Hər şey üçün sağ ol, tənhalıq

Hər şey üçün sağ ol, tənhalıq
15 iyul 2013
# 07:15

Kulis.az şairə Səhər Əhmədin yeni şeirlərini təqdim edir.

Qatar səsindən

Yelləndi sakit axşam.

Çıxıb getmək istədim,

Nə yaxşı, hələ sağam.

***

Bu gecə asandı yaşamaq,

Bütün hallarda.

Özümü önümdəki pəncərədən

Atmaq qədər asan.

***

Bağışla məni,

Pəncərə çərçivəsindən baxdığım ay,

İnan ki mən də

Sənin kimi param-parça,

Sənin qədər tənhayam.

***

Ən gözəl gecə ulduzların,

Ən ulduzlu gecə yalqızların.

Ən yalqız gecə həsrətlərin,

Ən həsrət gecə qürbətlərin.

***

Yarpaqlar çöldə ah çəkir,

Otağımda sönür şam.

Hər şeyçün sağ ol, tənhalıq,

Gözəl idi bu axşam.

***

Gecənin qoynunda

Yağış səsitək

ən köhnə nəğmədi həyat,

ən gerçək.

***

Yandırdım işıqları

Tənhalığın ala-toranlığında.

Oturub xeyli fikirləşdim

Və üç nöqtə qoydum

Bu axşamın varağında.

***

Gecələr sürgündə

Sabahın azanına qədər.

Qaranlıq ekranlarda

Filmlər “son” yazana qədər.

# 2796 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #