Leylisini öldürən Məcnunlar

Leylisini öldürən Məcnunlar
4 may 2015
# 10:25

Ey Füzuli...

Bir dövrdəyəm ki, adı iyirmi birinci əsr.

Burdan baxanda sənin orta əsrlərin qaranlıq görünür.

Hələ də özüm üçün aydınlaşdıra bilməmişəm ki, sənmi haqlıydın, Xətaimi? Yəni, hökmdar şairlərmi daha güclüdür, yoxsa şair-hökmdarlarmı?!

Orta əsrləri fəthlər etmək üçün Şah Qasım Ənvar, Cahan şah Həqiqi, Qazi Bürhanəddin kimi qılıncamı sarılmaq doğruydu, yoxsa sənin kimi hər sözünün bir pəhləvan olduğuna inanıb, “əzm qılarsa, bəhrü-bəri tutacağına” əmin olmaqmı?! Nəsimi kimi “haqq mənəm” qışqırmaqmı yaxşıydı, yoxsa sənin kimi “müqəyyəd oldu ol azad gördüyüm könlüm”, - deyə pıçıldamaqmı!?

Ey Füzulu...

Sən Qanuninin dövründə Kərbəlada yaşadın heç olmasa, ən azından qanunsuzların dövründə Şamaxıda yaşamadın Seyid Əzim kimi. Axundov kimi çabalamadın, Sabir kimi vərəmləmədin, Mirzə Cəlil kimi uduzmadın, Cavid kimi sürülmədin, Müşviq kimi güllələnmədin və nəhayət... Əli Kərim qədər ağrımadın!

Amma onların hamısının əvəzinə “Şikayətnamə” yazdın!

Ey Füzuli...

Tanrı şairləri niyə yaradır, bir fikrin varmı?

Bunu Sənə iyirmi birinci əsrdən yazıram.

Sən hardan biləsən, iyirimi birinci əsrdə şair olmaq da varmış. Məcnunların qatil olub Leyliləri qətlə yetirdiyi zamanda...

# 1071 dəfə oxunub

Müəllifin son yazıları

# # #