Rusiya Venesiya Bienalında iştirak edəcək? - Açıqlama

Rusiya Venesiya Bienalında iştirak edəcək? - Açıqlama
4 mart 2026
# 13:30

Ukrayna müharibəsindən sonra ardıcıl iki buraxılışı ləğv olunan Rusiya pavilyonu builki Venesiya Bienalında yenidən fəaliyyətə başlayacaq.

Kulis.az xəbər verir ki, pavilyonun təşkilatçıları bu barədə “ARTnews” nəşrinə məlumat veriblər.

2022-ci ilin fevralında rusiyalı rəssamlar Kirill Savçenkov və Aleksandra Suxareva, eləcə də litvalı kurator Raymundas Malaşauskas həmin ilin bienalında Rusiya pavilyonundan imtina etmişdilər. Onlar Moskvanın Ukraynaya müdaxiləsini əsas gətirərək müharibəni “siyasi və emosional baxımdan dözülməz” adlandırmış, belə şəraitdə sənət üçün yer olmadığını bildirmişdilər. Pavilyonun rəsmi instaqram səhifəsində isə “Rusiya pavilyonu bağlı qalacaq” açıqlaması paylaşılmışdı.

İki il sonra – 2024-cü il Venesiya Bienalında Rusiya Ciardinidəki pavilyonunun açarlarını Boliviyaya təqdim etmişdi. 60-cı buraxılış çərçivəsində pavilyonda Boliviya sərgisi təşkil olunmuşdu. Rusiya tərəfi bu qərarla bağlı ictimai açıqlama verməmişdi.

Lakin çərşənbə axşamı Rusiyanın beynəlxalq mədəni əlaqələr üzrə nümayəndəsi və sabiq mədəniyyət naziri Mixail Şvıdkoy Rusiya pavilyonunun 2026-cı il bienalı ilə eyni vaxtda – may ayında yenidən açılacağını təsdiqləyib. Onun sözlərinə görə, Rusiya heç vaxt Venesiya Bienalını tərk etməyib və pavilyonun fiziki mövcudluğu ölkənin Venesiyanın mədəni məkanında təmsilçiliyini göstərir:

“Biz harasa getməmişik ki, indi də qayıdaq. Sadəcə, mövcud şəraitdə yaradıcı fəaliyyətin yeni formalarını axtarırıq”.

Şvıdkoy bildirib ki, qarşıdakı layihədə Rusiyadan və digər ölkələrdən 50-dən çox gənc musiqiçi, şair və filosof iştirak edəcək. Onun fikrincə, bu, rus mədəniyyətinin təcrid olunmadığını və son illərdə Qərb siyasi dairələrinin onu “ləğv etmək” cəhdlərinin uğursuz olduğunu göstərir:

“Biz Qərbə münasibətdə özünü periferik hesab etməyən mədəniyyətlərin çoxdilli polifoniyasını yaratmaq istəyirik”.

Sərgi “The Tree is Rooted in the Sky” adlanır. Layihənin əsas ideyalarından biri “siyasətin müvəqqəti, mədəniyyətlərin isə əbədi olması” tezisidir. Şvıdkoyun sözlərinə görə, yeni layihədə əbədiyyət müvəqqəti qayğılara, mədəniyyət isə siyasətə üstün gəlir.

Pavilyonda Rusiya ilə yanaşı Argentina, Braziliya, Mali və Meksikadan olan musiqiçilərin iştirakı ilə musiqi festivalı təşkil ediləcək. Təşkilatçılar bildiriblər ki, layihə böyük mədəni mərkəzlərdən uzaqda formalaşan ənənələri, musiqi dillərini və eksperimental yanaşmaları önə çıxarmağı hədəfləyir. Məqsəd müxtəlif mədəniyyətlərin görüş nöqtəsində dialoq və mübadilə mühiti yaratmaq, yerli köklərlə qlobal baxışları bir yerə toplamaqdır.

Şvıdkoy əlavə edib ki, müxtəlif sanksiyalar tətbiq oluna bilər, rəsmi Qərb institutları əməkdaşlıqdan imtina edə bilər, lakin heç kim Rusiyanı bədii özünüifadə hüququndan məhrum edə bilməz. O, bienal rəhbərliyinin də pavilyonun açıq qalması üçün kompromis axtarmağa hazır olduğunu bildirib.

O, həmçinin rus sənətçilərinin Avropa və ABŞ-dəki beynəlxalq mədəni tədbirlərdə iştirakını xatırladıb. Bu kontekstdə animator Konstantin Bronzitin builki “Oskar” mükafatına “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyasında namizəd göstərildiyini qeyd edib.

Venesiya Bienalının mətbuat və media əlaqələri üzrə rəhbəri Kristiana Kostanzo isə açıqlamasında bildirib ki, Bienal milli iştirakla bağlı qərar vermir:

“Ölkələr özləri iştirak edib-etməməyə qərar verirlər”.

Onun sözlərinə görə, iştirakçıların yekun siyahısı martın 4-də açıqlanacaq.

Şvıdkoy pavilyonun yenidən açılmasına etirazların mümkünlüyünü də istisna etməyib:

“Hər cür təxribat mümkündür, amma ümid edirəm ki, sağlam düşüncə qalib gələcək”.

O əlavə edib ki, bu qərar təkcə Rusiya üçün deyil, bütün iştirakçı ölkələr üçün uğur olacaq və rus mədəniyyət xadimləri əməkdaşlığa açıqdır.

Qeyd edək ki, geosiyasi proseslərin Venesiya Bienalında milli pavilyonların statusuna təsir göstərməsi yeni hal deyil. Ötən il davam edən hərbi münaqişəyə görə yalnız Rusiya iştirak etməmişdi. Qəzzadakı müharibəyə baxmayaraq, İsrail 2024-cü il pavilyonunu təqdim edə bilmiş, lakin rəssam və kuratorlar atəşkəs və girovların azad olunması barədə razılaşma əldə olunana qədər sərgini açmayacaqlarını bildirmişdilər.

İsrail pavilyonunun may ayında açılması planlaşdırılır. Bu dəfə sərgi Ciardinidəki daimi binadan Arsenaldakı məkana köçürüləcək. Pavilyon iki il əvvəl bienalın açılış günündə baş verən etirazlardan sonra ictimaiyyət üçün bağlanmışdı. Bu il İsraili təmsil edən heykəltaraş Belu-Simion Fainaru isə bildirib ki, Ciardinidəki bina hazırda təmir olunduğu üçün köç zəruridir.

# 105 dəfə oxunub

Oxşar xəbərlər

Boşanma statistikasında "günah keçisi" axtarmaq...- Qadınlar  aliment  almaq üçün boşanır?

Boşanma statistikasında "günah keçisi" axtarmaq...- Qadınlar aliment almaq üçün boşanır?

14:33 4 mart 2026
Tur bələdçisi piramidanın üzərində rəsm çəkdiyinə görə həbs olundu

Tur bələdçisi piramidanın üzərində rəsm çəkdiyinə görə həbs olundu

14:30 4 mart 2026
"Sonuncu istintaq":müharibə mövzusunda yazılmış cəsarətli roman - Əminə İbrahimli

"Sonuncu istintaq":müharibə mövzusunda yazılmış cəsarətli roman - Əminə İbrahimli

14:00 4 mart 2026
Teatr qalmaqallı məhkəmə işi ilə bağlı açıqlama yaydı

Teatr qalmaqallı məhkəmə işi ilə bağlı açıqlama yaydı

12:58 4 mart 2026
Salvador Dalinin ən böyük əsəri hərraca çıxarıldı

Salvador Dalinin ən böyük əsəri hərraca çıxarıldı

12:55 4 mart 2026
Bakıda “Mirvarid Dilbazi Poeziya”  dərnəyi açıldı

Bakıda “Mirvarid Dilbazi Poeziya” dərnəyi açıldı

12:32 4 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər