Səlim Babullaoğlunun şeirindən sonra mahnı oxuyan tutuquşu

Səlim Babullaoğlunun şeirindən sonra mahnı oxuyan tutuquşu
13 noyabr 2015
# 14:08

Kulis “Unuda bilmirəm” layihəsində Səlim Babullaoğlunun xatirəsini təqdim edir.

Tutuquşu və tarixi dəyişdirilmiş şeir...

Bazar günlərini sevmirəm. Darıxqanlığım, Orxan Vəli demişkən, nüks edir hər bazar. Və o halımla evdəkiləri bezdirəcəyimə görə bir tərəfdən də əziyyət çəkirəm.

O gün də bazar idi. Martın 3-ü, 13-cü il. Həmidə xanım ev işləriylə məşğuldu, Mübarək xalçanın üstündə üzüqoyulu uzanıb şəkil çəkir, balaca Sona qardaşının yanında dizlərini qucaqlayıb şəklə baxır, xəyal edirdi. Mən də çox yatmaqdan şişmiş gözlərimi ovuşdura-ovuşdura nə baş verdiyini, kim olduğumu, neyləyəcəyimi fikirləşir, nimdaş sualların tozunu alırdım. Saat 2 olardı. Kitab rəfindəki adlara az qala elə indi onu səsləyəcəklərini hiss edən, həzz, macəra, xəyal və ağıl dolu bir oyuna dəvət gözləyən adamın nisgilli gözlərilə baxdım. Heç kim mənimlə yoldaş olmaq istəmədi, çağırmadı.

Həmidə xanımın həyata, cəmiyyətə, uşaqlara və ən başlıcası mənə münasibətdə səbrli-səmirsiz barışqanlıq və şəfqətlə bu illər ərzində necə yaşadığını, bir dəfə də olsun darıxdığını dilə gətirməməsini düşünüb boğulmağa başladım. Bu sayaq sarsıntılar küləksiz bir gündə saralmış yarpağın budağından qopub yerə doğru xəfif uçuşu kimi kirimişcə baş verir. Yadıma düşdü ki, 5 gündən sonra martın səkkizidir. ”Sona, bu gün üçüdü ayın? ”Hə, ata...”” ”8 marta az qalıb ki...” ”Hə, ata...” ”Bilirsən...” Sükut sözümü yenə kəsdi.

O biri otağa çəkildim...

”Beş dəqiqəyə çıx çölə, gəlib götürəcəm səni”. ”Saat neçədi?” ”Altının yarısı” 3-4 saatın necə keçdiyini hiss eləməmişdim. ”Altıya ancaq hazır olaram”.

Qapıdan çıxa-çıxa əlyazmanı iki qatlayıb gödəkcənin döş cibinə qoydum. İmkan düşəcəkdisə bu şeiri də oxuyacaqdım dostuma. Bəlkə son iyirmi ildə yazdıqlarımın ilk oxucusu və dinləyicisi olmuşdu o. İndi isə ümumi və məşhur tanışımızın dəvəti ilə (dəvəti ona vermişdilər) bir restorana gedəcəkdik. Maşında oxudum şeiri. Bir dəfə də özü oxudu, şeiri gözlə dinləmək onun vərdişi idi. Sonra bir az sükut edib dedi ki, niyə belə şeirlər yazırsan? Sualdan daha çox dostyana tənbeh idi. ”Çox pessimist olmusan” – dedi.

Köhnə Dəyirman tərəfdə yaxşı bir restorandayıq. Sahibi də elə dəyirmanın özü kimi köhnə bakılıdı. Məşhur tanışımızı görəndə çiçəyi çırtladı. Bizi masada əyləşdirib yarımzirzəmi restoranın küncündə qeyb oldu. Qayıdanda əlində az qala adam boyu qəfəs, qəfəsdə isə bir tutuquşu vardı. ”Məllim, bilirsən nə quşdu...əntiqədi ee... ”- üzünü tanışımıza tutub danışırdı. ”Təzə almışam. ”Məşdi İbad”ı nə oxuyur , bir biləsən ?!” Sonra da tutuquşunun dilə gəlməsi üçün özü başladı oxumağa: ”Məşdi İbad, sən bizə xoş gəlib, bizi şad elədin!” Köhnə bakılı gah Məşədi İbadın, gah Rüstəm bəyin sifətini almağa çalışır, məşhur operettadan məlum partiyanın bütün dadını ortaya qoyub nə illah eləyirdisə də, tutuquşu səsini çıxartmırdı ki, çıxartmırdı. ”A kişi, sən öl, mən sənə, nə qədər desən pul verərəm. Sən qızı mənə vergilən, gör necə səni şad elərəm”.

Tərləmiş alnını salfetlə silə-silə cibindən mobil telefonunu çıxardıb bir az qurdalandı, sonra da başqa bir səs eşitdik: ”Geşa, poy, Ge-şa, milıy, slışiş, poy... Meşdi İbad, sen bizə xoş gelib bizi şad eledün...poy, Geşa, poy...” Belə anladıq ki, bu tutuquşunun əvvəlki sahibinin səsidi və restoranın sahibinə belə qara günlər üçün hədiyyə edilib. Qəfəsin uzaq küncünə qısılmış tutuquşu əvvəlki sahibinin doğma səsini eşidib azacıq tərpəniş büruzə versə də yenə dillənmədi. Pərtlik artırdı. Yarım saatlıq cəhdlərin sonunda köhnə bakılının necə yoxa çıxdığının və sonra hətta biz gedəndə belə görüşməyə gəlmədiyinin də bir elə fərqində olmadıq. Sifarişlərimiz gəldikcə asta-asta yeyib-içir, dünyadan, ölkədən, şeirdən, nitqdən danışır, qəfəsə tərəf baxmamağa çalışırdıq.

Çay gələndə dostum dedi ki, Səlim bir şeir yazıb, bəlkə oxusun, qulaq asaq? Oxudum... Bütün qüssəli şeirlərin sonundakı həmin tanış dərin sükut yaranmışdı. Bu vaxt tutuquşu oxumağa başladı. Amma major mahnının sözlərini şeirin minor havası ilə. Elə bil Rüstəm bəyin sevincək ”sən bizə xoş gəlib, bizi şad elədin ” kəlmələrini şeirin qüssəli səs sırası üstündə, hədsiz kədərlənərək oxumaq qərarı vermişdi tutuquşu.

Dostumun gözləri yaşarmışdı.

Mən də dolmuşdum.

Şeirin yazılma tarixini martın 4-ü elədim. Çünki ordakı bir mətləbi mütləq dəyişməli idim. Elə şeirlər var ki, onlar taleyə çevrilə bilər. Və mən bunu heç istəmirdim.

31 oktyabr, 2015-ci il

# 2612 dəfə oxunub

Müəllifin son yazıları

# # #