorla dartır, onu çəkib aşağı salmağa, zorla kadra daxil etməyə çalışırlar. İndi vicdanla özünüz cavab verin, bir insanı bu vəziyyətə salmaq nə dərəcədə düzgündür?

Müğənninin səhnə geyimini dartışdırıb "gəl bura, pul vermişəm, mənimlə şəkil çəkdirəcəksən" mesajını vermək və bunu etməyəndə onu cəmiyyətə hörmətsiz kimi təqdim etmək, yumşaq desək, ayıbdır.

Ağıllı telefonlar həyatımıza bütün gücü ilə daxil olandan bəri biz "anı yaşamaq" adlı o möhtəşəm, insani qabiliyyətimizi tamamilə itirmişik. Konsertə mahnı dinləməyə, sənətkarın canlı ifasından ruhən qidalanmağa, 90-cı illərin o nostalji aurasına qapılıb xatirələrdə gəzişməyə, səhnədən gələn enerjini hiss etməyə getmirik. Biz ora sadəcə olaraq sosial şəbəkələrdəki izləyicilərimizə "baxın, mən də burdaydım" sübutunu təqdim etmək, virtual təsdiq almaq üçün gedirik.

Əgər bir tamaşaçı konsertdən 20 selfi, 10 qısa video ilə qayıtmayıbsa, o konsert onun üçün baş tutmamış sayılır. Bu, çox acınacaqlı bir mənzərədir: Biz sənətçini sevmirik, biz sənətçinin fonunda özümüzü sevirik. Çelik kimi "köhnə məktəbin" nümayəndələri isə bu cür səthi bayağılıqla heç vaxt barışa bilmirlər. Onlar istəyirlər ki, tamaşaçı onları telefonun donuq ekranından yox, canlı, parlayan gözləri ilə görsünlər, "Ateşteyim"ə, "Hercai"yə qışqıra-qışqıra qarşılıq versinlər, zaldakı o mistik anı iliklərinə qədər yaşasınlar.

Bilet pulu heç kimə kiminsə üzərində ağalıq etmək, onu şəxsi kaprizlərinə məcbur etmək hüququ vermir. Bilet pulu sənətkarın zəhmətinə, onun istedadına, illərini verdiyi yaradıcılığına verilən maddi dəyərdir,

Əgər Çelik o gün səhnədə öz mahnılarını canlı, təmiz oxuyubsa, repertuarını tam şəkildə, yüksək keyfiyyətlə icra edibsə, səhnə mədəniyyətinə riayət edib tamaşaçısına əsl musiqi ziyafəti yaşadıbsa, deməli, o, öz peşəsinə və tamaşaçıya ən böyük hörmətini nümayiş etdirib. Onun əsas işi və borcu budur.

# 705 dəfə oxunub

Oxşar xəbərlər

"Azərbaycan xalqı onun qoyduğu irslə fəxr edə bilər..." - Dünya liderləri Heydər Əliyev haqqında

"Azərbaycan xalqı onun qoyduğu irslə fəxr edə bilər..." - Dünya liderləri Heydər Əliyev haqqında

14:00 10 may 2026
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

11:03 10 may 2026
Kamal Abdulla:  "Heydər Əliyev kimi şəxsiyyətin gəlişi bizim üçün Allah vergisi idi" - TARİXİ ŞƏXSİYYƏT

Kamal Abdulla: "Heydər Əliyev kimi şəxsiyyətin gəlişi bizim üçün Allah vergisi idi" - TARİXİ ŞƏXSİYYƏT

10:00 10 may 2026
"Modern Talking" qrupunun üzvü Bakıda

"Modern Talking" qrupunun üzvü Bakıda

16:05 9 may 2026
Elza Seyidcahan:  "10 ildir festivallara eyni adamları çağırırsınız"

Elza Seyidcahan: "10 ildir festivallara eyni adamları çağırırsınız"

14:35 9 may 2026
İrqçilik divarlarını səsi ilə uçuran opera əfsanəsi

İrqçilik divarlarını səsi ilə uçuran opera əfsanəsi

14:08 9 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər