Müharibə mövzusunda yazılmış cəsarətli roman - Əminə İbrahimli

Müharibə mövzusunda yazılmış cəsarətli roman - Əminə İbrahimli
4 mart 2026
# 14:00

Kulis.az filologiya üzrə fəlsəfə doktoru, “Libraff”ın kitablar və mətnlər üzrə mütəxəssisi Əminə İbrahimlinin Vasif Zahidovun “Sonuncu istintaq” əsəri haqqında yazısını təqdim edir.

Gənc yazıçı Vasif Zahidovun “Sonuncu istintaq” əsərinin gənclər və ümumiyyətlə, oxucular arasında rəğbətlə qarşılanıb dəyərləndirilməsini görəndə sevinməyə bilmirəm. Ona görə yox ki, bu əsər “TEAS Press” Nəşriyyat evinin gənclər arasında keçirdiyi 2-ci roman müsabiqəsinin mükafatçısıdır. Ona görə ki, çağdaş və keyfiyyətli müharibə nəsrimizin mövcud olmaması fikirlərinə qarşı verilən tutarlı cavablardan biridir.

Hərdən yeni nəsil yazıçılarının kitabları içində itib-batan biri olaraq, bəzi ədəbiyyatsevərlərin və hətta ədəbi tənqidçilərin ədəbi proseslə bağlı verdikləri bəzi “qəti” hökmləri görəndə təəccüblənirəm: sadəcə, öz oxuduğun, sənə tanış olan bir neçə əsərin səndə yaratdığı təəssüratdan çıxış edib necə belə üzdən, tələm-tələsik, əsası olmayan, amma belə qətiyyətlə hökm verə bilirsən axı? Həqiqətənmi, elə düşünürsən ki, sən bütün müəlliflərin həmin mövzuda olan əsərlərindən xəbərdarsan və bu cür hökmlər vermək səlahiyyətinə maliksən?!

Müharibə mövzusu, etiraf edək ki, populyar əsərləri oxumağa həvəsli adi oxucu kütləsi üçün maraqlı mövzu deyil... Hadisəçi, macəraçı oxucular üçün sürətlə baş verən və çox da ağır olmayan, bir və ya bir neçə personajı , uzaqbaşı bir ailənin başına gələn və çox keçmədən üstü açılan, çox vaxt da uydurulan sirli oğurluq və qətl hadisələri haqqında oxumaq daha asandır, nəinki kütləvi və çox vaxt ədalətsiz ölüm səhnləri ilə dolu, ürəklərin və ruhların dara çəkildiyi müharibə dəhşətləri? Bəli, müasir oxucu kitab səhifələrində belə olsa, özünü hərbin içində görmək istəmir, görə bilmir. Bu ağırlığı qaldıra bilmir...

Üstəlik, müharibə mövzusunda yazmağın özü də böyük məsuliyyət, hərbi məlumatlılıq və ən azı, bircə dəfə də olsun, barıt və tüstü qoxulu, müasir hərb silahlarının ətrafa ölüm və qan saçdığı döyüş meydanından keçmək gərəkdirir ki, o səhnələri, o əsgərləri və orada baş verənləri təsvir edib oxucuya ötürə, müharibə gerçəklərini, ab-havasını yansıda, yaşada biləsən...

Müharibə mövzusunda yazan müəlliflərin özlərinin də mövzuya münasibəti fərqlidir. Müharibənin bitdiyi ilk illərdə yazılan ilk əsərlərdə müəlliflər qəhrəmanlarını Vətən uğrunda döyüşlərə canla-başla qatılan və qarşısına qoyulmuş vəzifələri sorğu-sualsız və tərəddüdsüz yerinə yetirən bir obraz kimi təqdim edib sevdirməyə çalışırlar, xüsusən, şəhidlər haqqında yazılan əsərlərdə. Zaman keçdikcə isə artıq yazıçılar müharibə və iştirakçılar haqqında pafosla danışmaqdan vaz keçir, artıq savaşın əsl üzü və dəhşətli gerçəkləri, insanların həyatına amansız bir soyuqqanlılıqla gətirdikləri faciələr ön plana çıxır. Və bu səpkidə yazılan əsərlər içərisində ən çox diqqətimi cəlb edən əsərlər Mahirin “Müharibənin şəkli” və Vasif Zahidovun “Sonuncu istintaq” əsərləridir.

Vasif bəyin “Sonuncu istintaq”ı müharibənin iki üz-üzə duran düşmən səmtlərində iki pasifist düşüncəli gəncin, sadəcə, müharibə şəraitində, döyüş meydanında və ümumiyyətlə, xidmət zamanı yaşadıqlarını deyil, həm də bütün bunların onların beynində, ürəklərində yaratdığı təlatümlü, zidd, bəzən məsumiyyət, bəzən günah adlandırılacaq duyğuların və seçimlərin savaşını, tərəddüd və qərarlarının toqquşmasını əks etdirir. Qəhrəmanlarının Əsgər və Zinvor (əsgər) adlandırılması da təsadüfi deyil: əsər bütün detalları, simvolları ilə başdan-başa müharibə qoxuyur. Əsgər ali təhsilli olduğu üçün ona təklif olunan bəzi güzəştlərdən dönə-dönə imtina edir, özünü digər əsgərlərdən fərqli hesab etmir. Komandirlərin ətrafında olmaqdansa, uşaq kimi saf, səmimi, onunçün özünü dəfələrlə oda atan sadə kənd uşağı, kürən saçlı, qırmızı saqqallı Hacıbəyli ilə yanaşı olmağı üstün tutur. Bəzi məqamlarda qəlbindəki bu duyğudan ürəkdən utanıb xəcalət çəksə də, Hacıbəylinin onun üçün hətta Vətəndən artıq olduğunu etiraf edir. Zinvorsa öz səmtində təkdir, nə uşaqlığında, nə də xidmət illərində onun bircə nəfər də olsun, ürəyini açacağı, dərdini bölüşəcəyi kimsəsi yoxdur. Hərbçi olmaq onu Narekin və manyak qadın Elzanın əlindən qaçmaq üçün seçdiyi bir yoldur, amma burada da onun ətrafında sadist düşüncəli Arturlar, Manuşak Babayanlar meydan sulayır. Oxucu Zinvorun düşüncələri, qəlbindəki mərhəmət və vicdan cücərtiləri ilə zaman-zaman tanış olsa da, qorxaq təbiətli biri olduğundan onun qəti bir addım atacağını gözləmir. Ta ki azərbaycanlı qadın sanitarı xilas etmək üçün Arturu, Əsgəri xilas etmək üçün də Manuşakı öldürənə kimi...

İki əks cəbhədən olub hər birini ayrıca təsvir etdiyi qəhrəmanların üzləşdiyi səhnə əsərdəki hadisələrin ən dramatik, kuliminasiya nöqtəsidir. Onların ikisi də müharibə qanunlarına görə öz ordusuna, Vətəninə xəyanət etmiş insanlardır: Əsgər öz komandirini dostuna qurban verdiyi, daha doğrusu, ikisi arasında seçim etmək zamanı komandirini yox, Hacıbəylini seçdiyi; Zinvor isə düşmən bildiyi ölkənin iki günahsız insanını xilas edərkən öz döyüş yoldaşlarını aradan götürdüyü üçün...

Epiloqdan sonra gələn “Sonuncu istintaq” təkcə ilahi ədalətin təcəssümü deyil: həm də əsər boyu, xüsusilə Zinvorla bağlı bir çox sirli mətləblərin aydınlığa qovuşduğu və insanın qanını donduran bir məqamdır. Müharibə qurbanları yalnız burada əslində qardaş olduqlarını öyrənirlər. Əsgər əsərin əvvəlində özünün üçyaşlı qardaşının naməlum şəklidə itkin düşdüyünü kədərlə qeyd edib üstündən keçir... Zinvor isə ömrü boyu atasının niyə onu heç sevmədiyini sorğulayır... Və nəhayət, gənclər üçün hər şey bitəndən sonra,sonuncu və ilahi istintaq əsnasında 80-ci illərdə ermənilər Bakını tərk edən qonşuları Narekin üçyaşlı Ələsgəri oğurlayıb özü ilə aparması faktı ilə düşmənin daha bir qansız əməli açıqlanmış olur. Və yenə də müharibənin daha bir dəhşətli üzü: əks cəbhələrdə bir-birinə qarşı vuruşan və ölənədək də qardaş olduqlarını bilməyən iki gəncin faciəsi...

... Müharibə mövzusunu sevməyən oxucuların da bu əsəri sevmələrinin səbəbi gənc müəllifin sadə, səmimi, səhvləri olan və onlardan boyun qaçırmayan gənc döyüşçülərin, hətta özlərini ən sərt şəkildə mühakimə edə bilmələri, səmimi dostların bir-biri üçün etdikləri (bəzən uşaqcasına səhv olsa belə) fədakarlıqlar, adi vaxtda əsgərlərlə sərt davranan zabitlərin döyüş və təhlükə zamanı onları öz canları bahasına qorumaq üçün bir an belə tərəddüd etməmələri, nə qədər əks cəbhələrdə olsalar da, sərt və amansız döyüş şərtlərinin insaniyyətlərini öldürə bilmədiyi iki qardaşın sirli və toxunaqlı həyat hekayələri, əsər boyu addım-addım yüksələn insanlıq dərsləri və bütün bunların çox sadə, amma səviyyəli və oxunaqlı bir təhkiyə ilə təqdim olunmasıdır.

# 234 dəfə oxunub

Oxşar xəbərlər

“Ulduz” jurnalının “Güney Azərbaycan ədəbiyyatı”  sayı çap olundu

“Ulduz” jurnalının “Güney Azərbaycan ədəbiyyatı” sayı çap olundu

15:30 4 mart 2026
Məşhur müğənni xəstəxanaya yerləşdirildi

Məşhur müğənni xəstəxanaya yerləşdirildi

15:00 4 mart 2026
Boşanma statistikasında "günah keçisi" axtarmaq...- Qadınlar  aliment  almaq üçün boşanır?

Boşanma statistikasında "günah keçisi" axtarmaq...- Qadınlar aliment almaq üçün boşanır?

14:33 4 mart 2026
Tur bələdçisi piramidanın üzərində rəsm çəkdiyinə görə həbs olundu

Tur bələdçisi piramidanın üzərində rəsm çəkdiyinə görə həbs olundu

14:30 4 mart 2026
Rusiya Venesiya Bienalında iştirak edəcək? - Açıqlama

Rusiya Venesiya Bienalında iştirak edəcək? - Açıqlama

13:30 4 mart 2026
Teatr qalmaqallı məhkəmə işi ilə bağlı açıqlama yaydı

Teatr qalmaqallı məhkəmə işi ilə bağlı açıqlama yaydı

12:58 4 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər