Kulis.az Vasif Sadıqlının "Yeni orfoqrafiya normalarıına və orfoqrafiya lüğətinin 7-ci nəşrinə ötəri baxış" yazısını təqdim edir.
Azərbaycanda ilk orfoqrafiya lüğəti 1929-cu ilə çap olunub. Təbii ki, ona qədər də müəyyən qaydalar olub. Doğrudur, bu istiqamətdə ətraflı tədqiqatlar aparılmayıb. Amma filologiya elmləri doktoru, professor Samət Əlizadənin “Kitabi-Dədə Qorqud” və Füzulinin dilinin orfoqrafik qaydaları haqqında müəyyən araşdırmalar apardığı məlumdur. Təəssüf ki, belə tədqiqatlar çox azdır. 20-ci əsrdə ölkəmizdə 1940, 1960, 1975, 2004-cü illərdə orfoqrafiya lüğətinin təkmilləşdirilmiş nəşrləri çap olunub. Qanunvericiliyə əsasən, orfoqrafiya lüğətləri 5 ildən bir təkmilləşdirilib nəşr edilməli olsa da, 2009, 2010, 2011, 2011-ci illərdə bu, baş verməyib. 2012-ci ildə çap edilən lüğət Prezident Administrasiyasında qəbul edilməyib. “Kitabdakı ciddi qüsurlara görə” AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib, lüğətin 2012-ci il nəşrinin 6500 nüsxəlik tirajının ləğvi və satışdan yığışdırılmasına göstəriş verilib.
2013-cü ildəki 6-cı nəşr də legitim sayıla bilməz. 40 minə qədər qondarma sözün daxil ediliyi deyilən lüğət həm də qanunvericiliyə zidd olaraq orfoqrafiya qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilmədən nəşr edilib. Cəmiyyətdə bu lüğətin legitim olub-olmaması barədə müəmmalar bundan sonra da davam edəcək. İndi söz açacağımız lüğət 7-ci nəşr adlanırsa və Dövlət Dil Komissiyasının bəzi üzvləri əvvəlki lüğətin tirajının az olmasından gileyini bildiribsə, demək, bu lüğəti legtim sayırlar. Amma Orfoqrafiya Komissiyasının sədr müavini İsa Həbibbəyli bu fikirdə deyil. O, Milli Məclisin Elm və təhsil komitəsinin 29 yanvar 2018-ci ildə keçirilən iclasında belə deyib: “On ildən çoxdur ki, ölkəmizdə yeni orfoqrafiya lüğəti hazırlanmayıb”.
İndi isə əvvəllər kiçik hərflə, sonra böyük hərflə, sonra yenə kiçik hərflə yazılan “normalar”dakı (bu barədə sonra) bir sıra kobud səhvlərə diqqət yetirək:
1. “3. Alınma sözlərdə samitlərin yazılışı 3.1. Rus dilində tərkibində ц hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür: 3.1.1. ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s.; Qeyd. Metso, vitse morfemləri və blits, ratsiya və s. sözlər istisnadır”.
BİZİM QEYD. Əvvəla, царь sözü də eyni qəbildəndir, amma indiyədək sar yox, çar kimi yazılıb. Bu barədə ayrıca qeyd olmalı idi.
İkincisi, əgər yeni normalara görə, ц xüsusi isimlərdə sözün əvvəlində olanda s kimi yazılırsa, onda Царское Село şəhərinin adı necə yazılmalıdır? Belə çıxır ki, царь sözü ümumi isim kimi ç, xüsusi ismin əvvəlində olanda s, xüsusi ismin ortasında isə ts ilə yazılmalıdır. Çox gülünc alınmırmı? Bu barədə normalarda heç nə yazılmayıb.
2. “3.3. H samiti ilə başlanan alınma sözlər h ilə yazılır: Haaqa, Hamburq, harmoniya, Havana, Hegel, hektar, Heyne, hidrogen, hippodrom, hospital, humanizm və s”.
BİZİM QEYD. Dilimizin lüğət tərkibinə çoxdan daxil olmuş “gigiyena” sözü h samiti ilə başlayır. Əsli yunancadan olan bu sözün rus dilinə XIX əsrin birinci yarısında alman və ya fransız dilindən keçdiyi ehtimal edilir. Hər iki dildə (alman, fransız) bu söz h ilə başlayır və hygiene şəklində yazılır. Əgər deyilən qaydaya əməl etsək, demək bu söz higiyena kimi yazılmalıdır. Ya da bu söz normalarda istisna kimi qeyd edilməli idi (yəqin ki, başqa belə sözlər də var).
3. “3.7. Əsli c samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya və s”.
BİZİM QEYD. Burada qeyd edilən Siciliya sözü mənbə dildə c yox, ç ilə yazılır və tələffüz edilir. Bundan başqa, həmin dildən keçən Siseron xüsusi ismi italyancada Çiçero kimi yazılır. İkincisi dilimizdə Siseron kimi sabitləşib. Ona görə hər iki sözün normalara tabe olmadığı nəzərə alınmalı və nümunə kimi verilməməli, xüsusi isimlər lüğətinin öhdəsinə buraxılmalı idi.
4. “3.9. Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və s”.
BİZİM QEYD. Normaların başdansovdu hazırlanmasına daha bir nümunə. Əgər bu bəndə əməl edilərsə, bundan sonra dilimizdə yazılış şəkli hələ keçən əsrdən sabitləşmiş Uoll-Strit sözü (Wall Street) Vol-Strit, Ceyms Uatt (James White) Ceyms Vatt, Uinston Çörçil (Winston Churchill) Vinston Çörçil, Herbert Uels (Herbert Wells) Herbert Vels, Uels (Wales) dövlətinin adı isə Vels şəklində yazılmalıdır.
5. “8.4. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası və s".
BİZİM QEYD. Burada “bütün sözlər” çıxarılmalıdır. Çünki və də sözdür və adında və bağlayıcısı olan çox sayda ölkə var: Trinidad və Tobaqo, Bosniya və Hersoqovina, Sent-Kits və Nevis, Antiqua və Barbuda, San-Tome və Prinsipi... Təbii ki, bu adlarda və bağlayıcısının böyük hərflə başlanması düşünülə bilməz.
6. “8.7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər kiçik hərflə yazılır: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s. Qeyd. Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır”.
BİZİM QEYD. Bəs Fransanın Milli Qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı kimi mürəkkəb fəxri adlar necə yazılmaılıdır? Bu barədə mütləq qeyd olmalı idi...
7. “9. İxtisarlar və qısaltmalar”.
BİZİM QEYD. Bu bənddə mürəkkəb ixtisarlar barədə bir kəlmə də yazılmayıb. Dilimizdə mürəkkəb ixtisarlar da var və onlar ayrı yazımalıdır. Nümunələr: BMT TŞ (Birləşmiş Mİllətlər Təşkilatının Təhlükəsizlik Şurası), ATƏT PA (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası), AŞ PA (Avropa Şurasının Parlament Assambleyası), ATƏT DTİHB (ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu).
8. “10. Sözün sətirdən sətrə keçirilməsi. 10.5. Durğu işarələri yeni sətrə keçirilmir”.
BİZİM QEYD. 2018-ci ildə müzakirəyə təqdim edilən layihədə defis də durğu işarələri sırasında verilmişdi. Bizim də iradımızdan sonra o hissə çıxarıldı. Amma yeni normalarda qeyri-hərf orfoqrafik işarə olan defisi və drobu sətrin sonunda saxlamağın düzgün olub-olmaması barədə heç nə yazılmayıb (keçən əsrdəki normalarda yolverilməz sayılırdı).
Orfoqrafiya normaları barədə hələlik bu qədər. Bir qədər də lüğətdəki bəzi sözlər haqqında
Bundan əvvəlki lüğətlərdə yol verilən bir sıra səhvlərin yenidən təkrarlanması acı təəssüf doğurur. Son illər orfoqrafiya ilə bağlı cəmiyyəti ən çox narahat edən məsələ yazılışı sabitləşmiş sözlərin qondarma və əsası olmayan mülahizələrlə dəyişdirilməsidir. Bu, sözün əsl mənasında orfoqrafik anarxiya yaradıb.
1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutunun nəşr etdiyi “Rusca-azərbaycanca lüğət”də apellyasiya kimi yazılan söz 2004-cü ilin orfoqrafiya lüğətində hansısa mülahizələrdənsə apelyasiya kimi verilib. 2013-cü ildə nəşr edilən orfoqrafiya lüğətində bu söz əvvəlki kimi (apelyasiya) qalıb, onunla yanaşı apellyasiya verən mənasında apelyant sözü də lüğətə daxil edilib. 2021-ci ilin orfoqrafiya lüğətində yenidən məlum söz apellyasiya şəklində yazılıb, apelyant sözü isə indi apeliant olub. Görünür, lüğəti tərtib edənlər həmin sözü ofisiant sözünə baxıb elə yazmağı qərara alıblar. Halbuki yeni orfoqrafiya lüğətində olan simulyasiya sözündən yaranan simulyant sözü kimi bu söz də -yant şəkliçisi ilə bitməli və iki l ilə yazılmalı idi. Məzhəkə bununla bitmir, absurda fikir verin: eyni kökdən olan (latın dilində appellatio — müraciət) apellyasiya sözü hüquq termini kimi iki, dilçilik termini kimi isə bir l ilə yazılır (apelyativ).
Sonda qeyd etmək istərdim ki, yazdıqlarım cəmi bir neçə saatlıq araşdırmaların nəticəsidir, oxucuları yormamaq və lüğətin tərtibi zamanı vicdanla çalışan alimlərimizə hörmət əlamət olaraq onların heç də hamısını qeyd etmədim. Ön sözdə yeni lüğətə yazıçılarımızın əsərlərindən bir sıra sözlərin daxil edildiyi bildirilir. Bu, xoşdur. Xoş olmayan isə bir də odur ki, son 20 ildə yaranan orfoqrafik anarxiyanın katalizatoru olan orfoqrafiya lüğətlərinin sırasına daha biri əlavə olundu. Lüğətə ön sözdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, hörmətli akademik Möhsün Nağısoylu orfoqrafiya lüğətinin “bütün vətəndaşların istifadəsi üçün zəruri olan dəyərli və mötəbər bir qaynaq” olduğunu göstərir. Kaş elə olaydı, amma təəssüf ki, ola bilmədi...
Lap sonda qeyd edək ki, yeni orfoqrafiya lüğəti son 20 ildə orfoqrafiya lüğətlərinin yaratdığı orfoqrafik anarxiyaya daha bir “töhfə” verib. Belə ki, istər 2018-ci ildə müzakirəyə çıxarılan mətndə, istər Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilən mətndə, istərsə də 2020-ci ildə Nazirlər Kabineti tərəfindən normalara dəyişiklik edilməsinin təsdiq olunduğu qərarda orfoqrafiya normaları söz birləşməsi böyük hərflə başlayır və təbii olaraq kütləvi informasiya vasitələrində də o cür yayılıb. Amma orfoqrafiya lüğətinin 7-ci nəşrinin titul vərəqində orfoqrafiya normaları yenidən kiçik hərflə yazılıb: “Kitab Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2019-cu il tarixli qərarı ilə təsdiqlənmiş və 3 noyabr 2020-ci il tarixli 438 nömrəli qərarı ilə müəyyən dəyişiklik edilmiş “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlanmış ilk nəşrdir”. Amma e-qanun (http://e-qanun.az/framework/42073) portalında orfoqrafiya normaları böyük hərflə yazılıb və çətin ki, dəyişiklik edilsin.
Orfoqrafiya Komissiyası bir neçə il ərzində “orfoqrafiya normaları” sözlərinin böyük, ya kiçik hərflə yazılması ilə bağlı tərəddüd içində olub, yalnız 2021-ci ildə düzgün qərara gələ bilməsi, birinci versiyanın da mətbuatda yayılması və hökumət sənədlərində fiksə edilməsi daha bir çaşqınlıq üçün şərait yaradır və acı təəssüf doğurur.