Aşağı atılar paraşüt ruhlu adamlar – Amil Amaldan karantin şeirləri 

Aşağı atılar paraşüt ruhlu adamlar – Amil Amaldan karantin şeirləri 
21 may 2020
# 18:30

Kulis.az Amil Amalın karantində yazılan yeni şeirlərini təqdim edir.

Az sonra tora düşəcək
qızıl balıqlar
qızıl külçələrlə dolu
xəzinənin içərisində
yem axtarırdılar.

***

Danışa bilməyən
lal qızcığaz
göylərə baxa-baxa
düşünürdü.

O, hər şeyi eşidən
və görəndir.

***

Əli aşağı olan kasıb bir adamın
“Əllər yuxarı” qışqırıb
kimisə təslim etməsi idi,
həyatın ən müti paradoksu.

***

Dərdləri oxuyub
başa düşmək üçün
altı il təhsil almışdı
əczaçı xanım.

***

Tanrı, təndir səmaya
iki ədəd çörək yapmış.
Biri yanmış,
biri qurumuş.

***

Biz ayrılan günü
qəzetlər, saytlar hamısı
böyük qalın hərflərlə
manşetdə
bu haqda yazırdı:
QLOBAL İSTİLƏŞMƏ!

***

Hər yerdə tələ qurulmuşdu.
Görənlər heyrətlə deyirdi
Pişik boyda siçandı.

***

And içmə günü idi.
Əsgərlər ayaq döyüb
ucadan marş oxuyurdu.
Anasın, atasın görüb
hamısı nəqəratda
daha da fəxrlə qışqırırdı.

Ana yurdum, ana vətən!
Ana yurdum, ana vətən!

Bircə,
anasız, atasız böyümüş
yetim əsgər
nəqəratda
ağzını açıb yumurdu.

***

Pəncərələr İsanın
çarmıxa çəkildiyi dizaynda
sanki xaç çəkir
bu müsəlman şəhərə.

Ay Allahın bətni təki
göylərin UZİ-sində
bilinmir ki,
oğlandırmı ya qızmı.

***

Ruhumuz çiyinlərimizə bağlı
qırış, açılmamış
ağ paraşütdü.

Açılması üçün
özümüzü-özümüzdən
yuxarıya deyil,
aşağıya atmalıyıq.

***

Bu nə mənzərədi, ilahi?
Günəşin bərq vurduğu bir vaxtda
Gözləri görməyən kor bir adamın
Gözlərində gün eynəyi var.

Mənim də gözlərimdə gün eynəyi,
onundamı?

Onlar, biz gözlərini görməyək deyə
gün eynəyi taxarlar
Biz nankorlarsa,
günəş gözlərimizi
görməsin deyə.

***

Dəftərin ortasından
qoşa vərəqlər asan qopur.
Ayrı bir səhifədən
bircə vərəq qoparsan
yarısı o üzdə qalır.

İndi mən yarı vərəq təki
vərəqlərin arasında
təkcəcənə qalmışam.
Hiss edirəm yavaş-yavaş
düşürəm, qopuram
sənin qopduğun yerdən.

# 4522 dəfə oxunub

Oxşar xəbərlər

"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

"Gözüm Tanrı taxtındadı..." - Qulu Ağsəsin şeirləri

15:00 20 aprel 2026
Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə  "meşə pəhləvanı" adlandırırdılar?

Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə "meşə pəhləvanı" adlandırırdılar?

12:30 20 aprel 2026
"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı

"Cavid Ramazanov düşük türk seriallarının qızğın pərəstişkarıdır" - Böyüməyən yazıçının infantil romanı

11:35 20 aprel 2026
"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

"Rollarının üzərində “Nəsibə Zeynalovanın istehsalı” möhürü var..." - Avropanın məşhur aktrisası ona nə demişdi?

10:00 20 aprel 2026
"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

"Mənim yaşımda sevgidən ölən olmayıb hələ..." - Camal sözün başına nə oyunlar qaldı açmamış?!

15:00 19 aprel 2026
Hələ də baxmamısınız? - Bütün zamanların ən reytinqli 10 filmi

Hələ də baxmamısınız? - Bütün zamanların ən reytinqli 10 filmi

15:00 18 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər