NASA-nın qatqısıyla kosmos ətrinin hazırlanmasına başlayıb. "Eu de space" adlanan ətrin necə qoxacağı hələ ki dəqiq deyil. Kosmos, asteroid qoxusu ilə bağlı məsələ yəqin ki, ətriyyatçıları zaman-zaman düşündürüb. Kulis.az ətriyyatçı, yazar Murad Məsudun 2 il əvvəl bu mövzuda yazdığı "Asteroid B612-nin ətri" essesini təqdim edir.
- Bir az da sağa yaxınlaşdır,odey odu da, yaşıl dam, yanında da Akifin quşxanası… Bir az da yaxınlaşdırsan, “ağ maya”nı da görərsən…
Maraqlısı odur ki, insanlar “Google map”də adətən öz yaşadıqları ünvanı axtarıb tapmağa daha çox həvəslidirlər, nəinki adını eşidib, amma görmədikləri, fərqli yerləri kəşf etməyə.
Mən də bu yaxınlarda “Google map”də "Bilbao-Guggenhaym" muzeyi ətrafındakı bütün məhəllələri gözdən keçirmişəm.
"Balaca şahzadənin hansı planetdən gəlməsini demək üçün məndə ciddi əsaslar vardı. O, B612-ci asteroiddən gəlmişdi. Bu asteroid indiyə kimi yalnız bircə dəfə teleskopda görünmüşdü, onu 1909-cu ildə bir türk astronomu görmüşdü. Türk astronomu öz kəşfi barədə o zaman Beynəlxalq Astronomiya Qurultayında geniş məlumat vermişdi. Amma Osmanlı geyimində olduğu üçün heç kəs ona inanmamışdı. Böyüklər belədir də! Xoşbəxtlikdən bir türk diktator asteroid B 612-nin gətirəcəyi şöhrəti itirməmək naminə öz xalqını ölüm cəzası ilə hədələməklə avropasayağı geyinməyə məcbur etdi. Həmin astronom öz kəşfini 1920-ci ildə, qəşəng qiyafədə yenidən nümayiş etdirdi. Bu dəfə hamı ona inandı. "
Mən qətiyyən Ekzüperinin şəxsləri bütləşdirən insanların qəlbini qıra biləcəyi Atatürk haqqındakı son cümləsini müzakirə etmək üçün yazmıram, mənim azarım ətirdir.
Ətir sahəsində müxtəlif konseptlər yaranmağa başlayıb, mövzu uzanmasın deyə bu dəfə sadəcə çoxumuza məlum olan ikisini qeyd edim:
Məşhur geyim, avtomobil, şəxslərin və.s adını daşıyan brendlərə məxsus dizayner ətirlər.
Bir də var, niş ətir evləri, hansıların ki, yanaşmaları daha yaradıcı olur, ətriyyatçılığın haqqını daha çox ödəyir, niş ətirlərin müəyyən bir fəlsəfəsi, hekayəsi olur. Hətta ətirlərin hekayəsi ilə yanaşı hekayələrin də ətirləri olur.
Türkiyənin niş parfüm evi “Nişane”nin Ekzüperinin B612 astreodinin adını daşıdığı ətri kimi. Ətirin qoxusu haqqında onun çox təmiz, sabunsu rahatladıcı eleqant bir fujer olduğunu qeyd edirlər. Çox məşhur bir parfumeriya saytının Instagram hesabında mütəmadi olaraq canlı yayım üzərindən bütün dünyadan olan parfümsevərlər müxtəlif ətirləri müzakirə edirlər. Bu canlı yayımların məni cəlb edən tərəflərindən biri də odur ki, fərqli mədəniyyətdən olan insanların ətir zövqünü anlaya bilirsən, həmçinin hansısa konkret bir ətir haqqında onların fikrini öyrənmək olur. Bir dəfə də mövzu B612 üzərinə gəldi, çox təəsüf ki, hər kəs ətrin qoxusunun hansısa formada astreoidi və ya hər hansı bir kosmik elementi xatırlamadığıını qeyd etdi. Mən isə məsələyə fərqli yanaşıram. Çünkü ətir haqqında ilk dəfə eşitdikdə ağlıma nədənsə qum və metal qoxusu gəlmişdi.
Ətrin tərkibini oxuyanda çox həyəcanlanmışdım, içində həqiqətən metal qoxusunu xatırladacaq element - lavanda var. Bəli, ola bilsin ki marka sahibləri də qeyri ixtiyari olaraq asteroidin adını daşıyan ətri hazırladıqda metalı düşünüb lavandanın orda olmağını istəyiblər, bu haqda heç bir açıqlamaları yoxdur. Məsələ burasındadır ki, lavandanın tərkibində olan “Dihydromyrcenol” və “Allyl amyl glycolate” eyni zamanda metalın da qoxusunda mövcuddur. Buna əlavə olaraq onu deyim ki, qanın da qoxusunda metalı xatırladan molekullar var.
"Asta bir külək dalğası onun frakının ətəyini yüngülcə qaldıraraq, bir zamanlar inkişaf edən sənaye şəhərinin can damarı olan Nervion çayının sahilində yerləşən beton səki boyunca əsib getdi. Hava qeyri adi şəkildə müşk qoxuyurdu".
Bu Den Braunun “Başlanğıc” romanından bir hissədir. Den Braun romanlarını yazarkən maksimum dəqiq məlumatlardan, dəqiq adlardan istifadə edir. Və müşk qoxusu da Bilbaodakı “Guggenheim” muzeyinin ətrafından gəlirmiş.
Təsəvvür edin, “Google map”da muzeyin dörd bir yanında, Nervio çayının hər iki sahilində müşk qoxusunun mənbəyini axtarmışam. Axı çox spesifik və bahalı bu xammalın İspaniyada, böyük ərazidə, açıq havada qoxusu duyulacaq qədər kəskin və ya çox miqdarda müşkün istifadəsi bir az şübhəlidir.
Heç cür rahatlıq tapa bilmirəm belə hallarda, təxminən 40-45 dəqiqə ərzində o qədər incəliyə getdim ki, adından obyektin nə satdığını və ya hansı xidməti təqdim etdiyi anlaşılmayanda üzərinə klikləyərək ətraflı məlumat ala biləcəyim linklərə daxil olurdum. Nə fayda, de, bir nəticə hasil oldu? Xeyr. Müşk qoxusudu e bu, asanlıqla təslim ola bilməzdim.
Sonda mövzunu “Facebook” üzərindən müzakirəyə çıxardıqda kitabın azərbaycan dilinə tərcübəçisinin özündən soruşmaq qismət oldu, belə məlum oldu ki (əslində tam olaraq nə demək istədiyi mənə hələ də məlum deyil) o tərcümənin türk dilinə baxıb və orada yazılan "havadakı bakır kokusu vardı" cümləsini "havada mis qoxusu vardı" kimi tərcümə edib. Sonra da düşünüb ki, misin-metalın qoxusu ola bilməz, yenidən onu türk dilinə tərcümə edərək "misk gibi kokmak" bənzətməsi üzərindən "müşk qoxurdu" ifadəsi ilə uyğunlaşdırıb.
Bakır sözü azərbaycan dilinə çevrilib "mis" olub, amma misin qoxusu olmadığı üçün(!) yenidən türk dilinə çevrilib “misk” olub, sonda isə dilimizə müşk kimi tərcümə edilib. Elə türklər demiş “ne alaka?”.
Tərcümə edilərkən tərcüməçinin bütün bu kimi məsələlərdən nə qədər hali olmalı olduğunu və ya nə qədər dərindən araşdırmalı olduğunu bu sahənin mütəxəsisləri daha yaxşı bilər. İstənilən halda, həmin o yoldaşın da nəzərinə çatdırdım ki, metalın qoxusu var, sadəcə olaraq, o qoxunu duymağımız üçün qeyd etdiyim molekullar hansısa formada uçub havaya qarışmalıdırlar. Və ya nə iləsə başqa bir şeylə təmasa girərək üzə çıxmalıdırlar. Məsələn, insan dərisində olan yağlarla təmasa girən dəmir pullar, sürahilər və.s kimi.
“Uzun müddət həqiqət axtarışında yola çıxırsan son məntəqədə anlayırsan ki, bütün axtardıqların elə yolun başında idi. Bütün sualların cavabı o yol uzunu səninlə hərəkət edən, başının üzərində, yarığı olmayan göydə və ya üzərində möhkəm dağlar yerləşdirilmiş yerdə idi”.
Ekzüperinin uşaqlar üçün yazdığı bu hekayəni tam anlamaq üçün bir az da “böyüməliyik” və aşağıdakı ittihamları o qədər isabətlidir ki, bir az ciddiyə aldıqda adi bir müşk qoxusundan Bilbaoya, B612yə, metala, qana və ən ali həqiqətə səyahət edə bilirsən.
"Böyüklər rəqəmləri xoşlayır. Siz onlara yeni bir dostunuz haqqında danışsanız, onlar əsas məsələlər barədə sizi sorğu-suala tutmayacaqlar. Onlar sizdən heç vaxtsoruşmayacaqlar: "Dostunuzun səsinin ahəngi necədir? Hansı oyunları xoşlayır? Kəpənək kolleksiyası edirmi?"
Onlar sizdən soruşurlar: "Neçə yaşı var? Neçə qardaşı var? Çəkisi nəqədərdir? Atası nə qədər qazanır?"
Yalnız bu suallara cavab alandan sonra onu tanıdıqlarını deyəcəklər. Əgər böyüklərə desəniz: "Damında göyərçinlər, pəncərələrində ətirşah çiçəyi olanqırmızı kərpicdən tikilmiş qəşəng bir ev gördüm..." Onlar bu evi təsəvvürlərinə gətirə bilməyəcəklər.
Onlara demək lazımdır: "Yüz min franklıq ev gördüm". Onda böyüklər yerbəyerdən uca səslə deyəcəklər: "Nə qiyamət evdir!"
Siz onlara desəniz ki, "Sübut odur ki, balaca şahzadə yaşayıb, qəşəng oğlan olub, gülürdü, istəyirdi qoyunu olsun. Əgər o, qoyun istəyibsə, deməli yaşayıb". Belə desəniz, böyüklər çiyinlərini çəkəcək və sizinlə uşaq kimi rəftar edəcəklər. Amma onlara desəniz ki: "Balaca şahzadə asteroid B 612-dən gəlib, onda inanacaqlar, sorğu-sualdan sizin canınız qurtaracaq. Böyüklər bax belədir. Onlardan inciməyə dəyməz. Uşaqlar böyüklərə qarşı çox iltifatlı olmalıdır".