Dublyor – Sənan İsmayılovun hekayəsi

Sənan İsmayılov, yazıçı

Sənan İsmayılov, yazıçı

1 may 2022
# 10:00

Kulis.az Sənan İsmayılovun “Dublyor” hekayəsini təqdim edir.

İndi danışacağım əhvalatın üstündən uzun illər ötüb, ancaq onunla bağlı təfərrüatların əksəriyyətini hələ də dəqiq xatırlayıram.

***

Əyləşdiyim taksi yolla üzüyuxarı, həm də böyük sürətlə şütüyürdü, qəfildən sürücü əyləcə basdı – sən demə, işıqforda qırmızı işıq yanıbmış. Yol kəsişməsində dayanıb, səs-küy qoparan və onlara hərəkət izninin verilməsini gözləyən maşın cərgəsini nişan verərək, sürücü xırıltılı bir səslə bildirdi:

– Bunlar lap o şikar qoxusu alan vəhşi heyvanlara bənzəyirlər, sanki zəncirlərini gəmirirlər. Halbuki yaşıl işığın yanmasını bir dəqiqədən azca artıq gözləyiblər.

Həqiqətən də, maşınlar qana susamış yırtıcı heyvanlar qədər səbirsiz görünürdülər. Gözlədiklərini alan kimi onlar beş-betər çılğına döndülər: qaz püskürən boruları nərə çəkdi, siqnalları baş-qulaq apardı, bəzi maşınlardan isə ənənəvi qələbə nəğmələrinə bənzər sədalar yüksəldi.

– Belədə məbada bunların qabağına keçəsən ha: adamı əzib-keçərlər. Buna söhbət olammaz! Ona görə yox ki, toqquşmaqdan yayınarlar. Yox! Sırf ona görə ki, dördyolda qarşılarına çıxan piyadanı əzməyə qanunla onların haqqı çatır. Eynilə öz ağılsızlığı ucbatından tələyə düşən bir qurbanın başının üstünü kəsdirən yırtıcılar kimi.

Dediyi sözlərə sürücü özü güldü və bu ara onu öskürək tutdu. Tabaq sifətli bu yekəpər kişinin üzünü tük basmışdı deyə, elə özü də haqqında danışdığı o adamlara, yəni bizimkiylə kəsişən yolda şütüyən o dördtəkərli “yırtıcıların” sahiblərinə oxşayırdı. Otuz yaşın içində olsam da, arıq sir-sifətim məni nisbətən cavan göstərirdi, odur ki, solğun bənizimə görə onun dediyi qurban roluna mən daha çox uyğun gəlirdim. Buna görə də özümdən ixtiyarsız əlim qapının dəstəyinə tərəf uzandı.

Taksi sürücüsü heyrətləndi:

– Neyləyirsən? Burada düşmək olmaz axı.

Mən isə əlimi dəstəkdən ayırmadan susurdum.

– Buralarda heç babat səki-filan da yoxdur. Əgər o tində durub, yolu pusan vəhşilərdən hansı birisə səni vursa, eyni şeyi bizim cərgədə duranlar da edəcək. Axı sən canından bezən birisinə heç bənzəmirsən, – deyə, o, sözlərinə zarafat çaları qatdı.

– Məncə də, bənzəmirəm, – dedim.

O, xırıltılı bir qəhqəhə çəkdi:

– Necə yəni “məncə də”?

Axı bu adi sürücü haradan biləydi ki, son bir ay boyu mən durmadan məhz canıma qəsd etmək barədə düşünürəm. İntihara cəhd niyyəti məni qarabaqara izləyirdi. Təxminən iki il əvvəl bu cür niyyətlər mənə hələ ötəri görünərdi. Ancaq yaddaşım məni yanıltmırsa, hətta uşaq vaxtlarımda da mən bəzən ölmək fikrinə düşərdim – məsələn, tənəffüsdə bir yerə yığılan rəfiqələr mənə baxıb, pıçıldaşandan sonra güləndə, ya da sinif yoldaşım barmağını mənə tuşlayaraq, bütün dəhliz boyu: “Baxın, o, necə qızarıb!” – deyə bağırdığı və üzüm pörtdüyü zaman belə fikrə düşərdim.

Ancaq əvvəllər mən bu cür qara fikirlərin cəngindən qurtulmaqdan ötrü heç bir tədbir-zad görməzdim və onlar özxoşuna, yəni müqavimətsiz də keçib-gedərdilər. İndi isə mən başqalarının daha öncə yararlandığı intihar üsulları üzərində elə hey baş sındırır, “yaşadığım duruma daha uyğun gələcək” o yeganə variantı axtarırdım. Özüm də anlayırdım ki, hansının daha vacib olduğuna məhəl qoymadan mən psixiatra və ya psixoloqa müraciət eləməliyəm, ancaq hələlik bu barədə dəqiq bir qərara gələ bilmirdim. Hətta bununla bağlı arvadımla məsləhətləşməyi də özümə sığışdırmırdım.

Deyəsən axı özünün ilk baxışda boş görünən gəvəzəliyi sayəsində taksi sürücüsü mənə hazır bir ideya vermişdi – əgər həqiqətən bu maşınların qarşısına çıxsaydım, görəsən nə baş verərdi? Onlardan biri mütləq məni vurardı. Hətta ilk zərbədən canımı tapşırmasaydım, onda arxadan gələn maşınlar bu başlanan işə bir əncam çəkərdilər. Əgər o sürücü mənim mümkün intiharçı olduğumu həqiqətən də sezmişdisə və özünün zarafatları ilə əslində mənimlə məzələnirdisə, bəs necə olsun?

Amma hansı intiharçı öz niyyəti barədə başqalarına nəinki sözlərlə, hətta işarətlərlə də eyham vurar axı?! Ancaq özünə mane olunmasını uman birisi. Mən isə bunu əsla diləmirdim. Həm də hansısa göydələnin təpəsinə dırmaşaraq, hökumətin fəaliyyətindən narazılığımı bütün aləmə car çəkməklə, özümü aşağı atan deyildim. Çünki mövcud şərtlərdə mənim hökumətə qarşı heç bir iddiam yoxdur. Son bir ay boyu depressiyaya qapılmamın səbəbkarı da iqtidar yox, məni fasiləsiz şəkildə izləyən panik ataklardır (ağır təşviş və həyəcan hallarıdır – Tərc.).

Hələ dünən mən öz balkonumuzun altındakı ərazini diqqətlə gözdən keçirmişdim, bu yolla təxmin etməyə çalışırdım ki, yerə atılacağım təqdirdə bədənim haraya düşə bilər, həm də orada insanların və maşınların olmayacağı vaxtı dəqiqləşdirmək istəyirdim. Balkonumuzun məhəccəri yüksək idi, buna görə də yerə atılmaqdan ötrü gərək onun üzərinə dırmaşaydım. Bəs birdən kimsə belə etdiyimi görüb, niyyətimi anlasa və haray-həşir qopartsa, necə olacaqdı? Hə, bax, onda tamamilə çıxılmaz vəziyyətə düşərdim. İki ayrı səbəbdən xəcalət hissinə qapılardım. Birincisi ona görə ki, hamı niyyətimdən agah olardı, ikincisi isə, bu işi də bacarmadığım üçün. Ona görə də niyyətimi bacardıqca tez həyata keçirməyin bir yolunu tapmalıydım.

Bəlkə, mən də idmançılar kimi, yəni qaçaraq təkan götürməklə, məhəccərin üstündən o biri üzə adlayım, hə? Bunu sınamaq fikrinə düşdüm, ancaq qaçmaqla, damdar qapı çərçivəsindən keçib, balkona sıçramaq istədiyim vaxt əlimi necə möhkəm zədələdimsə, bu fikirdən də əlüstü daşınmalı oldum.

Həyatla haqq-hesab çürütməyin çoxsaylı üsulları arasında məni ən çox qorxudan yalnız uğursuz bitənlər yox, həm də ağır nəticələrə yol açanlar idi. Kimsə pəncərədən özünü atıb, sağ qalsa da, bel sütunu qırıldığı üçün həmişəlik əlil arabasının əsirinə çevrilmişdi. Bir başqası zəhər içsə də, ölməmiş, mədə xorasına yaxalanmış, ya da tamamən kor olmuşdu. Birdən mənim də intihar niyyətim baş tutmasa və hazırda cəmi üç yaşı olan qızımı sonralar “fərsizin qızı” deyə cırnatsalar, necə olacaqdı?

İndi, yəni bu yırtıcı maşın sürüsünün təkərləri altda xurd-xəşil olmaq kimi cazibədar bir aqibət var ikən, mən bu hiyləgər sürücünün sözlərinə uyub, öz fikrimdən daşındım. Əlimi dəstəkdən necə çəkdiyimi gözaltı süzən sürücü sonra baxışlarını üzümə dikib, gülümsədi və dedi:

– Bax, belə ha. Yoxsa onlar səni vurub-əzsin, mən isə cavabdeh olum?!

Səs-küylü küçə kəsişməsindən təxminən iki yüz metr irəlidə o, maşını əylədi. Mən maşından düşəndən sonra başını pəncərədən çıxaran sürücü dedi:

– Sən nəsə belə tərəddüdlü görünürsən ha. Canını çox da sıxma. Əgər bir qərara gəlmisənsə, birbaşa hədəfə doğru get. Yoxsa hələ çox çabalayacaqsan.

Bu sözlərdən dəhşətə gəldim: “Bu adam niyyətimi lap üzümdən oxudu ki! Mənim qətiyyətli bir intiharçı olduğumu da sezdi! Halbuki gözümə bu işlərdə naşı biri kimi görünmüşdü. Həm də ki, gün ərzində gör, neçə cür sərnişin daşıyır o, yəqin ötən illər ərzində əsl insan sərrafına dönüb də. Deyəsən, axı o, haqlı idi: bir halda ki, intihar niyyətinə düşmüşəm, gərək haqq-hesabı çox da ləngitməyim”.

Bu qənaətlə mənzilimin yerləşdiyi binaya tərəf üz tutdum.

***

Yüngülvarı axşam yeməyindən sonra öz iş otağıma çəkildim. Bura cəmi dörd kvadrat metrlik, küçəyə pəncərəsi-filanı olmayan, qapalı bir hücrə idi əslində, sadəcə dəhlizə açılan bir nəfəsliyi vardı. Onu da axırıncı dəfə açdığım heç yadıma gəlmirdi. Həm də ki, onu açmaqdan ötrü gərək təkərli kreslomun üstünə dırmaşaydım. Bu otaqda vur-tut bircə dənə işıq mənbəyi vardısa, o da masaüstü lampa idi. Tavanın tən ortasına bir qarmaq bərkidilmişdi və mən nə vaxtsa oradan xudmani bir çilçıraq asmağı düşünürdüm. O qarmaq heç cür ağlımdan çıxmırdı və hər səfər iş otağıma girəndə baxışlarım özümdən ixtiyarsız tavana dikilirdi.

Arvadım heyrətləndi:

– Evdə də işləmək fikrindəsən? Çoxdan idi belə eləmirdin nədənsə.

Sözdən yayınmaqdan ötrü masanı göstərərək, candərdi dedim:

– Hə, çoxdan idi. Ancaq bu gün bəzi işləri tamamlamalıyam. Elə buna görə də nələrsə etməliyəm. Odur ki, bilgisayarımı da özümlə götürmüşəm.

Arvad eyhamlı şəkildə dilləndi:

– Anladım, sən artıq uşaqla da düşəndən-düşənə vaxt keçirməyə başlamısan.

Bu cür şikayətlənərək o, pianinonun üstünə dırmanmağa çalışan balaca qızımızı aşağı düşürtməyə tələsdi.

Elə uşaq da neçə gündən bəri məndən incik idi ki, onunla oynamağı tamamən tərgitmişəm.

“Əgər qızım da məndəki depressiyanı sezərsə, bəs onda necə olacaq? Özümə bir kənardan göz qoya bilsəydim, heç də fəna olmazdı. Maraqlıdır, ağlına intihar fikri düşən birisi kənardan adama necə təəssürat bağışlayır? Öz niyyətini o, ətrafındakılara hansısa jestlər və ya intonasiyalarla büruzə verirmi görən? Yeri gəlmişkən, mənim nə barədə düşündüyümü şəxsən arvadım bircə baxışdan anlayır. Hə, mən bilən bu, məhz belədir. Sadəcə, daxili bir razılaşmaya əsasən, biz mənim ovqatımı əsla müzakirəyə çıxarmırıq, vəssalam” – deyə düşünərək, mən otağın qapısını öz ardımca qapadım.

Bir neçə saniyə boyu mən tavanda güclə sezilən o qarmağı mat-məəttəl süzəndən sonra keçib, masa arxasında əyləşdim. İş saatları ərzində internetdə psixoloq axtarışına çıxmağı uyğun saymırdım, çünki birdən kim isə məsələdən xəbər tutar və bunu əlüstü müdirə xəbərləyərdi. Bax, onda vəziyyətim fırıq olardı – axı mən ofisdə ümidverən əməkdaşlardan biri sayılırdım.

***

Psixoloq xidmətləri barədə çoxsaylı elanlar arasından mən ofisi şəhərdən xeyli kənarda yerləşən birisini seçdim. “Fizika mühəndisiyəm, mövcud psixoloji problemlərin həlli ilə bağlı tamamilə yeni üsullar təklif edirəm. Psixoloq kimi fəaliyyət üçün sertifikasiya diplomum da var”. İlk baxışda bu elan sən deyən diqqətimi çəkməsə də, daha sonra bu klinikanın məhz ucqarda yerləşməsi seçimimdə öz həlledici rolunu oynadı. Çünki belədə tanışlarla rastlaşma ehtimalım xeyli dərəcədə azalacaqdı. Axı mən də istəməzdim ki, psixoloji problemlərimin varlığından o və ya bu agah olsun. Hap-gopla isə heç aram yoxdur…

***

Psixoloqun kabineti ucqar və kasıb qəsəbədəki köhnə bir binada yerləşirdi. Binanın içində – elə onun özü qədər – köhnə bir satış avtomatı vardı, orada üç şüşə su və daha üç qutu nə isə diqqətimi çəkdi. Özümü daxili yaşantılarımla bağlı etiraflara hazırladığım üçün boğazım həyəcandan qurumuşdu. Susuzluqdan yanırdım, ancaq avtomatın “qədimiliyi” də istər-istəməz mənə bu hissi aşılayırdı ki, o şüşələrdəki sular da çox köhnə əyyamlardan qalıbdır.

Dəhlizin divarlarına vaxtilə çəkilən boya orda-burda qabıq verərək, qopub-tökülmüşdü. Bir neçə qapının ağzında qoyulan skamyalarda beş-altı nəfər əyləşmişdi deyə, dəhliz bir az da dar təsir bağışlayırdı. “Qəbul bölümü” lövhəsinin altında əyləşən qızdan psixoloqun qəbuluna düşmək üçün nömrə götürərkən maraqlandım:

– Qəbula çox adam yazılıb? Gördüyüm qədəriylə, bəzi qapıların ağzında növbələr yaranıb.

Ümid edirdim ki, növbəm nisbətən gec çatar və bu sayədə mən küçəyə çıxmaqla, yanğımı yatırtmaqdan ötrü düz-əməlli bir şüşə su alaram.

Qız isə sözlərimə güldü:

– Özkurtun, yəni bizim psixoloqun qəbulunda elə də böyük növbələr olmur.

***

Psixoloq maraqlandı:

– Sizə su təklif edim, ya çay?

Qırx, ya da qırx beş yaşı olardı. Hündürboylu sayılmazdı, arıq idi. Sərt saçları vardı, başı, demək olar ki, çal idi. Gözləri xırda idi, amma ensiz üzündə onlar nisbətən iri görünürdülər. Daha sonra fərqinə varacaqdım ki, həkimin baxışlarından yağan ovqat vaxtaşırı dəyişir. Öz üsulunun üstünlüklərindən bəhs etdiyi zaman onun gözləri işıldayırdı, bu üsulu sınayacağı ilk pasiyent kimi məni itirəcəyindən təlaşlandığı zaman isə bu baxışlardan qüssə oxunurdu. Sadəcə saqqalı olsaydı, onu birə-bir XX əsrin əvvəllərində fəaliyyət göstərən, o barışmaz solçularla, yəni inqilabçılarla səhv salmaq mümkün idi – belələri barədə mən hələ tələbə ikən tarixlə bağlı jurnallarda oxumuşdum.

İyirmi dəqiqə boyu ona özüm barədə danışdım – tanımadığım birisi qarşısında o ara özümlə bağlı bütün həqiqətləri açıb, ortaya qoydum. Həmsöhbətim isə peşə borcuna sadiq qalaraq, bunları gizli saxlamalıydı. Fikirlərimi necəgəldi anlatsam da, o, sözümü kəsmədən məni dinləyir və özünün artıq soyumuş çayından qurtumlar alırdı. Ünsiyyət vaxtı özümü rahat hiss edirdim – ola bilsin, bu, onun təsəvvür elədiyim psixoloqlara daha az bənzəməsindən irəli gəlirdi.

Ürəyimi boşaltdıqdan sonra danışmaq növbəsi ona gəldi və həkim dedi:

– Sizin beyninizi təsəvvürümdə canlandırıram: o, içərisində ən müxtəlif fikirlərin məskunlaşdığı qala kimidir. Bunlar işinizlə, məsələn, hesabatın rəisə nə vaxt təqdimi və ya tabeliyinizdəki əməkdaşa hər gün işə gecikdiyinə görə xəbərdarlıq etməniz ilə bağlı ola bilər. Ya da ailə həyatınızla bağlı – axşama nə yemək və ya qızınızla nə vaxt gəzintiyə çıxmaq barədə…

Narahatlıq duyduğum üçün psixoloqun sözünü kəsdim:

– Axır vaxtlar ən çox məhz qızımla bağlı olur bunlar. Hələ üç yaşı yoxdur. Buna görə də məsələni nə qədər tez çürütsəm, bir elə yaxşı olar deyə, düşünürəm. Əgər bunu indi eləsəm, bəlkə də o, bu barədə sonralar heç nə öyrənməz. İndi təsəvvürünüzə gətirin ki, nisbətən böyük yaşdakı qız oturub, atasının işdən dönməsini gözləyir və ona atasının törətdiyi əməldən danışırlar.

Psixoloq nəzakətlə dedi:

– Sizi anlayıram. Deməli, hər ikimiz insan beyninin bir fikirlər qalası olduğu qənaətindəyik. Ancaq orada elə dəlmə-deşiklər də var ki, insanın nəzarətində olmayan bəzi fikirlər qalanın daxilinə sızır. Hərdən bunlar necə bezdirici olursa, bəzi insanlar dərmanların və ya psixi müalicənin köməyinə ehtiyac duyurlar. Götürək elə intihar barədə fikirləri. Gündəlik qayğılarla bağlı, dinc xarakterli fikirlər birləşərək, yad fikirləri (sizin nümunədə isə – intihar niyyətini) sözügedən qaladan vurub, kənara çıxarır. Ancaq bəzən gündəlik qayğılarla bağlı, xoş xassəli fikirlər qara fikirlərlə mübarizə üçün xeyli zəif olur və onlara yenilirlər. Belədə intihar barədə fikirlər adi fikirləri sıxışdırır və qala onu yavaş-yavaş həm içəridən ələ keçirməyə, həm də tamamən yıxmağa çalışan düşmənin əlinə keçir. Məhz həmin an hər şey tək niyyətdə, yəni öz canına qıymaqda cəmləşir.

Göstərdiyi bu anlayışa görə ona öz minnətdarlığımı ifadə eləməkdən ötrü üzümə xəfif bir təbəssüm qondurdum:

– Son bir ayda mən bu təsvir elədiyiniz ovqatla yaşamışam. Elə sanırdım ki, evdə və işdə hər şey öz yolundadır, hər iş maneəsiz şəkildə öz axarına düşüb. Məni narahat edən isə sadəcə gələcəyimdir.

Psixoloq susurdu. Bunu görüb, mən təkrar özümdən bəhs eləməyə başladım:

– Bir neçə il əvvələ qədər intiharla bağlı fikirlər ildə bir dəfə mənə hakim kəsilirdi və bu ovqat bir həftə sərasər davam edirdi. Mən də bilirdim: həmin həftəni hər nə cürsə yola verməliyəm ki, sonra təkrar öz əvvəlki, normal həyatıma dönə bilim. Ancaq zaman ötdükcə, bu qara-qura fikirlər daha tez-tez qəsdimə durmağa başladı. Ötən il bu depressiyadan düz üç ay boyu əziyyət çəkdim. Həmin vaxt yaşadığım hər şey istər-istəməz onu körükləyirdi: həm rəisə təqdim edəcəyim hesabatda bəsit səhvlərə və düzəlişlərə yol verməm, həm arvadımın ikinci övladla bağlı istəkləri, həm də qəzaya uğrayacağı təqdirdə maşın üçün kiçik sığorta məbləği almaq ehtimalı mənə bankdan böyük bir kredit götürmək qədər müşkül görünürdü. Bu il isə intihar fikri bir an belə yaxamı buraxmır. Elə hey düşdüyüm bu durumdan hansısa çıxış yolu axtarıram. Həm də əsl çıxış yolu. Bir dəfə özümü maşının altına atmaq istəyərkən, onun kapotunun üstünə yıxıldım, sonra isə oradan yerə düşüb, yaş asfalta sərildim. Onda xəfif xəsarət aldım, ancaq paltom necə kirləndisə, onu atmaqdan başqa çarəm qalmadı. Sürücü hədsiz hiddətlənmişdi və mənə zərrəcə canı yanmırdı. Üstümə bağırmışdı: “Bura bax ey, sən illah mənim maşınımın təkərləri altında gəbərməyə niyyətlisən? Get, özünə başqa hərif tap! Mən həyatın bütün durumlarına görə sığortalanmışam”. Həmin vaxt mən onun hay-həşirindən qorxmadım, yox, sadəcə başa düşdüm ki, öz davranışımla tanımadığım insanlara hər hansı zərər toxundurmağa haqqım çatmır. Sizin kimi bir psixoloqun yanına getməyə isə hələlik cürətim yetmirdi. Düşünürdüm ki, mütəxəssisdən kömək istəmək mənasız işdir, əgər psixoloqların verdiyi dəstəyin indiyədək bir təsiri olsaydı, onda heç kəs canına qıymazdı hər halda. Sizin elanda isə məni özünə cəlb edən məhz o yeni üsulla bağlı qism oldu...

Bunu yalandan demişdim, çünki o üsul barədə heçcə nə bilmirdim. Hərçənd yalan sırımaqda da bir elə pərgar deyildim. Özkurt sözlərimə inandı və bunu gözlərindəki işartının artmasından anladım. Daha sonra o, hansısa maşının funksiyalarından bəhs eləməyə girişdi və bunu elə etdi ki, guya onun nailiyyətlərindən bütün dünya-aləm xəbərdar imiş.

– Deməli, belə: maşın sizin bütün fikirlərinizi qeydə almayacaq. Məncə, tək-tük adam razılaşar ki, onun məhrəm düşüncələrindən bir başqası agah olsun. Hətta o “bir başqası” dediyimiz hansısa maşın olsa belə.

Mən də əlüstü bununla razılaşdım:

– Hə, orası elədir. Mən də istəyərəm ki, fikirlərimin məhrəmliyi qorunsun.

Psixoloq duruxdu:

– Bu maşın isə… Bunu sizə necə izah edim? Ümumiyyətlə götürəndə, yalnız bir fikri, yəni intiharla bağlı fikri nəzarətə götürəcək. Sırf canınıza qıymaq niyyətinə düşəcəyiniz o emosional sarsıntıya köklənəcək. Elə ki həqiqətən intihar həddinə gəlib çatdınız, o, fəaliyyətə keçəcək. Ancaq bu zaman siz hər hansı zərər görməyəcəksiniz.

– Bəs kim görəcək?

Təəccüb hissinə qapılsam da, qismən məmnun idim, çünki əhvalım yaxşı olanda, yəni depressiyaya girmədiyim vaxtlarda mən özümə qəsd fikirlərindən uzaq oluram, əgər həmin girdabdan çıxdımsa, yaşamaq eşqi təzədən bütün varlığıma hakim kəsilir.

Psixoloq qısıq səslə dedi:

– Maşın.

Həmin an onun mənə zillənən sınayıcı baxışlarında bir təbəssüm sezilməkdə idi.

Düşündüm: “Bu nə deyir belə? Ümumiyyətlə, ağlı başındadır bunun?”

– Heç təsəvvürümə də gətirməzdim ki, maşınlar da intihara cəhd edər. Amma biz indi mənim problemimdən danışırıq. Deyin: o maşın mənə necə kömək edəcək?

Bunları təmkinlə, soyuqqanlı bir tərzdə dilə gətirdim. Hətta mənə elə gəldi ki, onunla rollarımızı dəyişmişik və bu dəfə mən psixoloqa kömək göstərməliyəm. Ən yaxşısı isə – durub, buradan getmək idi. Anam mənə doğru deyirmiş: “Hamı kimi davrandığın vaxt əsla səhv eləməzsən”. Ya gərək normal bir psixoloqun qəbuluna gedəydim, ya da heç getməyəydim, bu isə…

Ancaq deyəsən, “bu” dediyim adam fikirlərimi də oxuyurmuş:

– Mənim qəbuluma az adam gəlir. Bura ucqar qəsəbədir, gözdən-könüldən iraq bir yerdir, bina da baxımsızdır. Qəbula gələn adamın isə ya birinci, ya da ən yaxşı halda, ikinci qəbuldan sonra buradan əli-ayağı kəsilir.

Gülümsəmədiyi zaman bu adam öz yaşına nisbətən daha yaşlı görünürdü. O, yerindən qalxdı, otaqda var-gələ başladı, sonra pəncərənin qabağında ayaq saxlamaqla, əllərini arxasında daraqladı. Təxminən yarım dəqiqə bayıra baxandan sonra mənə sarı dönüb, təmkinlə dedi:

– Hə, psixologiya – mənim ikinci peşəmdir. Əgər belə demək olarsa, yardımçı peşədir. O vaxt mənə lisenziya verməkdən də çəkinirdilər. Ancaq indi mən sizə elə bir fikir deyəcəyəm ki, onu hətta peşəkar psixoloqlardan da hələm-hələm eşitməzsiniz.

Səmimi etiraf elədim:

– İnanmıram ki, bununla məni heyrətləndirəsiniz.

Psixoloqun baxışları mənə dikildi, sonra o, geri qayıdıb, öz kreslosunda əyləşdi:

– Qəbuluma gəlmə səbəbiniz – son vaxtlar intihar barədə fikirlərin sizə rahatlıq verməməsidir. Bu hər il müşahidə olunurmuş, ancaq zamanla belə fikirlər daha zəhlətökən olur, bir az da şiddətlənir. İndi siz hansısa məqamda canınıza qıyacağınıza əsla şübhə bəsləmirsiniz, elə deyilmi?

Buraya boşuna gəldiyimə görə özümü daxilən qınadığım üçün kinayə ilə gülümsəyib, dedim:

– Bayaqdan bəri söylədiklərimi təkrarlamaqla, indi siz guya hansısa razılaşma üçün təməl hazırlayırsınız?

Söhbətimizin qəribə məcrada getməsi mənim oranı əlüstü tərk etməmə də mane olurdu. Odur ki, həkimi axıra qədər dinləməyi uyğun gördüm.

Onun gözlərinə işıq gəldi:

– Baxın, bunu doğru vurğuladınız. Öz təklifimi bir razılaşma kimi qələmə vermək mənim heç ağlıma da gəlməmişdi. Ancaq siz gec-tez intihar yolunu seçəcəyinizdən tam əminsinizsə, onda heç nə itirməzsiniz.

Özümü saxlamayıb:

– Tez olmağı daha yaxşıdır, – dedim.

Heyrətdən psixoloqun qaşları çatıldı.

– Axı sizə demişdim ki, balaca bir qızım var. Hələlik çox şeyi anlamır. Əgər bir az da böyüsə, mənim bu davranışım ona güclü travma yaşada bilər.

– Yaxşı. Sizi anladım. Ancaq izninizlə, mən də öz fikrimi tamamlayım. Hər şeyə rəğmən, siz onsuz da öz niyyətinizi həyata keçirəcəksinizsə, bəlkə bizim maşını da bir sınayaq, hə? Onun iş prinsipi belədir: intihar cəhdiniz zirvə nöqtəsinə çatanda və siz artıq hərəkətə keçdiyiniz an bununla bağlı siqnallar mənim maşınıma ötürüləcək və o, öz canına qıyacaq. Bu sayədə intiharla əlaqədar nəhs fikirlər bir anda yaxanızı buraxacaq – belə qənaət yaranacaq ki, intiharı guya siz özünüz gerçəkləşdirmisiniz. Bununla yanaşı, siz diri qalacaqsınız, çünki maşın sizin yerinizə özünü fəda edəcək. Heç kim, bir daha təkrar edirəm, heç kim bundan zərər görməyəcək! Həm intiharın sizə aşılayacağı məmnunluq hissi, həm də sağ qalmaqdan duyacağınız sevinc sadəcə burada – o, barmağıyla gicgahını nişan verdi, – qalacaq.

Bu sözlər bir dəlinin sayıqlamasını xatırladırdı mənə. Ancaq Özkurtun niyyətini artıq anlamağa başlamışdım, hətta bu bənzərsiz insana müəyyən mənada rəğbət hissi də bəsləyirdim. Bu adam uğura tamarzı qalan biri idi: o, heç vaxt parlaq karyera və böyük qazanc sahibi olmayacaqdı. Onun kimilər başqalarına yardım əli uzatmağa həmişə hazır olurlar, həyatlarının mənasını məhz riskli sınaqlara girməkdə görürlər. Buraya, şəhərdən uzaqdakı bu uçuq-sökük ofisə də o, şöhrət və ya pul xatirinə sığınmamışdı. O, gələcəkdə öz davamçıları üçün inqilabi yenilik rolu oynayacaq kiçik bir ixtiranı reallaşdırmaq eşqiylə yaşayırdı.

Hər hansı hiss-həyəcandan uzaq, qısıq bir səslə dedim:

– Dublyordur da bu.

Psixoloq soruşdu:

– “Dublyor” dediniz?

– Hə də. Filmlərdə tanınmış aktyorların əvəzinə tryukları icra edən naməlum kaskadyorlar da belə adlanır.

Psixoloq heyrətlə bildirdi:

– Hə, hə, siz haqlısınız! Əlbəttə ki! Məhz “dublyor”dur onun adı!

Onun sonrakı açıqlamalarının məğzi ondan ibarət oldu ki, mən biləyimdə xüsusi cihaz gəzdirməliyəm. Beynimdə yaranan müəyyən siqnalları saf-çürük edən həmin cihaz buna əsasən mənim intihara hazırlıq səviyyəmi təyin edəsiydi. Həmin göstərici ən yüksək həddə çatanda, yəni canıma qıymam tamamilə qaçılmaz olanda, maşın mənim uğrumda özünü fəda edəcəkdi.

Bu ideya könlümə yatdı. Cihazı üstümdə gəzdirməm də müşkül olmayacaqdı – adamlar var ki, illərlə dərman qəbul edir, ürək fəaliyyətini nizamlayan cihazlarla yaşayırlar, bəziləri isə bütün ömürləri boyu gözlük taxmağa məcburdur! İndiki zəmanədə əgər psixoloji problemlərə də çarə sayılacaq cihazlar varsa, bu, sadəcə tərifəlayiq haldır – axı texnologiyalar insan həyatını hər barədə asanlaşdırmalıdır!

Bu yeni ideyadan həvəsləndiyimi büruzə verməyim deyə, quru tərzdə xəbər aldım:

– Deməli, mən o dublyor maşınla yoldaş olacağam. Bəs onu harada saxlayacam?

Psixoloq pəsdən dedi:

– Bu zəncirvarı əlaqədə bir də üçüncü halqa olacaq.

Təəccübləndim: “Görəsən o, daha kimi bu məsələyə şərik qoşmaq fikrindədir? İnşallah, bu adam arvadım olmaz, çünki mən öz nəhs niyyətlərimi heç vaxt onunla bölüşmürəm”.

Psixoloq ehtiyat edərmiş kimi dilləndi:

– O üçüncü tərəfi mən özüm təmsil edəcəyəm. Gördüyünüz kimi, siz – mənim üsulumdan yararlanan ilk insan olacaqsınız.

Mənim tutulduğumu görüncə, o, sözünə düzəliş elədi:

– Əlbəttə, ondan yararlanmağa razılıq versəniz.

Bunu deyib, gülümsədi, ancaq bu məcburi təbəssümün ardında bir təlaş da sezilirdi. Həqiqətən də, onun halına acıdım. Bəlkə bu üsul bir nəticə verəcəkdi. Ən pis halda isə onun maşınının vecsizliyi ortaya çıxacaqdı.

Candərdi dedim:

– Siz sözünüzə davam edin, mən hələlik bir qərara gəlməmişəm.

– Qolunuza taxacağınız o cihazdan biri də məndə olacaq. Sizdən gələn siqnallar maşına daxil olacaq, robot öz funksiyasını uğurla yerinə yetirməklə, sizi intihar niyyətindən daşındıracağı təqdirdə isə mənə hər ikinizdən siqnallar daxil olacaq.

Narazı halda dedim:

– Belə çıxır ki, siz öz maşınınıza çox da etibar eləmirsiniz, hə? Yoxsa düşünürsünüz ki, o da, istənilən insan kimi, səhvə yol verə bilər? Əgər onu canlı bir varlıq saydığınızı etiraf eləsəydiniz, mən buna əsla heyrətlənməzdim.

– Bununla bağlı dəqiq bir qənaətim yoxdur, ancaq məsuliyyətli biri kimi, əmin olmaq istərdim ki, bu sınaq vaxtı sizə hər hansı zərər toxunmayacaq və dönüşü olmayan o yolda maşın özünü sizə qurban verəcək.

– “Dönüşü olmayan”? Uğurlu ifadədir. Ancaq onu da unutmayın ki, ölüm bəzən bircə hərəkətdən də asılı olur. Yoxsa siz elə düşünürsünüz ki, mən ilk və tək cəhddən də öz intihar niyyətimdən daşınacağam?

Psixoloqun gözlərinə işıq gəldi. Özünün real müştərisini əldən qaçırmamaqdan ötrü o, ürkək bir nikbinliklə belə dedi:

– Maşının başına gələ biləcək bəlaları, əlbəttə ki, aradan qaldırmaq mümkün olacaq. Hər dəfə bir problem yaşadığınızda, o, sizin imdadınıza yetişəcək.

– Bəs dadıma yetişməsə, necə olacaq?

– Bu, mümkün deyil. Bundan tamamilə əminəm. Öz biləyimdə daşıyacağım cihaz isə bütün prosesi şəxsən sığortalamamdan ötrüdür. Bunu yaratdığım sistemin qüsuru kimi qəbul etməyin, bu sayədə mən görülən işdən sadəcə xatircəm olacağam. Bir də axı bayaq siz özünüz bu işi “razılaşma” adlandırdınız.

Bu qəribə insanın qeyri-adi ideyasından duyduğum heyrəti gizlətməyə davam edərək, mən sınağa razılıq verdim, o isə buna görə öz dərin minnətdarlığını dilə gətirdi. Ayrılarkən dedi:

– Maşına bir insan kimi yanaşdığıma dair dediyiniz o sözlərdən sonra ağlıma yeni bir fikir gəldi: onu android, yəni insanabənzər robot şəklində yaratmaq fikri idi bu. Onun başı, əli və ayaqları olacaq. Baha başa gəlməz və bir həftə içində hazır olar. İndi bu işləri sürətlə görürlər, həm də ki, onun başlıca funksiyaları ilə bağlı o “daxili orqanları” özüm artıq hazırlamışam. Yeri gəlmişkən, siz robotu harada saxlamağı düşünürsünüz? Evdə, yoxsa işdə?

– Əslində ofisdə saxlamağa üstünlük verərdim, ancaq yerli-yersiz suallardan ehtiyatlanıram. Buna görə də evdə saxlayacağam, – deyərkən, evdəki o balaca iş otağımı gətirdim gözlərimin önünə.

***

Bir həftə sonra robot hazır oldu. Psixoloq haqlı idi: robot özünün düzxətli əl-ayaqları, ensiz çiyinləri, uzun boynu və reqbi topuna bənzəyən başı ilə adama XX əsrin sonlarına aid maşınları xatırladırdı. Ancaq sırf görünüş baxımından insana təxmini də olsa, bənzərliyi vardı. Ağır templə yeriyir, yöndəmsiz dönüşlər edirdi, məhdud sayda sözü tələffüz etməyi bacarırdı. Yumruğunu düyümlədiyi zaman barmaqları tam şəkildə bükülmürdü. Kənar birisinin onu məişət robotu sanacağını ummaq da adama imkansız görünürdü, çünki ona evdarlıqla bağlı heç bir iş buyurmaq olmazdı.

Onu görən arvadım heyrətlə soruşdu:

– Bu nədir belə? Oyuncaqdır? Heç inanmıram ki, qızımız onu bəyənə.

– Hardadır ki, o?

– Yatır.

– Lap yaxşı. Bununla daha sonra tanış olar. Həm də robot onun üçün yox, mənim üçündür, – deyərək, robota dəhlizdə var-gəl etmək barədə komanda verdim.

Arvadım hırıldayaraq soruşdu:

– Sənin üçündür? Ciddi sözündür? Axı sən mühəndis deyilsən.

– Bir tanışımla şərikə yeni biznes qururuq. O, mühəndisdir, mən isə müşahidələr aparacaq və müvafiq qeydlər tutacağam.

O, hecaları uzadaraq dedi:

– Ay-dın ol-du. Yaxşı, mən gedim bir qəhvə dəmləyim.

Hər dəfə mən vecəyaramaz bir təklif irəli sürəndə arvadım ona məhz bu cür qarşılıq verməyə adət eləmişdi. Bu səfər mənə inanmasa da, daha heç bir sual-zad vermədi. Öz yarıqaranlıq otağımda robotu işə köklədim. Yalnız bundan sonra fərqinə vardım ki, adətən məni kandarda qarşılayan erkək pişiyimiz bayaqdan bəri heç gözümə dəymir.

Mətbəxə keçərək, hər ikimiz üçün qəhvə süzən arvadımdan soruşdum:

– Bəs pişiyimiz hanı?

– Yəqin haradasa gizlənib də. Yadların evə gəlişindən onun xoşlanmadığı sənə də bəllidir.

– Amma budəfəki insan deyil axı, bir robotdur.

– Pişik bilən məsləhətdir. O aqreqatın yerişi heç mənə də xoş gəlmədi. Maraqlıdır ki, hələ qızımız ona necə yanaşacaq.

– Robotu mən həmişə öz otağımda saxlayacam.

Arvadım məndən sirr alarmış kimi maraqlandı:

– Bəs ona nəzarəti sən necə gerçəkləşdirmək niyyətindəsən, hə?

– Daim onun yanında olmam elə də vacib deyil. Birgə iş məsafədən görüləcək, – deyib, qolumdakı bilərziyi ona göstərdim.

Qəhvəmi içib, pişiyin axtarışına çıxdım. Məlum oldu ki, o, pəncərənin önündə və pərdənin arxasında gizlənibmiş.

Mənə həmişə elə gəlib ki, pişiklər – ucdantutma təkəbbürlü varlıqlardır. Ancaq bu barədə heç bir pişik bizimki ilə yarışa bilməz. O, bir Britaniya cinsindəndir, buna görə də erkək pişiklərə xas olan özündənrazılıq hissi britaniyalılar üçün səciyyəvi sayılan yekəxanalıqla birləşərək, bu heyvanda, kim bilir, özünün neçə qatına yüksəlibdir. Bu səbəbdən də pişiyimiz burada, Xəzərin sahilində, özünü yerli sakinlərlə əhatə olunmuş ingilis lordu kimi aparırdı.

Pişiyi əlimə alıb, belini tumarlamaqla iş otağıma yanaşdım. Robot otağın tən ortasında hərəkətsiz dayanmışdı. Mən ona öz kreslomda əyləşmək barədə komanda verdim. O, ilk addımını atan kimi pişik qucağımdan düşməklə, qızımın otağına tərəf götürüldü. Buna çiyinlərimi çəkməli oldum.

Qızım mənə yanaşıb, ayaqlarımı qucdu. Kreslomda əyləşən robotu görüncə, təəccüblə soruşdu:

– Bu kimdir?

– Bu, bir canlı deyil. Bu – robotdur, – deyə mətbəxdən çıxan arvadım uşağa izah elədi.

– Bəs robot nədir?

Məcbur qalıb, bu suala özüm cavab verdim:

– Bu, böyük ölçülü və insana çox oxşayan bir oyuncaqdır.

– Mənim də insana oxşayan xeyli oyuncağım var, – deyən qızım robota doğru yönəldi.

Robotu evə gətirməmdən məmnun idim. Onun burada niyə məskunlaşdığının əsl səbəbi heç kəsə bəlli deyildi, qızım isə ondan zərrəcə qorxub-eləmirdi. Ürəkli idi mənim balam. Arvadımla ona izah elədik ki, robot demək olar ki, həmişə bu otaqda oturacaq və işlərimdə mənə kömək edəcək. Bu izahat uşaq üçün yetərli oldu.

– Yaxşı ki, atamın daha köməkçisi var. Yəqin bundan belə o, çox da yorulmaz və mənimlə oynayar.

Arvadım rişxənd dolu baxışlarla məni süzsə də, susmağa üstünlük verdi.

***

Qəribə burasıdır ki, sonrakı iki ay boyunca intiharla bağlı fikirlər mənə əsla yaxın düşmədi. Belə çıxırdı ki, robot sırf mənim şıltaqlığım ucbatından, eynilə böyüklər üçün nəzərdə tutulan bir oyuncaq kimi, evimdə qaxılıb-oturubdur. Gündə bir kərə otağıma daxil olan qızcığaz robota yanaşıb, onunla salamlaşır, sonra isə otaqdan çıxmaqla, gedib anasına bildirirdi:

– Mən robotla salamlaşdım. O işləyir və atama kömək eləyir.

Arvadım da bizim bu mexaniki sakinimizə sən deyən maraq-zad duymurdu. Robota qarşı aşkar nifrət bəsləyən yeganə canlı varlıq isə pişiyimiz idi. Otağımın qapısı həmişə yarıaçıq olsa da, robot orada məskunlaşandan bəri bizim o quyruqlu dostumuz bir kərə də olsun həmin otağa baş çəkməmişdi.

Ötən müddət ərzində Özkurt bir neçə dəfə mənimlə zəngləşmiş, ümumi hal-əhval tutmuşdu. İntiharla bağlı fikirlərdən uzaqlaşdığımı öyrənincə, onun sevincini gizlətməməsi məni dərin fikirlərə qərq elədi. O, nəyə sevinirdi axı? Onun bütün bu oyunu məhz robotun özünəqəsdi üzərində qurulmuşdu və bununla o, öz maşınını real şəraitdə sınaqdan keçirmək məqsədini güdürdü. Buna görə və onun səmimiliyinə şübhə bəsləməyə başlamışdım deyə, bir dəfə zəng edərək, ona belə dedim:

– Deyin görüm, siz o robot vasitəsilə mənə və qolumda gəzdirdiyim bilərziyə hansısa müəyyən siqnallar göndərirsiniz?

– Nə siqnalı, canım?! – deyən psixoloqun səsində təlaş və həyəcan nişanələri sezildi.

– Məsələn, deyək ki, adama sakitləşdirici təsir göstərən siqnallar. Trankvilizator-siqnallar. Qəbulunuza gəlməzdən xeyli əvvəl mən onlar barəsində oxumuşdum və anladığım qədəriylə, yaxın vədədə insana müsbət təsir göstərə bilən o siqnallar uzaq gələcəkdə ona zərər verməyə qadirmiş. Həmin siqnallardan xüsusi qurumlarda yararlanırmışlar və oralara insanları ona görə yerləşdirirmişlər ki…

Psixoloq sözümü kəsdi:

– Nə danışırsınız, canım?! Yox, yox, mən belə şeyləri heç ağlıma da gətirməmişəm! Bundan tamamilə əmin ola bilərsiniz.

O, həqiqətən də tam səmimi davranırdı və düşündüm ki, onun bu sonuncu sözləri məndən çox elə onun özünə ünvanlanıbdır. Bəlkə də o, sınaqdan imtina edəcəyimin zənninə qapıldığı üçün bu cür əl-haya düşmüşdü.

Robotun evimizdə məskunlaşdığı üçüncü ayda onun nəyə qadir olduğunu sınamaq fürsətim yarandı. Həmin həftəni mən daima həyəcan və depressiya içində keçirmişdim. Arvadımın doğmağı planladığı digər övladlarımızın və qızımın gələcəyi ilə bağlı qayğılardan tutmuş inflyasiya və işsizlik ilə bağlı proqnozlara qədər istənilən təfərrüat məni özümdən çıxarmaqla qalmır, həm də mənən əzirdi. Bu səbəbdən xəbərləri dinləmirdim ki, özümü çarəsiz hiss eləməyim. Köhnə komediyalara tamaşa edirdim, ancaq bu da bir işə yaramırdı. Hətta robotun özü də məni təbdən çıxarırdı deyə, evdəki iş otağıma ayaq basmırdım. İşdən çıxandan sonra küçələrdə o vaxta qədər veyillənirdim ki, evə gedən kimi yatağıma girim. Düşdüyüm bu ovqatdan bir çıxış yolu arayırdım və robot bu məsələdə mənə hər hansı yardım göstərə bilmirdi. Axı onun missiyasına məni ən son anda xilas etmək daxil idi. Bəs o işin öhdəsindən necə, görəsən o, gələ biləcəkdimi?

Öz maşınından ağızdolusu danışarkən psixoloqun gözlərinin necə alışıb-yandığını, mənim bu üsula şübhə ilə yanaşdığımı görəndə isə baxışlarından yağan ümidsizliyi gətirdim xatirimə.

Böhran çərşənbə axşamlarından birində baş tutdu: şirkətimizin rəhbərliyi strateji məsələlərin həftəlik müzakirələrini adətən həmin günə salırdı. Ümidverən gənc mütəxəssislərdən biri sayıldığım üçün məni həmişə bu cür iclaslara dəvət edirdilər. Ancaq həmin gün mən tədbirə dəvət olunmadım, odur ki, ofisdə məndən başqa sadəcə aşağı vəzifəli məmur və mühasiblər qaldı. Həndəvərimdə xısın-xısın pıçıldaşan bu işçilərin baxışlarından da anlayırdım ki, mən gələcəkdə parlaq karyera qazanacaq adamlar siyahısından artıq çıxarılmışam.

Səbir kasam tamam dolmuşdu və mən həyatla haqq-hesabımı birdəfəlik çürütməkdən ötrü öz otağıma girdim. İndiyədək bu kabinet sahiblərindən neçəsini yola salan kağız bıçağını əlimə alıb, masa arxasında əyləşdim ki, venalarımı kəsməyə başlayım. Bıçağı tutan sağ əlim aramsız titrəyirdi. Ancaq bu titrəyiş seçimimlə bağlı tərəddüddən irəli gəlmirdi: bıçağı ovcumda hədsiz gərgin şəkildə tuturdum – sanki çəkisi on kilo-filan idi. Ancaq onun soyuq tiyəsini sol biləyimdə hiss elədiyim an bıçağın titrəyişi kəsildi...

Məhz həmin vaxt məndə dözülməz baş ağrısının ani yoxa çıxması ilə müqayisə olunacaq bir dəyişiklik baş verdi. Onu həzz və ya fərəh hissi adlandırmaq olmazdı – bu, daha çox baş verənləri aşkar şəkildə görüb-qavramanın bəxş elədiyi dərin hüzur hissi sayıla bilərdi. Biləyimdəki cihazı görməkdən ötrü köynəyimin qolunu yüngülvarı çırmaladığım an telefonum zəng çaldı. Bu, Özkurt idi.

O, təşviş içində xəbər aldı:

– Sizsiniz?

Son illər ərzində mənə heç xas olmayan bir arxayınlıqla soruşdum:

– Başqa kim olacaqdı ki?!

Psixoloq uca səslə:

– Səsinizi eşitdiyimə görə xeyli şadam! – deyib, sağollaşdı. Həmin an onun gözlərinin sevincdən necə yaşara biləcəyini öz xəyalımda canlandırdım.

Bir neçə dəqiqə sonra telefon təkrar zəng çaldı. Bu dəfə qızım idi xətdəki:

– Ata, robot sənə kömək etməyinə ara verib.

– Bunu nədən bildin?

– Anamla mən sənin otağında küy eşitdik. İndi robot başını masanın üstünə qoyub və üzərindəki lampa yanır. Anam da səninlə danışmaq istəyirdi.

Arvadım dəstəyi ondan aldı və eyhamlı tərzdə soruşdu:

– Anladığım qədəriylə, sənin iş müşahidələrin məhz bundan ibarət imiş, eləmi?

– Elədir. Yeri gəlmişkən, hər şey xeyli uğurlu alındı. Bunu axşam yeməyində lazımınca qeyd edə və ailəmizin sayca artımı məsələsini səninlə ciddi müzakirə eləyə bilərik.

Həmin axşam robotumun sınaqdan uğurla çıxmasını biz üçlükdə qeyd elədik. Hərçənd sevincimin əsl səbəbini məndən başqa heç kim bilmirdi. Sakit bir restoranda şam yeməyi süfrəsi arxasında oturan arvadıma və qızıma tamaşa edərkən həyatın nə qədər gözəl olduğunun fərqində idim, buna görə də dərin inam hissiylə arvadıma bildirdim ki, bizim sonrakı övladlarımız da, elə öz böyük bacıları qədər yaraşıqlı olacaqlar. Qızım o ara dedi:

– Mən bilirəm robot niyə yoruldu və üzərindəki lampa yanmağa başladı. Çünki o, bütün günü qaranlıq otaqda oturub, işləyirdi. Axı o da yatmaq və ya yerindən durub, evdə dolaşmaq istəyirdi. Yəqin darıxırmış o.

Elə səhəri gün qızımın iradı ilə bağlı tədbir görüldü. İxtisasca mühəndis olan psixoloqum məsafədən robotun çalışma sisteminə müəyyən funksiyalar əlavə elədi ki, bundan belə o, gündə bir neçə dəfə yerindən qalxaraq, mənzilimizdə gəzişə bilsin. Buna şahid olan qızım sevincdən göyün yeddinci qatında idi. Hərçənd evimizin bir başqa sakini bu yenilikdən dərin məyusluq duyurdu. Robot hər dəfə otağı tərk eləyəndə pişiyimiz ya qaçıb gizlənir, ya da döşəməyə sinərək, evdə olub-bitənləri təlaş içində pusurdu.

***

Özkurt haqlı idi: hər dəfə yaşadığı “intihardan” sonra robot əlüstü öz funksiyalarını bərpa edir və növbəti insidentə tam hazır vəziyyətə gəlirdi. Sonrakı bir neçə ay ərzində o, düz üç dəfə “canına” qıymağa məcbur oldu. Hətta bir kərə mənzildə gəzişdiyi zaman yerə sərilmişdi, həmin anlarda mən səs-küylü küçədə idim və özümü maşın təkərləri altına atmaq həvəsiylə alışıb-yanırdım. Bir başqa səfər isə məndə, psixoloqun ifadəsiylə desək, “tərs reaksiya” baş verdi. Əgər o, bu barədə mənə bir şey deməsəydi, öz-özlüyümdə bunun sən deyən də fərqinə varmazdım.

Səhər saat onda mənə zəng edən Özkurt həyəcanla soruşdu:

– Siz nə isə hiss elədiniz?

– Elə bir şey hiss eləmədim, – desəm də, o an xatırladım ki, beşcə dəqiqə əvvəl məndə qısa sürən tik yaranmışdı və bu faktı psixoloqa bildirdim.

– Onda belə çıxır ki, robota kənardan bəlli bir müdaxilə olunub. Buna görə də o, özü sizə və eyni zamanda mənə siqnal ötürməyi uyğun görübdür. Evə zəng edib, bunu bir araşdırın.

Arvadıma zəng edib, robotla bağlı nə isə qeyri-adi bir şeyin baş verib-vermədiyi ilə maraqlandım.

Arvadım təccübləndi:

– Bəs sən bunu haradan bildin?

– Müşahidələr sayəsində, əzizim, müşahidələr sayəsində. Axı bu barədə sənə demişdim, sən isə hələ də dediklərimə şəkk ilə yanaşırsan.

– Pişiyimiz onun üstünə hücum çəkibmiş, sonra da qorxusundan qaçıb, haradasa gizlənib. Robotun evimizdə qalması ilə bu tüklücə hələ də barışmaq istəmir axı.

Bizim pişik həqiqətən də robotla məsafəli davranırdı. Görünür, hansısa səbəbdən ona dərin nifrət bəsləyirdi və bu elektron-mexaniki varlığa həlledici zərbə endirməkdən ötrü uyğun bir girəvə axtarırdı.

Ancaq, görünür, arvadım hələ bundan da betər bir səhnəyə şahid olacaqmış. Bir gün mən növbəti depressiyanın girdabına qapıldım və həmin vaxt işdə idim.

Ofisimizin balkonuna çıxdığım zaman iş yoldaşlarımdan biri heyrətləndi:

– Səndən nə əcəb?

Mən də ötkəm cavab verdim:

– Siqaret çəkməyə.

İş yoldaşım ucadan qəhqəhə çəkdi:

– Sən ki siqaret çəkmirsən. Əgər doğrudan meylin çəkirsə, mənim siqaretimi və çaxmağımı götür. Ancaq, bax ha, özünü buradan aşağı atmayasan, – deyə zarafat etdikdən sonra o, məni balkonda tək qoydu.

İndi tam dəqiqliklə deyə bilmərəm ki, həmin an içimdəki intihar fikri qətilik-filan qazanmışdı, yoxsa mən sadəcə robotun imkanlarını sınamaq istəyirdim – bütün hallarda özümü balkondan atmaq fikrində idim. Ancaq robot tez işə düşdü və mən bunu bədənimə yayılan hüzur hissi sayəsində sezdim. Əlimdə tutduğum və yandırmağa macal tapmadığım siqareti aşağı atdım, çaxmağı cibimə qoyub, təbəssüm yağan bir çöhrə ilə otağa döndüm.

Həmin iş yoldaşımın masasının yanından keçəndə o, maraqlandı:

– Hə, noldu, tüstülədə bildin?

– Heç könlümə yatmadı. Al bunu, – deyə çaxmağı qaytarmaq istədim.

– Qoy qalsın. Lazımın olar.

Öz otağıma keçdiyim zaman daha bir sarsıntını geridə qoyduğum üçün məmnunluq duydum, kresloma əyləşərək, gözlərimi qapadım. Telefonuma zəng gəldi. Düşündüm ki, yəqin bu, Özkurt olacaq və verəcəyi sualı gözləmədən də ona umduğu cavabı verdim:

– Mən tamamilə sağ və salamatam.

Arvadım soruşdu:

– Niyə belə dedin ki?

– Hə-ə, elə bildim zəng edən biznes ortağımdır.

– Bel-ə-ə de. Sənin sağ və salamat olmana mən də sevindim, amma robotun vəziyyəti fırıqdır. O, özünü balkondan aşağı atdı.

Yerimdən dik atıldım və olayla bağlı psixoloqumun zəngini gözləmədən evə tələsdim.

Hadisə yerinə çatdığım zaman robotun tikələri artıq bir yerə yığılmışdı və küçədə bir polis ilə üç-dörd nəfər boş-bikar adam gözə dəyirdi. Polis dedi:

– Robot yerə çırpıldığı zaman bu ətrafda heç kimin və heç nəyin olmaması baxımından bəxtiniz yamanca gətirib. Görünür, o, özünün düşmə trayektoriyasını dəqiq hesablaya bilib. Ancaq yenə də cərimə ödəməli olacaqsınız. Əleyhinizdə bir şikayət olacağını düşünmürəm, ancaq bənzər hal təkrarlanarsa, robotunuz müsadirə ediləcək.

Arvadım yaşanan bu hadisə ilə bağlı mərəkə-filan qopartmadı, sadəcə şükür edirdi ki, olay vaxtı qızımız yatıbmış. Sən demə, robot mənzildə gəzintiyə çıxıbmış, sonra balkona çıxıb və məhəccərə dırmanmaqla, özünü aşağı atıb.

– Bu, dəhşətli mənzərə idi. O robotu hansısa məqsədlərdən ötrü evdə saxladığını mən də anlayışla qarşılayıram, əlbəttə. Ancaq övladımızın bu hadisəyə necə reaksiya verə biləcəyini hər halda özün də təsəvvürünə gətirərsən!

– Bu anlayışına görə sənə minnətdaram. Bənzər hal təkrarlanmasın deyə, hər tədbiri görəcəyəm.

Robotun təmiri çox da qəliz olmadı və bir həftədən sonra o, təkrar öz dublyor funksiyalarının icrası üçün hazır vəziyyətə gəldi. Arvadım haqlı idi: robotun o cür davranışı qızımıza psixoloji zədə toxundura bilərdi. Hərçənd təmirə verilən robotun bir həftə sürəcək yoxluğundan ən çox əziyyət çəkən də məhz o uşaq oldu. Qızım tam səmimiyyətlə inanırdı ki, bu varlıq – mənim əvəzedilməz köməkçimdir və bu səbəbdən mənə görə narahat idi. Həmin günlər boyu qızım mənimlə zəngləşir (arvadım nömrəmi yığandan sonra dəstəyi uşağa uzadırdı) və maraqlanırdı ki, o, hələlik robotu əvəz eləyə bilərmi? Mən isə bu təklifdən əməlli-başlı dəhşətə gəlirdim. Bu robot mövzusu artıq sən deyən də könlümü açmırdı (hərçənd onun tezliklə “geriyə dönüşünü” gözləyirdim ki, qızımdan o əvəzləmə təklifini bir daha eşitməyim), hətta onun sıradan çıxmasına az qala sevinirdim də.

“Ola bilsin, məni intihar fikrinə sürükləyən məqam da məhz robota arxayın olmam imiş. Bəs o, olmasa, neyləyəcəkdim? Axı tapdığı üsulu sınaqdan çıxarmaqda mən psixoloquma da yardım edirəm” kimi fikirləri görüşdüyümüz zaman Özkurtla da bölüşdüm.

– Ehtimal edirəm ki, haqlısınız. Siz robotu özünüzün ölümdən sığortanız kimi qəbul etməyə başlayıbsınız. Bir növ ona arxayınsınız. Bəlkə də həyatınızdan çıxacağı təqdirdə sizin intihara meyliniz də aradan qalxacaq. Bizim sınaqda mənim can atdığım yekun nəticə də məhz elə bu idi, – dediyi zaman gözləri yenə şövqlə işıldadı.

– Ancaq onda da mən qatilə çevriləcəm axı.

– Yox, canım, bu bənzətməni sizə heç yaraşdırmaram. Siz başqasının canına qıymazsınız. Sadəcə qısa müddətə robotun funksional fəaliyyətinə maneə yaratmış, hətta onu sındırmışdınız. Ancaq onun bərpası mümkündür, insanı təzədən həyata qaytarmaq isə – əsla. Bir neçə ay da dözün. Əminəm ki, daha sonra bu məsələ tamamilə gündəlikdən qalxacaq və siz ona gərək duymadan öz rahat həyatınıza davam edə biləcəksiniz. Axı robotun başına gələn hər qəziyədən sonra siz həyatın necə gözəl olduğunu daha aşkar anlayırsınız. Həm də həyat – həqiqətən də gözəldir.

Məni inandırmışdı, keçən dəfəkindən fərqli olaraq, onun bu qənaəti ilə bağlı öz müsbət rəyimi dilə gətirməkdən çəkinmədim. Özkurt görünməmiş sevinc içində idi. Bununla yanaşı, mənim robota bəslədiyim nifrət daha da dərinləşmişdi. Az qala hər həftə uydurma intiharlara əl atırdım və deməli, robotun da sazlanıb, təzədən işə salınmasına vaxtaşırı tələbat yaranırdı. Bundan heç usanıb-eləmirdim. Mənə belə gəlirdi ki, robotun “ölümünə” nə qədər sıx-sıx şərait yaratsam, ondan asılılığım da bir o qədər tez aradan qalxar.

Bir dəfə arvadımla qızım qohumlara qonaq gedəndə, mən qəti bir qərara gəldim. Həmin gün işdə dərin depressiya keçirdiyim üçün təkrar balkona çıxmışdım ki, özümü oradan aşağı atım. Bu sayədə o nifrət bəslədiyim robotun parçalanmış vəziyyətə düşəcəyini umurdum.

Ötən dəfə mənə çaxmaq bağışlayan iş yoldaşım gülümsəyərək soruşdu:

– Yenə siqaret çəkəcəksən? Qonaq edə bilərəm ha səni. Bəlkə az sonra mən də sənə qoşuldum.

Ondan siqaret aldım. Balkonda heç kəs yox idi və niyyətimi gerçəkləşdirməkdən ötrü bacardıqca cəld tərpənməliydim ki, kimsə buna mane olmasın. Məhəccərə yanaşıb, ikiəlli ondan yapışdım ki, o biri üzə tullana bilim. Ancaq mənim bu hiss və həvəsin ötüb-keçəcəyi ilə bağlı ümidlərim özünü heç doğrultmadı. Varlığımda nə isə anlaşılmaz bir şey baş verməkdə idi – anladım ki, robot məni güdaza verməyə niyyətlidir və mənim əvəzimə özünü evin balkonundan aşağı buraxmaq niyyətindən uzaqdır, buna görə də bu səfər aşağı atılmaq növbəsi artıq mənə çatıbdır. Elə irəli sıçramaq istədiyim an kiminsə əlini çiynimə qoyduğunu hiss elədim. Bu, iş yoldaşım idi.

O, qəribə tərzdə məni süzərək dedi:

– Necə bərk yapışmısansa, məhəccər titim-titim titrəyir. Bəs sənin siqaretin hanı?

– Əlimdən düşdü, – dediyim an şüurumun necə durulaşdığını, depressiyanın isə yoxa çıxdığını sezdim.

Sarsılmış halda dilləndim:

– O, axır ki, bunu elədi.

Dalğın halda:

– Sənin yerinə sevindim, – deyib, daha bir siqareti mənə uzatdı.

– Sağ ol, çəkmirəm, – deməklə, çaxmağı ona qaytarıb, öz iş otağıma üz tutdum.

Özkurt zəng-zad eləmirdi və ona elə bir ehtiyacım da yox idi. Evimin qarşısındakı həyətdə o zəhləmgetmiş robotun tikələrinin necə bir araya toplandığını öz xəyalımda canlandırdım.

Ancaq küçədə canlı-cansız heç nə gözə dəymirdi. Yaşadığım mərtəbəyə qalxıb, mənzilin qapısını açanda robotun eyni hərəkəti yeknəsəq şəkildə təkrarlayıb-durduğuna şahid oldum. Sanki bu eyni hərəkətdən qopa, ayrıla bilmirdi. Qəribə məqam da o idi ki, onun böyründə oturan pişiyimiz bu baş verənləri sakitcə müşahidə edirdi.

Əgər robot özünü balkondan atmamışdısa, deməli, buna bir hacət görməmişdi. Bu isə o demək idi ki, mən artıq intihar barədə fikirlərdən tamamilə əl çəkmişəm və daha bu maşından da bir asılılığım qalmayıbdır. Psixoloq haqlı imiş. Səbr edib, muradıma çatmışdım.

Robota bəslədiyim nifrət bircə anda qeybə çəkildi və mən bu müjdəni bölüşməkdən ötrü psixoloqa zəng vursam da, o, cavab vermədi. Beş dəqiqə sonra təkrar nömrəsini yığdım. Dəstəyi götürdülər.

Sevincək dedim:

– Özkurt, mən məqsədimə çatdım!

Qadın səsi dedi:

– Danışan Özkurt deyil.

Nəzakətlə rica elədim:

– Onu telefona çağıra bilərsiniz?

– O, bir saat əvvəl həlak oldu.

Robota yaxınlaşdığım an nəzarət panelindəki düymənin yerindən oynadığını və oradan naqilin sallandığını gördüm. Günahkarcasına miyoldayan pişik üsulluca oradan uzaqlaşdı.

Bir fincan qəhvə içmək istədim, arvadım evdə deyildi, özüm isə dəmləməyə ərinirdim. Balkonda oturub, fikir-xəyala daldım. Son aylar (bəlkə də, uzun illər!) boyu mənim intiharla bağlı nəhs fikirlərim başqa bir insanın ölümünə səbəb olmuşdu. Yaxın vaxtda mən onun ölümünün detallarını öyrənəcəkdim, əlbəttə, ancaq nədənsə bəri başdan əmin idim ki, həyatının son dəqiqələrini psixoloq məhz mənə həsr eləyibmiş.

Hələ uşaq ikən qohumumuz olan ahıl bir qadından öyrənmişdim ki, bəzən intihara cəsur insanlar da girişir – həmin qadın bu qənaətə bir sıra yapon yazarların əsərlərini oxuyandan sonra gəlmişdi. Buna görə də canına qıyanları ucdantutma zəif, zavallı insan saymaq doğru sayılmazdı. Aydın məsələdir ki, qadın bu fikri mənimlə, yəni azyaşlı bir oğlan uşağı ilə yox, indi kimliyini xatırlamadığım birisi ilə bölüşmüşdü. Ola bilsin, o, bunu öz-özüylə danışarkən demişdi: axı ahıl insanlar ətraflarında dərdlərini diqqətlə dinləyəcək həmsöhbət tapılmayacağını zənn etdikləri üçün özləriylə dərdləşməyi bir vərdişə çevirirlər! Hər necə olursa-olsun, bu sözlər lap ürəyimdən xəbər verirdi – özümü cəsur birisi saymadığım üçün intihar fikrini yaxınıma buraxan deyildim mən.

Bu, bir oğlan uşağının gəldiyi qəti və məntiqə söykənən nəticə idi. Bu isə mənə müəyyən sevinc hissi, gələcək həyatımda uğur qazanmam baxımından əminlik hissi aşılayırdı. Həqiqətən də, mən daxil olduğum bütün təhsil ocaqlarını uğurla bitirdim, müntəzəm şəkildə olmasa da, idmanla gen-bol məşğul oldum. Yetkin yaşa gəldiyimdə, vaxtaşırı aynada özümü süzür, zahiri görkəmimdən tam mənada razılıq hissi keçirirdim: boyum 180 santimetrə yaxın idi, kürəyim enli, saçlarım isə gur idi, bu o demək idi ki, hətta ahıl yaşda da başım dazlaşan deyil. Hə, bir az arıq-uruq idim, ancaq buna çarə qılmaq elə də çətin deyildi. İşə də tez düzəldim. İşlərim xeyli gözəl şəkildə gedirdi.

Növbəti uğurum isə gözəl bir qızla, öz gələcək xanımımla tanış olmam idi. O da, eynilə mənim kimi, işə təzəcə düzəlmişdi. Həm də harada olsa, yaxşıdır? Mənim iş yerimdən bir qədər aralıdakı ictimai kitabxanaya. Bu, sən deyən fərli iş sayılmazdı, üstəlik, maaşı da cüzi idi.

Onunla ikinci görüşümüzdə maraqlandım:

– Bu kitabxanaçı işinin nəyi sənin xoşuna gəlir ki?

Məlum oldu ki, hələ məktəb illərindən bəri o, kitabxanalarda hökm sürən səssizliyə vurğun imiş.

– Bu, dərin sükutdur. Adam onun zərif basqısını öz üzərində hiss edir, sanki o, şəffaf bir bulud topası kimi hər oxucunu qarabaqara izləyir, nəinki səsini yüksəltməyi, hətta qələmini yerə salmağı da ona yasaqlayır. Eyni zamanda bu səssizlik adamı qiraətdən, bilik qazanmaqdan həzz almağa kökləyir. Elə mən özüm də kitab oxumağa hədsiz düşkünəm.

– Amma daima kitablarla həşir-nəşir olmaq da yaramaz! Gərək yaşamağa da vaxtın qala. Dünyanı gəzib-görəsən, insanlarla tanış olasan.

O, təəccüblənmişdi:

– Bəs mən neyləyirəm ki?! Bəzən bir kitabda adam həyatda nadir hallarda rastlaşacağı onlarla fərqli insan tipi ilə qarşı-qarşıya gəlir.

Qız mənim könlümə yatmağa başlamışdı deyə, daha ona etiraz eləməyi uyğun görmədim.

– Ümumilikdə götürəndə, kitablar bizə insanları anlamaq imkanı tanıyır. Amma adam özü də kitab yazmağı bacarsaydı… – deyə gözləri yol çəkərək, o, sözünü bitirmişdi.

– Mən də onu deyəcəkdim, – desəm də, hər kitabxanaçının yazıçı olmaq istəyini öz qəlbində əbədilik gömdüyünə dair dilimin ucuna qədər gələn fikri uda bildim – yəni vaxtında öz dilimə hakim oldum.

Bir də o, uşaqları çox sevirdi və məhz uşaq şöbəsinə işə girməsindən hədsiz məmnun idi. Qəfildən, söhbətin arasında onun ağzından çıxan sözlər mənim gələcəklə bağlı planlarıma sanki bir aydınlıq gətirdi: məncə, belə məqamla hər kəs həyatda, bircə kərə də olsa, rastlaşır – kimdənsə eşitdiyin ən bəsit fikirlər belə, sənin gələcək davranışların üçün güclü bir təkana çevrilir.

– Mən elə özüm də bir neçə uşaq anası olmağı arzulayıram. Ən azından, üç uşaq.

Bu sözləri eşidincə, mən onu başdan-ayağa süzmək, bədəninin bütün zahiri cizgilərini görmək həvəsinə düşdüm. Ancaq kafedəki kiçik masa arxasında əyləşmişdik, odur ki, bu işi daha sonraya ertələdim. Bununla yanaşı, elə oradaca qəti qərara gəldim – nəyin bahasına olursa-olsun, bu kökəlməyə meylli, qarasaçlı qızla evlənəcəyəm. Çünki kitabların köməyi ilə bələd olduğu insanları o, məhz olduqları kimi qəbul edir. Fərli bir işi olmasa da, az qazansa da olar, bu məsələlərin öhdəsindən mən özüm gələrəm. Dünyaya göz açacaq övladlarım da daxil, bütün ailə qoy məhz məni özünün etibarlı çörəkqazananı və müdafiəçisi kimi tanısın. Başqa cür ola da bilməzdi axı. Mənim etibarlı işim-gücüm, babat maaşım, hələ bir də normal sığortam vardı. Hərçənd cavan və sağlam biri olduğum üçün mən hələlik ondan yararlanmağa tələsmirdim.

Öz gələcək təminatımızdan arxayın olduğum üçün şəhərin say-seçmə bir səmtində balaca, amma bahalı bir mənzil alandan sonra o qızla evləndim (kiralayandan sonra yox ha, məhz alandan sonra, çünki ailəmin bu mənzildə ən azı beş il yaşayacağını nəzərdə tutmuşdum). İki il sonra isə qızım dünyaya göz açdı.

Mənim özümdən arxayınlığım hansısa küçə uşağının yox, savadlı bir ziyalının əminliyi idi (və bunu aradan illər ötəndən sonra anladım). Bu inam onurğa sütunumda yaranan zəif ağrını hələlik hiss etməməyimə şərait yaradırdı. Uşağın gəzinti arabasını yerdən qaldırdığım zaman üzümdə yaranan ağrı dolu ifadəni gördükdən sonra arvadım məndən həkim müayinəsinə getməmi (təkid yox) xahiş elədi. Həmin vaxt ağrılar necə güclənmişdisə, elə özüm də yaxın vaxtda klinikaya baş çəkmək qərarına gəlmişdim.

Müayinənin nəticələri sarsıdıcı oldu – onurğa sütunumun lap yaxınlığında bədxassəli bir şiş tapıldı. Həm də rastıma çıxan həkim problemləri olduğundan daha müşkül göstərməyə çalışan, xəstələrinə ürək-dirək verməyən tiplərdən idi. Bunu əvvəlcədən bildiyim üçün həkim qəbuluna da təkbaşına yollandım. Yekun diaqnozumu soyuqqanlı tərzdə, anlaşılmaz terminləri sayıb-sadalayaraq elan etdiyi zaman mən yanımda halıma acıyacaq birisinin olmasını, ilahi, necə də arzulamışdım. Ağır xəstəliklərlə ləyaqətlə mübarizə aparan onlarla insan barədə xeyli kitab oxuyan arvadımın o anlarda böyrümdə oturmasını istəmiş, ancaq həmin vəziyyətdə özümü son dərəcə kimsəsiz hiss etmişdim, mənə xas arxayınlıqdan heç bir əsər-əlamət qalmamışdı.

Həkimin otağını tərk etdiyim zaman onunla bir daha üz-üzə gəlməyəcəyimi dəqiq bilirdim, çünki ona nifrət bəsləyirdim. Heç onunla sağollaşdığımı da düz-əməlli xatırlamıram. Ancaq yadımdadır ki, dəhlizdə ikən o, arxamca səslənmişdi:

– Ümidvaram ki, sizinlə hələ görüşəcəyik.

O an buna etiraz eləmək istədim, ancaq göz yaşlarımı güclə saxlayaraq, susdum və oradan uzaqlaşdım.

Evə payi-piyada getdiyim zaman rastıma çıxanların məni matdım-matdım süzdükləri diqqətimdən yayınmadı. Elə bil onlar Yer kürəsinin ən bədbəxt sakinini görürdülər öz qarşılarında. Mənzilimizin qapısını necə heysiz döydüyüm gəlir xatirimə, həmin anlarda düşünmürdüm ki, o cür zəif taqqıltı heç eşidilməyə də bilər. Cibimdən açarı çıxarıb, qapını açmaq da mənə müşkül görünürdü. Qapının zəngini basmağa isə üşənirdim: bunun səbəbi qızımın şirin yuxusuna haram qatmaq qorxusu deyildi, onun sevincək halda qapıya cummasını indiki şəraitdə yersiz sayırdım. Bir neçə kərə bu cür döyəndən sonra qapıya necə söykəndimsə, ən nəhayət, arvadım onu açanda az qaldım içəri yıxılım.

Eşitdiyi dəhşətli xəbərdən sarsılan arvadım məni bağrına basdı. Onun bu dərddən başını necə itirdiyi göz qabağında idi. Uşağı yedirtmək bəhanəsiylə yataq otağına yollandığı zaman məni mətbəxdə tək-tənha qoydu. İrəlidə nə edəcəyimə qərar verə bilmirdim: başqa bir həkim tapım, yoxsa doğmalarımla – valideynlərimlə, bacı-qardaşımla əlaqə saxlayım? Hələ də bir uşaq sadəlövhlüyü ilə umurdum ki, indicə qonşu otaqdan çıxan arvadım oxuduğu o çoxsaylı kitabların səhifələrində tapdığı hansısa qeyri-adi çarə ilə yanıma qayıdacaq. Ancaq on dəqiqə sonra oradan çıxdığı vaxt onun gözləri ağlamaqdan qızarmışdı və o dəqiqə hər gün mən işdən döndüyüm vaxt elədiyi kimi, qəhvə dəmləməyə başladı. Qətiyyətli davranışlarından sezirdim ki, o, irəlidə nəyi və necə edəcəyimizə dair bir qərara artıq gəlibdir.

Sakit və təmkinli tərzdə dedi:

– Mən sənin qohum-əqrəbanla danışaram. Elə o həkimlə də. Sən isə get, bir az uzan. Tibbi tövsiyələrə riayət eləməmiz vacibdir.

İllər uzunu mənə tədris olunan o özünəgüvən hissi və işgüzarlıq görəsən haraya qeyb olmuşdu belə? Vaxtilə müdafiə etdiyim, “Böhran durumlarında kollektivin idarə olunması” adlanan və təqdimat zamanı “əla” qiymət alan layihəm adi bir kitabxanaçının dəyanəti qarşısında niyə bu dərəcədə soldu, bozardı?!

Müzakirə olunan müalicə üsullarından nisbətən yeni sayılan ikisi üzərində dayandıq. İndi onların təfərrüatları üzərində durmayacam, bircə onu deməliyəm ki, seçilən üsul bizə uğur gətirdi. Həkim bildirdi ki, hər şey normal keçib, bununla yanaşı, ara-sıra müayinədən keçməmdə fayda var.

Klinikadan çıxdığım gün evdə şadyanalıq quruldu. Ancaq evimizə yığılan qonaqlar çox da ləngimədilər, çünki həm mənzilimiz dar idi, həm də arvadım istirahətin mənim üçün vacibliyinə hamını inandırmışdı artıq.

Həmin şişlə bağlı təhlükənin sovuşmasından məmnun idim. Ancaq əvvəlki kimi, həm də necə taqətdən düşdüyümü bircə özüm bilirdim. Bunun birinci səbəbi – gələcəkdə şişin təkrar özünü büruzə vermə ehtimalı idi, ikinci səbəb – taleyin zərbələrinə özümün nə qədər hazırlıqsız və ümumilikdə zəif olduğumu öyrənməm idi. Qohumumuz sayılan ahıl qadının bəzən cəsur insanların da sırf özlərinə bəlli olan hansısa məqsədlər uğrunda intihar yolunu seçməsi barədə sözləri məhz həmin vaxt düşmüşdü yadıma.

Qadının bu sözləri doğru sayıla bilməzdi! Şəxsən mən həm taqətsiz, həm də zəif idim, üstəlik, intiharla əlaqədar fikirlər də vaxtaşırı varlığıma hakim kəsilirdi. Bir həftəlik yoxluğumun səbəbini heç cür anlamayan balaca qızıma münasibətdə daşıdığım cavabdehlik hissi məni bu niyyətdən çəkinməyə vadar edirdi. Arvadımın bir neçə uşaq sahibi olmaq barədə planları isə məni ümumiyyətlə dəhşətə gətirirdi. Öz cüzi maaşıyla qadın onlara necə baxacaqdı?! Onun öz niyyətindən zərrəcə geri çəkilmədiyindən əmin idim, ancaq mənim özümdən arxayınlığım da artıq yoxa çıxmışdı.

Ağlıma necə qəribə fikirlər gəlirdi, ilahi! Əgər sığorta şirkəti mənim həyat sığortam ilə bağlı məbləğin bilərəkdən şişirdildiyi fikrini irəli sürsəydi, onda arvadım onlarla üz-göz olasıydı. Əlbəttə, o halda mən sənədlərdə artıq “mərhum ər” kimi göstəriləcəkdim. Sənədlərin tərtibi zamanı yol verdiyim səhv sübuta yetiriləndə yəqin arvadım deyəcəkdi ki, əri yüksək təhsil sahibi olduğu üçün belə səhlənkarlığa əsla yol verməzdi, sığortaçılar isə bu fikri yəqin rişxəndli təbəssümlə qarşılayacaqdılar.

Birdən arvadım mənzilimizi sataraq, öz kasıb qohumlarının qanadı altına sığınsaydı, necə olacaqdı? Artıq mənimki sayılmayan, amma arvadıma və qızıma məxsus mənzili vaxtilə kredit götürdüyüm bank da müsadirə eləyə bilərdi. Bəs arvadım təzədən ərə getsə, necə olar? Onda qızımla onun ögey atası arasında hansı münasibətlər yaranar? Amma, çətin ki, kimsə bu yad kişidən övladı olan zavallı kitabxanaçıya yiyə çıxa. Olsa-olsa, bu işə daimi yeri-yurdu olmayan fırıldaqçı, ya da bir əyyaş girişər (hələ bu da bank mənzili müsadirə eləmədiyi halda mümkün idi)...

Məni ovunduran bircə məqam vardısa, o da uşağın xəstəliyim barədə hələlik heç nə bilməməsi idi və hələ də onu, əvvəlki kimi, qucağıma alaraq, o otaqdan bu otağa gəzdirməm, o ara yadımdan qalan uşaq nəğmələrini qol-qanadını sındıraraq oxumam idi. Ancaq uşaq aydan-aya böyüyür və dəyişirdi, hətta üç yaşına girdiyi zaman mənə elə gəlirdi ki, o, mənim nələr çəkdiyimi anlamaq iqtidarındadır. Hər axşam evə döndüyümdə qızım zərif qollarıyla ayaqlarıma sarmaşır, öz uşaq dilində nələrsə deyib, dururdu. Onun hüdüləyib-tökdüyündən zorla bunu anlamaq mümkün idi: “Atam gəldi, atam gəldi. Daha onu buraxmaram”. Halbuki mən hamıdan uzaqlaşmağa, mənə doğma sayılan insanlara belə hədsiz isinişməməyə çalışırdım ki, tərk etdiyim zaman yoxluğum onları çox da sarsıtmasın.

Adət olunmuş ifadələrdən istifadə edərək, bir neçə dəfə vəsiyyətnamə yazmağa da cəhd göstərmişdim: “Əzizlərim, daha özümlə bacara bilmədiyim üçün yəqin məni bağışlayarsınız, filan”. Ancaq o dəqiqə bir sual yaranırdı: bəs məktubu haraya qoyum? Əgər bu yer mənzilim olacaqdısa, dəqiq haraya – yataq otağına, yoxsa mətbəxə? Bəlkə onu işdəki otağıma qoyum, hə? Mənə ən dəhşətli gələn məqam – vəsiyyətnamə yazmama rəğmən, intihar cəhdimin baş tutmayacağı ehtimalı idi. Bəlkə də kiməsə bu gülünc görünə bilər, ancaq mən bu ehtimalı ağlımda onlarca dəfə saf-çürük edərkən, üzümdə görünməmiş xəcalət ifadəsi yarandığını sezirdim. Birdən mən intiharçı “roluna” girsəm də, indiyədək beynimdə dolaşan canıma qəsd niyyətini əsla gerçəkləşdirə bilmədim, bəs onda nə olacaqdı, hə?..

Bu qorxunc fikir və sualların yığını altında daima əzildiyim üçün mən ağlımı itirmək təhlükəsi ilə də üz-üzə idim. Bəlkə bu narahatlığımı arvadımla açıq-aşkar paylaşım? Yox, bunu bacarmaram!

Bəlkə də, kimsə bu problemə arvadımı niyə cəlb etmədiyimin səbəbinə heç inanmayacaq da. Ancaq mən onu kitablardan çox şey əxz eləmiş biri kimi dəyərləndirirdim, buna görə də nələr yaşadığımı elə sözsüz də anlayacağını umurdum: sanki o, növbəti bir hekayəti oxuyacaqdı və oradakı baş qəhrəman öz əri olasıydı. O, sadəcə başqasının kitabını oxuyan və əlinin altındakı mətnə özündən heç nə əlavə edə bilməyən bir oxucu rolunu oynayacaqdı (həm də bu kitabda sırf ona ayrılacaq bir rol tapılsaydı, əlbəttə). Bəlkə də bu davranışım məntiqli sayılmaya bilər, amma o durumda məhz bu, ovqatıma hədsiz uyğun idi və mən bu qənaətimə əsaslanaraq, öz psixoloji sarsıntılarım barədə ona heç nə deməməyi, bunlar haqda susmağı daha uyğun sayırdım. Həyat yoldaşım güclü qadın idi, ona görə də qarşılaşdığı çətinliklərə rəğmən, mövcud qaydalarla hesablaşmağı özünə borc sayırdı.

***

Ölümündən iki gün sonra mən psixoloqum Özkurtun ailəsinə baş çəkdim. Yaşadığı ikimərtəbəli ev böyük, amma hədsiz köhnə idi. Qapıya çıxan çəlimsiz və qısasaçlı xanımının əynində uzun bir paltar vardı.

Hələ uşaqlıqdan bəri mən qəribə bir şəkildə özümü inandırmışdım ki, başına gələn müsibətə görə ağlaşma quran qadınlar mütləq ətli-canlı olmalıdırlar. Onların bu şişmanlığı içlərinin göz yaşı ilə dolduğuna dəlalət edir və bu səbəbdən onlar ovunmaq bilmədən ağlaya bilirlər. Özkurtun xanımı da mənim bu uşaqsayağı qənaətimi bir növ təsdiqləyirdi: gözlərinə baxanda onun bu son günlər ərzində ağladığını iddia eləmək xeyli çətin idi. Səsinin xəfif və yumşaq çalarına əsasən heç cür deyə bilməzdin ki, bu xanımda nəciblik daha çoxdur, yoxsa dəyanət.

Məndən soruşmadan süfrəyə çay gətirən qadın sakit tərzdə etiraf elədi:

– Ərimin pasiyentlərindən qapımızı döyən yeganə adam sizsiniz.

Sırf nəzakət xatirinə ona təsəlli verdim:

– Bəlkə də, onlar daha sonra gələcəklər.

İki gün əvvəl ərini itirən qadına hər nə cürsə təskinlik verməliydim, ya yox?! Hərçənd onun kimi bir insanın belə təsəllilərə ehtiyac duymadığı da sirr-filan deyildi.

– Heç elə düşünmürəm. Hətta siz də öz gəlişinizlə məni heyrətləndirdiniz, axı onun pasiyenti az olurdu, sən deyən də tanınan psixoloq deyildi.

Bu sözlərindən karıxdığımı hiss elədiyi üçün bir az yumşaldı, candərdi gülümsəyərək, əlavə elədi:

– Elə sanmayın ki, gəlmənizi istəməzdim. Əksinə, bu, sizin tərəfinizdən nəcib bir addımdır.

Qadın bunu səmimi söyləmişdi, ona görə də qəlbim fərəh hissiylə doldu. Fürsətdən yararlanaraq, yaşanan bədbəxt hadisə barədə ona sual verdim.

Qadın köks ötürüb dedi:

– Yaxşı ki, hələ uşaqlar evdə deyildi. Onlar qonşu kəndə, qohumlarımıza qonaq getmişdilər. Evimiz, gördüyünüz kimi, köhnədir. Həndəvərində nəhəng ağaclar var. O, bu ağacları sevirdi. Yayda pəncərələri taybatay açdığı zaman qarşısında yaşıl yarpaqlar görməyə bayılırdı. O, duyğu dolu bir insan idi. Mən isə – yox.

Dilimdən:

– Hə, bu, o dəqiqə hiss olunur, – cümləsinin çıxdığına əlüstü də peşman oldum. Ancaq mənim nataraz davranışımı ört-basdır eləməkdən ötrü qadın gülümsədi və maraqlandı:

– Yenə çay süzüm sizə?

O ara fincanımın boş olduğuna diqqət yetirib, başımı tərpətdim, həm də ümid elədim ki, çay içməyə başım qarışsa, bəlkə daha az səhv buraxaram.

Mənə çay süzərkən qadın sözünə davam elədi:

– Hə, ağaclardan danışırdım axı. Payızda külək xəzəlləri evin damında qalaqlayır, onlar isə navalçaların üstünü örtdüyündən yağış sularının rahat axıb-getməsinə əngəl yaranır. Yarpaqları kürüməkdən ötrü bəzən biz adam tuturduq, bəzən isə Özkurt özü damdakı yarpaqları təmizləyirdi. Həmin gün o, evdə oturub, hansısa sxemləri araşdırırdı və ümumi əhval-ruhiyyəsi də yerində idi. Psixologiya sahəsinə dərindən köklənməsi sən deyən də ürəyimcə deyildi, ancaq öz narazılığımı da ona aşkar büruzə vermirdim. Bu praktika hər hansı qazanc gətirməsə də, o, bu sahədəki ixtirasına böyük ümidlər bəsləyirdi və bəlkə də son həftələr boyu içindəki həyat eşqinin artması da məhz bundan irəli gəlirdi… Deməli, mən bağçılığa həsr olunmuş televerilişə baxırdım, qəfildən o, yerindən qalxdı və gözlərini saatına zillədi. Hədsiz köhnədənqalma bir saatı vardı və həmişə də qolunda olardı. Ancaq son altı ay ərzində qəribə bir bilərzik tapmışdı və saatını da onunla birgə taxırdı.

Görünür, xatirələr aləminə daldığı üçün qadın susdu. Mən də eləcə. Bir neçə dəqiqə sonra köks ötürən qadın təkrar sözə başladı:

– Deməli, o, yerindən qalxıb, dəhşətlə saatına baxdı. Sonra otaqda o baş, bu başa getməyə başladı. Qəfildən dəli kimi yerindən götürüldü və bağa tərəf qaçdı, oradakı uzun nərdivanı götürdü. Həm də bu yaxınlarda aldığımızı yox, məhz çoxdan bəri atmağa hazırlaşdığımız, ancaq daim sonralara ertələdiyimiz o köhnə nərdivanı götürdü. Ondan istifadə eləmək təhlükəli idi… Yarpaqları kürüməyə çalışdığı zaman o, elə nərdivanla birlikdə yerə düşdü. Yetərincə güclü bir külək əsirdi o ara.

– Ölümlə bağlı bəs polis ekspertləri nə dedilər? – deyə maraqlandım.

– Bildirdilər ki, bu – bədbəxt hadisədir, intihar sayılmaz, – deyən qadın təkrar köksünü ötürdü.

Sonrakı sualı qadına niyə verdiyimə özüm də təəccübləndim:

– Bəs siz niyə intihar ehtimalı barədə düşünmüşdünüz?

– Əvvəla, ona görə ki, damı təmizləmək fikri qəfildən onun ağlına batmışdı. İkinci səbəb isə daha önəmlidir – ikinci ixtisasa, yəni psixoloqluğa o, məhz özünə kömək eləmək məqsədilə yiyələnmişdi.

– Özünə?

– Daha doğrusu, həm də özünəkömək üçün. Bilirsiniz, onun nəslində vaxtaşırı intihar halları olurdu. O da çalışırdı ki, barı öz yaşıdları arasında belə faciələr təkrarlanmasın və hər şey keçmişdə qalsın. Həm də özü intiharı heç vaxt doğru seçim saymırdı.

Sonrakı cümləni necə dərin inam hissiylə dilə gətirdimsə, onun doğruluğuna yəqin heç kəs şəkk-şübhə bəsləməzdi:

– Elədir, bu, intihar aktı deyilmiş.

Qadın təəccübləndi:

– Siz bunu haradan bilirsiniz ki?

Ondakı təəccübün səmimiliyini sezdiyim üçün fikirlərimi daha inamla bölüşməyə başladım (hərçənd indiyədək belə ustalıqla gopladığım heç xatirimə gəlmirdi):

– Bir dəfə özü mənə demişdi ki, heç vaxt bu yolu tutmaz.

Mənə psixoloji dəstək verən mərhum ərinin nə ilə məşğul olduğunu isə açıb, o qadına demədim.

Məni ötürərkən, qadın bir də gülümsədi. Üzündəki ifadədən görünürdü ki, mənə inanır.

***

Özkurtun ölümündən sonrakı üç il boyu mən onun məzarını ziyarət elədim. Ancaq bunu onun ad günlərində yox, bir neçə günlük gecikmə ilə elədim. Bu ziyarətlər əsnasında nədənsə onun yaxınları ilə rastlaşmaqdan çəkinirdim. Tədricən həmin ziyarətləri də tərgitdim, getdi.

Aradan artıq 57 il ötüb. Sonralar mən depressiyadan hər hansı əziyyət çəkmədim və bütün bu illər uzunu öz psixoloji tarazlığımı qorudum. Arvadım daha iki oğul anası oldu. İndi nəvələr həndəvərimdə ora-bura qaçışır. İki ay əvvəl onlar mənim böyük və işıqlı kabinetimdə səliqə-sahman yaradarkən üst-üstə qalaqlanan köhnə kitab və sənədləri yerə aşırtmışdılar. Onların ardından isə köhnə robot çıxmışdı. Psixoloqumun vaxtilə mənə verdiyi həmin robot.

Özkurtun ad günü ötən ayın sonuna düşübmüş və mən bu faktı öz köhnə qeydlərimə baxarkən öyrəndim. İllər öncə etdiyim kimi, yenə də onun məzarını ziyarət eləmək qərarına gəldim və bunu adətim üzrə, ad günündən bir neçə gün sonra gerçəkləşdirdim. Məzarın üstünə xeyli çiçək səpilmişdi.

Məzarlığın işçisi mənə dedi:

– Hər il mərhumun doğum günündə buraya xeyli qohum-əqrəbası gəlir. Bəs siz onun nəyisiniz?

– Dostuyam – dedim.

Hazırkı zəmanədə isə hər kəsin özəl bir dublyor-maşını var. O, öz sahibinin bütün fizioloji və psixoloji özəlliklərini birə-bir təkrarlamaqla, onun müalicəsi üçün ən optimal sayılacaq variantı seçir.

Özkurtun ideyası həqiqətən də inqilabi xarakter daşıyırdı və düşünürəm ki, onun özünə qalsaydı, çətin ki, o yeni üsulun bu cür geniş tətbiqinə nail olaydı. Bunu məhz başqaları həyata keçirdi.

Bir də ki, həmin o uğursuz gündə Özkurt siqnallar sayəsində robotun ona həvalə olunan işin öhdəsindən gələ bilməyəcəyini anlamış, özü bunun icrasına girişmişdi. Yəni o, etibarlı dublyor imiş.

Görünür, ağbirçək qadın da o vaxt haqlı imiş: vazkeçilməz səbəblər qarşısında naçar qalan cəsur bir insan da lazım gələndə intihar yolunu seçə bilirmiş. Özkurt üçün isə belə bir səbəb mənim həyatımın xilası imiş.

Mən indi anlayıram ki, “Həyat gözəldir” dediyi zaman o, həqiqətən də haqlı olub./sim-sim.az

Tərcümə edən – Azad Yaşar

# 2736 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #