Yarıçılpaq qızlar, çöl, iki pilləkən, samovar, və ...

Yarıçılpaq qızlar, çöl, iki pilləkən, samovar, və ...
11 may 2011
# 11:26
Dünən Gənc Tamaşaçılar Teatrının qarşısında iynə atsan yerə düşməzdi. Buranın teatr olduğuna nabələd adam (əgər o həm də azərbaycanlıdırsa) şəksiz elə bilərdi ki, hansısa firma mağazasıdır və endirim kompaniyası keçirilir.

Bələd olanlar isə bilirdilər ki, Musiqili Komediya Teatrının hazırladığı “Xanuma” tamaşasının premyerası Gənc Tamaşaçılar Teatrında təşkil olunub. O səbəbdən ki, Musiqili Komediya Teatrının binası təmirdədir.

Gürcü müəllifi A. Saqarelinin “Xanuma” əsərini Musiqili Komediya Teatrının səhnəsində elə gürcü rejissoru Qoça Kapanadze hazırlayıb.

Saat 19.00-a təyin olunmuş tamaşanın üçüncü zəngi 19.15-də çalındı və nəhayət tamaşa başladı. Bizim millət birinci hissə başa çatıncaya qədər hələ gəlib ancaq yığışdılar desəm, vallah şişirtmiş olmaram. Telefon zəngləri, gediş-gəliş... Bir sözlə bu sarıdan köhnə hamam, köhnə tasıq. Əlqərəz...

Gürcülərin “Arşın mal alan”ı

Əvvəlcə əsər barədə. “Xanuma” gürcülərin bizim “Arşın mal alan” kimi məşhur əsərlərindəndir. Yəni, dünyanın bir çox səhnələrində zaman-zaman oynanılıb. Bu ərəfədə əsər daha bir dünya turnesi keçir. Hal-hazırda Rusiyanın müxtəlif şəhərlərində, Türkiyədə və Azərbaycanda iki böyük teatrın (Milli Dram Teatrında da hazırlanır) səhnəsində oynanmaqdadır.

Əsər komediya janrındadır - Mirzə Fətəli Axundov komediyaları kimi. Yəni müəllif milli xarakterlərin üstündə milli əyər- əksiklikləri bir az faciəli, ağrılı gülüşlə ortaya qoyur. Xanuma adlı bir qadın Tiflisdə indi bizim telekanalların gördüyü ət tökən işi görür, evlənmək istəyənləri evləndirir. Qıza oğlan tapır, oğlana qız. Övladı olmayanlara da övlad tapıb verir. Bir sözlə, qəhrəmanın özünün təbirincə desək, xeyirxah işlə məşğuldur. Belə “xeyirxahlıq” üstündə başı bəla da çəkib, ölkədən didərgin olub, amma qayıtdıqdan sonra da şakərindən əl çəkmək istəmir.

Bax, bu hadisələri gözlərimiz qarşısında səhnədə Afaq Bəşirqızı Xanuma rolunda, Ələkbər Əliyev Knyaz Levan Pantiaşvili, Nahidə Orucova, Knyagina Tekla, Nərgiz Kərimova Keto, Fərid Əliyev Kote obrazlarında canlandırırlar.

Afaq Bəşirqızı özünü yıxılmaqdan saxladı

Hiss olunur ki, rejissor aktyorları istədiyi kimi yoğurub obraza sala bilib. Baş rolun ifaçısı Afaq Bəşirqızı adətinə xilaf çıxıb yalnız rejissorun və obrazın diktəsinə əməl etməli olub. Bu da tamaşada özünü büruzə verir, yerinə düşməyən, şit, bayağı improvizələrsiz tamaşa daha baxımlı alınıb. Arada bir bəzi jestlər edirdi, onun da ssenaridən kənar olması dərhal hiss olunurdu.

Tamaşada elə məqamlar var ki, onun süni alınması bu günün tamaşaçısının gözündən yayınmır. Nəinki yayınmır, hətta adamın durub tamaşa zalından çıxmağı gəlir.

Bu yerdə səhnə tərtibatına toxunum, sonra o məsələlərə qayıdacağam. Lomqul Murusidzenin Gürcüstandan gəlib filan qədər cibinə qoymaqla başa gətirdiyi səhnə tərtibatı yeni heç nə demirdi. Onu bizim rəssamlar da rahatca edə bilərdilər. Arxa fonda çöl-bayır əhatəsində yarıçılpaq qızlar vardı. İç səhnə iki pilləkəndən, samovardan, bir oturacaqdan və bir teatr afişasından ibarət idi ki, o da həm küçəni, həm Knyazın sevdiyi qız Ketonun ailəsi ilə yaşadığı evi, həm də knyaz iqamətgahını əhatə edirdi(mi?) Bir hərəkətli səhnə isə knyazım əyləndiyi kafe, Xanumanın müştərilərlə görüşdüyü məkanı bildirirdi ki, səhnələrdən birində onun qəfil hərəkət etməsi az qala Xanumanın yıxılması ilə nəticələnəcəkdi. Afaq Bəşirqızı əlini atıb sürahidən tutmaqla bu xətadan qurtuldu, əvvəlcə çaşdı, sonra dərhal “əşi, bunu yavaş sür də” deməklə vəziyyətdən çıxmağa cəhd etdi.

Fonoqrama tamaşaçını qaçırdır

İndi keçək bayaq dediyim, tamaşaçını qaçırdan həmin məsələlərə. Tamaşaçını bezdirən ilk məqam canlı tamaşada vokal partiyaların fonoqrama ilə verilməsidir. Canlı danışır, amma fonoqrama oxuyur, hərçənd musiqili komediyanın səhnədə uğuru elə canlı ifadır. Fonoqrama tamaşada uğursuzluğun açarıdır. Düzdür, Gənc Tamaşaçılar Teatrının səhnəsində orkestr yerləşdirməyə yer yoxdur, amma orkestrin ifasının fonoqram, ifaçının isə canlı ifa etməsi təcrübəsi var axı. Bir dəfə kiçik bir canlı solo ifa oldu, Kote obrazında Fərid Əliyev ifa etdi. Tamaşaçı onu alqışla qarşıladı.

Keto ilə Kotenin sevgi səhnələrindəki qoşa ifaları adamın lap başına düşür, çünki fonoqrama mövcud binanın akustikası ilə uyğun gəlmir. O səhnədə və Ketonun atası ilə sevdiyi oğlan üstündə mübahisə səhnəsində gözəçarpacaq dərəcədə tələskənlik vardı. Nahidə Orucovanın knyaginası pafosdan ayrıla bilməyən aktrisanın vəziyyətində görünürdü.

Bununla belə, rejissorun tamaşanı təpədən-dırnağa musiqidən yoğurması uğurlu alınıb. Bu dünya təcrübəsi bizim teatrlarda çox az istifadə olunur. Musiqi və rəqslər tamaşaya xüsusi temp gətirir ki, bu da tamaşaçını darıxmağa qoymur. Gürcülərin məşhur “Bağdauli”si tamaşanın gürcü kaloritini bir qədər də artırır. “Əsgər atası” filmindən bixəbər tamaşaçı bu tamaşaya baxanda “Bağdauli”nin gürcülər üçün hansı anlam daşıdığını anlamamış olmaz.

Tamaşanın sonunda Xanumanın faciəsi ortaya çıxır, məlum olur ki, sevənləri, qovuşmaq istəyənləri qovuşduran bu xanımın özünün qovuşmağa ehtiyacı var. Bu əsərin sonluğudur. Tamaşa isə hələ premyera ömrünü yaşayır. Bütün qüsurlara rəğmən tamaşa bütünlükdə çoxdan yadırğadığımız estetik zövqü bizə yaşada bildi. Növbəti premyera Musiqili Komediya Teatrının öz binasında, güman ki, indiki qüsurlardan xali halda olacaq.


Ramilə QURBANLI
# 1547 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #