Tıxacda böyüyən uşaqlar

 Tıxacda böyüyən uşaqlar
2 sentyabr 2013
# 07:30

Evimizin yaxınlığında park salmağa başlayıblar. Əslində, neçə ildi söhbət gəzirdi ki, şəhərə gedən yolun alt tərəfindəki bu zolaqda park salacaqlar. Məhəllə sakinlərinin gözlərinin kökü saralır, uşaqlar gözləyə-gözləyə böyüyürdülər.

Axır ki, bu il başladılar. Əvvəlcə sahəni zir-zibildən təmizləyib hamarladılar, sonra daş döşəmələrdən ensiz bir cığır saldılar. Ətrafına bir-iki ağac, üç-dörd skamya düzüb, yanlarını işıq dirəkləriylə “hasarladılar”. Küçə lampaları yanan kimi adamlar başladı işıq gələn tərəfə axışmağa.

Dünən isə qızım evə qaçıb, sevincək xəbər gətirdi ki, parka iki sürüşkən qoyublar, tezliklə yelləncək də gətirəcəklər.

Lap o lətifədəki kimi: “Özünüzü yaxşı aparsanız, hovuza su da buraxılacaq”.

Qızımın sevinci anlayırdım. O, hər hansı bir parka getmək üçün günlərlə gözləməli olub, beş dəqiqə sürüşmək üçün on dəqiqələrlə tıxaclarda qalıb. İndi isə evinin iki addımlığında, təkbaşına gedə biləcəyi bir park var.

Sevincinə şərik olmaq üçün onunla birlikdə parka getdim. Bir-iki koldan və işıq dirəklərindən başqa heç bir mənzərəsi olmayan zolaq adamla doluydu. Bu sakit, izdihamsız görünən məhəllələrdə nə qədər insan yaşayırmış, bu divarların arxasında canı sıxılan, oturub hava almağa bir skamyalıq yer tapmayan nə qədər böyük, oynamağa həsrət nə çox uşaq varmış...

Bu mənzərə mənə uşaqlığımı, kəndimizə hind kinolarının gəlməsini xatırlatdı. Bir də yadıma bir şeir düşdü. Müəllifini də, neçənci sinfin dərsliyində olduğunu da unutmuşam, amma sözləri elə bil ipə düzülüb beynimdə.

Evimizin yanında

Təzə bir ev tikdilər.

Dövrəsində xeyli gül,

Xeyli ağac əkdilər.

Aşot, Nailə, Sərvər,

Vasya, Fəridə, Hünər,

Axşamüstü yığışıb,

Oynamağa gəlirlər.

İpatdı oynayırıq,

Tullanırıq ip üstdən.

Qonşu uşaqlarını

Ürəkdən sevirəm mən.

Eynən bu şeirdəki kimi, qızım da parkda Fəridə adlı dost tapıb. Bu onun evləri yaxında olan ilk yaşıd tanışıdı. Qalan bütün yaşıdları, sinif yoldaşları uzaqda yaşayır, ürəyi istəyəndə oynaya bilməyəcəyi qədər uzaqda.

İlk dəfə qızımı evə dönmək üçün hansısa parkdan asanlıqla ayırdım. Nə zaman istəsə qayıda bildiyi üçün arxayındı. Həm də evə gördüklərini bacısına danışmaq üçün tələsirdi.

Amma on beş yaşlı bacısı onu dinləmədi. Çünki böyüyüb. Bu parkın onun həyatına heç bir dəxli yoxdu. Nə sürüşkən maraqlandırır artıq, nə yelləncək. Bu park onun uşaqlıq xatirələrinə daxil olmayacaq. Onun uşaqkən oynadığı parklar, xatirələrindəki əyləncə yerləri evindən xeyli uzaqdadı. Cansıxıcı tıxacların sonunda.

# 3091 dəfə oxunub

Müəllifin son yazıları

# # #