O evdə heç gözləri də olmur, onlar üçün dədə-babadan qalma, bişmiş kərpicdən hörülmüş, üstü kirəmitli yastı evlər onlar üçün daha rahatdır. Deyirlər bu evlər onları qışda soyuqdan, yayda istidən gözləyir. Yayda isti demiş, onlar isti desə də bizim üçün bu isti hava sayılmaz. Bu necə istidir ki, üstdən nazik də olsa bir üst geyimi geyinməli olursan, ayağından corab çıxmır, üşüyərsən yoxsa. Səhər, axşam bəzən şıdırğı, tez də kəsən, bəzən narın, bir qədər uzanan yağış yağır. Günəş yeri-yurdu qurudar-qurutmaz yenidən yağış çisələməyə başlayır. Bayaqdan aydın görünən dağ zirvələrini qara bulud və qatı duman bürüyür. Hərdən dumanın dağdan üzü aşağı gəldiyini müşahidə edib qorxuya düşürdüm, İlahi, bu duman gəlib aşağılara qədər çıxsa, bir də çəkilməz, təbiətdir də, qarşısında kim dura bilər, birdən bu şıdırğı yağış kəsməz və Yaponiyada baş verənləri canlı surətdə yaşamalı olarıq. Doğrudan da oralarda yağan yağış ardıcıl olsa, Yaponiyadakı sunami İlisununkunun yanında damla hesab edilər. Yaxşı ki, elə yağışlar tez də kəsir. Nə duman aşağılara enmir, nə də çayların daşdığını gördüm, öz məcrasındaca adamları qorxutmadan, amma gurhagurla axıb gedir.
Bir-neçə gün belə davam edir, bir gün səhər durub qırmızı, amma adamı yandırmayacaq gün çıxdığını görürsən. Belə yerdə, bir tərəfində dağ, o biri tərəfində şırhaşır gur çay axan, bağın içində olan xudmani evin həyətində samovara od salınmazmı, quzu kababı çəkilməzmi. Qonşunun gətirib həyətdəcə sənə təklif etdiyi nehrə yağını, təzə südü, qatığı, kənd çolpasını, yumurtasını demirəm. Bulaqların suyu isə can dərmanıdır, içdikcə içmək istəyirsən.
Hərdən şəhərdən gələnlərin “Coca-Cola”, “Pepsi”, “Fanta” kimi zir-zibili alıb gətirdiklərini gərəndə gülmək məni tuturdu, a bala, bu bulaqların gül kimi, yox e, göz yaşı kimi dupduru təbii suyunu qoyub adam da “ximikat” içər, lap bulağın özünün gülməyi tutur. Ye-iç, sonra çıx bu dağların seyrinə, həm hərəkətdə olasan çəkin artmasın, həm də gəz, gör Azərbaycan təbiətinin möcüzələrini. Axşam yaxınlıqdan axan gur dağ çayının şırıltısının sədaları altında yorğanı ləzzətlə başına çəkib mışıl-mışıl uyuyursan, nə sabahkı yazını düşünürsən, nə də sosial şəbəkədə yayılan hansısa informasiyanı gözdən qaçırmağın məsuliyyətini daşıyırsan.
Qəhrəmanlıq həm də məqamında geri çəkilməkdir

Çaydan danışacaqdım, orda qaldığımız bir həftə boyu diqqətimi çəkən məqamın sirrini tapa bilmədim ki, bilmədim. Kəndin tən ortasından bir çay axır, gur, dərin, kifayət qədər geniş ərazisi var. Bir çaydır, amma çayın kəndin qurtaracağından gələn hissəsi dupduru, kəndin Bakıdan gedəndə girəcəyində axan hissəsi qapqaradır. Bu iki ayrı çaydırsa, bəs niyə eyni xətt üzrə gedir, yox əgər bir çaydırsa, niyə yarısı duru, şəffaf, yarısı qapqaradır. Çay boyu yuxarı-aşağı getdim, amma hardan, niyə bulandığını tapa bilmədim ki bilmədim.
Çayın üstündəki tarixi körpü gözəl abidədir. Körpüdən keçə bilərsən, amma o tərəf sıldırım qayalıqdır və bu qayalıq tarixi qoruğa aparır. Yolda xəbərdarlıq yox, əmr formasında yazılıb ki, yuxarı çıxmaq qadağandır, çünki təhlükəlidir. İstədim çıxam, bir az çıxdım da, amma bir yanımdakı biri azyaşlı olmaqla iki qızıma baxdım, bir də ayağımız sürüşdüyü halda gedəcəyimiz yerə-aşağıya fikrimi dəyişib qayıtdım.

Sünsülü nədir? Onu İlisululular yaxşı bilir, danışım siz də bilin. Sonra Azər Axşamın, Kamilənin tanışları, dostları onların yaxalarından tutub Sünsülü istəsələr günah məndə deyil, çünki İlisudan yüzlərlə elm və mədəniyyət adamları yetişməsinə rəğmən indinin tanınmış simaları onlar ikisidir.
İlisunun mərkəzi küçəsi boyunca kafe, restoranlar da çoxdur. Özlərinin təbirincə desək bu yerləri əsasən gəlmələr işlədir, çünki yerli əhalidə o qədər pul yoxdur. Gəlmələr arasında gürcülər də var, gürcü mətbəxi, gürcü çörəyi təklif edirlər. İlisudan çıxıb Bakıda iş adamı olan şəxsin də balaca kafesi var ki, orda İlisu mətbəxi təqdim olunur. Narın yağış yağan sərin İlisu axşamında gəzintidən qayıdarkən istədik İlisunun adla deyilən sünsülü yeməyinin dadına baxaq, İlisuda olasan sünsülü yeməyəsən, Azərbaycan xanlarının buraxdıqları səhv qədər olmasa da hər halda tarixi səhv olar. Sifariş verib üşüyə-üşüyə üstü örtülü kənarları açıq kafedə oturduq.
Şəki ləhcəsi sayaq şirin İlisu ləhcəsində danışan ofisiant qardaş yeməyin 15 dəqiqəyə hazır olacağına vəd verib getdi, arada soyuq qəlyanaltıları gətirəndə “az qalıb” dedi, bu “az qalıb”dan düz 2 saat sonra sünsülü nəhayət ki, süfrəyə gəldi. Gördük ki, bu xörək əslində saatlarla vaxt aparan ətli xəmir xörəyidir, əslində hələ tez hazırlayıblar. Xəmirdən müxtəlif fiqurlar hazırlanıb süzülür, üstünə də yaxşı bişirilmiş quzu əti qoyulur, ədviyyatları da yerində. Dadlıdır, amma artıq gecə 12-dən sonra xəmir xörəyi yemisənsə, yatmaq barədə söz belə gedə bilməz. Biz gözləyincə saat 12 oldu, neynəyək, imtina edəsi deyildik ki. Odur ki, sünsülünü yemək naminə bu gecəki yuxunu səhər yuxusu ilə əvəz etməli olduq.
Nəticədə bu gecə oyaq qalıb bildik ki, dağın, meşənin ətəyində ev tutub qalmağın canavarla üzləşmə kimi təhlükəsi də var. Dağdan xeyli aralıdakı kərpic evində uyuyan ev yiyəsi bizi xəbərdarlıq etmişdi ki, gecələr həyətə canavar gələ bilər, bayıra çıxmayın, amma təhlükənin bu qədər real olduğunu bilməzdik. Gözünü sevdiyim boz qurdun həyətdə qoşa fara kimi parıldayan gözlərini görməsəydim. Xilaskarım boz qurd həm də məni parçalamaq arzusu ilə həyətə enən canavar imiş. Özü də pəncərəyə baxıb bu arzu ilə yanan gözlərini görməsəydim inanmazdım, başqası danışsaydı, yenə inanmazdım. Mən də elə bilirəm itdir, sonradan anlayıb, yanımdakıları da harayladım ki, itin belə gözü olmur, bu canavardır və bizə baxır. Səhər oyananda elə bilirdim yuxu görmüşəm, bacımın 9 yaşlı oğlu əhvalatı yadıma salmasaydı elə belə də düşünəcəkdim.
Naşı əllərin yamaq vurduğu, bərpaya ehtiyacı olan Sumu Qala

Belə müdafiə qüllələri Qafqazda çoxdur, Şeyx Şamilin də köməyinə çatıb bu qüllələr.
Hə, az qala unutmuşdum ki, məşhur “Qorxma, mən səninləyəm” filmi bu kənddə çəkilib. Polad Bülbüloğlu həmin bu qalanın üstündə əlini qulağının dibinə qoyub oxuyur, onu öldürmək istəyən bəy də - Həsənağa Turabov - deyir ki, “Ax kak on payot, duşu vnimaet, eşyo nemnoşka, ya nesmoqu eqo ubit”.
Sumu qala barədə də bu qədər bəs eləyər.
Oxucum, çox xahiş edirəm millətin oruc tutduğu, bir qismin ümumiyyətlə gəzintiyə, istirahətə imkanı olmadığı bir vaxtda bu yazı yekəxanalıq təsiri bağışlamasın. Biz də bu millət hansı vəziyyətdədirsə, elə o gündəyik, məqsəd də yalnız məmləkətimizin gözəl bir guşəsini təsvir edib ora diqqət yönəltməkdir. Əgər orda bir həftə adam kim istirahət etmişiksə, bu da ömür tariximizə yazılan çox az məzuniyyətlərdən biridir ki, illərlə planlaşdırıb nəhayət bu il taleyin acığına ondan çalmışıq.
Ordan Şəkini, Qəbələni də gəzib, hərəsində bir-neçə gün qalıb Bakıya qayıtdıq. Şəkidə “Karvansara”da Türkiyə ilə Azərbaycanın birgə çəkdikləri “Mahmud və Məryəm” filminin çəkilişlərinin şahidi olduq. Qəbələdə isə Beynəlxalq Musiqi Festivalının... Amma onlar barədə heç nə yazmayacam, çünki məzuniyyət günlərimə düşüb. Bu bir zarafatdır, məndən olsa, orda da jurnalist missiyamı yerinə yetirərdim. Peşə xəstəliyimin baş qaldırmağına ailəm mane oldu. Sayələrində iki həftə elmin-texnikanın son nailiyyətlərindən yararlanmadan, gözlərim, qulaqlarım təbiətə açıq, qalan, hər bir şeyə bağlı istirahət etdik. Sağ əlimiz arzulayanların başına, sadəcə səy göstərmək yetər. Bir də unutmayın, cənnət elə Azərbaycan özüdür. Təbiətini deyirəm...
Ramilə Qurbanlı