Ac pişiklər ürəyimi axtaracaq - Malik Atilaydan yeni şeirlər

Ac pişiklər ürəyimi axtaracaq - Malik Atilaydan yeni şeirlər
26 may 2021
# 17:27

Kulis.az Malik Atilayın yeni şeirlərini təqdim edir.

Qum saatına süzülmüş şərab

Hansısa qadının,
Hansısa jurnaldan şəklini kəsib,
Ayırasan hər kəsdən,
Hamının yerinə sevəsən
Qonşunun pəncərəsinə daş atan uşaq kimi
Kədərini daşa tutan təbəssümünü
Darıxasan hamının yerinə
Üç-beş adamlıq gözün yolda qala
Bir adam üçün
Və haçansa
Ucuz ətir kimi üstündə qalmayıb, uçan xoşbəxtliyini də
Alıb apara özüylə,

Payız günü İçərişəhərdə,
Göyüzünün tacından bir inci bulud götürəsən,
Gözyaşını doldurasan içinə,
Diyar-diyar gəzib
Od düşən evləri
Gözyaşınla söndürə bulud.

Pişik səsləyəsən qaranlıq zirzəmidən
Gəlib otura dizində,
Öyrədə yaralarını özünün sağalda bilməyəcəyini,
Öyrədə ağrılarının qəlbinin əlçatmaz yerində olduğunu

Şərab süzəsən,
Qum saatına
Axdıqca o yandan bu yana
Ayılasan zamanın yellədiyi beşikdən

Silahını alasan
Hansısa filmdəki pis adamın əlindən,
Dirəyib alnına
Nöqtələyəsən beynindəki bütün sualları.


Günəşin əksi düşər...

Əsrlər, əsrlər əvvəl
Hansısa uşağın əlindən çıxıb
Anasının gözyaşı kimi dumduru göyüzündə
Səyyaha çevrilmiş sapsarı şardı günəş ,
Hər sabah o uşağı axtarmaq üçün
Qaranlığın xurcununu qızılı şəfəqləriylə deşərkən
Günəşin əksi düşər
Mavi gözlərinə dənizin.


Lövbərsiz gəmidi gecə

Lövbərsiz gəmidi gecə
Avara-avara dolanır Bakının küçələrində,
Tapancanı dodaqlarına dirəyib,
Heç kimə deyə bilmədiklərini pıçıldayır kimsə
Gümüşü soyuğuna ölümün
Çılpaq budaqlar titrəyir qışın nəfəsində
İşıq dirəyinin altında duran fahişə
Kədərlə gülümsəyir həyatına işıq salan tək şeyə,
Can verir sevgin döş qəfəsimdə
İndi o qadın unutdurmalıdı səni,
İlbiz kimi iyrənc kədərimin üstünə
Duz səpərdi gülüşün
Elə gülməməlidi,
Sonra sənin kimi danışmamalıdı,
Qarışmamalıdı səsi yuxularıma
Və hamının yerinə bağışlamalıdı məni,
Bağışlamalıdı
Ölümün gümüşü soyuğuna
Danışmadan günahlarımı.


Ac pişiklər ürəyimi axtaracaqlar

Sovetskidə tərkedilmiş binanın zirzəmisində
Ac pişiklər ürəyimi axtaracaqlar
Axtaracaqlar ki,
Parçalayıb öyrəsinlər
Tez-tez pencəyinin döş cibini yoxlayan adam kimi
Niyə əlim qəlbimin üstündəydi,
Tapmayacaqlar,
Tapmayacaqlar çünki
Hörüklərinin içində gizlətmişəm qəlbimi.

Nuhun gəmisinə gecikənlər

Burax inadının əlindən çıxıb getsin,
Ogar eləmə onu da
Özünü də
Barabana salınmış dələ kimi
Bu yolun sonu yoxdu
Nuhun gəmisinə gecikdiyimçün
Əbədi yalnızlığa məhkum edilmişəm,
Bacarmazsan,
Nə qapımı açmağı,
Nə keçməyi barmaqlıqlarımdan.

# 2933 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, mənəvi korluğun, özündən uzağı görə bilməməyin etirafıdır" - Plagiat qalmaqalı böyüyür!..

"Bu, mənəvi korluğun, özündən uzağı görə bilməməyin etirafıdır" - Plagiat qalmaqalı böyüyür!..

15:00 15 iyul 2025
"Məmləkətdə ən böyük soyğunçu elə qibleyi-aləmin özüdür" - SSRİ-yə meydan oxuyan yazıçı

"Məmləkətdə ən böyük soyğunçu elə qibleyi-aləmin özüdür" - SSRİ-yə meydan oxuyan yazıçı

09:00 15 iyul 2025
“Allah yoxdur, amma Hz. Abbas başqa aləmdir” - Sekulyarizmi tənqid edənlərin məqsədi nədir?

“Allah yoxdur, amma Hz. Abbas başqa aləmdir” - Sekulyarizmi tənqid edənlərin məqsədi nədir?

15:00 14 iyul 2025
"Şpaqat" vəziyyəti - Mübariz Örənin hekayəsi

"Şpaqat" vəziyyəti - Mübariz Örənin hekayəsi

12:00 13 iyul 2025
"Bir erməni dəftərinə onları necə məğlub etdiyimizi yazdım…" - 28 yaşında vəfat edən Həsən Kürün film kimi həyatı

"Bir erməni dəftərinə onları necə məğlub etdiyimizi yazdım…" - 28 yaşında vəfat edən Həsən Kürün film kimi həyatı

11:50 8 iyul 2025
Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri

Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri

12:00 6 iyul 2025
# # #