Dəli Domrul

 Dəli Domrul
10 avqust 2011
# 17:07
Bizim ədəbiyyatın ən xoş, ən ürəyəyatımlı səhifələrindən biri Dəli Domrul boyudur. Dəli Domrul bizim ədəbiyyatın ən maraqlı, pozitiv qəhrəmanlarından biridir. İsti yay günündə Dəli Domrul boyunu yazımda tirajlamaq istəyi yarandı...

Oğuz elində Dəli Domrul deyilən bir qəhrəman vardı. Bir quru çayın üzərində bir körpü salmışdı. Keçəndən otuz gümüş alırdı, keçməyəndən döyə-döyə qırx gümüş alırdı. Nə üçün belə etdiyini soruşanda deyərdi: "Dünyada məndən dəli, məndən güclü qəhrəman vardırmı, çıxıb mənimlə döşləşə, savaşa? Qoy mənim qəhrəmanlığımın, igidliyimin, güclülüyümün sorağı Rum elinə, Şam ölkəsinə, bütün dünyaya yayılsın".

Dəli Domrulun körpüsünün yanında bir oba düşmüşdü. Bu obada bir gözəl oğlan xəstələnib öldü. Kimi oğul deyib, kimi qardaş deyib ağladı. Böyük ağlaşma qopdu. Dəli Domrul ağlaşmanın səsini eşidib, çaparaq özünü obaya yetirdi. Dedi:

- Nə böyrüşürsünüz? Mənim körpümün yanında bu qalmaqal nədir? Niyə ağlaşma qoparmışsınız?

- Ey qəhrəman, bizim bir yaxşı igidimiz vardı, öldü. Ona görə ağlayırıq.

- İgidinizi kim öldürdü?

- İgid, Tanrıdan buyruq oldu. Al qanadlı Əzrail göydən gəldi, onun canını aldı.

Dəli Domrul dağlarda, çöllərdə yaşayan asudə bir qəhrəman idi, ömründə bu barədə heç nə eşitməmişdi. Ona görə hirsləndi. Soruşdu:

- O Əzrail dediyiniz nə kişidir ki, adamın canını alır?

- Tanrı onu göydən göndərdi. O da igidimizin canını aldı.
Dəli Domrul üzünü göyə tutdu:

- Ey Tanrı, Sən o Əzraili mənim gözümə görsət! Savaşım, güləşim, vuruşum, yaxşı igidin canını onun əlindən qurtarım. Bir daha yaxşı adamların canını almaya.

Bunu deyib Dəli Domrul geri döndü. Nağıl deyən belə söyləyir ki, Dəli Domrulun sözü Tanrıya xoş gəlmədi. Əzrailə əmr etdi ki, gedib Dəli Domrulun gözünə görünsün, bənizini saraltsın, canını alsın.

Bir gün Dəli Domrul qırx igidlə yeyib-içib oturarkən, qəfildən Əzrail göydən gəldi. Onu heç kəs, nə keşikçi, nə qapıçı gördü. Əzrail yalnız Dəli Domrulun gözünə göründü. Onların arasında mübahisəyə oxşayan bir söhbət olur. Həvəsi olan dastandan tam şəkildə oxuya bilər. Qərəz, Dəli Domrul Əzrailin görünüşündən bir az qorxur.

Görər gözü görməz olur. Tutar əli tutmaz olur. Canı titrəyir. Ağzının içi buza dönür. Lakin özünü ələ alıb, Əzrailin üstünə hücum çəkir. Əzrail göyərçinə çevrilir, bacadan uçub gedir. Dəli Domrul deyir: "İgidlərim, Əzrailin gözünü elə qorxutdum ki, qapını qoydu, bacadan qaçdı. Elə bilir göyərçin olub qaçmaqla canını mənim əlimdən qurtaracaqdır".

Dəli Domrul atını mindi. Əzrailin dalınca düşdü. Yolda bir-iki göyərçin öldürüb, geriyə döndü. Evə gələrkən Əzrail onun atının gözünə göründü. At hürkdü, Dəli Domrulu yerə vurdu. Əzrail fürsəti əldən verməyib, onun köksü üzərinə çıxdı. Qərəz, dəli Domrulla Əzrail arasında yenidən mübahisəyə oxşayan bir söhbət olur:

- Əzrail, səni belə bilməz idim. Kişisən, düz yerdə üzbəüz gələydin. Onda görərdik, kim kimin canını alır. Oğurluq ilə can aldığını duymaz idim. Sənə məhəl qoymaz idim. Şərab içdim. Nə söylədim, bilmədim. Həyatdan usanmadım. İgidlikdən doymadım. Canımı alma, Əzrail, mədəd!

- Dəli axmaq! Mənə niyə yalvarırsan? Tanrıya yalvar. Mənim əlimdə nə var ki? Mən də bir buyruqçuyam, sözün varsa, Ona de.
Bu zaman Dəli Domrul Əzrailə deyir ki, araya girməsin. Tanrı ilə özü danışacaq.

Dəli Domrul Tanrıya yalvarıb xahiş edir ki, onun canını özü şəxsən alsın, Əzraili bu işə yaxın buraxmasın. Dəli Domrulun bu sözü Tanrıya xoş gəldi. Əzrailə əmr etdi ki, qoy, Dəli Domrul öz canının yerinə bir can tapıb versin. Onun canı ölümdən xilas olsun. Bəli, əsl hadisə bundan sonra baş verir. Süjet tam dəyişir.
Dəli Domrulun bir qoca atası, bir qarı anası vardı. Belə şərt kəsirlər ki, getsinlər qoca ata-ananın yanına. Bəlkə onlardan biri canını verə, Dəli Domrulun canı azad ola. Dəli Domrul atasının yanına gəlib, baş verənləri nəql edir.

Ata deyir: "Başı qarlı dağlar, soyuq-soyuq bulaqlar, şahbaz atlar, qatar-qatar dəvələr, sürü-sürü qoyunlar sənin olsun. Qızıl-gümüş, pul gərəksə, verim, amma oğul, dünya şirin, can əzizdir, onu qıya bilmərəm. Səni məndən çox istəyən anan vardır. Get ondan can istə. Bəlkə o əsirgəməz".

Dəli Domrul anasının yanına gəlir. Baş verənləri nəql edib, anasından can istəyir. Ana da eyni cavabı verir: "Dünya şirin, can əzizdir. Şirin cana qıymaq olmaz!"

Dəli Domrulun anası da canını vermədi. Belə olanda Əzrail gəldi ki, Dəli Domrulun canını alsın. Dəli Domrul dedi:

- Əzrail, dayan!

- Dəli axmaq, daha nə istəyirsən? Ağ saqqallı atanın yanına getdin, canını vermədi. Ağ birçəkli ananın yanına getdin, canını vermədi. Daha kim sənə can verəcək?

- Yad qızı halalım, arvadım var. Ondan mənim iki oğlum, əmanətim var, gedim tapım, onlarla görüşüm, ondan sonra mənim canımı alarsan.

Diqqət edin, Dəli Domrul yad qızından, arvadından can istəməyə getmir. Sadəcə, halallaşmaq istəyir. Dəli Domrul yad qızına baş verənləri nəql edir. Deyir: "Getdim, qoca atam can vermədi. Getdim, qoca anam can vermədi. Dünya şirin, can əziz, cana qıymarıq biz",- dedilər. İndi gəldim halallaşaq. Bu dağlarım, yaylaqlarım, tövlə-tövlə şahbaz atlarım, qatar-qatar dəvələrim sənin olsun. Sürü-sürü qoyunlarım qalsın sənə qurban olsun. Gözün kimi tutarsa, könlün kimi sevərsə get, haqqın var".

Arvad bu sözləri eşidcək canı od tutub yandı. Söylədi görək, nə söylədi:

- Nə sözdü bu deyirsən?
Ah, nələr söyləyirsən?
Göz açıb gördüyüm
Könül verib sevdiyim
Qoç igidim, qoç ərim!
İxtiyarım, sərvərim!
Qarşı yatan dağları
Səndən sonra neylərəm?
Yaylasam, gorum olsun!
Soyuq-soyuq suları
Səndən sonra neylərəm?
İçərsəm, qanım olsun!
Bolluca var-dövləti
Səndən sonra neylərəm?
Yesəm, zəqqutunum olsun!
Sənin o atan-anan
Bir canda nə var, onu
Ah, sənə qıymamışlar!
Dünyadan doymamışlar?
Yer tanıq olsun, Domrul
Göy tanıq olsun, Domrul

Nə deyirsən, nə, Domrul?
Mənim bu şirin canım
Qurbandır sənə, Domrul!

Arvad bu sözləri deyən kimi Əzrail qadının canını almağa gəldi. İgid adam olan Dəli Domrul yoldaşına qıya bilmədi. Üzünü göyə tutub, söyləmiş, görək nə söyləmiş:

- Ucalardan ucasan.
Kimsə bilməz necəsən.
Yox, Tanrım, eşit sən!
Böyük yollar üstündə
İmarətlər tikərəm.
Çaylara körpü salıb,

Uzun yollar çəkərəm.
Ac görsəm, doyuraram,
Sevərəm yoxsulları.
Çılpağa paltar verib,

Şad edərəm onları.
Alırsan, ikimizin
Canını birgə al!

Deyirlər, Dəli Domrulun sözü Tanrıya xoş gəldi. Əzrailə əmr elədi: "Bu ər-arvad ki, bir-birilərinə bu qədər sədaqətlidir, onların canını almaq kişilikdən deyil. Bu iki cavana yenidən yüz qırx il ömür verdim. Onlarla işin yoxdur, qoy necə istəyirlər, yaşasınlar".

Elin ozanı Dədə Qorqud gəlib əhvalatın mənasını açır. Yəni, insan gözəl həyat sürsə, can deyib, can eşitsə, qısa ömür uzun olar, bir il dönər yüz il olar. Əlbəttə, anlayanlar üçün bu əhvalatda böyük bir məna vardır. Anlamayanlar özləri bilərlər. "Min bir gecə" nağıllarında deyildiyi kimi, gözünün ucuyla görən, ibrət dərsi götürər.

XXX

Yad bir məxluqun doğmalardan doğmaya, əzizlərdən əzizə çevrilməsi məni çox düşündürüb. İki fərqli insanın həyatda birləşərək bir insana çevrilməsi, bir-birindən iyrənməməsi, inanılmaz dərəcədə doğmalaşması maraqlı prosesdir. Uşaqlıqda gördüyüm bir hadisəni xatırlayıram. Bir kişi vardı. Yataq xəstəsinə çevrilmişdi.

Yaxınları olmazın əziyyət çəkirdilər. Təbii ki, əsas əziyyəti arvadı çəkirdi. Xəstəlikdən əziyyət çəkən kişi əzabın, ağrının acısını arvadının üstünə tökürdü. Kişi öldü. İsa Hüseynovun təbirincə desəm, zaman o zaman idi ki, mən balaca uşaq idim. Yasda-toyda arvad məclisinə giriş haqqımız vardı. Yasda arvadların sırayla oturub, ritmlə əllərini dizlərinə, sinələrinə vuraraq, ağı demələrini xatırlayıram. Bu, əsl şaman məclisi idi. Özləri də bilmədən ayin yerinə yetirirdilər. Vəcdə gəlirdilər. Bu barədə başqa yazıda söz açarıq...

Yaddaşımın güclü olması bəzən çox dadıma çatır. Qadına deyirdilər ki, öldü, öz canı da qurtardı, sənin də canın qurtardı. O isə deyirdi: "Quru nəfəsi bəs idi. Bilirdim ki, evdə kişi var".

Belə hadisələr məni həmişə düşünməyə vadar edib. Müxtəlif suallar doğub. Mən, bu suallara "İncil"də cavab tapdım. Bəli, Tanrı insanı ana və bala, bacı və qardaş şəklində yox, qadın və kişi şəklində yaradıb...

(mia.az)
# 1679 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #