Alnıma şeytanın möhürü vuruldu - Bircənin romanı

Alnıma şeytanın möhürü vuruldu - Bircənin romanı
11 sentyabr 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Uşaqlar yatandan sonra otağıma təpilib Taylanın anasının kənarlarını öz əlləriylə bəzədiyi yaylığı başıma atdım. Aldığım şamlardan birini yandırdım, dövrəsində bardaş qurub gözümü onun lal danışan dilinə zillədim. Arabir nəfəsimi dərindən alıb-verdikcə şamın alovu titrəyirdi. Möcüzənin bu növünə o qədər inanmasam da özümü mistik güclərin ixtiyarına verib hissimi, ruhumu iki dünya arasındakı körpüdən adlatmağa çalışırdım, gözlərim yumulu qəlbimi canıma yükləyib başqa bir aləmə daşıyırdım.

Heç nə görməsəm də burnumun ucunda titrəyən şamın ölgün işığı içimi aydınladırdı. Ağabəy həkimin mehriban çöhrəsi qarşımda zühur eləyib üzümə gülümsəyirdi:

- Bəyəm mən səni belə qorxaq öyrətmişdim? Hanı sənin gücün-qüdrətin, hanı sənin əzəmətin?

- Elə bilirdim danışmayacaqsız, məni dindirməyəcəksiz, üzümə tüpürəcəksiz.

- Yenə kobud sözlər dilindən düşmür.

- Yox, doktor, mən nankoram, mən sapqınam, cinayətkaram. Nə müddətdi içimdə gizlədiyim cinayəti üzə çıxarmaq istəyirəm. Əslində, o cinayəti yerinə yetirməklə cinayətdən canımı qurtarmaq istəyirəm. Din bu işin əleyhinədi, bəs elm nə deyir?

- Elm də din kimi şəri şərlə sağaltmağı rədd eləyir. Bunun sənə heç bir faydası olmayacaq, əzabların birə-min artacaq.

- Sizin cənnət saydığınız bu abad şəhər mənə bataqlıq oldu, özümü cəhənnəm qırına bulaşmaqdan, zibillik siçovullarının ağzında çeynənməkdən qoruya bilmədim, alnıma Şeytanın möhürü vuruldu.

- Bəs nə bilmişdin! Elə bilirdin yanından çaparaq keçdiyin həyat donunun ətəyindən yapışa bilməyəcək? Elə bilirdin bu dünya ancaq yaxşı adamlardan ötrü qurulub? Yox, başına bunlar da gəlməliydi, yolun nə qədər düz olsa belə yenə həyat səni öz oyununa qatacaqdı, hər yıxılanda qoluna bir yaxşıyla yanaşı on əclaf da əl atacaqdı.

- Həm də necə bir əclaf!

- Mən nə deyirdim sənə, deyirdimmi bir gün pisə rast gəlsən qorxma, onda həmişəkindən də güclü ol.

- Ola bilmədim, həkim, ola bilmədim.

- Niyə kitab oxumursan, niyə ürəyini deşənləri yazmırsan, niyə yerdə sürünürsən? Sürünməyə alışdınsa dikələ bilməyəcəksən, dikələ bilməsən çirkli ayaqqabılar çirkabını üstünə yaxıb keçəcək.

- Oxuya bilmirəm, doktor, yaza bilmirəm. Xilaskarım kimi qoynuna atıldığım şəhər məni tələ kimi tutdu, yerlə, göylə, Tanrımla, içimdəki mələklə ünsiyyəti itirdim, məni qoruyan nə vardısa məndən gen düşdü.

- Bir təskinliyin var ki, sən heç kimə yox, özünə xəyanət eləmisən, özünü əzmisən, özünü yaralamısan.

- Özümü öldürüb bu işgəncələrə son qoysam necə?..

- Mən səni tanıyandan özünü öldürürsən. Gücün varsa, üzün varsa yaşa özünçün.

- Artıq heç biri yoxdu, doktor.

- Deyirsən ki, şəhərə gələndən yazıb-oxuya bilmirsən? Sabahdan cır tulla taleyin bura qədər yazdıqlarını, ağ vərəqdən çəhrayı qələmlə yenidən başla.

- Ona daha gücüm, həvəsim qalmayıb. Nəyisə arzulayıb dalınca getməyə də ərinirəm. Bilirəm haranı dolansam yolum yenə hərlənib-fırlanıb bu bataqlığa dirənəcək.

- Müftəxorsan, tənbəlsən, ələbaxansan, qorxaqsan!

- Yox, həkim, daha müftəxor deyiləm, tənbəlliyə də vaxtım-imkanım qalmayıb, üstəlik, indi neçə nəfər mənim əlimə baxır.

- Nə faydası, qorxaqlığın, acizliyin həyatın bərəkətindən zövq almağına imkan vermir. Zəifsən, mütisən, hələ də oturub kiminsə yolunu gözləyirsən.

- Yorğunam, doktor, gözləməyə gücüm qalmayıb. Əksinə, gözləmək mənim həyatıma dad verir. Amma daha gözləmirəm.

- Başın çörək qayğısına qarışıb, dünyanın gözəlliyinə dalmağı unutmusan. Hər gün sabahkı günün həyəcanıyla yaşayırsan, ona görə də nə bugünü, nə də sabahı yaşaya bilirsən. Başın daim qalmaqalda, qovğadadı. De görüm sonuncu dəfə salona nə vaxt getmisən, güzgüyə gözün dolusu nə vaxt baxmısan, başını qaldırıb ulduzlu göyü nə vaxt seyr eləmisən, dəniz qırağında nə vaxt olmusan?

- Görünür bunlar mənim günahlarımın cəzası, alnımın yazısıymış. Mən bu yazını dəyişə bilməzdim.

- Sənin dediyin o yazı hər gün təzə səhifədən yazılır. Yıxıldığın yerdə döşənib qalma, ayağa qalx. Yadındamı sənə o vaxt da deyirdim – dərdini gizləməyə çalışma, gizli dərdin dərmanı da çətin tapılar. Arzularının, xəyallarının sənin ayağına gələcəyini gözləmə, özün get o arzuların ardınca, özün yapış o xəyalların ətəyindən.

- Adamların lağından, töhmətindən qorxuram.

- Sən özünü sevib-saydıqca başqaları da sənə sayğı-sevgi duyacaqlar. Biri lağ eləsə də yüzü mərhəmət göstərəcək. Sən pisin pisliyindən qorxmadıqca o pisliyin sənə zərəri dəyməyəcək. Necə deyərlər, qorxan gözə çöp düşər. Şəhərin sınağından təşvişə düşüb gizlənmə, imtahandan yaxşı çıxsan qarşıda səni böyük müjdələr gözləyir...

Ev telefonunun amansız zəngi məni getdiyim dünyadan ayırıb yerə çırpdı. Ayılanda gördüm ki, titrəyirəm, saçlarımdan tər axır. Sahibsiz itlər eyvanımın altında gecənin üstünə hürüşürdülər...

***

Payız gələli mədəmin ağrısından heç nə yeyə bilmirdim, hətta hərdən elə bilirdim qarnım getdikcə şişir. Ağrılar qızıl payızın sevincini burnumdan gətirirdi. Bir yandan da Cavidin soyuqluğu canımı üşüdürdü. Diplom işiylə bağlı çox vaxt evdə olurdu, di gəl, cibinə babat xərclik qoyulan kimi yükünü təpəyə yığır, üzü dönürdü – evə gecə yarıdan keçəndə qayıdırdı, bir balaca çimir alıb gün çırtlayar-çırtlamaz yenidən qaçırdı Nefertitinin xalasıgilə.

Xeyli vaxtdı Doneşin sifətini görmürdüm deyə qulağım dincəlmişdi. Şəfa da öz kefindəydi, hər gün iş bəhanəsiylə evdən çıxıb təzə sevgilisinin görüşünə gedirdi. Tüstüsü çıxmasın deyə maaşının yarısını verib müdirin ağzını yumurdu.

Həmid iki-üç gündən bir gecə yarısı mənə ismarış yollayırdı: “Çox yaxında öləcəksən, başında qaranlıq var”. Siftə-siftə onun yazdıqlarına məhəl qoymurdum, amma canımdakı ağrılar gücürgədikcə, ayaqlarım cəmdəyimi daşıya bilmədikcə qorxmağa başlamışdım. Sağ qoltuğumda qoz boyda fır əmələ gəlmişdi, qolumu başıma güclə qaldırırdım.

Axır canımı götürüb kəndə qaçdım, dərdimi Kamilə danışdım. Qardaşım mənə ürək-dirək verib səbbimi aldığı vaxt anam ağcadaban lap gül vurdu:

- Güllər müəlliməni nə tez yaddan çıxartdınız? Onun da birinci qolunun altı fırlamadımı?

Kamil anama nə qədər göz ağartdısa arvadı kiridə bilmədi:

- Ay ana, yazıq Güllər ərə getmədi, doğmadı, törəmədi. Canını qoltuğuna vurub təkbaşına oturdu ömrünün göy gədiyində.

- Hmm, ay da doğdu gədiyindən, birinci döşlərini dibindən sıyırdılar, əməl yemədi, sonra da içini çıxarıb küllüyə atdılar. Haray bəri başdan, yığışın tədbirinizi görün. Məndən olsa uşaqlıq kəsilib götürülər.

Utandığımdan qardaşımın üzünə baxa bilmədim, pul kimi qızarıb daldaya çəkildim. Günün qulağı batanacan anam Kamilin ətəyini buraxmadı.

Şər qarışana qədər susuzluqdan çoxu qurumuş, atılan mərmilərdən başları biçilmiş “Qırx şamlar”da veyilləndim, bir vaxtlar atamı həyan götürüb yorulana kimi qaçdığım boş sahədə gəzişdim. Ərincək koramallara tamaşa elədim, bir zaman mənə də dərs demiş Güllər müəlliməni xatırlayıb kövrəldim.

Rəhmətlik kəndimizin sayılan ailələrindən birinin övladıydı. Tək-tək kişinin qız oxutduğu vaxtlarda Güllər atasının köməyilə ali təhsil alıb kənd məktəbində işləməyə başlamışdı. Ərköyünlüyündən başqa bir ayıbı olmayan qız elçilərin heç birini yaxına buraxmayıb evdəcə qarımışdı.

Güllər müəllimə əmim qızı Şəfaqətin baldızıydı. Şəfaqət ilk uşağını doğan kimi qundağı ata-anasından alıb rayon mərkəzindəki evinə köçmüşdü. Qardaşı balasını öz övladı kimi böyütmüşdü, oxutmuşdu, evləndirmişdi. Toydan üç ay sonra bedava dərdə yaxalanıb dünyadan köçünü çəkmişdi...

O gün mənə əziz olan həyət-bacanın hər küncünə son dəfəymiş kimi doyunca baxdım, əzizlərimlə halallaşıb səhəri Bakıya qayıtdım. İçimdən yıxılıb çölümə yumalandığımı ancaq Taylan gördü:

- Annəm, sənə nə olub?

- Yorğunam, oğlum, - dedim.

- Sən heç vaxt dincəlmədin ki! Məndən gizləmə dərdini.

- Heç bir dərdim yoxdu, sən gedəcəksən deyə bikefəm.

- Ya annəm, hələ Cavidi əsgərliyə yola salana qədər burdayam.

Ürəyimdə hesabladım – beş ay vardı. Görən oğlumu əsgər paltarında görmək mənə qismət olacaqdımı?..

***

Kənddən qayıtdığımı biləndə Aqil başımın üstünü alıb məni şəhərdə qadın həkimi kimi ad çıxarmış Nigar xanımın üstünə göndərdi. Uzun yoxlamalardan, analizlərdən sonra qoltuğumdakı şiş sarıdan arxayın oldum – qorxulu heç nə yoxmuş, illər uzunu daşıdığım mürəbbə bankalarıyla dolu zənbillərin ağırlığından əzələlərim, damarlarım gücə düşübmüş. Nənəm demiş, qolumun dibi camam bağlamışdı.

Bundan başqa mədəmdə yırtıq vardı, təcili əməliyyat olunmalıydım. Mən yaxamı qırağa çəkdikcə Aqil yaxamdan dördəlli yapışıb məni cərrah masasına sürüyürdü.

Qardaşım klinikanın bütün xərclərini ödədi, işdən icazəmi aldı, ardınca müalicələrim başlandı. Əməliyyat noyabrın onuna təyin olunmuşdu. İki gün qalmış Rəhman əmimin qız nəvəsinin toyuna gedib xəstələndim, boğazım şişdi. Həkimin də, Aqilin də planını pozdum. Noyabr bitənəcən vəziyyətim yaxşılaşmadı. Onda həkim boğazımın artıq ətinin kəsilməsi məsələsini ortaya atdı.

Qəbuluna hər xəstənin düşə bilmədiyi həkimdən artıq usanmışdım, tez-tez verdiyi qəribə suallarla məni bezdirmişdi:

- Bu yaşdan sonra ailə qurmaq istəyərsənmi? Yenidən ana olmaq keçirmi ürəyindən? Gələcək həyatınla bağlı nə planın var?

Onun müstəntiq ədalı sorğularına bəzən acıqlı, bəzən də istehzayla cavab verirdim:

- Bu gün-sabah oğlum evlənəcək, nəvəm olacaq. Deyirsiz gəlinlə yarışa girim?

- Mən həkiməm, bunları soruşmalıyam. İndi dünyada dəb düşüb, qadınlar bəlli yaşdan sonra qorxulu xəstəliyə yoluxmamaq üçün döşlərini, uşaqlıqlarını kəsdirirlər.

Ətim uyuşdu, qollarımı sinəmdə çarpazlayıb döşlərimə sipər elədim. Sinəm göyüm-göyüm göynəyirdi:

- Ay həkim, axı özünüz dediz məndə qorxulu heç nə yoxdu, boş-boşuna canımı niyə doğradıb şikəst eləyim?

- Qorxulu olmasa da nəsə var. Bax, birinci boğazının əti kəsiləcək, sonra mədənin yırtığı tikiləcək. Uşaqlığında qoz boyda törəmələr var, istəsən onları da dənləyərik.

- Biz belə danışmamışdıq axı – boğazım, bir də mədəm, qalanıyla işiniz olmasın, - deyib qapıdan çıxdım.

Yadıma onkoloji xəstəxanada gördüyüm bir gəlin düşdü. İki döşünün ikisi də dibindən kəsilmiş gəlin həkimin üstünə zar-zar ağlayıb deyirdi:

- Ay doxtur, döşlərimin giləsi göynəyir, ağrısından gözümə yuxu getmir.

Onda elə bilmişdim gəlin havalanıb. Məni də müalicə eləyən həkim eyməndiyimi duyub izah vermişdi:

- Döşü, ya da başqa orqanı kəsilən xəstələr olmayan bədən üzvünün ağrısını bir müddət çəkirlər...

***

Dekabrın əvvəlləri Nigar xanımla əməliyyat gününü razılaşdırdıq. Onunla şərt kəsdim:

- Harama istəyirsiz bıçaq çəkin, ancaq əməliyyat bitənəcən doğmalarıma heç nə deməyin. Narkozdan ayılandan sonra özüm zəng vurub onlara xəbər eləyəcəm.

- Bəs sonra Aqil müəllimə nə cavab verərəm?

- Babalını mənim boynuma qoyarsız.

- Onda sən də özünü yaxşı qoru ki, o vaxtacan xəstələnib planımızı pozmayasan.

- Söz verirəm, qoruyacam...

Dediyim kimi, əməliyyat gününü sirr saxlayırdım, Firəngizdən başqa işdən xəbəri olan yoxuydu. Şənbə-bazar uşaqları evdən genidib xala-bala otaqları yaxşıca yuyub təmizlədik, dükan-bazara çıxıb soyuducunu doldurduq. Üzüm gülmürdü, elə bilirdim bu dəfə bıçaq altından sağ çıxmayacam.

Firəngiz yerə-göyə sığmırdı:

- Xala, dözə bilmirəm, qoy hamıya deyim.

- Desən üzünə baxmaram.

- Heç olmasa Cavidə deyək, bir az yumşalsın, evə-eşiyə yovusun.

- Lazım deyil, o indi göylərdə uçur, onun yolunu mənim qanlı meydanıma calama, qoy uşaq rahat olsun.

- Xala, o ifritə onun qanadlarını elə yolub ki, uçmağı-zadı yoxdu. Qız Cavidin pulla doldurduğun ciblərində yuxarı başda qonçalıb kef eləyir.

- Qoy eləsin, onsuz da ayrılacaqlar.

- Nə bilirsən?

- Televizorda gördüyümüz cavan baxıcı var ha, - adını dedim, - o pıçıldadı qulağıma.

Firəngiz ürəkdən güldü:

- Ay xala, səni tanıya bilmirəm, - dedi, - hardan vaxt tapıb onun yanına getdin, havaxtdan belə şeylərə inanan olmusan?

Marketdə başıma gələni bacım qızına danışdım.

- Nə bilim vallah, ay xala, mən o qızdan qorxuram, - dedi Firəngiz. - Bu yandan da Cavidə qıymıram, gör neçə ildi onun yolunda əziyyət çəkir. Necə ayrılacaqlar, bilmirəm...

***

O dövrdə ölkənin həm üzdə, həm dəbdə olan ən bahalı klinikasında məşhur həkimlərin iştirakıyla, ən yeni avadanlıqla çapıqsız, qansız əməliyyat olunacaqdım.

Xəstəxana mənə iki dünya arasında keçid məntəqəsi kimi görünürdü, ağ geyimli mələklər bu məntəqədə hansısa qüvvənin hökmüylə adamları saf-çürük eləyib təyinatı üzrə göndərirdilər. Ürəyim bu iki dünyanın sərhədində qəfəsdən özgə bir mənzil tanımayan quş kimi çırpınırdı – qəfəsin qapısı açılsaydı belə onun getməyə bir yeri, qonmağa budağı yoxuydu. Bu dünyadan əlim artıq üzülmüşdü, o dünyaya əlim hələ çatmırdı. İndi mənə ən doğma yer xəstəxanaydı.

Klinikanın binası çalışdığım ofisin yaxınlığındaydı. Əməliyyatqabağı müalicələrim başa çatandan sonra iş yoldaşlarımla vidalaşmağa getdim. Məni gərginlikdən qurtarmaq üçün hərə bir yolla könlümü almağa çalışdı.

Fariz:

- Ay Bircə xanım, sağ-salamat gəldiyin gün tapançamı verəcəm, kimi istəyirsən öldür.

Elgün:

- Başına bir şey fırla nəzir qoy, qayıdanda verərsən mənə. Ətir də ola bilər.

Təranə:

- Kitablarından bir-ikisini mənə nəzir desən vallah sağ-salamat qayıdacaqsan.

Elşən:

- Bizim arvad mənim yorğan-döşəyimi günə vermək üçün həyətə sərib gedib anasıgilə, o qayıdanacan hamısını çırpışdırıblar. Quru yerdə yatıram, nolar mənə də bir döşək nəzir elə.

- Doğru deyirsən?

- Vallah gerçək sözümdü.

- Elə bu axşam sənə bir dəst ipək üzlü yorğan-döşək verə bilərəm, gəlinyatmazından.

- Cavid içinə işəmişi də gedər.

Zalı gülüşmə səsi bürüyəndə dedim:

- Uşaqlar, bu əməliyyatdan sağ çıxsam həyatımı başqa cür yaşayacam.

Hamı bir ağızdan soruşdu:

- Məsələn, necə?

- Gələn təklifləri dəyərləndirəcəm, hələ bəlkə ərə də getdim.

Hamı əl çalıb məni alqışlayanda Təranə dilləndi:

- Ay Bircə, hər günorta sənlə parka getməyə hazıram.

Fariz tapançasının qoburuna əl atdı:

- Dədəmin goru haqqı ikinizi də güllələyərəm, parka gedən qızları görən gözüm yoxdu. Elə bax idarəmizə gələn imkanlı iş adamlarının təkliflərinə nəzər salarıq.

Elşən gözünü mənə tərəf süzdürüb dedi:

- Allah səni öldürməsin, o keçəl iş adamını qaçaq saldın buralardan. Həftədə iki dəfə tort yeyirdik.

- Sən keçəli burax getsin, axşam gəl mitilini apar. Sağ çıxsam qaytararsan.

İki irqin qovuşağında dünyaya gəlmiş (anası rus idi), qulluğumuzda sevə-sevə duran ucaboy, gözəl Leyla mənə sarılıb doluxsundu:

- Sənin sayəndə o kişi mənə də çörək verirdi, nolar sağ-salamat gələn kimi ona “həri” deginən.

Elşən çırtıq çalıb oynamağa başladı:

- Yaşasın Leyla xanım, gözəl fikirdi! Bir oğlunuz doğular, adını Atoppa qoyarıq, kirvəsi də özüm olaram.

Elşənin kürəyini yumruqladım:

- Kreslonun dalında gizlənib məni qorxutmadınmı, indən belə çətin uşağa qalam.

- Burda bir yığın yetimin-yesirin var, kişini sal qarmağa, biz də dolanaq.

- Kişi əlinizdən elə getmədi ki, bir də qayıda.

- Ay Bircə xanım, sən bir him elə, mən yerini bilirəm, gedib ayağına düşüb qaytaracam.

Bir müddət əvvəl bir varlı iş adamı mənə bənd olmuşdu – bunu idarəmizdə hamı bilirdi. Bahalı gül səbətlərini, fransız ətirlərini mənə ilk dəfə o adam bağışlamışdı. Hər bayram ofisdəki bütün xanımlara hədiyyə paylayardı, adətən mənim bəxşişim qalanlarınkından seçilərdi.

Onunla bir müddət telefonla danışmışdıq, hətta bir ara Doneşdən canımı qurtarmaq naminə yumşalmışdım da. Doğrusu, adamın özündən də çox mənə göstərdiyi qayğını, bəslədiyi hörməti, verdiyi dəyəri, aldığı hədiyyələri bəyənirdim. Nələr boyun olmamışdı mənə – sürücüsü də üstündə maşın, çox bahalı xəz kürk, oğluma ev, Cavidin istədiyi xarici universitetdə oxuması üçün təhsil haqqı... Bir dəfə ikilikdə oturub çay da içmişdik. Amma qarşıma qoyduğu şərtlərə, tələblərə tab gətirə bilməyəcəyimi anlayıb geri durası oldum. O da mərifətli, qanacaqlı bir adam kimi sakitcə bütün hesablarını bizim ofisdən alıb yoxa çıxdı.

Hərçənd sonradan bildim ki, o cənab mənim Aqilin bacısı olduğumu öyrənəndən sonra nədənsə bizdən qaçmağı qərara alıb (səbəbi məndən ötrü indiyəcən müəmmadı), mənim geriləməyim onun əlinə sadəcə bir yağlı bəhanətək düşüb.

Bayramlarda iri-iri tortlar, şokoladlar, ətirlər gəlmədikcə iş yoldaşlarımın yaman dilinə düşdüm. İndi Elşən onları yada salıb yalmanırdı...

# 9943 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #