Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti

Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti
12 mart 2022
# 12:00

Kulis.az Samirə Əşrəfin "Atam, bibim və Sergey" povestindən dördüncü hissəni təqdim edir. Xatırladaq ki, müəllifin ilk povesti olan bu əsər hər həftənin şənbə günü saytımızda hissə-hissə dərc olunacaq.

Birinci hissə

İkinci hissə

Üçüncü hissə

IV hissə

Rayonda məktəblər açılan vaxt həmişə yağış yağardı. İnternatda oxuduğumuz üçün bütün məktəb paltarlarımızı dövlət verirdi. Kitab-dəftərlə də təmin olunurduq. Evdən yalnız çanta və ayaqqabı alırdılar. Bir çantanı bir neçə il götürürdük.

Sinif yoldaşlarımın valideynlərinin çoxu iş adamları idi. Saat altıdan tez evlərinə getmirdilər. Qardaşımın Yaşar adlı dostu vardı. Hamı ona Eybəcər deyirdi. Onunla biz vağzala qədər gələrdik. Bizim evə iki yol vardı. Bir yol rayonun qonaq otağı tərəfdən uzanıb stadionun yanına çıxırdı. Digəri Turac dairəsinin yanından keçirdi. Qonaq otağı tərəf bizə daha rahat idi. Amma ordan keçəndə Cəmil Əhmədov adına məktəbin uşaqları ilə dalaşardıq. Onlar bizə “İnternatın qurdlu supunu yeyənlər”, biz isə onlara “Acından günorta duranlar” deyərdik.

Həmin yolda tum satan Ziba xalanın heyvərə bir nəvəsi vardı. Uşaqlara “raqatka” ilə daş atırdı. Biz dalaşanda o əlində “raqatka” çıxar, söhbətə nöqtə qoyub deyərdi:

“Hamınız sürüşün burdan!”

Nənəmgilin evi ikinci yolun üstündəydi. Atamın bir pencəklə çıxdığı həmin ev... Biz nənəmgilin evinin yanından biganə keçə bilmirdik. Həmişə təpəni enib nənəmgilə gedərdik. Əmim evdə olmayanda xeyli oturardıq, nənəm və bibim bizə çay, cürbəcür meyvə quruları verərdilər. Elə ki əmim gəlirdi evə qəribə bir hüzn çökürdü, biz də tez qalxıb evimizə gedərdik.

Bir dəfə biz gedəndə əmimi evdə yatan gördük. Nənəm bizi qapıda qarşıladı, evə buraxmadı. Dedi, əminiz yatıb, gedin, sabah gələrsiniz. Qardaşım çox pis oldu. Biz evimizə getmək istəyəndə nənəm əlində çuqun aftafa ayaqyoluna gedirdi. Qardaşım yerdən qoz böyüklüyündə daş yığdı ovcuna və nənəmgilin aynəbəndinə tərəf atmağa başladı. Aynabəndin şüşələri buz parçaları kimi cilik-cilik olub yerə töküldü. Nənəm aftafanı atıb dizlərinə döyməyə başladı.

Qardaşım əlimdən tutub qaçmağa üz qoydu. Xəbərimiz özümüzdən qabaq gəlib çatmışdı evə. Atam bizi evimizin təmirsiz və qaranlıq otağına salıb bir neçə saat ac-susuz saxladı.

Biz bir daha dərsdən çıxıb nənəmgilə getmədik. Onsuz da havalar soyuduqca günlər gödəlirdi. Qışda dərsdən çıxanda atam darvazamızın yanında durub bizi gözləyərdi. Biz stadionun yanına çatanda onun səsini eşidərdik. O, iki dəfə qardaşımı, bir dəfə məni çağırardı. Stadionla bizim evin arasında on-on beş ev vardı. Bəzən elə olurdu ki, atam bizi çağırmırdı. Amma hər stadiona çatanda mənə elə gəlirdi ki, onun səsini eşidirəm. İndi də hərdən soyuq havalarda, şər qarışanda atamın qaranlığın içindən on beş evi adlayıb gələn səsi mənim qulaqlarımda səslənir.

Məktəbə gedəndə anam bizə mer-meyvə qoyardı, ancaq mən öz payımı yemirdim, saxlayıb internatda qalan sinif yoldaşım Gülnaza verərdim. Gülnaz atamın dərs dediyi Şükürbəyli kəndindən idi. Valideynləri ayrılmış, anası oğurluq üstündə həbs edilmişdi. Arıq, qarayanız qadın idi. Böyük bacısı qardaşı ilə kənddəki evlərində qalırdı. Qardaşı gecə-gündüz küçələrdə avaralanırdı. Bacısı hələ məktəb illərindən yaşlı kişilərlə münasibət yaşayırdı. O, səkkizinci sinfi güclə bitirmişdi. Gülnaza baxan olmadığından gətirib internata qoymuşdular. Məktəbin yataqxana bölməsində bir otağı vardı. Özü bişirib, özü yeyirdi. Bizdən iki yaş böyük idi, ancaq iki il dalbadal sinifdə qaldığı üçün bizimlə oxuyurdu. Anası məhbəsdən ona tez-tez pul yollayırdı.

Sinifdə heç kim onunla dostluq etmirdi. Bircə rəfiqəsi vardı. Adı Lida... Lidanın anası rus idi. Atası Kiyevdə işləyəndə evlənmişdilər. Lida doğulanda anası ailəsini atıb öz vətəninə qayıtmışdı. Atası ikinci dəfə evlənmişdi. Analığının doğduğu uşaqları Lida saxlayırdı. Onun saçı həmişə pırtlaşıq və bitli olardı. Gülnazla taleləri oxşar olduğu üçün yaxın idilər və eyni partada otururdular. Bir dəfə Gülnaz düz bir həftə dərsə gəlmədi. Mən ona gətirdiyim meyvələri partanın altına yığırdım. Bir gün həmin meyvələri çantama doldurub kitab almaq bəhanəsi ilə Gülnazın otağına getdim. Kitabxana onun qaldığı mərtəbədə idi.

Qapını döysəm də, səs gəlmədi. Yavaşca aralayanda gördüm, Gülnaz sakitcə yerə çöküb “maşinka”da yemək bişirir. Boğazı ağ parça ilə sarıqlı idi. Bildiyim qədər boğazında artıq ət vardı. Məni görəndə gözlərinə inanmadı. Çünki, nə mən, nə də sinfin başqa uşaqları heç vaxt onun otağına getməmişdik. Əlindəki qaşığı sup bişirdiyi qazançanın içinə atıb ayağa qalxdı. Əynində həmişəki qəhvəyi məktəbli formasının qollarını dartışdıra-dartışdıra dedi:

“Gəl əyləş, xoş gəlmisən!”

Əlimdəki meyvələri ona uzatdım, alıb pəncərənin yanına qoydu. Birdən əllərini üzünə tutub uşaq kimi ağlamağa başladı. Əvvəl elə bildim, kimsə onun xətrinə dəyib. Həm anasına, həm bacısına görə hamı ona sataşırdı axı... Az keçməmiş öyrəndim ki, Gülnazın anası məhbəsdə vərəm xəstəliyindən rəhmətə gedib.

...Gülnazın yanına tez-tez getməyə başladım. Sinfimizdəki uşaqlardan bir neçəsi də mənə qoşuldu. O, buna çox sevinirdi. Darıxdığını, gecələr qorxudan yata bilmədiyini deyirdi. Bir dəfə onun otağında yaşlı bir qadın və 24-25 yaşlarında bir qız gördük. Gülnaz qadınla qızı bizə təqdim edib dedi:

“Bunlar Ermənistandan gəliblər, qaçqındırlar”.

Ana-bala çox pinti və yoxsul geyinmişdilər. Yaylı çarpayıda ayaqlarını aralı qoyub oturmuş kök qadının iri, qırmızı sifəti vardı. Başını bir neçə qat yaylıqla sarımış, üstdən dama-dama şalla örtmüşdü. Sonralar mən həmin şalı tez-tez onun qızının belinə bağlanmış gördüm. Qızın böyrəkləri xəstə idi. Qadının yekəpərliyinin yanında qızı çox sısqa və solğun görünürdü. Arvadın adı Həvəsdə idi, qızının adı isə Elza. Onlardan çox qəribə iy gəlirdi. Deyəsən, bu onların paltarlarındakı kir-pas qoxusu idi. Ermənistanda ana-bala yaşayırmışlar, heç kimləri yox imiş.

İnternatın yataqxanasına başqa qaçqınlar da gəlmişdi. Amma mən Elzadan başqa heç kimi tanımırdım. Elzanın sarımtıl, qıvrım saçları, orta boyu, nəcib üz cizgiləri vardı. Mən həmişə evdən ona peçenye, qənd, konfet gətirirdim ki, çayla içsin. Bir dəfə çayı qəndsiz içdiyini görmüşdüm.

Elzaya öyrəşmişdim. Hər gün ya onların otağına gedir, iki dəqiqəlik də olsa, onu görürdüm, ya da biz idman dərsində stadiona çıxanda o yanıma gəlirdi. Mənə evlərindən gətirdiyi muncuqlar, sırğalar bağışlayırdı. Bu muncuq və sırğalar mənə o qədər gözəl görünürdülər ki... İnana bilmirdim ki, kirli-paslı bu yoxsul qız nə vaxtsa belə bəzək əşyalarından istifadə edib.

Bir müddət keçdi, Elzanın haqqında söz-söhbətlər eşitməyə başladım. Əvvəl bizim gənc idman müəllimi ilə münasibəti olduğunu dedilər. Ardınca eşitdim ki, gecələr bir hərbçi ilə görüşür. Sadəlövh və təmiz bildiyim qız qəflətən gözümdən düşdü və bir də heç vaxt onun otağına getmədim.

Uşaqlıqdan gənc və gözəl, özümdən yaşca böyük qızlara tamaşa etməyi, onlarla ünsiyyət qurmağı xoşlayırdım. Bir qız vardı. Raykomda işləyirdi. Olduqca zövqlə və gözəl geyinər, dodaq boyasını səliqə ilə çəkərdi. İndi fikirləşirəm, o qədər də gözəl olmadığı qənaətinə gəlirəm. Sadəcə, suyuşirin idi. Hər səhər dərsə gedəndə onunla rastlaşırdım. Həmişə də salam verirdim. Gülümsəyərək, salamımı alırdı. Bir dəfə anam o qızla öpüşüb-görüşdü, yolun ortasında xeyli söhbət etdilər. Sən demə, anamın indi təqaüddə olan keçmiş iş yoldaşının qızı imiş. Bundan sonra o qızla daha isti görüşməyə başladım.

Uşaqlıqdan surətpərəst olduğum üçün anamla hansı toya gedirdimsə, bütün toy mənim üçün öz əhəmiyyətini itirirdi, ta... gəlini görənə qədər. Biz rayonun özündə qalsaq da, qohum-əqrəbanın, tanış-bilişin çoxu kənddə yaşayırdı. Ona görə, kənd toylarına daha çox gedirdik. Adətən bu toylardan yarımçıq gələrdik. Atam içirdi toylarda. İllah da yaxın qohumların toyunda... Amma axşam! Ortancıl dayım tamada olurdu adətən. Saat altıyacan toylar qonaqların ixtiyarında olurdu.

Ardınca yaxınlar girirdi meydana. Atamla dayım mütləq toyun axırında dava salırdılar. Babam (anamın atası) ayıq bir sürücü tapıb onları evə göndərirdi. İllah da atam içkili olanda ipə-sapa yatmırdı. Mütləq sərpayı ilə dalaşır, onu yaxa-boğaz edir, əlindəki qırmızı lentli çubuğu alıb, sındırırdı. Atamı tanıyan sərpayılar mağara girəndə çubuğu gizlədirdilər. Dava, adətən, “Muleyli” mahnısının üstündə düşərdi.

Atam gecə saat 12-də dəm vəziyyətdə mağara girib, “Muleyli”ni sifariş edirdi. Və sağ ayağı üstündə hoppana-hoppana oynayırdı. Yorulmaq bilmirdi! Axırda eyni mahnını çalmaqdan yorulan çalğıçılar ara verib dayanardılar. Vəssalam! Elə həmin anda da həngamə qopardı. Atam onların haqsız olduğunu sübuta yetirməyə çalışırdı. Axırda bir-iki hörmətli adam “Sən öl”, “Mən ölüm”lə atamı dartıb toyxanadan çıxarırdı.

Bu həngaməni görməmək üçün anam getdiyimiz bütün toylardan saat 7-yə qalmış evə qayıdardı. Hər dəfə də toydan çıxanda atama and içdirirdi ki, içməsin. Atam o qədər and-aman edirdi ki, anam inanmağa məcbur olurdu.

Mən də atamın qızıyam! Özümə xas qəribəliklərim vardı. Toyda gəlin görmək istəyimi qohum-əqrəbada hamı bilirdi. Buna görə qohum toylarında məni sorğu-sualsız gəlinin otağına buraxardılar. Xeyli vaxt gəlinin yanında dururdum, onun bərbəzəyini, paltarını, fatasındakı muncuqları yadımda saxlamağa çalışırdım. Dünyanın ən kifir qızı da gəlinlik paltarında mənim üçün dünya gözəli idi. Mən gəlinə baxıb doyandan sonra anamın əlindən tutub, otaqdan çıxardım. Kənar toylara gedəndə anam məni gəlin otağına aparmaqdan utanardı. Mən isə nə olur-olsun, gəlini görmək istəyirdim. Axırda anam utana-utana məni gəlin otağına aparıb deyərdi: “Allah bunu biabır eləsin! Bayaqdan ağlayır ki, gəlini görmək istəyirəm!”.

Heç tanımadığımız gəlin olanda mən eləcə qapıdan baxıb çıxardım. Mənə üçün ən maraqlı gəlin üçüncü dayımın arvadı idi. Toyda axıracan onun yanında oturdum. Öz toyumuz idi, bir adam mənə gözün üstə qaşın var deyə bilməzdi. Dayımın arvadı həqiqətən gözəl idi. Mən onu Zeynəb Xanlarovaya oxşadırdım. Zeynəb Xanlarovanın evimizin divarında iri fotoşəkli vardı, hər səhər anamın bahalı kosmetikaları ilə onu bəzəyərdim. Bir dəfə buna görə anam mənə o qədər hirsləndi ki, çox çətinliklə tapıb baha qiymətə aldığı həmin “nabor”u yerə çırpıb qırdı. Beləliklə, daha mən Zeynəb xanımı “bəzəyə” bilmədim.

İndi gözləmədiyim anda Zeynəb Xanlarovanın az qala eynisi – dayımın arvadı qarşıma çıxmışdı. Gəlinin bütün pal-paltarını anamla atam Fizuli rayonundan alıb gətirmişdilər. Yadıma gəlir, nənəm gəlinin qırmızı tuflisini götürüb altından öpdü. Dayım nəslin ən gözəgəlimli adamı idi. Bakıda xanəndəlik ixtisası üzrə oxuyurdu. Xalq artisti İslam Rzayevin fəxr etdiyi tələbələrindən idi. Yaxşı səsi vardı. Dayıma Zeynəb Xanlarovaya oxşayan qızı da atamla-anam tapmışdılar. Həmin günəcən kimi göstərmişdilərsə, bəyənməmişdi. Amma bu qızı görən kimi olar demişdi.

Axşam saat 6-ya qədər gəlinin yanında oturdum. Saat 6-da gəlinimiz başındakı zərli fatanı çıxarıb bir kənara qoydu. Xalam qızı hardansa bir vanna və bir vedrə su tapıb gətirdi. Dayımın arvadı qara, qalın saçlarını sabunlayıb yumağa başladı. O, saçını qurulayıb, yenidən özünə bəzək-düzək verdi. Amma xəyalımdakı gəlinlərin bütün sirri-sehri vannada suya qarışıb getdi.


# 3998 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #