Xalqımın toy kimi bir adəti var!

Xalqımın toy kimi bir adəti var!
5 noyabr 2012
# 10:33
Qələm dostlarımız, eləmə tənbəllik, toyları əməlli-başlı boykot etdilər. Xalqımıza yeyib-içib atdanmağı da çox gördülər! Sizə deyim, məhz elə buna görə onlardan heç vaxt xalq şairi olmayacaq! Yahu, bu insanlar bir yerdə sevinib əylənməlidir, ya yox?! Kinoya getmirlər, teatrın yolunu tanımırlar, kitab oxumurlar, bar-pivnoy... əstəğfrüllah, gör mənə nələr yazdırırlar!

Adam xaneyi-xərabında nə qədər seriallara baxar? Yenə kişilər işdən sonra, bəziləri elə nə vaxt imkan düşdü toplaşıb dostlarla başını açır, araqdan-çaxırdan vurur. Xanımlar üçün lap ağırdır. Axı aldığı bahalı paltarı, taxdığı qır-qızılı nə vaxt tanış-bilişə nümayiş etdirib onlara yandıq verəcəklər?! Öz aramızdı, yas yerlərinə belə bərli-bəzəkli geyinmək olmur. Birdən elə bilərlər sevinirsən! Yaxşı düşməz.

Düzünə qalsa, kişilərinki də adam balası kimi sevinmək deyil. Test üsulu tətbiq olunandan bəri ərki keçən yerlərdən borc-xərc eləyib ali məktəb üçün də pul xərcləyə bilmirlər. Uşaq da birdən nankor çıxdı, evlənənə qədər nə bir dava saldı, nə oğurluq elədi, nə adam bıçaqladı, nə uyuşdurucu qullandı, nə də maşınla adam vurdu!

Bəs bu bədbəxt ata ciyərparəsi üçün nə vaxt ürəyi istəyən xərc çəkəcək?! Kişi olan kəs əsl oğulun əziyyətinə qatlaşar. Nəyə lazımdır mağıl övlad! Bunun qızdan-qadından nə fərqi var? Heç olmasa toyunda yaxşı atəşfəşanlıq düzəltməklə, arağı bahalı almaqla, salatların sayını artırıb stulun birinin qiymətini 50 dollara çatdırmaqla doldurmaq lazımdı bu boşluğu. Toyda da babat müğənnilər oxusun gərək. Məsələn, Rəqsanə! Şahidlər deyirlər ki, Rəqsanə xanımın oxuduğu toylar daha canlı keçir.

Kişilər daha çox sərxoş olur və manıslara daha çox pul atır. Bir də toydan əvvəl 50 manat yazılacağına söz verən yekəqarın bir kişi, gördün gülə-gülə 100 manatlığı vızıldatdı poçt qutusuna oxşayan yeşiyə. Foto çəkilişi də rekord vurur belə toylarda. Özü də müğənninin özüylə! Ağıllı müştərilər bu foto-biznesin hesabına bəylə gəlinə pulsuz albom düzəltdirirlər.

Kim nə deyir desin, bu xalq heç yerdə toylardakı qədər özünü rahat hiss eləmir. Sanasan ki, balığı dəryaya atıbsan! Bəzi ağzıgöyçəklər deyir, bizim toylarda hər şeyə dözmək olar, çalğıçıların səsinə yox. Bir dəfə toyların birində millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bu iradı qıpqırmızıca vurdu musiqiçilərin sifətinə. Dedi, aya, bu toya ev yiyəsi xərc çəkib öz qohum-əqrəbasını, dost-tanışını çağırır, onlar da arada dərdləşmək, biri-biri ilə hal-xoş etmək istəyirlər. Siz səsi elə yüksək qoyursunuz ki, hamı məzlum-məzlum biri-birinin sifətinə baxır. Əlac yoxdur, gərək adamlar əl-qolla danışmağı öyrənsinlər. Ya da boyun damarlarını zol çıxarda-çıxarda qulaqlarında səslərinin si pərdəsini yoxlasınlar. Sənin də qulağının pərdəsi qıdıqlansın və yarım saat curt-curt qaşıyasan ki, keçib gedə! Hələ qulaq dəliyinə dolmuş tüpürcəkdən və yemək qırıntılarından danışmıram.

İnanın, elə həmin toydaca bir səs-küy qalxdı ki, Sabir müəllimin səsi mikrofonla da o tempə çata bilmədi. Və deyəsən şair hiss etdi ki, bizim eybimizi elə bu səsgücləndiricilər örtürmüş!

Sonra hamı kimi yüngül bir havaya yelini töküb əyləşdi.

Nə isə...

Ağlınızı başınıza yığın və heç vaxt unutmayın: xalqımın toy kimi bir adəti var, bu gözəl adətinə... eeeh!!! Axşama 50 manat tapam gərək!!!
# 2866 dəfə oxunub

Oxşar xəbərlər

Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə  "meşə pəhləvanı" adlandırırdılar?

Botaniklərin istinad etdiyi rus rəssam - Onu niyə "meşə pəhləvanı" adlandırırdılar?

12:30 20 aprel 2026
Biblioqraflıqdan ədəbiyyata - "Sonuncu böyük klassik" adlandırılan Nobel mükafatçısı kim idi?

Biblioqraflıqdan ədəbiyyata - "Sonuncu böyük klassik" adlandırılan Nobel mükafatçısı kim idi?

15:00 16 aprel 2026
"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

15:00 15 aprel 2026
"Körpücük sümüyündə öpüşümü buraxdım?.." - Sevinc Yunuslunun yeni şeirləri

"Körpücük sümüyündə öpüşümü buraxdım?.." - Sevinc Yunuslunun yeni şeirləri

15:00 13 aprel 2026
Kənd havası - Əli Zərbəlinin yeni hekayəsi

Kənd havası - Əli Zərbəlinin yeni hekayəsi

12:00 13 aprel 2026
“Xatırlamaq seçməyi seçmək deməkdir..” - Nobel mükafatçısı hansı əsərində bir epoxanın mənzərəsini yazmışdı?

“Xatırlamaq seçməyi seçmək deməkdir..” - Nobel mükafatçısı hansı əsərində bir epoxanın mənzərəsini yazmışdı?

10:00 13 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər