3 gün haupvaxtda: zabiti qapazlamaq cəhdi

3 gün haupvaxtda: zabiti qapazlamaq cəhdi
9 oktyabr 2012
# 12:59
LAYİHƏ-“Elə bil dünən idi”

Patrulları heç cür başa sala bilmədim. 18-19 yaşlı iki arıq, üzlərinə yenicə tük gəlmiş gənc idi, nə qədər desəm də ki, Beyləqana keçirəm, ertəsi gün hissəyə qayıdacam, xeyri olmadı. “Buraxılış kağızı olmalıdır” dedilər. Dedim, mən, gördüyünüz kimi, zabitəm, könüllülər batalyonundanam, hissəmiz təmas xəttinə yeni gəlib, hələ qeydiyyata alınmamışıq, Xındırıstanda yerləşirik, qohum-əqrəbaya dəyib, hissəyə qayıdacam. Biri dedi: “Yox, komendaturaya getməliyik, səni buraxsaq, rəis bizi minər”. Daha sözü çevirmədim, fikirləşdim ki, hər halda komendaturadakı rəisləri başa sala biləcəyəm.

Patrul maşını bizi hərbi polisin qərargahına gətirdi. Qərargah Ağcabədinin istifadəsiz qalmış aeroportunda yerləşirdi. Hərbi polisin rəisi yox idi. Məni rəis müavininin otağına ötürdülər. Bu şəxs bir suyu aktyor Əlabbas Qədirova oxşayan və adamda ilk baxışdan rəğbət oyadan 35-38 yaşlarında bir adam idi. Mən ona haradan gəldiyimi, hara getmək istədiyimi, məqsədimin nə olduğunu danışdım, hərbi hissəmiz haqqında məlumat verdim. Soyadı Mirzəyev olan bu şəxs sakit görkəmlə, təbəssümlü sifətlə, halımı başa düşürmüş kimi dinlədi. Mən əslində qəsdən bir neçə savadlı cümlə də işlətdim ki, o, qarşısındakının üstünü unlu, sifətini saqqalı görüb dağdan düşmüşün biri hesab etməsin. Özüm də fərqindəydim ki, başımdakı papaqla, əynimdəki hərbi mundirlə və köhnə inqilabçılarınkına oxşayan saqqalımla, ən yaxşı halda meşə partizanlarına bənzəyirəm. O vaxtlar dəb beləydi: hissəmizdəki zabit və əsgərlərin əksəriyyəti saqqalı gəzirdi. Bir neçə daha yüksək rütbəli zabit və kosalar istisnaydı.

Mirzəyevə qarşı tətbiq etdiyim “özünü savadlı göstərmə” fəndi effekt verdi. O, dərhal başa düşdü ki, mən nəinki qəzet-kitab oxuyan adamam, hətta yazı-pozum da var. Məlum oldu ki, Mirzəyev də şeiri, ədəbiyyatı çox sevir. Hətta o, söhbət əsnasında Məmməd Arazın o dövrün konyukturasıyla çox səsləşən “Vətən mənə oğul desə nə dərdim” misrasını səsləndirdi. Arxasını mən gətirdim: “Mamır olub qayasında bitərdim”. Ardınca əlavə etdim ki, Mirzəyev kömək eləsin, mən bir həftə bu haupvaxt divarları arasında mamır olub qalmayıb, gedəcək yerim, görüləcək işlərim var, hərbi hissəyə qayıtmalıyam, 33 əsgərim başsızdır.

Hərbi polisin rəis müavini məni yenə anlayışla dinlədi, amma dedi ki, üzrlü say, müəllim, buraxılış vərəqi olmadan tutularaq bura gətirilən şəxs mütləq haupvaxta düşməlidir, mənim sənə hörmətim o olar ki, cəzanı bir həftə, on gün yox, üç gün yazaram, rəis bilsə, daha artıq yazar, bir az... sərt adamdır.

Mən onun əslində dilinin ucundakı “it adamdır” sözlərini son anda dəyişdiyini anladım. Başa düşdüm ki, rəis hər kimdirsə, qəddar adamdır və burada hamı ondan çəkinir. Sonradan onu gördüm və necə adam olduğunu bildim.

Kəmərimi, portmanatımı, cibimdə olan sair ləvazimatları təhvil aldılar. Kəmərin niyə alındığını dilucu soruşdum, dedilər, bəzən əsgərlər haupvaxtda özlərini kəmərlə asmaq istəyirlər.

Məni aeroport binasından təxminən yüz əlli metr aralıda yerləşən bir tikiliyə gətirdilər. Bura adi maşın qarajı idi. Qarajın dəmir darvazalarından birini aralayıb, içəri girməyimi əmr etdilər.

Qarajın içərisinin eni üç, uzunu beş metr olardı və içəri həbs edilmiş əsgərlərlə dolu idi. Bir müddətdən sonra saydım, məndən başqa on səkkiz adam vardı.

Pəncərəsiz olduğu üçün gündüz vaxtı da yarıqaranlıq olan qarajda döşəmə adına “Qaz-53” markalı yük maşınının yan kuzovu vardı, o da qarajın yarısını tuturdu. Döşəmənin yerdə qalan hissəsi tapdanmış çınqıllı torpaqdan ibarət idi. Belə anlaşılırdı ki, on doqquz adam uzunu üç, eni metr yarım olan taxtanın üstündə yatacaq.
İçəri girəndə hamı mənə diqqətlə baxırdı. Onların əksəriyyəti 18-20 yaşlı cavan əsgərlər idi, hərbi hissəni özbaşına tərk etdiklərinə görə tutulmuşdular. Aralarında 40 yaşlı bir əsgər də vardı. Sifətdən cavan göründüyü üçün onu “oblava” zamanı hərbi mükəlləfiyyətli adam hesab edərək tutub cəbhə bölgəsinə gətirmişdilər. Bir neçə gündən sonra Cəlilabaddakı evinə qayıtmaq istəyərkən yaxalayıb, bura salmışdılar. Dilsiz-ağızsız, olduqca fağır bir adam idi. Mən qarajın içindəkilərə, onlar da mənə sınayıcı nəzərlərlə baxarkən, boyu təxminən 1 metr altmış santim, çəkisi 45-50 kilo olan bir gənc (o, mülki geyimdəydi, sonradan adının Məhəd olduğu bilindi) mənimlə köhnə tanışlar kimi zarafat etmək istədi, dedi, əmioğlu, səni nə üstə qapazlayıb gətiriblər. Deyəsən, o, elə bilirdi ki, buraya gətirənlərin hamısını onun özü kimi qaraja salmazdan öncə şapalaqlayırlar. Həm ona, həm də digərlərinə eşitdirmək üçün dedim ki, mən zabitəm, zabiti qapazlamaq olmaz.

Bu söz içəridəkilərdən bir neçəsinin xoşuna gəlmədi. Bir-ikisi qımıldandı ki, nə olsun, zabitsən, nə fərqi var, səni də tutmayıblarmı, sən bizdən artıqsan?

Sakitcə dedim ki, hər halda zabitlə əsgərin fərqi var, məsələn, mən sənin kimi otuz üç əsgərin komandiriyəm.

Üç-dörd nəfər bir küncdə dövrələmə oturub öz aləmlərində meyxana deyirdilər. O dövrdə məşhur olan və azı min dəfə deyilmiş, misralarında “ay can alan” və “bizim məhlə” sözləri olan qafiyəli nəzm parçalarını necə gəldi avazla oxuyur, guya məzələnirdilər, yaxud da vaxtı bu cür öldürürdülər. Arada onlardan biri türkiyəli müğənni-bəstəkar Hakkı Bulutun həmin vaxtlar çox dəb olan “Son məktublar”ını oxumağa başladı, ancaq zil hissəsində, “mən zatən dünyada gün görmədim ki” yerində səsi çatmadı.

Hamının “ağsaqqal” dediyi 40 yaşlı “könüllü əsgər”-“fərari” başını bürüyüb uzanmışdı. Sanki o, özünü hamıdan, hər kəsdən təcrid etmək istəyirdi. Mən yaşı yaşıma uyğun olan iki nəfərin yanında özümə yer elədim, oturdum. Onlardan biri əslən Laçından idi, xidmət etdiyi hissədən Taxtakörpüdə yaşayan ailəsinin yanına gedirmiş, məşhur Avşar kəndindən keçəndə axşamüstü iki nəfər üstünə hücum edib, özünü döyüb, silahını əlindən alaraq qaçıblar. Hərbi polis bu hadisədən xəbər tutduqda birinci işi o olub ki, silahını əlindən vermiş əsgəri tutub bura salıb. O, barəsində cinayət işi açılacağından qorxurdu, deyirdi, qardaşına xəbər göndərib ki, inəyinin birini satsın, bir “Kalaşnikov” avtomatı alıb, hərbi hissəyə versin, ondan əl çəksinlər.

Həmsöhbət olduğum o biri əsgər isə əslən Bakıdan idi, rütbəsi olmasa da, taqım komandiri imiş, ancaq xidmət etdiyi hissədə tabe olduğu bölük komandiri ilə söhbəti düz gəlməyib. Ortada bakılı-gəncəli söhbəti varmış. Əslən gəncəli olan bölük komandiri hər addımbaşı ona ilişirmiş, axırda bu ona cavab qaytarıb, o da raport yazaraq bunun cəzalandırılmasına nail olub. Bakılı əsgər deyirdi, bilirəm, əvvəl-axır o hissədə birimiz qalacağıq, döyüşlərdən birində ya o məni vuracaq, ya da mən onu. Ona məsləhət olaraq “bəlkə ərizə verib batalyonunu dəyişəsən, onda problem olmaz” deyə təklif verdim. O dedi, yox, onda elə çıxacaq ki, mən onun qorxusundan yerimi dəyişirəm, onun qabağından qaçıram, ən yaxşısı girəvələyib onu vurmaqdır. Bir az da söhbət elədik, açılışdıq və o (adı İlqar idi), bölük komandiri ilə arasında olan münaqişənin məğzini açıb dedi. Bir gün İlqarın əsgərinin yanına Bakıdan anası gəlib. Gözəgəlimli xanım imiş.

Bölük komandiri (Mürsəlov) xanıma göz qoyub, onun oğlunu harasa, nəsə almağa göndərib və öz otağında əsgərin anasına cinsi əlaqə təklif edib. Mürsəlov deyib, xanım, istəyirsənsə, oğlun sağ-salamat evə qayıtsın, bu məsələni həll edək, bir də o, arada Bakıya gələndə görüşərik. Xanım oğlunun xətrinə nə yox deyə bilib, nə də gözü qızmış komandirin arzusunu yerinə yetirib. Eləcə, kövrəlib ağlayıb. Növbətçilər bunu görüb, işi başa düşüblər və dillərini dinc qoymayaraq orda-burda danışıblar. Söhbət İlqara çatanda, o, öz dediyinə görə, Mürsəlovla “razborka”ya çıxıb, deyib, bu, alçaqlıqdır, əsgər anasına pis gözlə baxmaq oğraşlıqdır. Ondan sonra münasibətləri tamam pozulub. Az qala hər gün sözləri çəpləşirmiş.

İlqarın söhbətinin gerçəkliyinə inamım yarıbayarı idi. Əslində, tərsinə də ola bilərdi. Kim bilir, bəlkə də, bunun özü əsgərinin anasına girişirmiş, bölük komandiri buna mane olub. Hər halda, iki komandirin arasında belə bir xoşagəlməz söhbət olmuşdu və bu, zabit şərəfinə ləkə sayılacaq hərəkət idi.

Mən haupvaxta salınanda gündüz saat 12 radələri olardı. Günorta bizə adicə su və bir nimçə makaron verdilər. 10-15 dəqiqəlik gəzintidən sonra yenidən qaraja saldılar.

Gün irəliləmək bilmirdi. Özündən böyükləri, o cümlədən bizi saymayan gənclər meyxana söyləməkdən yoruldular, lətifə danışmağa keçdilər. Onlar hamının əzbərdən bildiyi biədəb lətifələri danışır, gülməkdən qəşş edirdilər. Bu məşğuliyyət də bir az sonra bitdi. Onlar kədərli halda öz yerlərində qıvrılıb oturdular və hallarının necə olacağından danışmağa başladılar. Hərbi hissədən fərarilik etdiyinə görə yaxalananlar lap çox qorxurdular.

Axşamüstü qarajın darvazası açıldı. Qadir adlı şüvərək, idmançı görkəmli taqım komandiri içəri girərək üç nəfərin lazım olduğunu dedi. Heç kim irəli durmadı. Qadir əmr etdi: “Təzə gələnlər kimdir?”

Hamı baxışları ilə məni göstərdi. Qadir bayıra çıxmağım barədə göstəriş verdi. Sonra o, sınayıcı nəzərlərlə içəridəkiləri süzdü, Məhədi, bir də elə o boyda olan, gözlərindən cin yağan bir gənc seçdi. Üçümüz də bayıra çıxdıq. Qadir dedi ki, hissənin mətbəxinə getməliyik, orda təmizlik işlərinə baxacaqsınız, bulaşıq qab-qacaqları yuyacaqsınız. Dərhal dedim ki, mən zabitəm, zabit qab-qacaq yumaq işinə baxmaz. Məndən 2-3 kiçik olan Qadir qane olmadı, dedi, nə olsun ki, zabitsən, burda dustaqsan. Dedim, mən burda dustaq olsam da, dustaq zabitəm və milli ordunun zabiti ilə, otuz üç əsgərin komandiri ilə belə davranış yolverilməzdir. Bəlkə də mübahisəmiz bir az da uzanacaqdı, amma hərbi polisin rəis müavini Mirzəyev təxminən 50 metr o tərəfdən Qadirə qışqırdı ki, komandir geriyə, qaraja qayıtsın, o ikisini gətir. Onlar getdilər, mən qaraja qayıtdım. Növbətçi əsgər darvazanı bağlayan kimi yerdə qalanlar niyə qayıtdığımı soruşdular. Məsələni danışdım.

Yenə bəziləri narazı qaldılar və daha nümayişkaranə şəkildə saymazlıq etdilər. Yəni, biz zabit-komandir hərləmirik. Mən onlara dedim ki, uşaqlar, indi burada özünüzü bu cür aparırsınız, amma başqa şəraitdə belə edə bilməzdiniz. Dedim, mən sizdən yaşca da böyüyəm, rütbəcə də, yaxşısı budur, böyük-kiçik yeri biləsiniz. Onlar təbii ki, sözlə başa düşəcək qanacağın yiyəsi deyildilər. Belələrini adətən şillələyib başa salırlar. Amma burada qüvvələr qeyri-bərabər idi, mən tək idim, onlar isə ən azı bir hərbi hissədə qulluq edən dörd həmkəndliydi.

Axşam bizə borşa oxşayan bir yemək və yenə soyuq su verdilər. Çay istədik. “Yoxdur” dedilər.

Saat 21 radələri olardı, darvaza açıldı, əsgərlər Məhədi içəri itələdilər. Məlum oldu ki, onunla birgə bulaşıq yumağa gedən ağcabədili oğlan girəvələyib aradan çıxıb, bunu isə şapalaqlaya-şapalaqlaya buraya gətiriblər. Deyirmişlər, sən onu qaçmağa qoymamalıydın, ya da qaçmaq niyyəti olduğunu bizə deməliydin.

Bu hadisənin üstündən yarım saat keçmişdi, hamımız uzanmışdıq. Qəfildən qarajın darvazası şiddətlə açıldı. İçəriyə 5-6 nəfər cantaraq adam girdi və dallarınca darvazanı örtdülər. Sanki çıxıb qaçacaqdıq. Qarajın içində işıq yox idi, bayırdakı hündür dirəkdən düşən işığın darvazanın arasından sızan şüalarında onların zəhmli silueti görünürdü. Bu, xeyirliyə gəliş deyildi. Gələnlər hərbi polisin komandirləriydi. Onlar qaçan əsgərə görə çox əsəbiydilər və onun acığını bizdən çıxmağa gəlmişdilər. Hərbi polisin tösmərək, dolubədənli rəisi ağzına gələni danışırdı, söyüb-söylənir, hədələyirdi. Qəflətən o soruşdu:

- Kimdir buranın starşısı?

Heç kəsdən səs çıxmadı. Düzdür, rütbəcə hamısından böyük mən idim, amma yaşca məndən böyüklər də vardı. Rəis isə “buranın starşısı” deyəndə türmə jarqonuyla danışır, qarajdakı hakimiyyətin kimdə olduğunu öyrənmək istəyirdi ki, başqalarına görk olmaq üçün məhz onu cəzalandırsın. Qarajdakı hakimiyyət isə məndə deyildi. Hamı büzüşüb balacalaşmışdı. Hər kəs qorxurdu. Nəfəs belə çəkmirdilər.

Rəis daha da əsəbiləşdi:

- İş ki belədir, hamısını düzün sıraya, bez razboru şillələyin.

Onlar belə etməyə hazırlaşarkən, əsgərlərlə birlikdə sıraya düzülüb şillələnməyi heç cür özümə sindirə bilmədim, təkbaşına döyülməyi gözə alaraq qabağa çıxdım və dedim:

- Buranın böyüyü mənəm.

Rəis qaba şəkildə qolumdan tutub məni darvazanın arasından düşən işığın altına çəkdi və üzümə baxdı. Mirzəyev məni tanıdı və irəli gəlib dedi:

- Bu, o dediyim komandirdir, rəis. Ziyalı oğlandır.

Əgər o, bu sözü çox yox, ikicə saniyə gec desəydi, rəisin qapazı və Qadirin təpiyi məni eyni vaxtda tutacaqdı, sonrası isə artıq onların insafına qalırdı.

Ancaq Mirzəyev təşəbbüsü ələ alaraq dedi, qurban olasız komandirə, yoxsa sizi burda qara tuluğa döndərəcəkdik, biləcəkdiniz haupvaxtdan qaçmaq nə deməkdir.

Biz heç nə demədik. Əslində deyə bilərdik ki, axı siz niyə Molla Nəsrəddin qaçan dananın əvəzində mıxda qalan dananı döymək istəyirsiniz.

Komandirlər bir qədər də asıb-kəsəndən sonra getdilər və getməzdən öncə qarajdakıların hamısını mənə tapşırdılar, dedilər, bunlara sən cavabdehsən, bir sözünü iki edən olsa, cəzalanacaq.


Onlar çıxandan sonra dustaq əsgərlərin mənə münasibəti göz-görəti dəyişdi. Səhərdən bəri saymazyanalıq edənlər də artıq kirimişcə baxırdılar. Dilimə gətirməsəm də daxilimdə bir lovğalıq kükrəmişdi, istəyirdim ki, “əsgərlə zabitin nə fərqi var” deyənlərə “fərqi gördünüzmü, zabit yeri gələndə qabağa durmağı bacarmalıdır” deyəm, ancaq başa düşürdüm ki, bu, qarajda yenicə bərqərar olmuş hakimiyyətimi puç edə bilər.

Ən məşəqqətli an başladı. Yatmaq vaxtıydı, ancaq burada insanın yatması üçün heç bir şərait yox idi. O birilər bir-birinə qısılaraq, quru taxta kuzovun üstündə elə yatmışdılar ki, sanki pərqu yataqdaydılar. Yerini dəyişəndə yata bilməyən bir çox insanlar kimi mənim bundan qat-qat rahat şəraitdə olsa da yatmağım mümkün deyildi.

Gah oturur, gah da durub qarajın çınqıl-torpaq hissəsində o başa-bu başa gəzirdim. Hərdən darvazanın arasından uzaqda görünən yaşayış massivinin işıqlarına baxırdım, qarovul çəkən əsgərlə söhbət etməyə çalışırdım, o zalım oğlu da deyirdi, mən postdayam, danışmamalıyam. Guya gecə saat 3-də Ağcabədinin düzündəki aeroportda mənimlə söhbət eləsə, hərbi sirr-zad açılacaqdı.

Təxminən bir ildən (mənə elə gəldi) sonra səhər açıldı. Bizə səhər yeməyi olaraq soyuq su və kökəfason bir şey verdilər. Vaxtları tamam olduğuna görə, dörd-beş nəfəri buraxdılar. Onlar gedəndən sonra bizi qarajdan çıxarıb sıraya düzdülər. “UAZ” markalı maşın gəldi. Maşından Qadir, iki əsgər və bizim fərari cingöz düşdü. Heç demə, o, mətbəxdən çıxdıqdan sonra pay-piyada ara yollarla 9-10 kilometr aralıdakı kəndlərinə gedib, bunlar da onun harada ola biləcəyini təxmin edərək səhər-səhər gedib atasının evində tutublar. Yazığı maşına mindirib şapalaqlaya-şapalaqlaya gətirmişdilər.

Ancaq cəza proseduru və tamaşa bitməmişdi. Qadir yanımızda dayanan Məhədi irəli çıxardı və qarşımızda başıaşağı, məlul-müşkül dayanmış cingözü döyməyi əmr etdi. Biz dayanıb baxırdıq.

Məhəd əvvəlcə ona əl qaldırmaq istəmədi. Sakit bir halda bunu etmək mümkün deyildi. Qadir Məhədin dalına bir təpik ilişdirib dedi:

- Davay, döy onu, yoxsa sənin özünü minib mələdəjəm.

Məhəd dünən bunun üstündə şillələndiyini yadına salaraq və indicə yediyi təpiyin ağrısıyla özünü dava edəcək adam hiddətinə dolduraraq, yumruğunu düyüb, dişini qıcadı.

- Ə, oğraş, niyə qaçıb, məni döydürdün? – deyə o, cingözün üstünə cumdu. Fərari heç bir müqavimət göstərmir, çiyninə, kürəyinə dəyən zərbələrə qarşılıq vermirdi. İnsafən, Məhəd də onun başına, üzünə vurmurdu. O, arada əlini saxladı. Qadir əl çəkmədi:

- Davay, davay! Hələ döy!

Məhəd bir də dişini qıcayıb rəqibinin üstünə cumanda fikir verdim ki, digər əsgərlər üzümə baxırlar və bu tamaşanın davam etməsini istəmirlər. Sakit, amma qətiyyətli səslə dilləndim:

- Qadir! Kifayətdir! Daha lazım deyil.

O, mənə “sən kimsən” ədası ilə baxsa da, “yaxşı, daha bəsdir” dedi.

Bizi qaraja saldılar. Məhəd də, cingöz oğlan da yaxınlaşıb “sağ ol” dedilər – birini döyülməkdən, o birini isə istəmədiyi halda adam döyməkdən xilas etmişdim. Ən maraqlısı o idi ki, cəmi beş dəqiqə əvvəl Qadirin dalaşdırdığı əsgərlər baş-başa verib dərdləşirdilər, sanki aralarında heç nə olmamışdı.


Ağcabədidəki aeroportun haupvaxtında saxlanıldığım üç gündə ekstremal durumların insanın xarakterini, onun bütün mənfi, müsbət cəhətlərini necə açdığını yəqin etdim. Hətta adam bu cür situasiyada öz xasiyyətində gizlənən və özünə məlum olmayan ştrixlərdən də xəbər tutur. O vaxta qədər mən bilmirdim ki, ən gərgin vaxtlarda bu qədər soyuqqanlı ola, eyni zamanda başqalarından ötrü həyatımla riskə gedə bilərəm. Üstündən uzun illər keçəndən sonra düşünürəm ki, əgər “Vətən mənə oğul desə nə dərdim” misralı şeiri əzbər bilən rəis müavini Mirzəyev olmasaydı, hərbi polisin Çili komendaturasını xatırladan komandirləri məni ən azı üç dəfə ölümcül olana qədər döyəcəkdilər.


Xalid Kazımlı
# 1580 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #