Mehman Qaraxanoğlu Kamal Abdulladan yazır: Allah, sənin yuxunuq biz

Mehman Qaraxanoğlu Kamal Abdulladan yazır: Allah, sənin yuxunuq biz
15 dekabr 2020
# 17:14

Kulis.az Mehman Qaraxanoğlunun Kamal Abdullanın 70 yaşına yazdığı "Allah, sənin yuxunuq biz" yazısını təqdim edir.

Birinci “yuxu”. Bir-birimizin gözlərinin içinə xatirə söyləməkdən “qorxuruq”. Elə bil xatirələr bizi indiki isti ovqat və halımızdan alıb başqa soyuq zamanlara aparacaq. Niyə “elə bil?” Məgər doğru deyil?! Yox, mən indi nəyin doğru, nəyin səhv olduğu haqda düşünmək istəmirəm (Amma dil boynuma qəddarcasına qoyur ki, düşünürsən!), sadəcə (yox, “sadəcə”yə qədər deməlisən ki, bu haqda Kamal Abdullanın “mühəndislik etdiyi” “Səhvlərimizin qrammatikası” adlı bir “cəbbəxana”mız vardır), cümlənin sol tərəfinə düşmüş “isti”, sağına düşmüş “soyuq” haqda düşünmək istəyirəm. Bəlkə də əziz dostum, Ustadım Kamal Abdulla ilə bağlı hərarətli xatirələrimin sola – ürəyimin yaxın yerinə düşməsinin metafizik bir yozumu vardır. Amma...

İkinci “yuxu”. “Amma”lar həmişə yaşamağa mane olur. Onlardan qurtulmağın yolları isə mövcud deyildir. Biz bu dünyada ağrıya, əzaba, xəyanətə, ayrılığa, zülmə, ədalətsizliyə və nəhayət, sonda (burada – hazırda olduğumuz yerdə yoxdu son!) ölümə məhkum olunmuşuq.

Musiqidə akkord bir neçə müxtəlif səsin birləşib vahid səs kimi qavranılması hadisəsidir. Hər hansı bir söz sırası, cümlə və mətnin də akkordu olur. İndilikdə “ölüm” sözü bu missiyanı öz üzərinə götürüb; müəyyən intervallara düşüb dağılan enerjini öz içinə hopdurub. Amma “ölüm” Kamal Abdulla yaradıcılığında nadir hallarda “görünən” bir sözdür. Hətta Mövludun xatirəsinə həsr olunmuş “Epiloq” hekayəsində də həmin sözə rast gəlmirik. Sirr, sehr, sehrbaz, ruh, vird, sərgüzəşt, mif, zikr, unutmaq, xatırlamaq, var-gəl, pərdə, nağıl, üfüq, ahəng isə çox işlənən sözlərdir. Vergüllə ayırdığımız bu sözlərin bütün daxili gücünü, enerjisini sümürüb, içərisinə toplayıb onları “birləşdirən” və ya “son” akkord rolunu oynayan, təbii ki, “sirr” kəlməsidir. Elmi və bədii yaradıcılığında Kamal Abdullanın nə qədər sirlərin üstünü “açdığını” heç kəs söyləyə bilməz. Çünki hər açılan sirr onu başqa sirlərə ürcah edib. Onlar da başqalarına... Və fasiləsiz hərəkətdə olan bir sirr karuseli (kainatın modelinə uyğyn!) əmələ gəlir.

Kamal Abdulla “Sirr içində sirr” konsepsiyasını böyük bir Azərbaycanlı olaraq məhz milli, etnomifoloji, mifolinqvistik uçuş zolağından dünya elmi, bədii və fəlsəfi mühitinə doğru istiqamətləndirən böyük bir mütəfəkkirdir. O, ictimai-siyasi fəaliyyətində olduğu kimi, yaradıcılığıda da multikulturaldır; müxtəliflikləri özünün kəşf etdiyi ortaq bir sehrli nöqtədə birləşdirə bilir. Bu, Aristotelin “qızıl orta”sına uyğun gəlsə də, fərqli bir formatdır. Kamal Abdullanın “qızıl orta”sı şüurumuzda assosiasiya olunan bərabər ortamı deyil, istənilən uzunluq, enlilik, şaqulilik, üfiqililik və s. ölçülərin qeyri-bərabər nöqtəsindən məhz “qızıl orta” effektini yaradan şərtilikləri, qeyri-müəyyənliyi, fəlsəfi prosedurları simvolizə edir.

Üçüncü “yuxu”. Qeyri-səlis məntiq nəzəriyyəsinin “pioneri”, nəhəng fikir adamı Rafiq Əliyev müsahibələrinin birində deyir: “İkili Aristotel məntiqindən tolerantlıq məntiqinə - Qeyri-səlis məntiqə keçmək lazımdır. Bu, yeni sivilizasiya məntiqidir”. Heyrətdən donub qalmışıq. “İkili Aristotel məntiqi”ndən Kamal Abdulla özünü illər öncəsi xilas edib; özü özünün kəndirini kəsib dibsiz (sonsuz!) quyulara “yuvarlanıb”. Bu, könüllü yuvarlanmadır, quyu başında duran paxıl, kinli və qəzəbli qardaşlarına “əziyyət verməmək üçün” qayçını sevgi ilə onların əlindən almaq çabasıdır: “Mən Sonsuz lüğət barədə düşünürəm. Sonsuz sayda sözləri, ifadələri, cümlələri özündə ehtiva edən sonsuz lüğət – hüdudsuz MƏTN kimi. Hüdudsuz MƏTNin hüdudlu mətnə çevrilməsi üçün Sonsuz lüğətin hökmranlığı altında əzab çəkən saysız-hesabsız söz və ifadələrdən bəzilərinə azadlıq verilməsi vacibdir”. (Kamal Abdulla. “Düma ilə Coys arasında”)

Hüquqi sferada “söz azadlığı” deyilən bir ifadə vardır. Minillərdir ki, bu ifadə özünün leksik qabığından bir millimetr də aralanmır. Kamal Abdullanın söz üçün istədiyi azadlıq tamam fərqli bir mənanı ifadə edir; dolayısı yolla dilçi-filosof Martin Haydeqqerin “Dil varlığın evidir” konsepsiyasına qarşı Ev sahibinin aristokratik sevgi cazibəsində qiyamı və ya Ev hüdudlarını gərəkən miqdarda genişləndirmək mücadiləsidir. Bunu isə məhz “Azərbaycan dilinin potensialı”nda yaza bilən böyük bir söz adamı edə bilərdi...

Dördüncü “yuxu”. O, çox-çox əvvəl “Dədə Qorqud”un on iki (“On iki” ağlıma haradan gəldi?! Bizim on iki boylu, bir Müqəddiməli eposumuz yoxdur!) boyuna tək-tənha “gizli” bir səyahət etdi. Marşrut aydın idi: Mifdən Yazıya. İndi mən əziz dostuma sual edirəm: Mənzilə çatdınmı?! Yox, sualı bu cür qoymaq mən tərəfdən qəddarlıqdır. Çünki mənzilin yoxluğu və ya mənzilin mənzilsizliyi öncədən ona bəlli idi:

Mənə deyən gərək nə olub axı,
Nə çabalayırsan, söylə, nə xəbər.
Sən çətin tapasan axtardığını,
Sən axtardığını itirməyiblər.

İtirilməyənin axtarışına çıxmaq təxəyyülündə sonsuzluğun “son ucu”nu işarətləyib, heç bir çətinliyi, ağrı və məşəqqəti göz altına almayıb, Don Kixot kimi “hərəkətə keçmək”dir.

“Don Kixot dedi: - Tarix nə isə müqəddəs şeydir, çünki o, doğruçu olmalıdır, həqiqət isə haradadırsa, Allah da oradadır, çünki Allah özü həqiqətdir”. (M.Servantes. “Don Kixot” romanı) Don Kixot haqlıdır! Kamal Abdullanın da özünü qınamağa haqqı yoxdur! Çünki o, Allahı axtarır. “Həqiqət haradadırsa, Allah da oradadır”. Bütün böyük elm və sənət adamları da əslində, Allah axtarışındadırlar...

Beşinci “yuxu”. Kamal Abdullanın Azərbaycan elmi və mədəniyyətinə verdiyi töhfələri saymaqla qurtarmaz. Onun çağdaş dünya üçün nə qədər cazibədar olduğunu da bilənlər bilir. Amma biz konkret olaraq onun məhz ədəbiyyatımıza gətirdiyi modern keyfiyyətlər üzərində dayanmaq istəyirik. Amma nədən və haradan başlamağı konkret müəyyən edə bilmirik, çünki onun irsində ədəbi janr, ideya və növlərin sərhədləri şəffaflıqdan “itir”. Biz bunu daha qabarıq bir şəkildə “Azərbaycan mənəviyyatının sütunu” (Rafiq Əliyev) Mirzə Cəlil yaradıcılığında görmüşdük, amma təkcə sərhədlər itsəydi, dərd yarı idi, həm də dil “elastikləşir”, elmi və bədii üslub anlayışları o qədər “yumşalır” ki, lap böyük sürreaist ispan rəssamı Salvador Dalinin “Yaddaşın dəyişilməzliyi” rəsmində olduğu kimi; həlimlik və qabalıq, yumşaqlıq və sərtlik qarışır bir-birinə, amma həm də sürreal işarələr yaddaşın dəyilməzliyinə qarşı bir üsyan kimi də fokuslanır. Nəzərə alın ki, burada yaddaş həm də ona görə dəyişilməzliyə məhkumdur ki, qadın kultludur. Dalinin freydist olduğunu da unutmamalıyıq...

Gallery

Altıncı “yuxu”. Bu cür paradoks və metamorfozlar Kamal Abdullanı lap gənclik illərindən öz “ağuşu”na aldı, müəllifin “Tarixsiz gündəlik” povesti bizə yetərincə altyapılı informasiyalar verir. Əsər Əməkdar müəllim, Sosialist Əməyi Qəhrəmanı Zərbəli Səmədovun xatirəsinə və Bakının 190 saylı məktəbində oxumuş, oxuyan və oxuyacaq bütün şagirdlərə, işləmiş, işləyən və işləyəcək bütün müəllimlərə və əməkdaşlara ithaf olunur”. İthafın geniş formatına diqqət edin, bu, zamanın bütün kəsiklərini (yoxdu kəsiklər!) bir anın içərisinə yığıb, ovuclayıb bir yerə toplamaq kimi mistik bir cəhdi simvollaşdırır. Və ya “tarixsiz” cəhd və ya tarixdən imtina olunmasının Kamal Abdulla invariantını!

Povesti təkcə məktəb illərindən bəhs edən bir əsər kimi təqdim etmək doğru olmazdı. Bu həm də gələcək mütəffəkirin yetişdiyi epoxal simvolik bir dünya və ya çoxölçülü (həm də ölçüsüz!) kosmik bir kontekstdir. Orta məktəb illərindən özünü şair kimi “tanıdan” Kamal Abdullanın sonrakı dönəmlərdə yazdığı şeirlərinin orijinallığı nədə idi?

Mübaliğəli görünsə də (Niyə görünsün ki?!), Kamal Abdullanın şeirlərini Renessans dövrünün ən böyük simalarından biri olan L.Vinçinin eskizləri ilə müqayisə edə bilərik. Məlum olduğu kimi, həmin çoxsaylı eskizlər şedevrləri üçün ilkin “baza” rolunu oynayır; ordakı təsvir dəqiqliyi və ifadəlilik bu və ya digər halda sonrakı əsərlərinə adlayır. Biz Kamal Abdulla yaradıcılığında da bu mənzərənin şahidi oluruq. Bunu söyləməklə şeirlərinin müstəqil ruhuna və bütövlüyünə xələl gətirmək istəmirik, əksinə, həqiqətə bir köynək də yaxın olmaq istəyirik, həqiqət üzə, ümumiyyətlə, köynək-filan “saymır”, çılpaq gəzib dolaşmağı sevir:

  1. Kamal Abdulla poeziyamıza antik qüssəni gətirib. Həm də gətirib onu donuq bir nöqtədə qoymayıb, Gümüş dövrü rus şairlərininin qüssəsi ilə “görüşdürüb” - Bryusov, Qumilyov, Axmatova, Mandelştam, Kuzmin və və digərlərinin poetik dünyası ilə. Təsadüfi deyildir ki, o, adıçəkilən şairlərin şeirlərini də dilimizə çevirib.
  2. “Unutmağa kimsə yox...” kimi 528 səhifəlik möhtəşəm bir romanın uçuş zolağının aşağıdakı 14 sözlü şeirin olmasına şəkk-şübhəmi edirsiniz? Fərqi yoxdur, əvvəl bu 14 söz yazılıb, yoxsa 528 səhifəlik roman...

Yollar getdi üzü dağa,
Yoxuşlar enişlərdən çox.
Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə yox.

Necə düşünürsünüz, “Sehrbazlar dərəsi” romanının yazılma ideyası məgər birdən-birə yaranmışdı?! “Peşmançılıq” şeiri telindən dırnağınacan romanın ideya sayrışmaları ilə həmahəngdir:

“Allah, sənin sevdiklərin
Qırıb-çatdı bir-birini.
Allah, sənin seçdiklərin
Daş qəlbli adamlardı...
Daimi bir qorxudayıq,
Alınıbdı nəfəsimiz.
Bəlkə sənin yuxundayıq,
Allah, sənin yuxunuq biz”. (Kamal Abdulla “Peşmançılıq”)

Hətta şeirin adı da romanın ruhu ilə səsləşir – qəhrəmanlar sonda dibsiz bir peşmançılıq içərisində (və ya dibsiz dərədə!) qıvrılırlar.

Müəllifin “Sehrbazlar dərəsi” adlı bir şeiri də vardır:

“Bütün zamanların sehrbazları
Birdən güc gələlər - dəyişə dünya...
Bir ürək, bir beyin, bir adam olaq,
Uzaqdan Allah da baxıb kövrələ.
Bir gözəl yuxunun gözəlliyində
Hər şeyi unudaq
Və yada salaq.
Və birdən ayılaq”.

“Kitabi-Dədə Qorqud”dan - sirriçindən nəğmələr” başlığı ilə verilmiş “Dədə Qorqud: “Mənlik deyil”, “Ümid qaldı sabaha”, “Dədə Qorqud: Mən nə edim?!” və “Bəkilin xanımı: “Dilim, dilim, vay dilim...” kiçik poemaları da “Yarımçıq Əlyazma”ya salllanan metafizik bir Ariadna ipidir və əslində, “natamamlığın tamlığı”na xidmət edir.

Yeddinci “yuxu”. “Uzaqdan Allah da baxıb kövrələ”. (Kamal Abdulla) Əgər Allah altsheymer xəstəliyinə tutulan Həsən müəllimin (“Sirlərin sərgüzəşti” romanı) halını görsəydi, yüzə yüz əminəm ki, kövrəlcəkdi. Görəsən, Allahın kövrəlməyi necə olur və insani kövrəlmədən nə ilə fərqlənir? Sualın cavabı yoxdu. Ən yaxşı halda, susaq...

Səkkizinci “yuxu”. Kamal Abdulla ədəbiyyata alim kimi gəldi. Nədənsə, yazdığım bu cümlə mənə çox “gülməli” göründü. Açığı, haradan başlamaq lazım olduğunu bilmədiyimdən “candərdi” yazdım. Belə çıxır ki, şüuraltı özüm də onun guya kitabdan ədəbiyyata gəldiyini söyləyənlərə “qoşuluram”. Cümlənin gülməli tərəfi də elə budur. Əslində, bu cür düşünənlərə ən gözəl cavabı 44 il bundan əvvəl elə Kamal müəllimin özü vermişdir: 26 yaşında ikən filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) mövzusunda yazdığı elmi işi ilə. Ona görə də birinci cümlənin redaktəyə ehtiyacı vardır. Bu cür: O, ədəbiyyatın mifoloji ana qaynağından ədəbiyyata gəldi. Daha dəqiq desək, Qeyri-səlis məntiqlə ana kökdən gövdə, budaq və yarpaqlara doğru sonsuz bir yürüş başlandı...

Dilçiliyin ədəbiyyatdan ayrılıqda mövcudluğu absurd görünür. Dilin vətəni ədəbiyyatdır. Ədəbiyyatdan kənar aparılan dilçilik araşdırmaları mühacirətdən vətəni seyr eləmək kimi bir şeydir...

Doqquzuncu “yuxu”. Qeydlərimizi “yuxu” adlandırmaya da bilərik. Amma bizim həyatımızda yuxudan kənar nəsə varmı? Borxes ədəbiyyatın “idarə olunan yuxu” olduğunu söyləyərkən (təkcə ədəbiyyatınmı?!) haqlı olub olmadığını tam qətiyyətlə deyə bilmirik. Çünki bəzən yuxularımız da nəzarətdən çıxa bilər. Mistik görünsə də, yuxunu yuxu vasitəsilə nəzarətdə saxlamaq olar.

Kamal Abdulla mətnləri sanki mistik, sürreal və magik bir yuxu küpünün içərisindədir. Onlar tül bir pərdə arxasındadırlar. Bütövlükdə diskurs Salvador Dalinin metafizik yumurta rəsmlərini simvolizə edir. Müəllifin “Sehrbazlar dərəsi”ndən bizə yolladığı ilk ciddi mesajı unutmaq olmaz: “Tül pərdənin arxasında idi hər şey, elə oradaca baş verirdi, əgər baş verirdisə”. Cümlənin birinci hissəsi hər şeyin tül pərdə arxasında olduğunu qətiyyətlə təsdiqləyir, amma ikinci hissə istər-istəməz baş verənlərin mövcudluğunu şübhə altına alır. Yəni həm “var”, həm də “yox”du...

Onun mətnlərində “yox”un gücü, iqtidarı heç də “var”dan az deyildir və proporsiya həmişə gözlənilir. Həm də “var”la “yox” arasındakı sonsuz aralıqlar zərif nəsr işlənmələri ilə “doldurulur”. Göründüyü kimi, cümlə üzvü kimi xəbərin məqsədi mübtədadan gələn ciddi “elmi” siqnalı sonlamaqdır. Baxaq, sonlaya bilirmi? O aralıqları dolduran bəndə hələ Yer üzünə gəlməyib! Ona görə də oxucu üçün Kamal Abdulla metamorfozlarını həzm eləmək xeyli qəlizləşir. Bu zaman dahi Lütfi Zadənin Qeyri-səlis məntiqinə üz tutmalıyıq. Dünya şöhrətli Rafiq Əliyev müsahibələrinin birində xatırlayır: “Kamal mənə bir kitabını vermişdi, Dədə Qorqudda dil üslubu barədə. Onu xaricdə oxudum və qayıdanda özüylə də danışdım. Həm ədəbiyyat adamı olmaq, həm bu qədər intellekt, metafizik yanaşmaya sahib olmaq unikal hadisədir. Mən hətta orda öz ixtisasıma uyğun olaraq Qeyri-səlis məntiq də tapdım”. Həqiqətdir, biz də illərdir bunu deyirik...

Onuncu “yuxu”. Onuncunu “ümumiləşdirici” yuxu da adlandıra bilərik.

Kamal Abdulla Azərbaycan nəsrinə yeni bir üslub gətirib: Vird üslubunu! Bu, daxilə təkxətli deyil, sonsuz xətlərlə yönəlikliyi şərtləndirir; milli-tarixi, semantik, mifik, mifolinqvistik və etnopsixoloji kimliyimizi simvollaşdırır. Miniatürlər də bu üslubdadır. Bu üslub qışqırtı sevmir. “Pıçıltı tam sükuta, tam sükut az qala hıçqırığa” (Kamal Abdulla) çevrilir. Hər şey dodaqların altında həll olunur. Onun estetik stixiyası belədir: Səs ucadan çıxmır. Ola bilsn ki, sözə çatana qədər səsin nəfəsi çıxsın. Eşidəcəyin bircə sözün izi ilə düşüb getməlisən, özün-özünə sual verib özün də cavab tapmalısan. Bax, bu cür: “ - Kimin göz yaşını silmisən bu dünyada? - Heç kimin. - Bu dünyada göz yaşı axmayıb deməli...”. “ - Hansı yol ilə gedək? - Bilmirəm. - O zaman gedə biləcəyimiz yol yoxdur deməli”. (Kamal Abdulla)

Kamal Abdulla ənənəvi “tarixi roman” mifini dağıdır və sübut edir ki, əgər dünən baş verənlərlə min il bundan əvvəl baş verənlər şüurumuzda eyni anda proyeksiya olunursa, hansı xronoloji tarixdən danışmaq olar? “Yarımçıq Əlyazma” ən böyük abstraksiyada mifoloji tarixlə real tarixin üzbəüz, qarşı-qarşıya qoyulmasıdır. “Kitabi-Dədə Qorqud” müstəvisi mifoloji tarix, Şah İsmayıl müstəvisi real tarixdir”. (Kamal Abdulla. “Əvvəl-axır yazılanlar”) Biz müəlliflə razılaşırıq. Amma bir oxucu kimi mifoloji tariximizdə baş verən onlarla hadisənin çağımızla necə səsləşməsi fonunda birincinin real tarix müstəvisindən də daha real olduğunu söyləyə bilərik. Lakin lap dəqiq desək, hər iki müstəvi eyni səviyyədə realdır. Kimsə haqlı olaraq deyə bilər ki, bunlar Kamal Abdullaya qədər də vardı. Vardı, amma nəsrimizdə ilk dəfə olaraq məhz o, zamanın sözlərlə ölçülməsi fikrini (Bax, Rafiq Əliyevə) “dekonstruksiya konsepti” əsasında irəli sürür və yazıya – çox təhlükəli və “riskli oyun”a məhz Derridanın mənalandırdığı realizmlə atılır.

Kamal Abdulla ideyalar mütəfəkkiridir. İstənilən mətnini, fərqi yoxdur elmi və ya bədii olsun (amma həcmini unudun!), gün işığına tutub baxın (bəli, məhz gün işığına!), orada yetərincə sizə gərək olan unuversal, konseptual və həm də ziqzaqlı ideyaların sayrışdığını görəcəksiniz...

On birinci “yuxu”. Bu, əvvəlki “yuxu”ları qismən “zərəsizləşdirən” qrammatik və semantik bir yuxudur; bunu əziz dostum və Ustadım Kamal Abdulladan başqa heç kəs görə bilməz. Yalnız o bizi yeni “hüznlü” xəbərlə müjdələyə bilər:

Bəlkə sənin yuxundayıq,
Allah, sənin yuxunuq biz.

# 3190 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #