Yasaq dil, sülhə qurban verilən ölkə, "zərərli" ”Dədə Qorqud“...- Səhənd Şəhriyara niyə müraciət etmişdi?

Yasaq dil, sülhə qurban verilən ölkə, "zərərli" ”Dədə Qorqud“...- Səhənd Şəhriyara niyə müraciət etmişdi?
26 noyabr 2026
# 10:00

Kulis.az Pərvanə Məmmədli Turanellinin "Yasaq dil, sülhə qurban verilən ölkə, zərərli ”Dədə Qorqud“dan yazan şair" yazısını təqdim edir.



Bir insanın ömründə nə qədər fərqli tale birləşə bilər? Bulud Qaraçorlu Səhəndin həyatına baxanda adam istər-istəməz bu sualı verir. İyirmi yaşına çatmamış siyasi hərəkatın ön sıralarında dayanan bir gənc, sonra zindan həyatı yaşayan şair, günlərin birində məhv edilməli kitablar arasından çıxmış “Dədə Qorqud”la tanış olan ziyalı, illər sonra Bakıya şeirlə yol açan bir insan... Hətta bir vaxtlar ona “kapitalist şair” də deyiblər. Halbuki gəncliyindən sol düşüncələrə yaxın olmuşdu. Bulud Qaraçorlu Səhəndin ömrü belə gözlənilməz hadisələrlə doludur. Mən bu gün onun şeirlərini bir-bir təhlil etməkdən çox, həmin şeirlərin arxasında dayanan insanı xatırlatmaq istəyirəm.

Bulud 1926-cı ildə Marağada doğulub. Onun uşaqlıq mühiti barədə çox şey söyləyən bir xatirəsi var: atası adını güclə yaza bilirmiş, anası isə “Quran” oxuyacaq qədər savadlı imiş. Ancaq o evdə başqa bir məktəb də vardı: anasının söylədiyi nağıllar, bayatılar, el arasında yaşayan sözlər. Sonralar minlərlə misra yazan şairin sözə bağlılığı elə bu sadə ailədə başlamışdı. Marağada, sonra Təbrizdə oxuyan Bulud on yeddi yaşından şeir yazır, əvvəl Razi, daha sonra Səhənd təxəllüsünü götürür. Qarşısında isə sakit bir şair həyatı yox, olduqca çətin bir dövr dayanırdı.

1945-ci il gələndə Səhənd hələ iyirmi yaşına çatmamışdı. Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Milli Hökuməti qurulur. O, kənardan baxan gənclərdən olmur: Azərbaycan Demokrat Partiyasının Marağadakı gənclər təşkilatında fəal çalışır. İlk şeirləri də həmin günlərdə “Şairlər məclisi” toplusunda işıq üzü görür. Onun üçün bu hərəkat sadəcə siyasət olmur. Siyasi təzyiq altında qalan doğma ana dilində yazmaq, öz xalqının mədəniyyətini sərbəst yaşatmaq arzusu həmin siyasi ümidlə birləşmişdi. Sol görüşlərə yaxınlığı, sosial ədalət və bərabərlik düşüncəsi də buradan gəlirdi. Səhənd milli hüquqları müdafiə etməklə yanaşı, azadlığı bütün xalqlar üçün istəyən bir aydın idi.

Ancaq sevincinin ömrü çox qısa olur. 1946-cı ildə Milli Hökumət süquta uğrayır. Dünən ümidlə danışılan yerlərdə indi qorxu hökm sürür. Təqiblər başlayır, adamlar həbs olunur, Azərbaycan dilində kitablar yandırılır. Təsəvvür edin: gənc bir şair öz dilində yazılmış kitabların “Saat meydanı"nda hökümət adamlarının təşkil etdiyi tonqala atıldığını görür. Bəlkə də Səhəndin yaddaşında ən ağır iz buraxan hadisələrdən biri məhz bu idi. Siyasi məğlubiyyətlə barışmaq bir dərd idi, kitabın, dilin cəzalandırılması isə tamam başqa dərd.

Burada Səhəndin yaradıcılığının ən kəskin sualına gəlib çıxırıq. O illərdə Azərbaycan yalnız İranın daxili siyasətinin deyil, Sovet İttifaqı, ABŞ və Böyük Britaniya kimi böyük dövlətlərin maraqlarının da toqquşduğu yerə çevrilmişdi. Dünya yeni III Dünya müharibəsinin qorxusunu yaşayırdı.

Yaranmış təhlükəni aradan götürmək üçün bu iki qarşıdurmanın meydanına çevrilmiş üçüncü tərəf qurban verilməli idi. Bu qurban isə hələlik ilk müstəqil addımlarını atan və zəngin mədəniyyətə, geniş coğrafi əraziyə, böyük neft ehtiyatlarına malik olan Azərbaycan olacaqdı...

Uzun illər Azərbaycan Milli Hökumətinin super dövlətlər arasındakı siyasi oyunlara qurban verildiyi siyasətçilər tərəfindən açıqlanmır, məxfi saxlanırdı. Bəzən siyasətçi və tarixçilərin açıq söyləyə bilmədiyini yazıçı və şairlər boynuna götürüb ədəbi üsullarla xalqa çatdırmağa nail olurlar.

Ömrü xalq və Vətən uğrunda mücadilələrdə keçən, bu yolda həm qələmi, həm də silahı ilə çarpışan Səhəndin bir şeirində siyasi hadisələrin gedişi bütün çılpaqlığı ilə görünürdü:

Gərəkdir Şərqdə boğula bu səs,
Deyə köhnə dünya verdi əl-ələ.
Londonda başladı gizli hərəkat
Vaşinqtondakı qoşun, tədarükat
Xələcə yollandı hərbi gəmilər.

Tarixdə vətənə, hədəfə yola
Can qurban edənlər heç də az deyil. . .
Amma bir millətin qurban olması
Tarix göstərməmiş heç vaxt, heç zaman
Qoy bir də söyləyim dünyalar bilsin,
Sülhə qurban oldu bu Azərbaycan!?

O illərdə yaranmış BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) ilk həll edəcəyi münaqişəli problem Cənubi Azərbaycan məsələsi olur. Səhənd böyük dövlətlərin razılaşmalarına başqa tərəfdən baxırdı: dünyanın sülhündən danışılırdı, bəs bu sülhün əvəzini kim ödəyəcəkdi? Şairin fikrincə, 1946-cı ilin Azərbaycan faciəsini həmin beynəlxalq hesablaşmalardan ayrı düşünmək olmazdı. Onun “Sülhə qurban oldu bu Azərbaycan!” misrası da məhz bu acı siyasi qənaətin ifadəsidir. Bu, tarixi hadisəyə şairin verdiyi hökm idi; onun üçün sülhün qiyməti bir xalqın faciəsi ola bilməzdi.

Qısa bir müddətdə istiqlalını yaşayaraq çiçəklənib dirçələn diyar yenidən zindana çevrilir. Səhənd hayqıraraq xalqının başına gətirilənləri bütün dünyaya çatdırırdı:

Qarğış zəmanənin qanunlarına,
Qarğış ürəkləri ayıranlara
Qarğış insanları qəfəsə salıb
Bəşər hüququndan dəm vuranlara.

Səhəndin öz taleyi də həmin illərin sınağından keçir. O, 1946–1947-ci illərdə, daha sonra 1951–1953-cü illərdə həbsə düşür. Milli Hökumət dağılandan sonra ailəsi ilə Təbrizə köçür, dəmir yolunda işləyir, siyasi fəaliyyətindən əl çəkmir. İranda neftin milliləşdirilməsi uğrunda gedən mübarizəni də dəstəkləyir. Ancaq zindan illəri onun həyatını yalnız yarımçıq saxlamır; yazdıqlarına da başqa ağırlıq verir. “Araz” və “Xatirə” kimi əsərləri həmin ağır dövrdə yaranır. “Yasaq”da isə bir insanın öz ana dilində düşünmək və danışmaq haqqının əlindən alınmasını hiss edirik.

Taleyimə sən bax!
Düşüncələrim yasaq,
Duyğularım yasaq,
Keçmişimdən söz açmağım yasaq,
Gələcəyimdən danışmağım yasaq...

İndi onun poetik mövqeyini anlamaq üçün uzun nəzəri izaha ehtiyac yoxdur: bu şeirlərin arxasında həbs görmüş, dilinə qadağa qoyulmuş bir insan durur.

Səhəndin həyatında mənim ən çox diqqətimi çəkən hadisələrdən biri “Dədə Qorqud”la tanışlığıdır. Çoxlarımız üçün bu dastan uşaqlıqdan eşitdiyimiz, məktəbdə oxuduğumuz bir əsərdir. Amma Səhənd ona tam başqa bir şəraitdə rast gəlmişdi. Yaxın dostu Məhəmmədəli Fərzanə kitabxanada işləyərkən Türkiyədə çap edilmiş, “batil”(zərərli) sayılaraq məhvə məhkum olunmuş “Dədə Qorqud” kitabı ilə qarşılaşır. Bundan sonra dastan haqqında başqa mənbələri də toplamağa başlayır. Fərzanə ilə Səhənd həmin vaxt Tehranda bir evdə kirayədə qalırdılar.

Bu hadisənin qəribəliyinə baxın: bir yerdə məhv edilməli sayılan kitab başqa bir insanın ömrünün ən böyük yaradıcılıq işinə çevrilir. Səhənd dastanı oxuduqca orada öz xalqının yaddaşını, keçmişini tapır. Amma sadəcə oxumaqla kifayətlənmir. Təxminən on il “Dədə Qorqud” boyları üzərində işləyir, onları öz şair dili ilə yenidən canlandırır. “Sazımın sözü”, “Dədəmin kitabı” məhz bu axtarışın nəticələridir. Dörd cildlik nəzərdə tutduğu əsərin yalnız iki cildini sağlığında çap etdirə bilir. Bir vaxtlar məhv edilməli sayılan dastanın motivləri onun qələmində minlərlə misralıq yeni həyat qazanır. Məncə, bu, Səhənd haqqında deyilə biləcək ən yaddaqalan həyat hekayələrindən biridir.

O, qədim dastanı nə üçün bu qədər ürəklə işləyirdi? Yalnız yaxşı ədəbi mövzu tapdığı üçün yox. Səhənd düşünürdü ki, xalq öz keçmişini tanımasa, bu gününü də qorumaqda çətinlik çəkər. O, dilin və yaddaşın arasındakı bağı yaxşı anlayırdı. Elə buna görə onun “Dədə Qorqud”a müraciəti təkcə ədəbi hadisə deyildi. Həmin dövrdə ana dilində kitab çap etdirməyin nə qədər çətin olduğunu nəzərə alsaq, bu işin mənasını daha aydın görərik. Doktor Cavad Heyətin “Dədəmin kitabı”nı yüksək qiymətləndirərək “Millətnamə” adlandırması da təsadüfi deyildi.

Səhəndin xarakterini açan başqa bir maraqlı məqam Şəhriyarla münasibətləridir. O dövrdə Şəhriyar artıq “Heydərbabaya salam”la böyük şöhrət qazanmışdı. Səhənd isə ona sadəcə heyran olan gənc şair deyildi. O, ustadını ana dilində yazmağa, Təbrizin və xalqının qayğısını çəkməyə daha da çox səsləyirdi. “Bu gün mən Səhəndəm, sən Şəhriyarsan”, "Gəl başın ucaldaq qoca Təbrizin. Bir kərə yadların daşını ataq, Çəkək qayğısını öz elimizin" - deyə başlayan müraciəti əslində iki şair arasında ədəbi söhbət idi. Şəhriyar da buna adi təriflə yox, məşhur “Səhəndiyyə” əsəri ilə cavab verdi. Bir-birini ilhamlandıran bu iki sənətkarın münasibətində həm dostluq, həm ədəbi hörmət, həm də ana dilinə ortaq bağlılıq var idi.

Səhəndin Quzey Azərbaycanla yaxınlaşması da öz-özünə baş verməmişdi. O, Arazın o tayındakı şairləri oxuyur, xüsusilə Səməd Vurğunun yaradıcılığını sevirdi. Amma tanış olmaq, məktublaşmaq, görüşmək o dövrün siyasi şəraitində asan deyildi. 1967-ci ildə Tehranda tanınmış şərqşünas Rüstəm Əliyevlə görüşü bu baxımdan mühüm hadisəyə çevrildi. Onun vasitəsilə Bakıdakı ədəbi mühitlə əlaqə yaratdı. Şeirlə yazdığı məktublar Bakıya getdi, Məmməd Rahimdən, Süleyman Rüstəmdən, Bəxtiyar Vahabzadədən, Qabildən cavablar gəldi. Yəni Səhənd Bakıya əvvəlcə özü yox, sözü ilə gəldi.

Nəhayət, 1969-cu ildə Sovet İttifaqına səfər edib Moskvanı, Bakını və Gəncəni gördü. Uzun illər yalnız kitabdan və məktubdan tanıdığı adamlarla görüşə bildi. Onun həyatında bu səfərin necə bir mənəvi hadisə olduğunu təsəvvür etmək çətin deyil.

Burada bir az da Səhəndin şairlikdən kənar həyatına baxaq. Gəncliyində sol siyasi hərəkatlarda iştirak etmiş bir adam sonralar öz zəhməti ilə ticarət işi qurmuşdu. Kiçik emalatxanası 1968-ci ildə “Sentral triko” adlı böyük müəssisəyə çevrilmişdi. Buna görə bəziləri onu zarafatla, bəziləri iradla “kapitalist şair” adlandırırdılar. Görün nə maraqlı ziddiyyətdir: gəncliyində sosial ədalət uğrunda mübarizə aparan, həbs olunan bir şair indi uğurlu müəssisə sahibi kimi görünürdü. Amma o, nə keçmiş mübarizəsini, nə də qələmini kənara qoymuşdu. Bu detal Səhəndi yalnız kitab səhifələrində yaşayan şairdən çıxarıb gündəlik həyatın içinə gətirir. Onun da dolanışığı, işi, qayğıları vardı; bütün bunların yanında yazmağa davam edirdi.

Ömrünün son illəri də ümidlə narahatlığın bir-birinə qarışdığı dövrdür. 1978–1979-cu illər İran inqilabı başlayanda Səhənd dəyişikliklərin Azərbaycan türklərinə də dil və mədəniyyət sahəsində yeni imkanlar açacağına inanırdı. Hətta Xomeyniyə “İmama salam” adlı şeir həsr etmişdi. Bunu da onun həyatından çıxarmaq olmaz. Ömrü «bağlı döyüşlərdə keçən» əyilməz Səhənd özünə cəbhədaş adlandırdığı, «Əlinin xələf oğlu» deyərək öyündüyü Xomeyninin onun ümidlərini doğrultmadığını, «şöhrəte-ədle islam»ın quru söz olduğunu və bir vaxtlar «dodaq danışarsa od tutar yanar, gərəkdir zəxmələr-əllər söyləsin» deyən şair artıq hakim rejimin təkcə ana dilində sözə deyil, saza, musiqiyə də qadağa qoyduğunu görmədən öldü.

Çünki Səhəndin portretini yalnız qəhrəmanlıqla deyil, inandıqları, yanıldıqları və ümidləri ilə birlikdə görməliyik. O, 1979-cu ildə qəfil dünyasını dəyişdi. Yeni siyasi rejimin sonrakı addımlarının onun gözləntilərini necə qarşılayacağını görməyə ömrü çatmadı.

Bir başqa nisgil də var: onun böyük əhəmiyyət verdiyi “Varlıq” jurnalının ilk sayını görmək qismət olmadı. Jurnal ilk sayını Səhəndin xatirəsinə həsr etdi. Sonralar dostları onun yazılarını, xatirəsini yaşatdılar. Şəhriyar, Sönməz, Gəncəli Səbahi, Q. Saidi və başqaları onun haqqında yazdılar. Lakin Səhəndin irsi uzun müddət layiq olduğu genişlikdə nəşr və tədqiq edilmədi. Bunu da düşünmək lazımdır: şöhrət qazanan bir şairin deyil, çap imkanları məhdudlaşdırılmış bir şairin ədəbiyyatda qalması bəzən daha böyük mücadilə tələb edir.

Bu gün Səhəndi xatırlayanda mənim gözümün önünə hər şeydən əvvəl üç səhnə gəlir: Marağada nağıl dinləyən balaca Bulud; Tehrandakı kirayə evində dostunun kitabxanadan gizlicə çıxardığı “Dədə Qorqud” kitabını maraqla vərəqləyən şair; bir də böyük dövlətlərin “sülh” adlandırdığı siyasi nəticənin qarşısında “Sülhə qurban oldu bu Azərbaycan!?” deyə sual qaldıran insan. Bu üç səhnə bir-birini tamamlayır.


# 45 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Elmira Şabanova vəfat etdi

Xalq artisti Elmira Şabanova vəfat etdi

18:59 25 noyabr 2026
Nik Keyv 40 il əvvəlki konsertin  itmiş görüntülərini yayımladı

Nik Keyv 40 il əvvəlki konsertin itmiş görüntülərini yayımladı

18:17 25 noyabr 2026
Məşhur rəssamın əsərləri açıq hava heykəl parkında təqdim olundu

Məşhur rəssamın əsərləri açıq hava heykəl parkında təqdim olundu

17:42 25 noyabr 2026
“Avengers: Doomsday” filminin treyleri rekord qırdı

“Avengers: Doomsday” filminin treyleri rekord qırdı

17:11 25 noyabr 2026
Ceyms Bondun avtomobili Türkiyədə nümayiş etdirilir

Ceyms Bondun avtomobili Türkiyədə nümayiş etdirilir

16:46 25 noyabr 2026
"Glastonbury 2027"nin ulduzları açıqlandı – 81 yaşlı Şer də səhnəyə çıxacaq

"Glastonbury 2027"nin ulduzları açıqlandı – 81 yaşlı Şer də səhnəyə çıxacaq

15:41 25 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər