Aktyoru təlxək kimi görənlər - Qafar Rüstəm yazır...

Aktyoru təlxək kimi görənlər - Qafar Rüstəm yazır...
4 iyun 2023
# 12:00

Kulis.az Qafar Rüstəmin "Azərbaycanda sənətçi olmaq nədir?" adlı yeni yazısını təqdim edir.

“Ritual Mobil Teatr"ın hazırladığı “Azərbaycanda sənətçi olmaq nədir?” adlı tamaşasına baxmaq fürsətim oldu. Tamaşa “Salam Cinema"nın yerləşdiyi qədim binada göstərilirdi. Ssenarist dəyərli dostum Zərif Bəkirova yaxşı mənada məni heyrətləndirdi. Mən diletant, dost-tanış üçün hazırlanmış qısa performans gözləyərkən, onlar uzun, ancaq insanı qətiyyən yormayan gözəl iş ərsəyə gətirmişdilər.

Tamaşanın məqsədi teatr sənətinin ürəkağrıdan vəziyyətinə işıq tutmaq idi. Əslində bənzər problemlər incəsənətin hər bir sahəsində mövcuddur.
Dövlət Sovetlər Birliyindən qalma instinktlə incəsənətə nəzarət etmək istəyir. Bununla xalqın düşüncə sistemini, zövqlərini özü istədiyi şəkildə formalaşdıracağını zənn edir. Lakin gözdən qaçan bir şey var. “Yemlədiyi” adamlar çoxdan bayağılaşıb və bürokratiyanın məngənəsində sıxılıb məhv olub. Onlar yeni trendin ortaya çıxmağından filin siçandan qorxduğu kimi qorxurlar. Halbuki incəsənət elə yenilik, kreativlik deməkdir.

Zənn edirlər ki, filmlərə, tamaşalara “milli-mənəvi” dəyərlər əlavə edəndə insanlar o dəqiqə vətənpərvər, dövlətə bağlı insanlar olacaq. İncəsənətin məqsədi maarifləndirmək, vətəndaşı sıra arxasında oturan şagird kimi tərbiyə etmək deyil. Sənət insana dünyaya yaradıcı gözlə baxmağı, özünüdərki, həzz almağı, tənqidi düşünməyi öyrədir. Şablonlaşma, bozluq, əzbərçilik, pafos incəsənətin ruhuna tərsdir. Hazırkı nəzarət əqli məhsulların müəyyən qəlibdə və məqsədlər üçün olmağını istəyir. Əgər məsələ ölkəni düzgün tanıtmaqdırsa, yaxşı sənət əsəri daha yaxşı bacarar, nəinki quru təkrarçılıqdan ibarət olan əsər.

Dövlət üzərinə həddən artıq yük götürüb. İncəsənətin maliyyələşməsi büdcədən asılı vəziyyətə düşüb. Xaricdən qonorar tapa bilənlər barmaqla sayılacaq qədərdir. Onlar da kiçik miqdarda maliyyə əldə edə bilirlər. Liberallaşma və açıq rəqabət incəsənət üçün də lazımdır. Məsələn, kitab sərgilərini əvvəllər dövlət təşkil edirdi. İndi “Qanun” nəşriyyatı və ANAİB öz hesabına həyata keçirir. Həm nazirlik daha az işlə məşğul olur, həm də büdcədən daha az vəsait sərf olunur. Belə yaxşı deyil?

Düzgün, prinsipial idarəetmə olmayan yerdə işbazlar, istedasız adamlar qruplaşıb istedadlıları sıradan çıxarır. İstedadsız adamlar elə qışqırır ki, istedadlının bağrı çatlayır. Səbəbsə yenə eynidir, dövlətin incəsənətin hər sahəsində güc mərkəzinə çevirdiyi qruplar, ittifaqlar var. Burada istedad yox, sədaqət əsasdır. Sədaqətli olanlar cürbəcür ünvan və təqaüdlərlə təltif olunur. Dövlət sifarişlərinə, gəlirli sahələrə onlar sahib olur.

Azərbaycanda sənətçi olmaq istəyənlərin qarşısında bir də intellektual kəsadlıq yaşayan cəmiyyət dayanır. Aktyoru təlxək, aktrisanı fahişə kimi görən dünya görüşü ilə mübarizə aparılmalıdır. Üstəlik, gəliri az olduğu üçün Pradolu gədələrin ona nümunə göstərilməyinə dözməlidir. Cəmiyyət tərəfindən tüfeyli, uğursuz, bədbəxt, evləniləcək yox, əyləniləcək qadın damğası ilə damğalanmağa hazır olmalıdır.

Sonda deyim ki, tamaşanın bir hissəsi təsadüfi adamlardan götürülən müsahibələr əsasında hazırlandığı üçün kifayət qədər təbii və gündəlik problemləri özündə əks etdirən əsər ortaya çıxıb. Tamaşanın dramaturji strukturu elə qurulub ki, tamaşaçı qətiyyən yorulmur. O, bəzən düşünür, bəzən də qara yumora, parodiyaya baxıb ürəkdən gülür. Bu əsər hazırda dövlət teatrlarının repertuarında olan bir çox tamaşadan daha maraqlı və dəyərlidir.

# 3074 dəfə oxunub

Oxşar xəbərlər

"Körpücük sümüyündə öpüşümü buraxdım?.." - Sevinc Yunuslunun yeni şeirləri

"Körpücük sümüyündə öpüşümü buraxdım?.." - Sevinc Yunuslunun yeni şeirləri

15:00 13 aprel 2026
Kənd havası - Əli Zərbəlinin yeni hekayəsi

Kənd havası - Əli Zərbəlinin yeni hekayəsi

12:00 13 aprel 2026
“Xatırlamaq seçməyi seçmək deməkdir..” - Nobel mükafatçısı hansı əsərində bir epoxanın mənzərəsini yazmışdı?

“Xatırlamaq seçməyi seçmək deməkdir..” - Nobel mükafatçısı hansı əsərində bir epoxanın mənzərəsini yazmışdı?

10:00 13 aprel 2026
Layihə - Qafar Rüstəmovun yeni hekayəsi

Layihə - Qafar Rüstəmovun yeni hekayəsi

12:00 12 aprel 2026
"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

"Sarı mətbuat"dan meyarlar zirvəsinə - Pulitser mükafatı haqqında maraqlı faktlar

15:00 11 aprel 2026
Qəzet paylayanın dürüstlüyü - Kurt Vonnequtun hekayəsi

Qəzet paylayanın dürüstlüyü - Kurt Vonnequtun hekayəsi

12:00 11 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər