Anamın 60 il əvvəl danışdığı əhvalatın mənası - Ramiz Rövşən yazır...

Xalq şairi Ramiz Rövşən

Xalq şairi Ramiz Rövşən

31 oktyabr 2021
# 13:58

Xəbər verildiyi kimi, bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə hazırlanan "Qarabağ dastanı, otuz ilin həsrəti - 44 günün zəfəri" adlı kitab işıq üzü görüb.

Kitabda Qarabağla bağlı yazıçıların öz doğma bölgələri haqqında xatirə və düşüncələrinə yer verilib. Bu yazılarda Qarabağın tarixinə dair maraqlı faktlar, müəlliflərin şirinli-acılı xatirələri öz əksini tapıb.

Kulis.az Xalq şairi Ramiz Rövşənin kitabda yer alan, ata-baba yurdu Qubadlı rayonundan bəhs edən "Qapısız açarlar" yazısını təqdim edirik.

***

Qubadlı mənim ata-baba yurdumdu.

Mən özüm Əmircanda doğulmuşam. Amma bizim Əmircanda yaşadığımız məhəllə də elə Qubadlının "filialı" kimi bir yer idi: "Qarabağlılar məhəlləsi".

Sağımız-solumuz hamısı qubadlılılar idi.

Məhəlləmizdən üzüaşağı düşəndə gedib birbaşa Şorgölün qırağına çıxırdıq.

Qubadlıda, bizim Teymur Müskanlı kəndinin də aşağısından Bərgüşad çayı axırdı.

Hələ lap uşaqlıqdan, ağlım kəsəndən biz Qubadlıya həmişə yayda gedərdik. Odur ki, ən çox yadımda qalan da Qubadlının çaylarıdı; Bərgüşad, Həkəri. Hər ikisi şırıltıyla, gurultuyla axan, heç vaxt suyu azalmayan dəli-dolu dağ çaylarıydı.

Mən üzməyi Bərgüşadda öyrənmişdim deyən Şorda üzmək mənim üçün heç nə idi. Bərgüşadda ən özündən deyən üzgüçü bu tayda suya baş vurardısa, üzə-üzə gedib ən azı əlli metr aşağıda o taya çıxardı. Çünki axına qarşı üzmək çox çətiniydi. Amma Şorda, suyun üzündə dalıqatlı uzanıb, əlində kitab oxuya-oxuya sabahkı dərslərə hazırlaşmaq da mümkün idi.

Qubadlıya əsasən "Bakı-Noraşen" qatarıyla gedərdik. Və sübh tezdən qatardan düşdüyümüz o balaca stansiyanın özü də həmin o iki çaydan birinin adını daşıyırdı: Həkəri stansiyası.

O stansiyayla bağlı anamın danışdığı bir əhvalat hələ də yadımdadı.

3-4 yaşım varmış. Dayım bizi aparırmış rayona.

Anam deyirdi ki, sübh tezdən stansiyada düşdük. Bir xeyli gözlədik, avtobus gəlib çıxmadı. Gün də döyür başımıza. Bir ağacın altında oturduq ki, bir tikə çörək yeyək. Stansiya növbətçisi də bir qoca kişiydi. Çağırdıq, o da gəldi, oturdu böyrümüzdə. Nəyimiz vardı, bir az yedik, sonra ağzımız qızışdı söhbətə. Bir də gördük, bu qocanın sifəti qorxudan ağappaq ağardı. Bizə də barmağıyla işarə elədi ki, susun, tərpənməyin!

Bizdən aralıda bir iri kötüyə bir yekə it bağlanmışdı. Bu qocanın öz itiydi. Bizim başımız söhbətə qarışanda, sən gözdən yayınıb, gedib durmuşdun o itin böyründə, itin başını tumarlayırdın. O boyda əzazil it də necə çaşıb özünü itirmişdisə, elə yerindəcə quruyub qalmışdı, gözlərini döyə-döyə gah sənə baxırdı, gah bizə. Dayın da, mən də, elə istədik çığırıb yerimizdən qalxaq, kişi yenə işarə elədi ki, susun, tərpənməyin, yoxsa uşağı parçalayar. Biz də elə o cür quruyub qaldıq yerimizdə. Sən də bir xeylək o itin başını tumarladın, sonra da o itdən aralanıb yavaş-yavaş gəldin bizim yanımıza. İt də elə o cür mat-məəttəl sənin dalınca baxa-baxa qaldı.

Anamın ən azı altmış il əvvəl danışdığı bu əhvalatın mənasını mən bir çox illər sonra anladım; sən demə, ən əzazil, ən zalım məxluqu da nəvazişlə, tumarla, sığalla yumşaltmaq, ən azı çaşdırmaq mümkün imiş.

Amma təəssüf ki, bu dünyada heç bir nəvazişlə, yaxşılıqla, xeyirxahlıqla xisləti dəyişməyən məxluqlar da vardı; özü də Həkəri stansiyasından, Qubadlıdan o qədər də uzaqda deyildilər, elə qulağımızın dibindəydilər. Və bizim bir çox sonrakı faciələrimizin səbəbi bunu bilməməyimiz, üstəlik, bildiklərimizi də unutmağımız idi...

Biz Qubadlıya həmişə yayda getsək də, amma yay aylarını çox vaxt kəndimizdə yox, yaylaqlarda keçirərdik; Tağyurdda, Üçtəpədə, Qanlıcada...
Yüz illər boyu bizim olan o qədim yaylaqlarımız Sovet vaxtı Ermənistanın ərazisində qalmışdı və ermənilər də, cürbəcür bəhanələrlə, ildən-ilə bir-bir o yaylaqların yolunu üzümüzə bağlayırdılar.

Getdiyimiz o yaylaqlardan ən çox yadımda qalanı Qanlıcadı. Çünki o vaxt mən yekə oğlanıydım. Hər yay Qanlıcaya gedəndə, böyüklü, uşaqlı, maşınlı, atlı, ulaqlı, yüklənib kənddən çıxardıq, çayqırağı gedib Gorusun, köhnə Gorusun, Burunkəndin yanından ötərdik və dağın lap ayağındakı Qanlı gölün də böyründən keçib asta-asta Qanlıcanın başına qalxardıq.

Qanlıcanın da, o Qanlı gölün də adı hələ on doqquzuncu əsrin əvvəllərində ermənilər bizim torpaqlara köçürüləndə yerli camaatla gəlmələrin arasındakı dava-dalaşdan, hansısa qanlı savaşdan qalmışdı.

Əslində, o ətrafdakı bütün adlar bizimkiydi; Xəlil bulağı, Sarıdağ, Keçəldağ, Əyriqar... Qanlıcaya qalxanda, yuxarıda, dağın döşündə də bir iri göl vardı; Qaragöl.

Biz alaçıqları elə o dağın döşündə qurardıq.

Oralar çox hündür idi deyən ağac-zad bitmirdi. Qışdan yaya qalan qar da ərimək bilmirdi; xarlanırdı, qurdlanırdı. Bir tərəfdə qar ağarırdı, o biri tərəfdə də ağappaq göbələklər bitirdi. O göbələklər çox dadlıydı, amma Qanlıcanın xarlanmış qarı məndən ötrü daha qiymətli və əziz idi. Çünki o qar bir dəfə məni ölümdən xilas eləmişdi.

Hələ dörd-beş yaşım olanda, kənddə, yayın cırhacırında məni çayda çimizdirmişdilər, naxoşlamışdım, qızdırmam qırxı ötmüşdü, nə dərman, nə keçi piyi, heç nə kömək eləməmişdi. Və əgər dayım atı çapıb gecəynən gedib Qanlıcadan iki xurcun dolusu o xarlanmış qardan gətirməsəydi, bütün gecəni məni o qarla ovuşdurub istiliyimi salmasaydılar, bəlkə də sabaha sağ çıxmazdım.

Qanlıcada ən məşhur yer Nəbi səngəriydi.

Qanlıcanın ən hündür nöqtəsində, sıldırım qayaların əhatəsində olan səngərə tək bircə yol qalxırdı. Və mən başı üstündə çox vaxt qartallar uçub dövrə vuran o səngərə qalxmağı, ordan dörd tərəfə tamaşa eləməyi çox sevirdim. O səngərdən baxanda lap aşağıda qar kimi ağappaq evləri olan çox gözəl bir kənd görükürdü.

Bir dəfə dayımdan soruşdum:

- O nə kənddi?

Dedi ki, Şəkidi. Sisyan rayonunun Şəki kəndi.

Mən o vaxt hələ özüm görməsəm də, amma Azərbaycanda bir gözəl Şəki şəhərinin olduğunu bilirdim. Sən demə, Ermənistanda da bir gözəl Şəki kəndi var imiş.

Və səksəninci illərin sonunda, hələ SSRİ vaxtı, ermənilər Qarabağa yiyə çıxmaq istəyəndə, böyüyüb azı otuz illik müharibəyə dönən o qanlı hadisələr təzə başlayanda öz yerindən-yurdundan ilk qaçqın düşənlərdən biri də elə Sisyan rayonunun və o gözəl Şəki kəndinin camaatı oldu...
Qubadlı camaatı öz torpağından bir neçə il sonra, 1993-cü ilin avqust ayının 31-də qaçqın düşdü.

Dayım deyirdi, hər şey elə qəfil oldu ki, evdən heç nə götürə bilmədik. Evi elə o cür dolu qoyub, qapıları bağlayıb, açarları götürüb çıxdıq.
Qaçqın düşən qohumların az qala hamısı eyni sözü deyirdi.

Bir neçə ildən sonra cavanlardan biri danışırdı ki, gördüm anam nəvəsinin üstünə qışqırır. Oğlum da ağlayır. Dedim, ay ana, uşağı niyə ağladırsan? Dedi ki, bəs açarları itirib. Soruşdum, hansı açarları? Dedi, Qubadlıdakı evin açarlarını.

Bu açar söhbətini mən azı on beş il bundan əvvəl bir televiziya çıxışımda dedim. Sonra məlum oldu ki, başqa işğal olunan rayonlardan da camaatın çoxu elə o cür, qapıları bağlayıb, açarları götürüb çıxıb.

Keçən il, avqust ayının 31-də, Qubadlının işğal gününə həsr olunan bir televiziya verilişində mən yenə o açar söhbətinə qayıtdım və çox nikbincəsinə dedim ki, o açarlar nə qədər ki bizdədi, o torpaqlara qayıtmaq ümidimiz qalır və mən inanıram ki, biz o torpaqları görəcəyik.
Amma sözün düzü, dediyim o ümidin, arzunun belə tez çin olacağını gözləmirdim. Azərbaycan əsgəri bizim ümidlərimizdən, arzularımızdan daha sürətli çıxdı.

İndi o torpaqlara qayıtmışıq. Açarlar da bizdədi. Amma qapılar yoxdu. Bir vaxt qapılarını bağlayıb, açarlarını götürüb, içidolu qoyub çıxdığımız o evlər də yoxdu. Ermənilər uçurdub-dağıdıblar, yandırıblar, xarabalığa çeviriblər.

Az-çox salamat qalan evləri də, o evlərdə yaşayan ermənilər indi qorxub qaçanda yandırdılar. Nəyi apara bildilərsə apardılar, apara bilmədiklərini də, evqarışıq, od vurub külə döndərdilər. Təkcə ev əşyalarını yox, ev heyvanlarını da, mal-qaranı, toyuq-cücəni, hətta iti, pişiyi də qırıb məhv elədilər. Neçə illər bundan əvvəl bu kəndlərə necə zalımcasına, rəhmsiz, dağıdıcı bir nifrətlə girmişdilərsə, elə o cür dağıda-dağıda da çıxıb getdilər. Və bu mənzərəni təkcə biz yox, bütün dünya gördü.

Qəribədi, bəs görəsən, neçə illər bundan əvvəl bizimkilər bu yerlərdən qaçqın düşəndə niyə bu evlərin bir daşına-kərpicinə də əl vurmadılar, elə o cür içidolu qoyub, qapıları bağlayıb çıxdılar? Elə bil düşmənə hədiyyə elədilər. Niyə?!

Doğrusu, bu sualı mən təkcə indi yox, qələbəmizdən xeyli əvvəl də, illər uzunu, ara-sıra eşitmişəm. Amma əvvəllər təəssüflə deyilən bu sual, indi, ermənilərin törətdiklərini görəndən sonra elə bil özümüzə qarşı bir az ittiham kimi səslənir. Və özümüzə bəraət olaraq verilən cavab da təxminən budu ki, biz o vaxt o evləri qoyub çıxanda bu ayrılığın bu qədər uzun çəkəcəyini bilmirdik. Ümidimiz vardı ki, uzağı bir-iki həftəyə, ya bir-iki aya qayıdacağıq.

Amma sözün düzü, bu cavab mənə həmişə məntiqsiz görünüb. Öz evini çox yox, lap bircə günlüyə düşmənin ixtiyarına buraxıb gedən adam qayıdanda o evi nə vəziyyətdə görməyə ümid eləyə bilər ki?!

Əslində, bu ritorik suallara da, məncə, ehtiyac yoxdu. Hər şey çox sadədi. Məsələ hər xalqın öz xarakterində, xasiyyətində, xislətindədi. Öz evini, üstündə körpələrinin iməkləyib ayaq açdığı xalçanı, palazı, üstündə balalarının yatdığı çarpayını, daha nəyi, nəyi, düşmənə qismət olmasın deyə yandırmağa hansı azərbaycanlının əli gələr ki? Axı öz evinin irili-xırdalı hər əşyası ona öz ailə üzvləri kimi doğma və əzizdi.

Odur ki, bir vaxt dolu qoyub çıxdığımız, düşmənin soyub, talayıb, sonra da od vurub yandırdığı o doğma evlərin xarabalıqlarına baxanda, indi nəyəsə peşman olmağa, çox da kədərlənib qüssələnməyə ehtiyac yoxdu. O xarabalıqların yerində təzə, daha gözəl evlər tikmək, o köhnə evlərin illər boyu göz bəbəyi kimi qoruyub saxladığımız, indi qapısız qalan açarlarını da, o təzə evlərin ən görüntülü yerində, gözmuncuğu kimi divardan asmaq lazımdı. Qoy təzə evlərimizə göz dəyməsin!

# 8150 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #