Qocalar, qocalar evinə…

Qocalar, qocalar evinə…
20 avqust 2011
# 06:00
Qəfildən belə bir xəbər eşitsəm ki, sabah azərbaycanlılar kosmosa uçacaqlar, mən inanaram. Amma qətiyyən inana bilmərəm ki, hər hansı bir azərbaycanlı oğlunun, yaxud qızının mənzilini daraltmamaq üçün qocalar evindən könüllü sığınacaq istəsin.

O, mütləq ömrünün sonuna qədər övladının həyatını, mənzilini, nəhayət bütün dünyasını ona dar etməlidir, vəssalam. Amma qeyri millətlər- ruslar, ingilislər və s. bu addımı könüllü şəkildə atırlar. Bizdə övlad buna məcbur olub özü valideynlərini, yaxud onlardan birini qocalar evinə yerləşdirmək istəyəndə az qalırıq həmin şəxsi daşlayaq, qovaq, ölkədən çıxaraq.

İnsanların insan kimi yaşamalarının bu qədər yeni, düşünülmüş sivil qaydaları varkən, niyə həyatımızı çətinləşdiririk, başa düşə bilmirəm. Axı valideynin qocalar evində yaşaması onun keçmişlərdə olduğu kimi səbətə qoyulub çöllü-biyabanlarda təkbaşına, ölümün əlinə buraxılması demək deyil. Biz eşidəndə ki, kimsə hər hansı səbəbdən qoca anasını və ya atasını yaşlılar evinə yerləşdirib, elə təəssürat yaranır ki, guya adam valideynini iri səbətə qoyub quzğunlara yem etməyə aparıb.

Doğrudur, indi qocalar evində yaşayış şəraiti Avropada olduğu kimi super deyil: tibbi sığorta, yemək-içmək, yaşlılara xas əyləncə növləri, oyunlar, yarışlar... Üstəlik qocalar da uşaqlar kimi həmişə öz həmyaşıdlarına ehtiyac duyduqlarından, özlərinin ancaq yaşıdları tərəfindən başa düşüldüklərini zənn etdiklərindən bir-birlərinə mənəvi ehtiyacları var desəm, yanılmaram.

Yaşlılar evində qurduqları dostluq münasibətlərinin, hətta sevgi münasibətlərinin qocaların psixolojilərində əhəmiyyətli yeri var. Həftədə bir-iki dəfə övladları onları yoluxar, həftə sonlarını işdən-gücdən başı açılmış uşaqları və nəvələri ilə keçirər və həm də öz əsəbləri qaydasında, ürəkləri həyat dolu, enerji dolu olduğundan gənclərin də qanını qaraltmaz, yeri gəldi-gəlmədi həyatlarına qarışmaz, zəhlətökən olmazlar. Oysa bizim qocalar, illah da nənəsini itirmiş babalar, babasını itirmiş nənələr təklikdən, heç kimə lazım olmadıqları düşüncəsindən, darıxdıqlarından başlarını o qədər itirirlər ki, həddən artıq deyingən, mənasız qocalara çevrilirlər. İş o yerə gəlib çatır , övlad hətta ürəyinin dərinliyində belə özünə etiraf etməsə də yaşlı ata-anasının ölümünü arzulayır.

Məgər düz demirəm ki
70 yaşlı anam ölsə yaxşıdı
rahat olardıq
mənzilimiz genişlənərdi
axı niyə buna görə məni
emosional kütlükdə ittiham edirlər!



Nərmin Kamalın “Nevrotik” şeirlər silsiləsinə daxil olan şeirindən bir parçada bir çox azərbaycanlının ürəyinin dərinliyində gizli qalan, özünə belə etiraf edə bilmədiyi həqiqət gizlənir. İllərdir, valideynləriylə çox adi bir arzusunu həyata keçirmək üçün mübarizə aparan insanlar var. İllah da bizim valideynlərin “getmə gözümdən, gedərəm özümdən” deyib adamdan yapışmağı var ya... Rusiyada arvadını-uşaqlarını qoca anasına görə atıb gələnlərin, xaricdəki təhsilini, ordudakı istiqbalını yarımçıq qoyanların sayı nə çox.

Təbii ki, bu yazını oxuyan yaşlı nəsil uzaqbaşı məni lənətləyəcək, ata-anam təəccüblənəcək... Onlardan keçib... Biz gənclər qarşımızda qocalığa hələ bir ömür varkən, çalışıb ya özümüzə ayrı bir mənzil almalıyıq ki, övladlarımızın şəxsi həyatlarına, ailə problemlərinə qarışmayaq gələcəkdə. Ya da qocalar evinə yerləşməliyik. Şəxsən mən belə edəcəm. İqtisadi problemlər düzəlsə, hazırkı mənzil problemi aradan qalxsa, gənclər özlərinə ayrı bir dam düzəldə bilsələr, atalar-oğullar problemi də yaranmaz. Çömçə həmişə qaynananın, televizorun idarəedicisi atanın əlindədisə, gənc ailənin hansı müstəqilliyindən danışmaq olar?

“Babam və oğlum” filminə yəqin ki. baxmısınız. Görürsünüz də o filmdə ata diktator xüsusiyyəti ilə oğlunun həyatını necə məhv eləyir? Oğlu öləndən sonra dəfn karvanının qabağını kəsib qollarını yana açır. Sonra sinəsini cırır özünü döyərək “mənim üzümdən. Mənim üzümdən” deyə bağırır. Çox valideyn var ki. ölənəcən öz övladına pislik elədiyinin fərqinə də varmır. “heç bilmirəm necə oldu. Kimə pislik eləmişdim başıma bu iş gəldi” deyir. Daha demir ki pisliyi elə övladına özü eləyib.
“Caillou” cizgi filmini əzbər bilirəm. Çünki səhərdən-axşamadək ailəlikcə ona baxırıq. Caillonun nənəsi nəvəsini qocalar evinə aparır.

Orda nənənin tanışları var, onlara mənəvi yardım edir, evdə bişirdiyi yeməklərdən aparır. Nəvəyə qocalar evini belə izah edir: “Yaşlılar evi özünə baxa bilməyən, baxım və qulluğa ehtiyacı olan insanların yaşadığı yerdir” Nəvə soruşur: “Nənə, bəs sən niyə qocalar evində yaşamırsan?” “Mən hələ özümə və babana baxa biləcək qədər gəncəm” deyir.

Nənənin-babanın ayrıca iri, rahat, geniş mənzili var. Caillogilin də öz rahat, geniş, işıqlı mənzilləri. Bəxtəvərlər! Mehribançılıq da xirtdəkdən.
Bir ömür boyu insan yetişdirməkdə heç bir başarısı olmayan azərbaycanlılar öləndən sonra övladlarının boynuna ehsan vermək kimi məcburi, guya savab sayılan bir öhdəlik qoyurlar... Daha doğrusu, indiki Azərbaycan gerçəkliyində böyük bir problem, xirtdəyəcən borc...

Halbuki, bəlkə ömürləri boyu bir dəfə də övladlarını savab işlər görməyə çağırmayıblar. Həmişə arzulayıblar ki, övladları imkanlı, vəzifəli, ictimai mövqeyi olan bir insan olsun. Özü də nəyin bahasına olur-olsun... Oysa hər bir insan ilk növbədə övladının yaxşı ürəyə, vicdana malik olması üçün Allaha dua etməlidir.

Əxlaqlı övlad yetişdirmək azərbaycanlılar üçün yalnız cinsi məsələlərdə keçərlidir. Oğlanlarımız açıq-aşkar zina eləməsin(gizli olar), qızlarımız mütləq bakirə olsunlar toy gecəsinədək və ya ölənədək, vəssalam. Dövlətdən oğurluq da eləyə bilərlər, rüşvət də ala bilərlər, yetimin malın əlindən ala bilərlər, çox pul yığa bilərlər, yaltaqlana bilərlər.

Biz atalarımızı dəyişə bilmərik, necə ki, onları seçə də bilmərik. Amma gələcəyi dəyişmək üçün əlimizdə imkanlar var. Ən azından özümüzü dəyişə bilərik, əziz gənclik! Başqa cür ola bilərik və övladlarımız heç vaxt bizim səhvlərimiz ucbatından əziyyət çəkməz , içlərinin gizli köşələrində ölümümüzü arzulamazlar! Necə ki, əksəriyyətimiz özümüzün belə xəbərimiz olmadan, özümüzə belə etiraf etməyə çəkindiyimiz hisslərlə yanaşırıq valideynlərimizə.

P.S Bu yazını çoxdan yazmışam. Üç ildi kompüterin yaddaşında yatır. Bir dəfə “Bizim yol”, bir dəfə də dostum Zahir Əzəmət bu yazını üstümə qaytarıb. Amma mən bu yükü içimdə daşıya bilmərəm daha fazla. Desəm öldürərlər,deməsəm, ölləm.
# 1912 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #