news-inner
clock09:00 calendar-gray 04 Sentyabr 2020 view-gray7902 dəfə oxunub
view-gray7902 dəfə oxunub

Ona zəhər verib canımı qurtaracam - Bircənin romanı

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Cavid diplom müdafiəsinə çıxandan sonra günümüz lap qaraldı. Vaxtının çoxunu evdə keçirdiyindən qızlar da karantin rejiminə keçmişdilər. Mən işdə olanda onun çayını-suyunu yanına yığıb öz otaqlarına çəkilirdilər. Biş-düşümüzə Aydan, evin təmizliyinə Firəngiz cavabdeh idi, bazarlığı Taylan eləyirdi. Axşamlar süfrə başına yığılanda Cavidin telefonu açıq olurdu deyə hamı dinməz otururdu. Bunu handan-hana mənə Taylan pıçıldamışdı:

- Annəm, süfrə başında gəlin haqda artıq-əskik danışma ha, Cavidin telefonu həmişə açıq olur.

- Niyə, bu da son konsertimizdi?

- Nefertiti bilmək istəyir ki, qızlar Cavidlə danışıb-gülürlərmi.

Gəlində hökmə bax! Minənin ürəyindən oğlum bəlkə də keçirdi, amma xalası qızlarının Cavidə ayrı gözlə baxmaq ağıllarına da gəlməzdi. Bir dam altında qaldığımız müddətdə onların zövqünə də az-çox bələd olmuşdum, Cavid xasiyyətli oğlanı bəyənməzdilər.

Gəlinin fəndini biləndən sonra bir axşam süfrə başında özüm Cavidə ilişdim:

- Bizim evin kişiləri axta erkək kimi yanlarını yerə verirlər, zibili Xədicə atır.

Taylan gözüylə telefonu göstərib dedi:

- Annə, Xədicə də bu evdən yeyir, bir dəfə zibil atmaqla heç nə olmaz. Mən kişini Firəngiz bir şorba üçün qırx dəfə dükana göndərir.

- Elə niyə?

- Əvvəl kartofa, sonra keşnişə, aradan bir az keçmiş bibərə. Deyirəm bunun hamısını yaz ver bir dəfəyə alım gətirim, deyir yeyib-yatmaqdan ürəyini piy basıb, hərəkət elə.

Firəngiz həkimliyinə saldı:

- Ürək o qədər zəhmətkeşdi ki, heç vaxt piylənməz, ciyərini demişəm.

- Olsun ciyərim. Qaldı evin o biri kişisinə, o da diplom işi yazır telefonla.

Cavid loxmasını udub Taylana çəmkirdi:

- Sənlə bizim aramızda beş ay qalıb, diplomunu alan kimi süpürüləcəksən bu şəhərdən.

- Ulan, şərəfsiz, mən annəmi qoyub heç yerə gedən deyiləm.

Oğlanların deyişməsi qızışanda Firəngiz Taylanı dartıb stula basdı, Cavidin telefonuna himlə dedi:

- Qara pıspısa, dilini udsana, gəmidə oturub gəmiçiylə dava eləyirsən?

- Yox, canlı yayımı maraqlı eləyirəm.

Özümü bilməzliyə vurdum:

- Nə canlı yayım?

Taylan qalxıb Cavidin əlçatmazında dayanıb dedi:

- Bütün danışdıqlarımızı sənin gələcək gəlinin dinləyir, annəm.

- Qələt eləyir dinləyən də, dinlədən də, - dedim. - Siçan olmamış dağarcıq dəlir?

Cavid qaşığı boşqabına çırpıb Taylana cumdu...

O gündən mənə qarşı daha bir cəbhə açıldı – Nuriyyənin üzünü görmədiyim xalası zəng vurub məni hədələməyə başladı:

- İki sevənin arasına girmək günahdı, - dedi. - İnana bilmirəm ki, Cavidi sizin kimi qəddar ana böyüdüb.

Mədəni danışmağa hövsələsi çatmadı, dərhal “sən”ə keçdi:

- Yoldan ötənləri, cavan qızları yığmısan evə, uşağının istirahətini pozursan, onların yanında Nuriyyəni təhqir eləyirsən.

- Sən hardan bildin Nuriyyəni təhqir elədiyimi?

- Qız öz qulağıyla eşidib.

- Qızın qulağı bizim evdə nə gəzirdi?

Bir-birimizə dişimizin dibindən çıxanı dedik. Sonda üzünü görmədiyim xala mənə bir donuz gülləsi vurdu:

- Neçə gündü Cavidin özünə də deyirəm, göndər oğlunu bizdə qalsın, qoy sənin evindəki yadın-yavanın yeri gen olsun.

- Lap yaxşı fikirdi, gəl yığ apar köçünü, Cavidi bağışladım sizə. Hər gün xərclədiyi iyirmi manatı da verərsən, bacın qızıyla gəzib dolaşarlar.

- Səni deyəsən o iyirmi manat yandırır.

- Yox, məni qazancımı dönərxanalarda qoyub özümü də bəyənməyən bacın qızı yandırır.

Xalayla qiyabi davadan sonra Cavidin üzü məndən lap döndü. Artıq əlüzyuyanın qarşısına məktublar qoyulmurdu, uşağım məndən pul istəmirdi, məni dindirmirdi. Oğlumun pərişanlığı hamıdan çox Firəngizi narahat eləyirdi:

- Xala, Cavid o qızla evlənməyəcək, mən bilirəm, - deyirdi, - zülüm-zillətlə böyütdüyün uşaq xəstəlik tapar.

Bacım qızı məndən pul alıb daldada yalvar-yaxarla oğlumun cibinə basırdı. Hətta Caviddən gizlicə bacısını, Lalənin qızını yanına alıb gəlinliyə namizədin görüşünə yenə getdi. Onların bir yerdə olduğunu bilən oğlum qızların topasını kinoya apardı, birlikdə kafedə oturub nahar elədilər. Firəngiz qızı bir daha inandırmağa çalışdı ki, heç kimin Caviddə gözü yoxdu, məktəbi bitirən kimi hərə öz evinə gedəcək.

Deyə-gülə ayrılsalar da üstündən üç gün keçməmiş Nefertiti evimizə yenə dava saldı, Firəngizlə Cavidi qanlı-bıçaq elədi – guya bacım qızının qoftasının kürəyi çox açıq imiş. İndi də qaldım üç-dörd od arasında.

***

Həyatım, güzəranım zəhərə dönmüşdü, vərdişə bağlı yaşayırdım, qazancımdan, uğurumdan ləzzət ala bilmirdim. Çaxna-vaxnayla dolu günlərimin birində Sabir iş yerimə gəldi, kredit götürmək üçün məndən kömək istədi – qaçqın olduğuna görə girov qoyulası heç nəyi yoxuydu.

Ayrı yol tapmadığımdan ağlıma ancaq bu gəldi:

- Krediti mənim adıma götürək, - dedim.

Həm rəfiqəm, həm də nəzarətçimiz Təranə bu təklifin əleyhinə çıxdı:

- Belə riskə getmək doğru deyil, - dedi, - çox da Sabir yaxşı adamdı. Dünyanın işini bilmək olmaz. Həm də sən öz adına kredit götürsən ya direktor, ya Elgün qardaşına xəbər verəcək.

- Deyərəm evimin təmiri üçün götürmüşəm.

- Olmaz, - deyib Təranə Sabirin sənədlərini mənə qaytardı.

İnsafən Sabir özü də mənim təklifimlə razılaşmadı, daş atıb başını tutdu:

- Birdən sabah yıxılıb öldüm, - dedi, - ömür boyu goruma söyəcəksən.

- Niyə ölürsən, nolub sənə, maşallah təpiyin yer cırır.

- Yer cırmaq deyil bizimki, təpiklə özünə qəbir qazmaqdı. Başqa yol bilirsənsə o yolla gedək.

Direktor müavini Vahid müəllimin üstünə qaçıb hal-qəziyyəni ona danışdım. Vahid müəllim ürəyiyuxa, işçinin qədrini bilən, kasıba, yetim-yesirə əl tutan kişiydi. Vəziyyətdən halı olan kimi Sabiri otağına çağırdı, qucaqlayıb üzündən öpdü:

- Yazılarınızı oxuyuram, - dedi, - sizə böyük hörmətim var. Mütləq bir yol tapıb sizi dardan çıxaracağıq.

İki gündən sonra Rüfətin bizim idarəyə qoyduğu depoziti girova salıb Sabirin kredit məsələsini həll elədik. Vahid müəllim, Təranə, mən Sabirdən çox sevinirdik. Arada bacılığım yenə mənim sevincimə su ələdi:

- Birdən qardaşın dara düşüb pulunu istədi, onda neyləyəcəksən?

- Qardaşım üç il o pula əl vura bilməz, o vaxta qədər də Sabir borcunu bağlayacaq.

İrəli sıçrayıb deyim ki, doğrudan da Sabir mənim üzümü yerə salmadı, hər ay tələb olunduğundan artıq ödəməklə kreditini vaxtından əvvəl bağladı. Di gəl, bu gün də bilmirəm iş yerimdə baş verənləri Doneşə kim çatdırmışdı – əməliyyatımızın ertəsi günü Həmid ofisin qapısını kəsdirib məni eşiyə çağırdı:

- Sən indi də kişilərə pul paylayırsan, kişi döyürsən? Bu əməllərindən oğlunun, qardaşlarının xəbəri var?

O, ağzı köpüklənə-köpüklənə danışdıqca mən maddım-maddım gözümü döyürdüm, xəyalımı dolandırıb xəbərləri ona kimin uçurtduğunu tapmaq istəyirdim. İş yoldaşlarımın söhbəti eşidəcəklərindən qorxub səsimi içimə saldım:

- Yalan sözdü, get axşam danışarıq.

- Yox, elə indi, bu dəqiqə cavab ver.

- Sənə dedim indi rədd ol get, sonra danışarıq, ayıbdı, camaat eşitməsin.

- Elə bu dəqiqə zəng vurub hər şeyi oğluna çatdıracam, qoy o da dayılarını xəbərdar eləsin.

Səsimi qısıb onun üstünə yeridim:

- Onda hər şeyi de, mənim başıma açdığın oyunları da.

Yenə artistliyə başladı:

- Gör hələ mən olmasaydım sən nələr eləyərdin. Get qurban kəs, canıma dua elə ki, səni nə qədər fəlakətdən qurtarmışam. Yoluna qayıt, ayıl, gözlərini aç dostunu-düşmənini tanı. Bakı böyük şəhərdi.

- Bəs deyirdin Bakı ovuc boydadı?

- İndi mən burdan gedirəm o jurnalistin iş yerinə. Ona həyatı başa salacam, qoy görsün qadını aldadıb pulunu almaq nə deməkdi.

Gözümün qabağında yenə halqalar oynamağa başladı. Bilirdim ki, dəryadan dədəsinə köpük qıymayan bu kəmfürsətdən nə desən çıxar. Mən də onu qorxutmağa başladım:

- Sən ora gedən kimi mənə xəbər çatacaq. Mən də sırıdığın torpağın sənədlərini aparıb qoyacam lazımi şəxslərin qabağına, uşağımdan fırıldaqla qopardığından da artıq pul verib sənə qan qusduracam.

Həmid üzərlik danəsi kimi pırtlamağa başladı:

- Sən hələ də ordasan? O pulu yəqin çoxdan xərcləyib qurtarmışdın, indiyə qəpiyi qalmamışdı – mənim yaxşılığımı başıma vurursan? Mən sənin oğlunu daşınmaz əmlak sahibi eləmişəm. Özün də heç cür sübuta yetirə bilməzsən, heç kim inanmaz torpağa o qədər pul verdiyinə.

- Niyə inanmazlar?

- Verəndə şahidiniz, ya bir sənədiniz olub?

- Allah olub şahidimiz.

- Unut getsin o Allahı. Mənim atam sovet vaxtı Bakıda erməni toylarında tamadalıq eləyirdi, ermənilərlə canbir-qəlb idi, onların dilini öz dilimizdən pis bilmirdi. Ölənə kimi də erməniləri pisləmədi. Qaçqın qonşumuz üzünə deyirdi ki, öləndə Allah sənə it zülmü verəcək. Nooldu?

- Nooldu?

- Kababdan yedi, bir şüşə arağını içdi, marmelad kimi də öldü.

- Ölməyin də marmelad kimisi olur?

- Əlbəttə olur. Odu ki, sən mənə heç nə sübut eləyə bilməzsən, - sırtıq-sırtıq hırıldadı, - bəd ayaqda deyərəm ki, Cavidə hədiyyə vermişəm...

***

Həmid getdi, qayıtdım girdim içəri. Sifətimin allandığını görən Təranə dilləndi:

- Şəhər bürclü-qalalı, igid başı bəlalı. Nolub, niyə pörtmüsən?

- Heç, - dedim, - adam öldürmək istəyirəm.

- Ay Bircə, cinayətkar kimi yox, eləcə qonaq kimi həbsxanaya gedib orda yatan qadınların yaşayışını görmək istəmişəm həmişə.

Fariz söhbətə qarışdı:

- Xanımlar, sizi ora qonaq kimi buraxmazlar, içəri ancaq cani kimi girə bilərsiz.

Dərd dərdə dəyəndə səsi qadını zəlil eləyər, belini bükər, evini yıxar. Dostlarımın üzünə baxırdım, içimdən qanım sel kimi axırdı, yumurtaya qulp qoyan birinin əlində girinc qaldığımı heç kəsə deyə bilmirdim. İnsanın əti yeyilməz, dərisi geyilməz, amma yaxşı adamın ürəyinə bürünə bilərsən, şirin dilindən qarnın doyar, şəfqətli baxışından yaran sağalar. Bəs bu şəhərdə məni kimin qarğışı tutmuşdu? Yüz sürüşkən adlamacdan, neçə xain-xəbisdən, ocağımın başında kölgəm kimi dolanan çuğuldan salamat qurtarmışdım. İndi bir yaramazın əlində niyə girinc qalmışdım? Məni içimdən qurudub soğuldan bəlanı niyə kimsəyə açıb-bükə bilmirdim?

- Yox, ay Fariz, fikrim qətidi, mən adam öldürəsiyəm, tezliklə hamınız kriminal verilişlərdə məni görəcəksiniz.

Fariz əlini böyründən asdığı tapançanın üstünə qoyub dedi:

- Nə vaxt istəsən qara qız qulluğunda hazırdı, mənim də köməyim bu olar.

Gözüm alacalandı, içim sevinclə limhalim doldu:

- Doğrudan verərsən? Heç olmasa bir gecəliyə.

Fariz gerçəklədiyimi görüb gerilədi:

- Yox, ay Bircə xanım, verə bilmərəm. Sən kimisə öldürüb canını qurtaracaqsan, ara yerdə məni tutacaqlar. Yəqin oxuduğun hansısa kitabın qəhrəmanına bənzəmək istəyirsən.

- Mənim hansı kitabı oxuduğumu, hansı nağılın qəhrəmanı olduğumu, hansı divlə güləşdiyimi bilsən heç yaxınına da buraxmazsan, - deyib çantamı götürdüm, Elgünə başımın ağrıdığını bəhanə gətirib kilsəyə getdim.

***

Zəif işıqlı salonda adam azıydı, buxur iyi əriyib sönməkdə olan şamların qoxusuna qarışmışdı. İkonalara tamaşa eləyə-eləyə zalı dolaşdım, tanıdığım xanımlardan heç birini görmədim. Gəzə-gəzə özümü keşişlə söhbətləşdiyim həmişəki yerə verdim, ölgün səslə bir ağız çağırdım:

- Padre.

Cavab gəlmədi. Sol küncdə məşq eləyən kilsə xorunun sırasından bir qadın ayrılıb mənə yaxınlaşdı:

- Padrenin qonağı var, bir az gözləyin.

Çantamı kürsünün üstünə qoyub zalda var-gəl eləməyə başladım. Ürəyimdə qərarımı vermişdim: Həmidi öldürməliyəm! Necə, hansı yolla – bax bunu bilmirdim. Amma fikrim qətiydi. Lap yeməyinə zəhər qatmaqla da olsa ondan canımı qurtaracaqdım.

Ətəyində şam yanan iri ikonaların qabağında durduqca beynim kələfi dolaşıq fikir yumağına dönürdü. Fələk ovcuma qaşıqla töküb başıma çömçəylə vurmuşdu. Ya ölməli, ya da öldürməliydim – ağlıma başqa yol gəlmirdi. Nənəm müşkülə düşəndə deyərdi: “İtlər mənə, qurdlar mənə, sağsağanlar curtlar mənə”. Sağsağan yaxşıydı, mənim içi-çölü xaraba qalmış vücudumun içində də, çölündə də bayquşlar ulaşırdı.

Gözləməyə səbrim çatmadı, bayaqkı yerə qayıdıb özümü kürsüyə yıxdım. Axı mən nə ağılla öldürməyi qəti qadağan eləyən bir dinin kahinindən adam öldürmək üçün izn almağa gəlmişdim?

Dünya özü ağırlıqda daşa dönüb ayaqlarımdan asılmışdı, qollarım çiyinlərimdən bir cüt quru budaq kimi sallanmışdı. Əlim barı öz yaxama da çatmırdı.

Mən oxuduğum kitablardakı qətl səhnələrini xəyalımdan keçirməkdəykən keşişin həlim səsi üzümə ustad şilləsi kimi dəyib huşumu özümə qaytardı:

- Mən burdayam, övladım.

- Padre, mən yenə gəlmişəm.

- Xoş gəlmisiniz! Rənginiz avazıyıb, özünüz də çox həyəcanlısız, yenə nə olub sizə?

Həmişəki kimi soruşdum:

- Padre, siz məni görürsüz?

- Sizi hamımız görürük – bu məbədin Tanrısı da, bütün müqəddəsləri də, padresi də. Rahat olun, siz əsla tək deyilsiz.

- Mən təkəm, padre, çox yalqızam. Məni çox incidirlər. Dünyaya gəldiyimə peşman olmuşam, ölmək istəyirəm. Mən doğulmasaydım dünya nə itirərdi ki?

- Naşükür olmayın, mənim balam. Yenə deyirəm, bu dünya sizlə gözəl, sizlə güclüdü. Yolunuzu təmizləyin, yola davam eləyin, dünyanın gözəlliyini irəlidə hələ çox görəcəksiz.

- Yolumu təmizləmək üçün kimisə öldürməliyəm. Artıq planımı cızmışam.

Tül pərdənin arxasından ipək xışıltısı gəldi, xorun səsi qulağıma bir topa arı kimi doldu:

- Sizin halınız yaxşı deyil. İndi sizə ətirli çay verəcəklər, ondan içib havaya çıxarsız, mən burda gözləyəcəm.

- Heç nə istəmirəm, padre, sizdən yalnız mənəvi dəstək istəyirəm. Fikrim qətidi, o adamı öldürməliyəm.

- Lənət libasını könüllü geyinməyin. Siz bir canlı yarada bilərsizmi? Yox. Demək, kiminsə canını almağa da ixtiyarınız çatmır.

- Padre, o, çox pis adamdı, çox.

- Onda siz niyə ona yaxşılıq, özünüzə pislik eləmək istəyirsiz?

- Yaxşılıq nədi, mən onu öldürmək istəyirəm.

- Siz pisi öldürüb zindana girəcəksiz, bununla da həmin pisə yaxşılıq eləmiş olacaqsız. Onu öz pisliyindən qurtarıb əzabkeş mərtəbəsinə qaldıracaqsız, onun günahlarını öz qanında öz əlinizlə yuyacaqsız. Buraxın adamı öz pisliyinin içində eşələnsin, özünüzü bədbəxt, onu xoşbəxt eləməyin. Ona qəzəblisizsə qoyun bu dünyada nə qədər bacarır özünə günah yükü tutsun. Gəncsiniz, gözəlsiniz, qıymayın özünüzə. Hər yana cəhənnəm qığılcımı saçan adamlardan uzaq durun.

- Dura bilmirəm, padre, hara gedirəm, harda gizlənirəmsə axtarıb tapır məni. Şəri boynumdan boyunbağı kimi asır, mənə qan içirdir, zəhər yedirdir.

- Sizin onunla şərikli nəyiniz var – övladmı, mal-mülkmü?

- Ortaq heç nəyimiz yoxdu.

- Sizin səbrinizdəmi yoxdu? Canınızdakı bir ovuc səbri niyə şeytanın cibinə tökmüsünüz? Üç gündən sonra Vatikana gedəsiyəm. Siz məni əməlli-başlı qorxudursuz. Sabah yenə gəlin, bizim psixoloqumuz var, sizi onunla görüşdürüm. Övladınızı, valideynlərinizi, doğmalarınızı düşünün.

- Padre, mənim həkimim ölməsəydi bəlkə də bu bəlaya tuş gəlməzdim.

- Heç olmasa onun ruhuyla dərdləşin, sizi içəridən yeyən dərdi kiməsə danışın.

- Onunla necə ünsiyyət qurum, necə bilim ki, o ruh məni dinləyir?

- Qaranlıq otaqda bir şam yandırıb oturun ətrafında, həkiminizin adını çəkib susun. Əgər şam titrəsə bilin ki, onun ruhu sizlə üz-üzə oturub, sizi görür, dinləyir. Bu axşam bunu hökmən sınaqdan çıxarın, sonra yenə yanıma gəlin.

- Axı siz gedirsiz.

- Üç uzun gün var qarşımızda. Siz qatil ola bilməzsiz, geridə qalan günahsız əzizlərinizi düşünün, düşünün ki, onlara necə böyük dərd, əzab verəcəksiz. Beyninizi gözəl fikirlərlə yükləsəniz, pis niyyətdən uzaq olarsız. Dünən özünü öldürmək istəyən bir qız gəlmişdi yanıma. Kaş onun danışdıqlarını eşidəydiniz, onun sevincini görəydiniz!

- Bir az ətraflı danışın, padre.

- Ərinin ona xəyanət elədiyini öyrənəndə özünü asıb. Allah bu ölümü istəməyib deyə ip qırılıb. Xanım deyir ki, ayağımın altındakı stulu itələyən anda ağlım başıma gəldi, peşman oldum, əllərimlə havada yellənən canımın köməyinə gəlmək istədim, ancaq gec idi. Deyir hamamın qapısı ağzında göyərib nalə çəkən körpə balamı görəndə tutduğum işdən dəhşətə gəldim, ancaq gec idi, bu vaxt yerlə göyün arasında çabalayırdım. Sonrasını xatırlamır...

- İndi necədi, həyata baxışı dəyişibmi? Kaş mən də onu görəydim.

- İndi çox bəxtəvərdi. Siz də o fikri çıxarın başınızdan getsin, unutmayın ki, havada boşluğa əl atan hər kəsin kəndiri qırılmır. Vatikandan qayıdan kimi sizi tanış eləyəcəm.

- Artıq dəyişdim fikrimi, padre, anladım ki, pis adamları içində olduqları cəhənnəmdən qovmaq lazım deyil. Sizə gülünc görünsə də deyim ki, mən bu gün bura düşmənimi öldürmək üçün sizdən lisenziya almağa gəlmişdim.

- Biz Əzrayıl deyilik, əziz balam. Yenə deyirəm, şərin yanında olmayın, nə pisə, nə yaxşıya pislik eləməyin. Buraxın pis lap çox yaşasın, çox cəza çəksin. Səbirdən don geyinin, həkiminizin ruhuyla mütləq danışın, sabah yenə gəlin.

***

Küçəyə çıxan kimi xəyalən Doneşin ölü cəmdəyini səkiyə uzanıqlı gördüm. Ancaq bu səfər kinim, nifrətim tüğyan eləmədi, tam tərsinə, gic gülmək tutdu məni.

Ruhla söhbət ağlıma batmışdı, axşam mütləq bir seans keçirəcəkdim.

Evə yaxınlaşanda bir vaxtlar işlədiyim “Poseydon” mağazasına girdim. Şirniyyat bölümündə xeyli qadın kiminsə başına yığışıb bir-birinə aman vermədən qırıldaşırdı. Dabanlarımı qaldırıb baxanda televizorda gördüyüm ekstrasens oğlanı tanıdım. Arvadlar onu yamanca boğazlayıb qısnamışdılar. Marketin nəzarətçiləri gəlib mühasirəni yarıb gələcəkdən xəbər bilmək istəyən qadınları pərən saldılar. Cavan, göyçək ekstrasens oğlan mühasirədən çıxarılandan sonra yanında bir qız mənim konfet yığdığım yerə gəldi. Əl saxlayıb maraqla onlara baxmağa başladım. Qadınlar indi də uzaqdan qışqırırdılar:

- Qızılımı oğurlayıblar, mənə bir söz de...

- Baldızım ərimə cadu elədib ki, evdən didərgin düşək, ev ona qalsın...

- Bacımın nəvəsi itkin düşüb...

- Ağır xəstəmiz var...

- Qızımı istəyən var...

Bütün bunlara tamaşa elədikcə ürəyimdən keçirdi ki, kaş imkan ola Cavidlə Nefertiti barədə bu oğlandan bircə kəlmə ala biləm. Bu dilək içimə damar-dammaz məni qəribə bir kədər xırxaladı. Oğlan yenə gülə-gülə hamıya əl yellədi. Mənə yaxınlaşanda dedi:

- Tək bu xanıma bir söz deyəcəm.

Səksəndim, pörtdüm, çaşdım, qulaqlarım uğuldadı, canıma vəsvəsə doldu, elə bildim nəsə bəd xəbər verəcək. Gələcəkdən üstümə tuşlanan güllədən yayınmaq üçün azca yana çəkildim. Oğlan lap yaxına gəlib qulağıma pıçıldadı:

- Arxayın olun, o iş baş tutmayacaq, oğlunuz o qızla evlənməyəcək. Arada bir ağır itki verəcəksiz, dərindən sarsılacaqsız, amma sonra hər şey gözəl olacaq. Bu gün, bu saat yuxunuza da girməyən möcüzələr baş verəcək.

Ayağım yerə, başım göyə yapışıb qalmışdı, yerimdən dəbərə bilmirdim. Bilmirdim eşitdiklərimə sevinim, yoxsa ağlayım. Oğlan azca aralanandan sonra çönüb yenə üzümə baxdı, gülə-gülə:

- Səhhətinizə fikir verin, - dedi, - günü sabah həkimə gedin.

Marketdəki qadınlar üzümə həsədlə baxırdılar. Bir neçəsi saqqız olub yaxama yapışdı:

- Ay bacı, sən Allah dedikləri düzüydü? Qulağına nə pıçıldayırdı? İnandın ona?..

Cavab verməyə halım yoxuydu, bir topa şam, bir az da konfet alıb özümü evə yetirdim.

news-inner-user
Bircə

180 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Karvan dayandı - Ənvər Məmmədxanlının hekayəsi
16:47 27 Fevral 2021
Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edildi - Foto
15:31 27 Fevral 2021
Azərbaycan yazıçıları Sankt-Peterburqun nüfuzlu ədəbiyyat müsabiqəsində - İlk dəfə
14:16 27 Fevral 2021
Məşhur klarnetçiyə ağır itki
13:04 27 Fevral 2021
Özünü efirə satmaq istəyən Xatirə İslam
12:30 27 Fevral 2021
Yazıçımızın Fransada romanı çıxdı
11:29 27 Fevral 2021
"Washington Post" Azərbaycan mətbəxindən yazdı
10:32 27 Fevral 2021
Cəfər Cabbarlı bu filmdə nəyə etiraz edirdi? – “Sevil”in kadrarxası
09:00 27 Fevral 2021
Çağırdım bir qadını qızlıq familyasıyla - Akif Əhmədgildən şeirlər
21:00 26 Fevral 2021
Rübabə Muradovanın qızı vəfat etdi
18:12 26 Fevral 2021
Rəmişdən xəbər var
18:07 26 Fevral 2021
Xocalı soyqırımına həsr olunmuş sərgi keçirildi
17:46 26 Fevral 2021
Bu filmlərə ağlamadan baxmaq olmur - Siyahı
17:01 26 Fevral 2021
58 illik türmə muzeyə çevrildi - Foto
16:21 26 Fevral 2021
Qadın obrazı olmayan əsər
15:40 26 Fevral 2021
Sevgilisi damarlarını doğradı, xanımı ona görə intihar etdi – Azərbaycanlı yazıçının film kimi həyatı
15:00 26 Fevral 2021
Xocalıdan olan yazıçının faciə ilə bağlı hekayəsi - Mətn
14:10 26 Fevral 2021
Okan Bayülgen həbs olunur
13:25 26 Fevral 2021
"Xocalı fəryadı" kompozisiyası təqdim olunacaq
12:37 26 Fevral 2021
Baş qərargah rəisi Xocalıdan yazan jurnalisti niyə güllələmək istədi? – Faciənin gizlinləri
12:10 26 Fevral 2021