“Zəngin toy edənlərin hüququnu pozmaq olmaz” MÜSAHİBƏ

“Zəngin toy edənlərin hüququnu pozmaq olmaz” MÜSAHİBƏ
1 noyabr 2012
# 17:51
Kulis.az Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərovun bir qrup yazarın Azərbaycanda toy dəbdəbəsinə qarşı verdiyi bəyanatla bağlı oxuzalı.az-a verdiyi müsahibəni təqdim edir.

- Nizami bəy, “Mərasimlər haqqında” qanunun qəbulu bir müddət gündəmdə idi. Amma sanki kimlərsə, hansı qüvvələrsə bu qanunun qəbuluna qarşı çıxdılar. Nə baş verdi ki, qəbul olunmağına ciddi cəhdlə çalışdığınız qanunun taleyi sual altında qaldı?


- Bu məsələ həmişə müzakirə edilib, aktual olub. Toy, yas, digər bayram mərasimləri ilə bağlı qanun qəbul etmək həmişə bizim fikrimizdə olub.

Amma məsələ orasındadır ki, burda qanunla tənzimlənə bilməyəcək, adət-ənənələrlə bağlı olan problemlər var. Ona görə də, asanlıqla hüquqi təhlil modeli vermək mümkün deyil.

Bu məsələ parlament səviyyəsində bir neçə dəfə qaldırılıb, Nazirlər Kabineti səviyyəsində müzakirə olunub, sərəncamlar verilib.

Məsələn, səs tezliyinin tənzimlənməsi, israfçılıqla bağlı müəyyən mülahizələr, fikirlə var. Bütün bunlarla yanaşı qəbul olunması o qədər də asan olmayan məsələlər var.

Çünki hər kəs öz istədiyi kimi toy etmək istəyir, hər kəs rəhmətə gedənini öz istədiyi kimi götürmək istəyir. Ona görə də, sərt qaydaların tətbiqi çətindir. Bu problemi daha çox ictimai səviyyədə müzakirə etməklə, mütəxəssislərin iştirakı ilə tənzimləmək olar.

- Maraqlıdır, Azərbaycan xalqının hansı adət-ənənələri hüquqi addımların atılmasına maneələr törədir? Yəni konkret adət göstərə bilərsinizmi ki, bu qanunun gecikdirilməsinə rəvac verir?

- Hüquqşünaslıqda adət-ənənə qanunu deyilən bir şey var. Onun hökmü çox zaman qanunların hökmünə zidd olmur. Əksinə o, qanunların müəyyənləşməsinə şərait yaradır, beynəlmiləlçilikdən çıxarıb milliliyi nəzərə alır.

Amma bununla yanaşı, söhbət ondan gedir ki, biz adətlərimizə, istəklərimizə, maraqlarımıza çox da zidd olan qanunlar qəbul edə bilmərik. Xüsusilə mənəviyyat, mədəniyyət sahəsini nəzərdə tuturam. Bu qanunlar Avropa modelində, qəbul olunması mümkün olmayan modeldə olacaq.

Amma bəzən bizim üçün münasib olan, cəmiyyətin səviyyəsinin, intellektinin inkişafına xidmət edən, praqmatik, insanı çox yormayan realist adətlər Azərbaycana gəlir.

Məsələn, bir vaxtlar toylar, yas mərasimləri sırf milli yaxud müsəlman qaydaları ilə keçirilirdisə bu gün artıq Avropa modellərinə üstünlük verilir.

Bir mərasim var – baş yarmaq. Demirəm sırf Avropanın təsiri ilə, yox, humanist düşüncənin, realistliyin təsiri ilə müəyyən redaktə işləri aparılıb. Bunu görmək və etiraf etmək lazımdır.

- Bəlkə toy mərasimləri ilə bağlı da bu cür redaktələr aparmaq lazımdır? Adətimizdir deyə, kimsə 3-7 gün toy çaldırsa, birmənalı qarşılanmaz. Əslində, toyun bir gün olmasının özü Avropa modeli deyilmi?

- Doğrudur, razıyam. Son vaxtlar bir tendensiya yayılıb və bu özünü doğruldur: qız və oğlan toyu bir yerdə olur. Amma yadımdadır ki, vaxtilə qız və oğlan toyları arasında bir həftə vaxt olardı. Bu, bəyənilməyən, müsbət olmayan hal idi.

Əgər bu gün kimsə öz oğluna 3 gün toy edəcəksə, qanun qəbul edib bunun qarşısını almaq üçün heç bir əsas yoxdur. Bu məsələləri qanunla tənzimləmək çətindir. Niyə çətindir, çünki səbəbi yoxdur.

Bu yaxınlarda “Mədəniyyət haqqında” qanun layihəsini müzakirə edirdik, Milli Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov açıq şəkildə dedi ki, toylarda verilən yeməklərin keyfiyyəti xeyli aşağıdır. Bu faktdır. Keyfiyyətə nəzarət mexanizmi üçün də qanun qəbul etmək çətindir. Amma hər halda ictimai müzakirə, ictimai təzyiq olmalıdır. Yaxud həddən artıq israfçılıq qeyri-humanist və qeyri-insanı bir şeydir. Bu, sırf şadlıq evinin maraqlarına xidmət edir.

Bəlkə bunu Nazirlər Kabineti səviyyəsində sərəncam verilməklə tənzimləmək, daha sonra icra orqanlarının nəzarətinə buraxmaq olar. Amma məsələn, bir adam toyuna bu

yox, başqa müğənnini, yasına istədiyi mollanı çağıracaqsa bunu tənzimləmək çətindir. Köhnədən gələn adət var: varlı toyu etmək... Kimsə zəngin toy edirsə, o insanın hüququnu pozmaq olmaz.

Ona görə, nəyin doğru, nəyin yanlış olduğunu hamı bilir. İnzibati metodların tətbiq olunmasına əsas yoxdur. Məsələn, nəyə əsasən deyə bilərik ki, sən filan-filan prinsiplərə görə toyuna filan qədər müğənni çağıra bilməzsən. Bu çətindir. Əgər gələcəkdə qanun qəbul olunacaqsa, orda hamımızın riayət edə biləcəyimiz məsələlər olmalıdır. Bunu üçün cəza vermək mexanizmi yoxdur.

- Əlbəttə, söhbət inzibati amirlik üsulu ilə cəza verməkdən getmir. Nəzərə alaq ki, bu gün Bakıda restoranlar 100-120 manata menyu təklif edirlər...

- Bəli, elədir...

- Azərbaycanda isə minimum əmək haqqı 93,4 manatdır. Bu anormal hal deyilmi ki, ölkədə restoran menyusu minimum əmək haqqından yüksəkdir?

- Bunu tənzimləmək olmaz da... Bu bilirsən nəyə oxşayır? Misal üçün biri kostyumu 70-80 manata, digəri 20 min manata alır. Bunu sən necə tənzimləyə bilərsən? Həmin adam cinayət eləmir ki... Yəni 120-150 manata toyu o adam edir ki, buna gücü çatır. Burda söhbət toyun qiymətinin baha olmasından gedə bilməz.

Yalnız bir məsələ müzakirə oluna bilər: həmin adamın imkanı qanunidir, yoxsa qanunsuzdur. Təkrar edirəm: söhbət bundan gedə bilər. Yoxsa iş adamıdır, milyonerdir, milyorderdir lap gedib toyunu Parisdə edir, buna sən nə deyə bilərsən?

- Məsələn, siz eşitsəniz ki, bir qohumunuz 120-150 manatlıq menyu sifariş verib, buna mane olarsınızmı?

- Əlbəttə, bu, mənəvi məsələdir. Elə adam var imkanlıdır, amma nəzərə alır ki, yaxşı şey deyil. Digəri isə nəzərə almır, təmtəraqlı toy edir. Bunu görə də, hüquqi məsuliyyət daşımır. Təbii ki, cəmiyyət hər şeyi görür, qiymətini verir ki, halal olsun, bu adamın imkanı var, amma israfçılıq etmir, başqası isə julikdir, dələduzdur, təmtəraqlı toy çaldırır. Qanunla heç kimə belə qadağa qoymaq olmaz. Yeməklərin keyfiyyəti ilə bağlı fikirlərlə razıyam ki, aşağı səviyyədədir.


- Tacikistanda dəbdəbəli toy şənlikləri ilə bağlı qanun qəbul olundu və bir sıra qadağalar qoyuldu. Həmkarınız Jalə Əliyeva deyir, bizim ölkədə bu qanunun qəbulunu mümkünsüz saydılar. Səbəb kimi isə Azərbaycanın varlı olduğunu, insanlarımızın yaxşı yaşadığını göstərdilər.

- Bu fikir doğrudur, razılaşmaq olar. Müəyyən prinsiplər, şərtlər nəzərə alınmalıdır. Məsələn, Naxçıvanda müəyyən məhdudiyyətlər qoyuldu və effekt də verdi. Amma Azərbaycanda bu çətindir.

- Hadı Rəcəbli Naxçıvanda toy və hüzr mərasimlərinin tənzimlənməsində inzibati metodlardan çox, ağsaqqal amilinin rolu olduğunu deyib.

- Əslində, bu yol daha münasibdir.

- Mətbuatdan izlədinizsə, bu günlərdə bir qrup yazar toyları baykot etdilər. Məsələn deyirlər ki, toylarda nəmər yığışdırılsın və 50-60 nəfər ən yaxın adamlar iştirak etsin...

- Bu məsələdən xəbərim yoxdur, oxumamışam. Ona görə də nə isə deyə bilmərəm.
# 1356 dəfə oxunub

Oxşar xəbərlər

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

İslam sivilizasiyasının çöküş səbəbləri - Müsibətlərin kökü İsraillə bağlıdırmı?!

12:00 31 oktyabr 2024
8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

12:00 29 oktyabr 2024
"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

"Ondan millətçiliyin üfunəti gəlir" - Onlar Mirzə İbrahimovdan nə istəyirdi?

15:00 28 oktyabr 2024
Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

Qardaşımın atası - Orxan Cuvarlının hekayəsi

14:24 28 oktyabr 2024
Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

Sərt qadınlar, mülayim kişilər... - Qadın güclüdür, yoxsa kişi?

09:00 28 oktyabr 2024
Ayılma - Hakan Gündayın hekayəsi

Ayılma - Hakan Gündayın hekayəsi

15:00 26 oktyabr 2024
# # #