Zolaqlılar - Sənan İsmayılovdan yeni hekayə

Sənan İsmayılov, yazar

Sənan İsmayılov, yazar

22 sentyabr 2022
# 15:00

Kulis.az Sənan İsmayılovun “Zolaqlılar” hekayəsini təqdim edir.

Zorla sırınan yüksək tələblər ucbatından insan həyatı necə mürəkkəbləşibsə, onları təmin etməyin mümkünsüzlüyü qarşısında qapıldığı qorxu hissi insanoğlunu övlad sahibi olmazdan əvvəl ciddi düşünməyə məcbur edir.


1
– Ədəbiyyat müəllimən şikayət edirdi ki, hətta danladığı vaxt da sən gülməyinə ara vermirsən, eləmi? Bunun nə qədər dözülməz bir şey olduğunu təsəvvürümə gətirirəm. Şəxsən mən buna dözməzdim. O isə sırf məndən yaşca cavan olduğu üçün buna qatlaşır.

Mən zərrəcə istehza çaları qatmadan düşündüm: “Əlbəttə ki, cavandır! Həm də düz yeddi yüz otuz beşcə gün!” Hər iki qadın haqda xüsusi bilgilər topladığım üçün bilirdim ki, məktəb direktorunun yetmiş yeddi, dil-ədəbiyyat müəlliməmizin isə yetmiş beş yaşı var.

Mən isə həm heyrətimi gizlətmək fikrindən, həm də direktorun könlünə toxunmaq niyyətindən uzaq idim deyə, soruşdum:

– Bəs məni danlamaq necə, çoxmu vacib idi ki?!

Bir-iki saniyə susub, məni zənnlə süzən qadın sonra üzünü pəncərəyə sarı çevirdi. Heç cür kəsdirə bilmirdim ki, onun bu baxışlarında nifrət daha çoxdur, yoxsa ki çiyrinmə.

Pəncərəyə baxmağına davam edən qadın dedi:

– Siz bunun da səbəbini anlamırsınız? Düşünməzdim ki, siz bu dərəcədə…

Sonuncu sözü dilinə gətirməkdən qadın çəkindi və üzü pəncərəyə durmağına yenə davam elədi.

Onun bu sözü udması bir təsadüf sayılmazdı. Aşılması arzuolunmayan sərhədlərə xanım direktor yaxşı bələd idi. Nə deyəsən, özünə nəzarət hissi elə istənilən yaşda vacib cəhətdir.

Onun əvəzinə mən qısaca:

–... kütsünüz, – deyib, o cümləni tamamladım. Müdaxiləmdə bir laqeydlik sezilirdi, çünki başqalarıyla müqayisədə mən hisslərimə hakim olmağı bacarıram axı… Odur ki, bənzər durumlarda mən – hər nə qədər sarsaq və sadəlövh görünsəm belə – başqalarına köməyi özümə bir borc sanıram.

Direktor bir qədər yüngülləşibmiş kimi dilləndi:

– Hə, məhz elə.

Kreslodan qalxaraq, dar paltarını səliqəyə salan qadın qəhvə makinasına tərəf yönələrkən guya özünü bir növ sığortalamağa çalışdı:

– Onu da nəzərə alın ki, bu söz mənim dilimdən çıxmadı ha. Bu söz ağlıma gələ bilərdi və insanın ağlına hər şeyə gələ bilər. Ancaq hər sözü dilə gətirmək də yolverilməzdir. Hərçənd… bəzən buna məcbur qalırsan. Hə, kütsünüz!

Bu sonuncu sözü qadın necə dedisə, özümü üstünə bir fincan isti qəhvə atılan birisinin yerində hiss elədim. Hətta içimdə onun niyə məhz belə davranmadığına təəccübləndim də.

Hələ də ayaq üstə idim, xanım direktor isə bayaqkından daha ləng addımlarla qayıdıb, öz kreslosunda əyləşdi. Görünür, bu cür hündürdaban tuflilərdə uzun-uzadı ayaq üstə qalmaq ona narahatlıq verirdi. Başqaları – təkcə məni çıxmaq şərtiylə! – buna görə bəlkə onun halına acıyar, ya da qadını lağa qoyardı. Məsələn, elə daima gözlərinin üstünə düşən saçlarını sol əlinin sərt hərəkətiylə bir kənara itələməsinə görə (hə, məhz sümükləri seçilən həmin əlinin köməyi ilə bunu edəndə elə təəssürat yaranırdı ki, sol əlinin qırılacağı ana qədər bu qadın öz sağ əlini yedəkdə saxlayacaq).

Məsələn, hər an ayağının burxulacağı təhlükəsini aşılayan yerişinə görə. Üzünə həm əzabkeş, həm də nəzakət qaydalarına xələl gətirdiyi üçün üzrxahlıq edərmiş kimi bir ifadə verərək, öz kreslosuna özünü yıxdığına görə – çünki bunu heç bir halda əyləşmək adlandırmazdın. Hətta oturduğu anlarda belə o, qəddini dik tutmağa çalışırdı.

Qısa kəsilən saçları təbii olsalar da, hansısa ucqar əyalətdəki evin bir küncünə atılıb-qalan ucuzvarı gəlinciyin başındakı bir çəngə tükü xatırladırdı. Bəs gözləri? Onun daima işıl-işıl yanan gözləri sanki adama: “mən üzün başqa yerində yox, məhz buradayam ha” – deməkdən usanmırdılar. Bəlkə onun biz “zolaqlılarla” nə isə alıb, verə bilmədiyi bir şey var idi?

“Hər şeyi bunca saf-çürük eləmək də olmaz, canım. Belə getsə, gec-tez kələyim kəsilər” – deyə düşündüm. Ona canıyananlıq və tərif babında nələrsə deməkdən qəti imtina eləyərək, – çünki bunlara mənim planlarımda yer yox idi – onun öz fikrini tamamlamasını gözlədim. Qadın isə növbəti dəfə məni sancmağı özünə rəva bildi:

– Bağışlayın ki, sizə içməyə bir şey təklif eləmədim.

– Sizi başa düşürəm, çünki mən yaşdakı adam kofeinə elə də ciddi tələbat duymur.

Xanım direktor kinayə ilə gülümsəyib:

– Sizin kimi cavan birisinə kofeinin zərər verəcəyinə heç mən də şübhə etmirəm, – deyib, ikrahla əlavə elədi: – O sürahidəki suyu isə burada qısa toplantıya qatılan müəllimlər içiblər deyə, sizə heç su da təklif edə bilməyəcəm.

Verəcəyim reaksiyanı gözləmədən qadın qəribə bir intonasiya seçərək dedi:

– Hm-m. – Görünür, gülməkdən özünü güclə saxlayırdı. – Zənnimcə, bir elə susamazsınız?

Cavab verməli oldum:

– Susamamışam.

Telefon zəng çaldı.

Dəstəyi qaldırandan sonra xanım direktor dedi:

– Harada? Bizimkilərlə, yoxsa “zolaqlılarla”?

Bu sonuncu sözü deyərkən o, hiddətlə məni süzdü. Bax, məhz indi onun hiddəti baxışlarından açıq-aşkar oxundu. Başımı aşağı salıb, sinəmin sol tərəfindəki yaşıl zolağa baxdım. “İndi onu sakitləşdirməkdən ötrü özümə zavallı bir görkəm verməliyəm. Nə isə baş verib. Ola bilsin, şagirdlər kiminsə nəyinisə sındırıblar. Ya da daha betər nəsə olub” – deyə, qət elədim.

– Belə olmağı yaxşıdır, – deyən direktor dəstəyi asdı. Qadın özündən necə razı idisə, bu təkəbbürünü ört-basdır eləməyi də lazım bilmirdi.

Telefon danışığı bitən kimi soruşdum:

– Ədəbiyyat müəllimi məni niyə danlamalıdır axı?!

Bunun ardınca mən direktorun kabinetini tezliklə tərk etməyi düşünürdüm. Əlbəttə, mən onun dilinə gətirəcəyi hər sözə qatlaşa da bilərdim. Ancaq o, bu dünyadakı heç bir axmağın ağlının ucundan belə keçməyəcək qədər qəribə bir şey planlayırdısa, bəs onda necə olsun, hə? O halda mənim də uyğun bir reaksiya verəcəyimə hansısa zəmanət vardımı? Bütün hallarda mən ünvanıma deyiləcək hər cür suçlamanı və qınağı dinləməli, hər cür təhqirə qatlaşmalı, daxili tarazlıqdan məhrum tiplər üçün bir ildırımötürən rolunu oynamalıydım. Həm də, boynuma düşən vəzifələrin öhdəsindən mən bacardıqca tez gəlməliydim, çünki gözlənilmədən sıradan çıxa da bilərdim.

– Görürsünüz, sizi bura niyə çağırdığımın səbəbini də az qala unudurdum. Onun sizi tənbeh etməsinin səbəbi – son iki həftə boyu dərslərə hazırlıqsız gəlmənizdir. Onun fənninə heç bir maraq bəsləmirsiniz. Şekspirin hansısa sonetini əzbərləmək bəyəm belə çətin iş olub?! Əgər Sərq poeziyası daha çox könlünüzə yatırsa, onda nisbətən qədim dövrü təmsil edən Sədidən və ya Xaqanidən bir-iki parca əzbərləyin, – dediyi zaman qadının səsi titrəməyə, üzü isə səyriməyə başladı.

Bircə dəqiqə əvvəl bu qadın üz-gözündən nifrət yağan bir qalibi xatırladırdı. Görünür, indi onun üçün zəfərin növbəti dozası bir zərurətə çevrilib. Əvvəlki dozanın təsiri isə az imiş. O, situasiyanı daxildən gərginləşdirən tiplərə aid idi. Zahiri amil isə ondan ötrü bir bəhanədir. Məhz bu cür kritik durumlarda mən özümü ağıllı-məntiqli, yəni ürkək aparmalıydım ki, qadın dərin sarsıntı keçirməsin və ya onun ürəyini qidalandıran hansısa naqil sıradan çıxmasın.
Mən bütün imla qaydalarını da, yüzlərlə roman və hekayəni də əzbər bilirdim. İndi durub o qədim şairlərimi bilməyəcəkdim?! Gülməyim gəlsə də, bunu özümə sığışdırmırdım. Buna haqqım çatmırdı. Ona verə biləcəyim yeganə cavab bu idi: Gələn dərs üçün mütləq əzbərləyərəm”. Mənim bu tamamilə standart (əslində isə, umulan) cavabımdan sonra o, acıqlı, amma hiddət yağmayan baxışlarını mənə zillədi (qadının da ovqatları yaman tez-tez dəyişirdi ha!).

Qətiyyətlə soruşdu:

– Ədəbiyyat müəlliməsinin yanına gedəcəyinizə necə, söz verirsiniz? Dərslərə hazırlıqlı gələcəyinizə də?

Heç düşünmədən:

– Hə, – dedim.

Qadın, belini qıracağından qorxurmuş kimi, ehmallıca kreslonun söykənəcəyinə yayxandı. Bu vəziyyətdə ikən o, təkrar bir qalib havasına girdi, həm də sanki yendiyi düşməni öz yanında görməkdən artıq çiyrinirdi. Otağında olmam qadının canını sıxdığından, nəzakət qaydalarına əsasən mən əlüstü direktorun otağını tərk etməli idim. Ancaq buna dair göstərişi də ondan gözləyirdim, elə o da bunun fərqində idi. Bu səbəbdən baxışlarını mənə zilləməklə özünün üstünlüyünü, mənim isə bir heç olduğumu nəzərə çarpdırırdı.

Ən nəhayət, dişlərini qıcayaraq və qarşısındakı vacib sənədlərə baxmaqdan ötrü başını yana əyməklə, o:

– Ümidvaram, – dedi. Ancaq o ara özünün qalından-qalın gözlüyünü taxmağı nədənsə unutmuşdu.

Təkrar dedim:

– Mütləq əzbərləyəcəm.

Cavabı ləngimədi: başını qaldırmadan və öz sümüklü əlləriylə vərəqləri çevirməklə mənə belə dedi:

– Bu mövzu ilə bağlı sizi təkrar öz otağımda görməyəcəyimə ümidvaram.

Qadının sərt əl hərəkətləri nədənsə mənə konveyer lenti başında çalışan bir robotun hərəkətlərini xatırlatdı. Arxamı dönüb, qapıya tərəf yönəldiyim zaman onun öz kəskin baxışlarıyla kürəyimi necə “dəldiyini” hiss elədim: yəqin həmin an o, əlinə keçən istənilən şeyi, hətta masasındakı kağızları da üstümə tulazlamağa hazır idi. Mən getdikdən sonra onun mənə olan nifrəti birə-beş artacaqdı. Öz-özlüyümdə qət elədim: “Zolaqlılarla” onun şəxsi qərəzi var, bu səbəbdən də mənimlə bir daha görüşməyə hazırdır”.

2.

Oktyabrın sonlarına baxmayaraq, həmin gün hava ürəkaçan idi. Tərəf müqabilim Eslin yanına yollanmalıydım. Məni ona himayəçi qoymuşdular və yaxın dörd-beş günü onun mənzilində keçirməyə məcbur idim – Eslin ovqatından (həkimlər bunu “psixi durum” adlandırırdılar) asılı olaraq, bu müddət bir qədər uzana da bilərdi. İkicə gün idi ki, bu tapşırığın icrasına başlamışdım, ona görə də öz tərəf müqabilim barədə hələ çox şey öyrənməliydim. Heç şübhəsiz, mənim işəgötürənlərim Esl barədə məni daha geniş məlumatlandıra bilərdilər, ancaq bunu etməmişdilər. Öz proqramları vardı deyə, onlara qarşı hər hansı tələb irəli sürə bilməzdim. Tək vəzifəm – qaydalara riayət etmək idi, mən də özümlə bağlı hansısa xüsusi şərtlər qoşmaq fikrindən tamamilə uzaq biri idim.

Düşünürəm ki, işimin mahiyyətini ətraflı izah etməyin vaxtı gəlib çatıb. Məni Eslə ona görə təhkim ediblər ki, ona ünvanlanacaq bütün qınaqları, suçlamaları, hətta təhdidləri də öz üzərimə götürüm. Bu baxımdan mən – tərəf müqabilimə diş qıcayanlar üçün bir növ “qum torbasıyam”. Həm də bu,

Eslin seçimi yox, qanunvericiliyin bir tələbidir.

Bu hüquqşünaslar da daha nələr uydurmağa ərinmirlər ey! Əvvəlcə valideynlərə öz uşaqlarını şapatlamağı, ya da qapaz vurmağı yasaqladılar, sonra övladlarına səsini bir neçə desibel yüksəldən (bundan ötrü uşaqlara səs səviyyəsini ölçən alətlər paylandı) ata-anaları çuğullamağı uşaqların öhdəsinə buraxdılar. Həm də bu nəzarət təkcə ailədə keçərli deyildi. Hətta qonşunun uşağı qəflətən pəncərə şüşənizi qıracağı təqdirdə də siz onun üstünə çımxıra bilməzdiniz.

Bunun ardınca isə “Psixi tarazlıqdan məhrum şəxslərdə gərginliyin azaldılması sistemi”nin tətbiqinə başlandı. Anası olmadığı üçün və uzun müddət yırtıcı xislətli atası tərəfindən (şəxsən mən onun üzünü heç görməmişdim) tərbiyə olunduğu üçün on beş yaşlı Eslin adının da “psixi tarazlıqdan məhrumlar” siyahısına salınması başa düşülən idi. Mənim kimilər şəhərdə az deyildi, çünki Eslin bənzərləri də sayca durmadan artmaqdaydı. Adı “Psixi tarazlıqdan məhrum uşaqlar” siyahısına düşənlərin sayı ilbəil necə yüksəldisə, axırda onlar böyük əksəriyyəti təşkil etdilər.

Məktəb direktoru tərəfindən mənim bu gün tənbeh olunmamın səbəbi də elə bu idi. Halbuki o qadın Esli nəinki danlaya bilər, heç qəzəblə süzə də bilməzdi.

Eslin evinə qədərki yolu piyada yarım saata gedəsiydim və sən deyən də tələsmirdim. Onun mənzilində ikən ya divanda lal-mat oturduğum, ya da boksla məşğul olduğum üçün Eslin məni görməkdən ötrü sinov getdiyini heç düşünmürdüm. Axı onun da cəmi iki məşğuliyyəti vardı: ya divanda sərələnib, ekrandakı anlaşılmaz səhnələrə tamaşa edir, ya da robotla bokslaşırdı.

Həndəvərinə yüksək tor çəkilmiş ortaölçülü stadionun yanında yerləşən, açıq səma altındakı kafeyə girib, tünd qəhvə sifariş elədim.

Gətirdiyi fincanı üzərində mənə qədər içilən qəhvələrin izi sezilən masaya qoyarkən ofisiant qız dedi:

– Bu, xeyli tünd qəhvədir. Həm də sizin kimi bir yeniyetmə üçün.

Sinəmdəki yaşıl zolağı görüncə, sanki özünü ələ aldı və bir qədər hiddətli tərzdə əlavə elədi:

– Hərçənd, zənnimcə, sizin üçün çox da fərq eləməz.

Mən də təmkinlə dilləndim:

– Əlbəttə, eləməz.

Ona gülümsəmək də istərdim, amma nədən ötrü? Eslə hətta dolayısıyla da heç bir dəxli olmayan bir insan kimi bu ofisiant qızla nəzakətli davranmaq mənim vəzifələrimə aid deyildi axı. Böyük şey olub – sinəmdəki zolaq bunun könlünə yatmırmış! Ona qalsa, bizi elə bütün şəhər əhli sevmir də, ancaq onlar həm də bizim varlığımıza dözməyə məcburdurlar – əgər özləri natamam məxluqlar olmasaydılar, yəqin bizə də bir ehtiyac duymazdılar.
Yeri gəlmişkən, qız haqlı idi: məndən ötrü içdiyim qəhvənin sərtliyi heç nə ifadə eləmədi. Masa səthinin qəhvə ləkələriylə dolu olması da məni zərrəcə rahatsız etməməliydi.

Oturduğum yerdən stadionda oynanan futbol matçına tamaşa edə bilirdim. Doqquz yeniyetmə sahədə top qovurdu. Ortaölçülü stadionda ikiqapılı oyun üçün sayları az olduğundan onlar təkqapılı oyuna üstünlük vermişdilər: indi iki komandalıq yeniyetmə tapmaq müşkül məsələyə dönmüşdü axı.
Meydanda, hər biri dörd nəfərdən ibarət olmaqla, iki komanda yarışırdı. Komandalardan birində oynayan iki oyunçunun formasında göy zolaqlar bərq vururdu, rəqib komandanın isə təkcə bir üzvündə həmin zolaqdan vardı. Hər iki komanda “zolaqlı” qapıçının qoruduğu eyni qapıya qol vurmağa çalışırdı. Elə mənim də könlümdən bu oyuna qoşulmaq keçirdi, hərçənd mənə başqa iş tapşırılmışdı. Tərəf müqabilimin mənzilində xeyli vaxt keçirməli idim, hətta həmin müddətdə özüm heç nə ilə məşğul olmasam da, guya Eslin özündən gələcək hansısa komandanı gözləməliydim: guya o, nə isə bir hoqqa durğuzmalıydı, mən də ona ünvanlanacaq qınaqlara sinə gərməliydim.

İlk on dəqiqə ərzində mən qoşa “zolaqlılar” komandası tərəfindən vurulan sadəcə bir qola şahid oldum. Qapıçı heyrətamiz bir oyun göstərirdi – ən ağlasığmaz məqamlarda belə topu geri qaytarmaqla, o, öz “zolaqlı” adını uca tuturdu. Komandalardan biri qol vurduğu vaxt mən ayağa qalxaraq, bunu alqışladım. Qol vuran yeniyetmə minnətdarlıq ifadə edən bir təbəssümlə dönüb, mənə baxdı. Həmin qolu eyni uğurla elə “zolaqlılardan” biri də vura bilərdi, ancaq bunun yerinə o, topu sadəcə ötürməklə, digər yaşıdının qapıya rahatca qol vurması üçün əlverişli şərait yaratmışdı. Mən isə üstünə gələn topları ustalıqla qaytardığı üçün qapıçını alqışlayırdım.

Bunu anlayan qapıçı bir-birinə daraqladığı əllərini havada yelləməklə, mənə baxıb, gülümsədi. Təkrar yerimə əyləşdiyim vaxt baxışlarım məndən solda, bir neçə metr aralıdakı masa arxasında əyləşən və təxminən qırx yaşlarında kişiyə sataşdı. Əgər narazılığını bildirərək, burnunun altında acıqla nələrsə mızıldanmasaydı, çətin ki, o, diqqətimi özünə çəkərdi. Vurulan qola mənim reaksiyama qarşı bir cavab kimi onun belə davrandığını düşündüm. Ən çox yadımda qalan da onun dərin çuxurda yerləşdikləri üçün güclə sezilən, həm də xəfif qıyılan gözləri oldu.

O, dimdik baxışlarını hamıya – ofisiantlara, digər müştərilərə, təsadüfən buradan keçənlərə – zilləyirdi. Heç utanıb, çəkinmirdi. İstənilən qadını – onun fahişə ola biləcəyindən əminlik duyan – bir dəllal kimi süzürdü. “Onun sırtıq baxışlarının cəngindən qurtulmaq müşkül məsələ idi. Eynilə gözləri və ya əlləri qədər bu baxışlar da həmin kişinin bir bədən əzası sayıla bilər” – deyə qət elədim.

Elə o an ağlımda başqa bir qənaət doğdu: “ İndi gör, onunla eyni evdə yaşayanlar bunun əlindən nə çəkir də!”. Baxışlarından canınıza vicvicə düşəcək birisiylə necə yanaşı yaşayasınız axı?! “Görünür, onun hansısa problemi var” – deyə düşünməyə və artıq sırf maraq üçün ona göz qoymağa cəhd elədim. Diqqət altında olduğunu sezdiyi üçün o, lap cırnamağa başladı. Masa arxasından qalxaraq, burnunun altında nələrsə donquldandı.

O, masadakı gün eynəyini götürdüyü vaxt bir şeyi fəhm elədim: “Özünün ətrafa qorxu saçdığını bildiyindən yəqin o, elə evdə də həmin eynəyi taxır və bu üsulla doğmalarını öz zəhmli baxışlarından qoruyur”. Bunun ardınca isə düşündüm: “Görəsən onun ümumiyyətlə ailəsi varmı?” Kafedən necə çıxdığına göz qoyarkən onun yerişinin mənə kimisə xatırlatdığının fərqinə vardım – kişi ayaqlarına qandal vurulan biri kimi yeriyir, ayaqlarını yerə az qala dik şəkildə basır və o ara qollarını yanlarında yerli-yersiz yellədirdi. Hə-ə, o, həqiqətən də mənə kimisə xatırladırdı.

3.

Eslin mənzilində dörd-beş gün keçirməliydim. Əgər həmin dövrdə o, islah olsaydı, onda mənim üçün çətin tərbiyə olunan növbəti yeniyetmə, yəni tərəf müqabili tapacaqdılar (ona qalsa, indi dörd tərəfimiz bu cür yeniyetmələrlə dolub-daşır da).

Onun mənzilinə birbaşa giriş imkanım olmadığından qapını döydüm. Qapını mənə açan kimi Esl əlüstü o robotla bokslaşdığı otağa qayıtdı. Yanına gedib, divanda əyləşməklə, onun nə vaxt əldən düşəcəyi, həm də əməlli-başlı yorulacağı məqamı gözləməyə başladım. Çünki belə olunca, mənim xanım direktorla görüşümün təfərrüatları ilə maraqlanmağa onda, ən nəhayət, müəyyən maraq oyanacaqdı.

Boksçu robotun boks üzrə hazırlıq səviyyəsi Eslinkindən daha yüksək idi, odur ki, o, öz rəqibinin zərbələrindən sadəcə yayınmaqla kifayətlənir, fürsət düşəndə isə ona cavab zərbələri endirirdi. Aydın məsələdir ki, robotun zərbələri Eslin üzünə və ya bədəninə tuş gəlmirdi, əks halda, bunlar ona ciddi xəsarətlər yetirərdi. Robotun boks əlcəkləri insana iki santimetr qalmış dayanırdılar. Bununla belə, xüsusi texnoloji imkanlar sayəsində Esl özünü qan-tərə batmış bir boksçu yerində hiss edirdi.

Əyninə gen tuman geyindiyi üçün Esl hədsiz gülünc görünürdü. “Zolaqlı” dostunun əla ötürməsi nəticəsində vurduğu zərbəylə topu hamının gözü qarşısında qapıya göndərməkdənsə, Esl boks mücadiləsinə üstünlük vermişdi.

Çünki qol vurmağı elə əl boyda uşaq da bacarar. Burada isə robotu daha yüksək rejimə ayarlamaqla, o, bokslaşmağın sirlərinə yiyələnirdi. İnsanlar arasında boks yarışları artıq yeddi il idi ki, yasaqlanmışdı. Hətta boksçu robotların satışına da qadağa qoyulacağı barədə şayiələr dolaşırdı, sən demə, robotla boks da psixikasını pozmaqla, insanı aqressivliyə sürükləyirmiş.

Ən nəhayət, Esl yorulduğu üçün robotu söndürdü və əyin-başı tərli halda özünü divana yıxdı. Mən onun verəcəyi suallara daxilən hazırlıqlı idim, hətta onları xəyalımda canlandırırdım da: “Söhbət əsnasında direktor çoxmu əsəbi idi? Birbaşa mənim adımı hallandırırdı, yoxsa təkcə sənin üstünə düşmüşdü?” Özünün sonrakı sualları ilə o, məni cırnatmağa çalışacaqdı: “Sənə heç kofe təklif elədimi? Bəs su necə?” Əgər indi o, qəfildən şüşəsi qırılan pəncərələrdən söz salsaydı, bax, onda anlayacaqdım ki, onlar da Eslin əməli imiş və tezliklə onun bu işləyinə görə də mən cavab verməli olacağam (bu yaxınlarda müəllimlər otağının pəncərə şüşələri sındırılmışdı). Bəlkə elə polis bölməsində də.

Məni yox, robotu süzən Esl sözə başladı:

– Hə, direktorla görüşünüz necə keçdi? Əminəm ki, o, səninlə kobud davranmayıb.

Ağzımı açmaq istəyəndə, Esl sözünün ardını gətirdi:

– Bax, bu robot məndən daha güclüdür. Ancaq indi yerində donub qalıb və bir heykəli xatırladır. Mən – insanam, yeniyetməyəm və robotu tam hərəkətsizliyə məhkum edə bilirəm. Halbuki boksu öyrənmək baxımından mən də ona möhtacam. Anlayırsan da?

O, sınayıcı nəzərlərlə mənə baxdığı üçün qısaca:

– Anlayıram, – dedim.

Esl amiranə tərzdə soruşdu:

– Nə isə, danış görüm, qadın özünü orada necə aparırdı axı?

Bilirdim ki, Eslə hər şeyi olduğu kimi danışmalıyam, çünki o, saxtalığı həmin dəqiqə sezir və hansı qərara gələcəyi sırf özündən asılı olur. Odur ki, uzadaraq dedim:

– Belə-ə də-ə… Qadın mənimlə qaba davranmadı. Hərçənd məni “küt” adlandırmaqdan da heç çəkinməzdi.

Esl qəgqəhə çəkdi:

– Küt ha, eləmi? Buna o, necə yol verib?! Bu sözü şəxsən mənim ünvanıma desəydi, yenə yeri vardı. Sənə isə bu söz çətin ki yaraşa.

– Yox, heç o da bunu səsli olaraq söyləmədi. Ancaq, yəqin ki, ağlından məhz bu kəlmə keçdi. Bu səbəbdən də sözü mən dilimə gətirdim və deyəsən, heç də yanılmamışdım. Sözü məhz mənim söyləməmdən qadın xeyli məmnun qaldı. Sonra özü də onu təkrarladı.

Növbəti sualı gözlədiyim üçün susdum. Sual da gecikmədi:

– Sən bu sözü özünə qarşı təhqir saydınmı?

Qısaca:

– Yox, – dedim.

– Halbuki o, səni illah “küt” adlandırmaq niyyətində imiş və bunu sənə birbaşa da deyə bilərmiş. Ancaq mənim tərəf müqabilim olduğunu xatırlayınca, özünü saxlayıb. Əks halda, bu söz elə mənə də toxunardı.

Eslin gəldiyi qənaət mənim nəzərimdə hər hansı əhəmiyyət daşımırdı. Cavabım da onu heç qane eləməmişdi:

– Yaxşı, o, acıqlı idi, ya yox?

– Deməzdim. Ancaq məndən məcburən söz aldı ki, ədəbiyyat fənnindən növbəti dərsə hazırlıqlı gəlim.

Məni zənn ilə süzüb, isterik bir qəhqəhə çəkən Esl soruşdu:

– Bəs sən necə, dərsə hazırlaşacaqsanmı?

Buna cavab vermədim.

İkrah hissiylə:

– Gör, qanunlar nələrə qadir imiş ey! – deyən Esl təkrar üzünü robota tərəf çevirdi. – Səndən söz alıb ki, növbəti dərsə hazırlıqlı gələcəksən. Mən isə, çox yəqin, hazırlaşmayacağam. Məni hətta cüzi də olsa, danlaya bilmədikləri üçün səni təkrar ora çağırıb, tənbeh edəcəklər və bundan mənim heç tüküm də tərpənməyəcək. Sonrasına isə baxarıq.

Robotu süzməyinə ara verən Esl mənə tərəf qanrılaraq, kinayə ilə gülümsədi:

– De görüm, o, sənə kofe və ya su təklif elədimi?

İnsanlar ancaq başqalarının onlara yaratdığı imkanlar çərçivəsində goplaya bilirlər. Esl xanım direktorun mənə çay və ya su təklif etdiyindən artıq agah idi. Buna rəğmən, məni ələ salmaq fürsətini heç əldən verərdimi?!

– Təklif elədi.

Esl təkrar qəhqəhə çəkdi və o dəm kimsə qapını döydü. Gülüşünə ara verərək, əliylə mənə işarət elədi ki, gedib qapını açım.

Qapının dəstəyini burarkən yerimdəcə donub qaldım: bayaq kafedə gördüyüm kişi kandarda dayanmışdı – öz zəhm yağan gözlərini yenə qara eynəyin ardında gizlətmişdi. Qarşısında məhz kimi görəcəyini dəqiq bildiyi üçün üzünə süni bir təbəssüm də qondurmuşdu. Məni görüncə, o, əvvəlcə karıxdı.

Sonra isə üzündə hərəsindən bir qədər olmaqla, qüssə, qorxu və nifrət hisslərini ifadə edən bir ifadə peyda oldu. Eynəyini çıxarmaqla, onu üstümə tulladı.

Bu pisniyyət adamın gəlişini Eslə xəbər verməkdən ötrü geriyə doğru bir addım atdığım vaxt sinəmə vurduğu yumruqla kişi məni yerə sərdi. Sonra o, harama gəldi, ən çox da başıma zərbələr ilişdirməyə başladı. Huşumu itirməzdən əvvəl mən Eslin: “Ata!” – deyə çığırdığını eşitdim, bunun ardınca isə onun kişini məndən aralamağa çalışdığını gördüm. Zülmətə gömülməzdən öncə beynimdə doğan sonuncu fikir bu oldu: “Deməli, bu kişi Eslin atası imiş”.

4.

Özümə gəlməm iki saat çəkdi. Gözlərimi açanda məlum oldu ki, başımı geri əyməklə, stulda əyləşmişəm, Esl isə qarşımda dayanıb. Onunla arxa tərəfimdə duran bir kişinin dialoquna şahid oldum.

– O, gözlərini açdı. Görəsən yaddaşı da bərpa olunubmu?

Bunu deyən Esl idi. Səsi titrəyirdi.

Ötkəm bir kişi səsi eşidildi:

– Heç narahat olma. Cihazlar onun yaddaşının tamamilə qaydada olduğunu göstərir. O, səni həm eşidir, həm də başa düşür. Tezliklə nitq qabiliyyəti də bərpa olunacaq. Bədəninin bütün hissələrinin ahəngdar fəaliyyətə başlayacağı anı bir azca gözləməliyik. Zərbələr əsasən başına, yəni əsas cihaza endirildiyi üçün bütün daxili əlaqələr pozulubdur. Bu, elektronikadır, qardaşım, elektronika! Sənin dostun tamamən bərpa olana və sistem sazlanana qədər də o, işləməyinə davam edəcək. Bir də ki, onu təkrar cərəyana qoşmaq lazım gələcək. Bu isə daha saat yarım vaxt tələb edir.

O kişinin nədən bəhs etdiyini bilməsəm də, yaddaşımın tam qaydada olduğunu deyərkən o, haqlı idi. Çünki o qara eynəkli adamın məni necə döydüyünü, Eslin isə buna mane olmağa cəhd göstərdiyini xatırlayırdım. Di gəl ki, ayağa qalxa bilmir, ayaqlarımı heç hiss eləmirdim. Hətta qolumu da qaldırmaqda aciz idim. Onları görürdüm, amma elə bil onlar heç mənimki deyildilər.

Naməlum səsin sahibi davam elədi:

– Nə isə, mən gedim daha. Atanın da, elə sənin də narahatlığına heç bir əsas yoxdur. Bu maşına ciddi xətər dəyməyib. Onunla danışmaq və ya onu dilə çəkmək məsələsi artıq sənin öz öhdənə düşəcək. Burada mənlik bir iş qalmır. Bu insan əvəzləyiciləriylə bağlı mənim öz iş-gücüm də elə başımdan aşır.
Kişini yola salandan sonra öz əvvəlki yerinə dönən Esl düz gözlərimin içinə baxıb, pəsdən və ürkək səslə soruşdu:

– Sən nələr baş verdiyini xatırlayırsan? Yəni burada, mənim evimdə olanları?

İstədim: “Əlbəttə, xatırlayıram” – deyim, ancaq bunun əvəzinə başımdan bir şıqqıltı qopdu. Onu eşitdiyimi bildirməkdən ötrü oğlana eləcə göz vurmağı uyğun gördüm. Esl də mənə göz vurdu və deyəsən, o ara hələ gözləri xəfifcə yaşardı da. Orasını dəqiq deyə bilmərəm, çünki görmə qabiliyyətim tam bərpa olmamışdı. Ən azından düşünmürdüm ki, həmin göz yaşlarının səbəbi – onun tərəf müqabilinin həyata qayıtmasıdır. Axı onunla vur-tut ikicə günün tanışıydıq, həm də istənilən “zolaqlı” kimi, mənim də vəzifəm – Eslin səhv hərəkətlərinə görə səslənəcək qınaqları öz üzərimə almaq idi. Məncə, o, atasına görə narahatlıq keçirirdi ki, birdən kişiyə qarşı əlavə suçlamalar da irəli sürülər.

Ən əziz dostunu görürmüş kimi Eslin çöhrəsi nura boyandı:

– Məni anlaman necə də təqdirəlayiqdir!

Hə, bax, indi mən onun gözlərinin yaşardığını dəqiq seçə bildim. Sırf mənim vəziyyətimlə bağlı təlaşlandığına şübhə yox idi, əvvəlki yekəxanalığından isə onda heç bir nişanə qalmamışdı. Başqa vaxt olsaydı, mən də sevinər, hətta bu cür kövrəlməyə qadir tərəf müqabilimi hələ bağrıma da basardım. Ancaq indi əlimdən heç nə gəlmirdi, çünki sazlanma işi hələ bitməmişdi.

– Hələlik danışa bilməsən də, məni başa düşdüyünün fərqindəyəm. Bu, yaxşıdır. Səninlə əsl donuz kimi davrandığımı anlayıram. Mənim aləmimdə o boksçu robot səndən daha dəyərli idi. Bizimkilər “zolaqlıları” ümumiyyətlə sevmirlər. Heç bilirsən niyə? Məncə, bilirsən.

Bunu bilirdim, ancaq verəcəyim cavab da tərəf müqabilimin xətrinə dəyməməliydi. Geniş izahlara isə heyim qalmamışdı. Odur ki, sadəcə onu süzürdüm. Yaxşısı budur, o, öz ürəyini boşaltsın, mən isə onun dediklərini dəstəklədiyim üçün hərdənbir göz qırpmaqla kifayətlənim.

– Siz, yəni “zolaqlılar”, xeyli qəliz maşınlarsınız, texnikanın ən son nailiyyətisiniz, aramızda olduğunuz müddətcə insanların öz ətraflarında yaratdıqları boşluğu doldurmaqla məşğulsunuz. Çünki qanunlar bunu tələb edir. Razıyam ki, atam hərdən əsəblərini cilovlamağı bacarmır. Özün bir düşün: heç üç yaşım olmamış o, həyat yoldaşını, yəni mənim anamı itirib. Bu itki ona dərin iztirab verib. Ona görə bu cür əsəbi və çılğındır. Uşaq vaxtı oynayarkən yerə yıxılıb, dizlərimi qanadanda, o, hirslənər və mənə daha ehtiyatlı olmağı tapşırardı. Üstümə çımxırsa da, hirsi tez yatardı. Halbuki xəstələndiyim vaxt çarpayımın başından əsla ayrılmaz, yemək bişirər, özünün bir əziz-giramisi kimi üstümdə əsərdi.

Ancaq hökumət dairələri hesab edirlər ki, atam nəinki üstümə çımxıra, hətta hər hansı iradını da mənə bildirəmməz. İllər ötdükcə, o, daha da sərtləşib, baxışları isə zəhmli çalar qazanıb. Bu səbəbdən sosial xidmət idarəsi bizim ən azı altı aylığına ayrı yaşamamızı uyğun sayıb. Ona bu evə gəlmək yasaqlanıb. Hələ məktəbi demirəm! Hərdən istəyirəm ki, hər şeyi atım, buralardan baş götürüb, gedim. Oxumağa həvəs duymasam da, müəllimlərim buna görə məni nə tənbeh edə, nə də cəzalandıra bilir. Qanunla bunlar da qadağandır.

Eslin səsi getdikcə qısıqlaşırdı, görünür, bu söhbətin məni bir elə də açmadığını düşünməyə başlamışdı. Yadıma düşdü ki, ona göz vurmalıyam və belə də etdim. Eslin səsindəki şövq təkrar hiss olundu:

– Mənimlə görüşməyi atama yasaqlamışdılar. Evə gəldiyi vaxt isə qapını onun üzünə heç tanımadığı bir insan açmışdı. Hətta insan da yox ey, hansısa maşın. O da hirsini səndən çıxmışdı. Onun qəzəbinə tuş gəlmişdin. Üstümə çımxırdığına görə onunla məni ayırmışdılar. Eyni mənzildə yaşamamız mənə psixi zədə yetirir deyə, guya məni qorxunc bir varlıqdan aralı tutmuşdular. Yalqız qalınca, mən erkək bir pişik saxlamağa başladım. İstəyirdim ki, bu evdə sadəcə robotlar yox, canlı bir məxluq da məskunlaşsın. Bir ara veterinarın tələbinə əsasən bir neçə gün boyu pişiyə iynə vurdurmaq lazım gəldi. Həkim pişiyi necə, yəni pəncələrindən və boynundan tutmağı mənə göstərdi – bunda çətin bir şey yox idi. Səbəbini bilməsəm də, dördüncü və ya beşinci dəfə iynə vurulanda pişik çılğıncasına əllərimdən çıxmağa çalışdı, hətta iş o yerə çatdı ki, həkimin iynə vuracağı vaxtda belə mən onu hərəkətsiz saxlamaqda aciz qaldım. Ola bilsin, həmin vaxt mənim qanım qara olduğundan heyvancığazı möhkəm sıxırmışam.

Sakitləşdirməkdən ötrü həkim pişiyi əlimdən aldı, sinəsinə sıxaraq tumarladı. Pişik başını əlüstü onun dirsəyinin altına dürtdü. Mən divanda oturmuşdum, ayaq üstə duran veterinar isə pişiyi hələ də qucağında tutmaqdaydı. Başını qaldırıb, məni süzdüyü anlarda heyvanın baxışlarında qorxu və xəcalət ifadəsi sezdim, sonra o, təkrar üzünü məndən gizlətdi. Eyni hərəkəti pişik bir neçə kərə təkrarladı. O vaxta qədər pişiklərin baxışlarında mən qeyri-adi bir şey sezməmişdim. Çünki xəz rənglərini çıxmaq şərtiylə, onların hamısı mənə eyni məxluqu xatırladırdılar. Onların nəyi ifadə etdiklərini anlaya bilmirdim. Bu durumda isə mənə elə gəldi ki, pişik iynə vurulmasının vacibliyi ilə barışıb, ancaq qapıldığı qorxu hissi ucbatından həm təlaşlanır, həm də bundan utanır. Pişik eynilə insan kimi davranırdı. Düşündüm ki, pişik başqa bir insanın evdə yaşamadığını fəhmlə anlayıb, buna görə də bizlərdən biri kimi davranır. Heç bilirsən, sonra nə oldu?

Təbii ki, bunu bilmirdim, odur ki, yerli-yersiz ona göz vurdum. Ancaq Esl buna heç bir məhəl qoymadan sözünə davam elədi:

– Pişiyi əlimdən aldılar. Vurulan iynədən heyvancığazın canı ağrımışdı deyə, o, əlimdən çıxıb, götürüldü. Mən də – ardınca. Pəncəm zərblə masanın ayağına dəydiyi üçün ayaq barmaqlarımdan biri qırıldı. O zaman qərar verildi ki, bundan belə hətta pişik də bu mənzildə qala bilməz. Həyatım tamamən qüssəyə büründü. Artıq bir dənə də yaxınım-doğmam yox idi ki, öz zəifliyimi çəkinmədən ona göstərə bilim. Və mən atamın evə dönməsini diləyirdim. Razı idim üstümə çımxırsın, qoy əsəbi və yorğun olsun, yetər ki, yanımda olsun. Üç gündən sonra atam qanunu pozaraq mənə baş çəkdi. Və mənə dediyi ilk söz bu oldu: “Oğlum, sən mənə möhtacsan”. Boynunu qucaqlayıb ağlayanda o, qulağıma pıçıldadı: “Sən də mənə gərəksən”. Bax, belə. Ancaq tərəf müqabili olaraq bir robot, yəni sən mənə təhkim olunanda o, tanınmaz dərəcədə dəyişdi. Elə zənn edirmiş ki, onun boş qalan yerini sən tutacaqsan və altı ayın tamamında mən ona yox, sənə üstünlük verəcəyəm. Əslində o, səbirli adamdır, bir azca dözməliydi. Səni də mənə bivaxt təhkim eləmişdilər.

O, susaraq, otaqda var-gələ başladı və təqsirkar baxışlarla məni süzdü. Sonra düz qarşımda ayaq saxlayıb, soruşdu:

– Səndən hədsiz dərəcədə xahiş edirəm, başını atamın yardığını söyləmə. Başa düşürəm ey, təlimata əsasən sən onun adını çəkməyə və baş verənləri etiraf etməyə məcbursan. Atam tez-tez hiddətlə deyirdi: “Zorla sırınan yüksək tələblər ucbatından insan həyatı necə mürəkkəbləşibsə, onları təmin etməyin mümkünsüzlüyü qarşısında qapıldığı qorxu hissi insanoğlunu övlad sahibi olmazdan əvvəl ciddi düşünməyə məcbur edir. İnsanlararası münasibətləri artıq robotlar yoluna qoyur”. Mən onu itirməkdən qorxuram. Səninlə baş-başa qalmam isə məni tamamən zay edəcək. İşləklərimə görə özümün cavab verməm, məncə, daha yaxşıdır. Atamla bağlı qarşıdurma barədə sən hesabat verməyə bilərsənmi?

Gözümü qırpdım. Ona görə yox ki, onun təklifinə razı idim. Mən elə qurulmuşam ki, bütün qarşıdurmaları qeydə almağa, sonra isə bu barədə hesabat verməyə məcburam. Ancaq bu göz qırpmamla özüm də istəmədən ona inam aşıladım ki, deyilən kimi davranacağam. Onda qoy hər şey elə də olsun – axı mən təhkim olunduğum tərəf müqabilini ələ verəcək biri deyildim. Ona bir daha göz vurdum (budəfəki sırf razılığımın ifadəsi idi) və o, məni qucaqlayaraq hönkürdü. Əgər bir insan övladı olsaydım, o an elə mən də ağlayardım.

Məhz o ara xanım direktoru, onun köntöy davranışlarını və kəlmələri hansı xəsisliklə seçdiyini xatırladım. Amma hansısa ağbirçək qadının özü adama qəribə təsir bağışlayırsa, onun bir şeylə bağlı ciddi mövqeyə sahib olması və bunu aşkar bildirməsi niyə mümkün olmasın axı?! Həndəvərindəkilər istehzalı yanaşır deyə, bu qadın özünün gözəl görünmək haqqından niyə yararlanmasın axı?!

Bəs Eslin öz zəhmli baxışlarıyla adamın canına üşütmə salan atası necə olsun? O adam özünün qüsurlu biri olduğunu bildiyi və sırf sevdiklərini həmin baxışlardan qoruduğu üçün eynək taxırmış. Bu iki insanın halına canım yandı, həm də təkcə onların yox, elə bütün bəşəriyyətin halına! Guya ki, şüurlu varlıq sayılırlar, amma yanlış başa düşdükləri dözümlülük məfhumu ucbatından onlar robotları vasitəçiliyə cəlb ediblər. İnsanlar heç nədə kamil deyillər: gördükləri iş-gücdə də, görkəmcə də, bilik səviyyələrində və əməllərində də. Hətta könül məsələlərində də. Ata hər məsələdə tam haqlı ola bilməz, axı – onun da – hətta övladlarıyla münasibətlərdə belə – mütləq bir yanlış payı var. Əgər buna yol versə (hətta dəhşət saçan baxışlarına və hərdənbir çımxırmasına rəğmən) o, şəfqət dolu bir ata olmaqdan çıxmaz axı. İnsanların problemi onların kamillikdən uzaq olmasında deyil, bütün məsələ – onların bu faktı qəbul etməməsindədir. Daima ən azı xırda itkilərdən, ağrıdan, depressiyadan, uğursuzluqdan uzaq bir həyat arzulayırlar, istəyirlər ki, nə birisi onlara çımxırsın, nə də onların başqasına çımxırmasına gərək qalsın. Eynilə maşınlardakı kimi.

* * *
Esl canlara dəyən oğlan imiş. Sonradan o, öz niyyətindən imtina eləyərək, qarşıdurma barədə əlaqədar qurumlara şəxsən məruzə elədi. Düşündü ki, belə daha dürüstcə olar. Həm də bu addımı atası ilə məsləhətləşərək atdı. Hər ikisi məni güdaza verməmək qərarına gəlibmiş: bilirmişlər ki, qaydaları pozan robotun aqibəti – bir yığın metala çevrilməkdir. Bu isə… elə məhvə bərabərdir.

Ən qəribə məqam isə heç bilirsiniz nə idi? Heç gözləmədiyimiz halda bu əhvalat böyük əks-səda doğurdu. Cəmiyyətdə (insan cəmiyyətində, çünki robotların da özünə görə cəmiyyəti var) Esli və atasını dəstəkləyənlər əsl qasırğa yaratdılar. İctimaiyyətin təzyiqi altında tərəf müqabili sayılan robotları insanlararası münasibətlər sferasından çıxartmaq barədə qərar alındı. Yenidən proqramlaşdırmaqla, bütün keçmiş “zolaqlıları” elm, sənaye və kənd təsərrüfatı sahələrinə ezam etdilər.

İnsanlararası münasibətlərin təkrar dəyərləndirilməsinə şərait yaradan biri kimi məni də eksponat qismində muzeyə vermək qərarına gəlmişdilər. Ancaq göstərdiyim xidmətləri və istəyimi nəzərə alaraq, öz texniki ömrümün qalan qismini insanlar arasında başa vurmama icazə verildi. Hər halda belə daha maraqlı olasıydı.

Ara-sıra mən hələ Esli də görürəm.

Ruscadan tərcümə – Azad Yaşar

# 1743 dəfə oxunub

Müəllifin son yazıları

# # #