Kulis.az Səhər Əhməd “Özüylə söhbət”ini təqdim edir.
- Sənə tam ciddi bir sual verim, səncə, özünlə baş-başa qalanda yüz faiz səmimi ola bilirsən?
- Məncə yox, çünki özünlə belə yüz faiz səmimi olmaq mümkün deyil.
- Heç düşünmüsənmi niyə?
- Yəqin, ona görə ki, yüz faiz səmimiyyət nəsə dağıdıcı bir şey olar, təbii fəlakət kimi, müharibə kimi, allaha üsyan kimi bir şey. Ən səmimi insan belə bir faiz də olsa qeyri-səmimiyyəti depozit qoyur özüyçün, özünü, insanlığı, dolayısıyla tanrını haqlı çıxarmaq üçün.
- Səncə, sən özünlə “mümkün qədər səmimi” qrafasına daxilsənmi, yəni doxsan doqquz faizə?
- Məncə, ən səmimilərinə daxiləm, faiz dəqiq olmaya bilər.
- Niyə özünlə olduğun kimi başqalarıyla da səmimi olmaq mümkün deyil?
- Çünki heç kim heç kimin özü deyil, hamı hamının özgəsidir.
- Yəqin, elə buna görə hər kəs ən çox özünü sevir, hamının buna öz səbəbi var, bəs sən özünü daha çox nəyə görə sevirsən?
- Özümə hamıdan “bir köynək” doğma olduğum üçün.
- Sənə də elə gəlir ki, ən yaxşı adamlardansan?
- Mən doğru cavaba ən yaxın adamlardanam.
- Doğru cavab nədi, səncə?
- Həqiqət!
- Axı həqiqəti “ilğım” adlandıran da özünsən.
- Həqiqətin ilğımı da gözəldi.
- Nəsimi kimi “haqq məndədi”, deyirsən, yəni
- Yox, mən haqdayam - deyirəm, daha doğrusu, onun komandasında oynayıram.
- Maraqlıdı, tanrı məşqçidi, yoxsa hakim?
- Bəzən hər ikisi, bəzən heç biri.
- Səncə, sizin komanda həmişə udur?
- Yox daha çox uduzur.
- Məyus olmuram, - deyə bilməzsən, ən azından mənə. Heç komandanı dəyişmək haqda düşündünmü?
- Yox, mən öz komandamda öz sevimli “ixtisasıyla” işləyən adam kimi rahatam, düzdü, hərdən bezirəm, amma rəqib komandada oynamaq mənə yad sahələrdə işləmək kimi çətin görünür.
- Və düşünürsən ki, bu dünyadakı missiyan yazmaqdı?
- Niyə də yox.
- İnsanın yazmaq üçün yaşaması qəribə deyilmi?
- Ən azından kədərli deyil, başqa missiyalara baxanda.
- Niyə bu qədər çabalayırsan, səni olduğun kimi başa düşsələr nə dəyişəcək ki?
- Özümü öz yerimdə hiss edəcəm, nə yuxarıda, nə də aşağıda.
- Və hələ də sənə elə gəlir ki, “nə vaxtsa insanlara mənsəblərinə görə deyil, məqsədlərinə görə qiymət veriləcək?”
- Yox, daha böyümüşəm, elə düşünmürəm.
- Bu ağrılı prosesdi, yəqin ki, amma çox güman ki, dözülməz də deyil.
- Hə, yaxşı ki, hər şey tədricən baş verir, yoxsa xəyal qırıqlığı adamı məhv edərdi. Yəni, ən azından getdiyin qədər də qayıtmalısan. Düzdü, uça-uça getdiyin yolu sürünərək qayıdırsan, amma olsun...
- Bu günün dünəndən fərqi nədir?
- Mənə elə gəlir ki, hər bu gün düzgün cavaba bir az daha yaxındı, bir az daha yerindədi, dünənin redaktə olunmuş variantı.
- Bəs sabah nədi?
- Sabah daha çox ümiddi. Redaktəyə ehtiyacı olmayacaq, hazır nüsxəni əldə eləmək ümidi.
- Yenə ilğıma gəlib çıxdıq.
- Əgər ölüm varsa, deməli, bütövlükdə həyat özü də ilğımdı.
- Necə bilirsən, ölüm anında əlində olan ömrün redaktəsi bitmiş sayılırmı, məsələn, sən rahatca faylın üstünə “hazır” yaza biləcəksənmi?
- Yox, heç bir fikir bitmir, əslində. Ona görə də heç bir ömür bitmiş fikir deyil.